AZAD QARADƏRƏLİ XOCALIDAN BAŞLAYAN FACİƏMİZ “Müharibə uşaqları” kitabından seçmə hekayələr

 

                                AZAD  QARADƏRƏLİ

 

                    XOCALIDAN BAŞLAYAN FACİƏMİZ

 

                        “Müharibə uşaqları” kitabından seçmə hekayələr

 

 

 



 

                                              İT  QUCAĞI

 

     

 

 

     “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk  uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

                                                                           Zori Balayan “Ruhumuzun canlanması” kitabından

 

 

 

        

     

        Kişiləri divara söykəyib bircə anda güllələdilər. Güllələr dəyəndə adamlar səs çıxartmağa macal tapmamış qeyri-müəyyən səmtə yıxılır, dodaqlarını aralayıb  nəsə demək istəsələr də,  söz əvəzinə qan tökülürdü ağızlarından.

        Mən yaşda iki qızı diri-diri süngüyə taxdılar, sonra hərəsini bir ağaca sarıyıb üstlərinə benzin töküb yandırdılar. Onların alovun içində  qışqıra-qışqıra nə dediklərini anlamaq istəsəm də,  bu mümkün olmurdu. Məni sinəsinə sıxmış anam gah əli ilə gözlərimi qapayırdı, gah barmaqlarını qulaqlarıma tıxayırdı.

         Bu vaxt bir maşın gəldi. İçindən düşənlər bizimkiləri öldürənlərə nəsə dedilər. Hiss olunurdu  ki, vəziyyət dəyişib. Bizi qabaqlarına qatıb harasa aparmağa başladılar.

        Anam əlimdən  tyutmuşdu və mən on yaşlı oğlanın anasını qoruya biləcəyi haqda bütün əfsanələri,  nağılları bilsəm də, bunların mənasızlığını anlayıb bu əldən bərk-bərk yapışmışdım.  Bu əlin istiliyi bir yana, onda nəsə başqa bir güc də vardı: inanırdım ki, əlim bu əldən üzülməsə, mənə ölüm yoxdur.

      Amma üzüldü. Bayaqdan gözü bizi almış  erməni zabiti (artıq əsgəri zabitdən seçə bilirdim, müharibə uşağıydım axı) mənə  yaxınlaşıb saçımdan tutdu, hirslə dartıb anamın əlindən aldı və ermənicə pis bir söyüş də söydü. (Mən bu dildə bir az bilirdim onda)

     Qadınları bir tərəfə, kişiləri başqa bir tərəfə apardılar. Mən də kişi dəstəsindəydim. Bizi gətirib taxtadan tikilmiş fin evlərinin  bir gözünə saldılar. Axşamacan səs-soraq çıxmadı. Təkcə  qadınlar salınan otaqdan arabir boğuq qadın qışqırtısı gəlirdi. Hərdən də qapı açılıb-örtüldükcə içimizdə ən yaşlı adam olan Cürə dayı astadan hönkürür, başını divara vururdu. (Qadınlar olan otaqda onun qızı, gəlini və mən yaşda nəvəsi vardı. Əvvəl kişinin niyə belə elədiyini başa düşmədim. Elə ki, pəncərədən gəlinini erməni əsgərlərinin sürüyə-sürüyə harasa apardıqlarını görəndə məsələni anladım. İnanın, mən də başımı divara vurmaq istədim – amma divar taxtadan idi, başın bu taxtalara çırpılmasından bir fayda olmazdı ziyandan başqa – taqqıltıya ermənilər gəlib bizi əzişdirərdilər.)

    Gəlininin “ay  namərd allah hey” nidasını eşidəndə Cürə dayı  gah başını döşəməyə çırpdı, gah taxta divarın hamar yerinə döydü və xısın-xısın ağladı.

     Birdən mənim gözlədiyim fəlakət baş verdi. Bayaq məni anamın əlindən dartıb alan  zabit anamı sürüyüb çölə çıxartdı.  Qarnına, üzünə təpiklə vurmağa başladı. Mən özümü pəncərəyə çırpıb anama yetişmək, onu bu cəlladın əlindən almaq istədim. Yanımdakılar əllərimi tutdular, biri hətta əliylə ağzımı da yumdu.

    Bu vaxt erməni zabiti təmiz Azərbaycanca dedi:

    -Ara, bu ləçər xoşuma gəlmişdi, ama baxdım ki, qəhbə boyludu. Kazbeki açın. Bunu Kazbekə yedirdəcəm, ali!...

     (Mən anamın ikicanlı olduğunu bilirdim. Müharibə hələ təzə-təzə qızışan vaxtlarda atam səngərdən gələndə başını onun qarnına söykəyər, bığaltı gülüb  deyərdi: “İstəyirəm qızımız olsun. Anamın adını qoyarıq ona.”)

     Bizdən əvvəl bura salınan iki azərbaycanlı kişi qorxaq nəzərlərlə  pəncərədən baxa-baxa dedilər:

     -Yazıq qadın. Bu oğraşın bir iti var ki, günlərlə ac saxlayır, sonra əsirlərin üstünə buraxır... Diri-diri parçalayır onları...

     Heç beş dəqiqə keçməmiş it hürüşməsi eşidildi, dalınca  da anamın çığırtısı. İtin anamın üstünə necə atıldığını görsəm də qalanına baxmağa  imkan vermədilər – bayaq başını divara çırpan Cürə dayı əlləri ilə gözlərimi yumdu. İtin zingiltisini, anamın çığırtısını eşitdikcə bağrım sökülürdü. Arada ermənilərin hırıltısı da bu səslərə qarışırdı.

      Bir az sonra səslər kəsildi. Cürə kişinin əlləri boşaldı və dartınıb onun əlindən çıxdım. Adamların arasından soxulub  anamın başına gələnləri  bilmək  istədim və  pəncərənin şüşəsindən gördüyümdən əvvəl bir şey anlamadım. Anam yerə uzanmışdı, hərdən gah qolu, gah qıçı tərpənirdi. Kazbek deyilən dikqulaq nəhəng  it isə anamın qarnından çıxrtdığı qanı süzülən uşağı ağzında tutub durmuşdu.

     Həmişə  əllərimdən bərk-bərk yapışan anamın əlləri indi al qan içindəydi  və bu quduz itin dişlərində didik-didik olmuşdu.

     -Ana!!!

      Necə bağırdımsa pəncərə önünə yığılmış bizimkilər bircə anda geri çəkildilər və mən tək qaldım. Elə bil mənə hardansa güc gəldi. Üzümü zabitə tutub  mənə yad olan bir səslə necə bağırdığımı özüm də bilmədim:

      -Oğraş! Sən alçaqsan! Alçaqsan!!!

      Elə bil ki, kəndimizin dağları bu səsləri bir-birinə ötürdü: “Alçaqsan... san... san... san.. alçaqsaaannnn...”

      Zabit pəncərəyə doğru gəldi. Təpiyiylə vurub taxta pəncərənin şüşələrini  sındırdı, sonra çərçivələri təpikləyib qopartdı.  Əl atıb  saçımdan yapışdı, anamın əlindən aldığı kimi məni dartıb  şüşə qırıqlarının içindən çölə çıxartdı,  təpikləyə-təpikləyə gətirib Kazbekin qabağına tulladı. Kazbekə elə bil nəsə olmuşdu. Bayaqdan ağzında tutduğu bapbalaca uşaq meyidini yerə saldı. Qabağında əsim-əsim əsən on yaşlı oğlanı – məni maraqla süzdü,  uzun dilini çıxardıb üzüm aşağı axan qanı yaladı. Qorxudan  elə qurumuşdum ki, nə səsim çıxırdı, nə də tərpənə bilirdim. Bir az sonra it  məni qolları arasına alıb anamın hələ də tərpənən, kəsik-kəsik səslər çıxardan cəsədinin yanında yerə sinidi və gözlərini yumdu.

      Ətrafa bir səssizlik çökdü. Ermənilərin içindən kimsə dərindən köks ötürüb dilləndi:

      -Ay astvas...

      -İtinə şükür, xudaya!? – Bu səs isə Cürə kişinin səsiydi.

      Elə bil uzun bir zaman keçdi. Mən itin qucağında, bədəni param-parça olmuş anamın cəsədi və ondan bir az aralıda bacım, yaxud qardaşım olan  körpə bir uşağın qan içində meyidi... Sehirlənmiş kimi ayaq üstə qalmış erməni silahlıları və pəncərədən boylanan əsirlər...

       Bu an  erməni zabiti tapançasını çıxardıb məni qucaqlamış Kazbekə tuşladı.  Gözləri bərəlib hədəqəsindən çıxırdı az qala. Qapqara saçlarını sol əlinin titrəyən barmaqlarıyla geri itələyib  iki                             dəfə atəş açdı.  İt başını sinəmə qoyub öldü. Mən də gözlərimi yumdum – güllə haramısa dəlib keçmişdi. Anamdan sonra yaşamaq istəmirdim onsuz da...

                                                                

                                                                 ***

     

       Kazbekə dəyən güllənin biri qolumu qırmışdı. Cürə dayı köynəyimi cırıb yaramı sarıdı.

                                                               

                                                                 ***

     

       Sonra məni və Cürə dayını dəyişdilər.

       Kişi gələndən bir həftə  keçmiş öldü. Mən isə yaşadım. Qolum sağaldı. Naftalanda məktəbə getdim. Orta məktəbi bitirəndən sonra  Aviasiya Akademiyasına sənəd vermək istədim, götürmədilər. Boyun çatmır dedilər. Amma mənim təkcə boyum yox, çox şeyim çatmır. Məsələn, havam çatmır hərdən. Elə bil boğuluram... Bir də ürəyimin döyüntüsü... Vurmur hərdən ürəyim. Elə-belə, qəfilcə dayanır. Deyirəm, yəqin indicə ölləm. Amma ölmürəm... Bir az sonra öz-özünə işə düşür... Bir də... Bunu necə deyim sizə? Bu, əslində mənim bu dünyadan o dünyaya aparacağım sirrimdir: kişiliyim yoxdur. Nə illah eləsəm də,  illacım olmadı. Qadına, qıza baxa bilmədim... Baxdım əslində. Amma elə baxdığım andaca həmin qadın, ya qız dönüb anam olurdu, Kazbek də onu süpürləyib altına salırdı, sonra da qarnını yırtıb uşağı qarnından çıxardırdı... Sonra da o it məni qolları arasına alırdı...

          ...Hə, bir şey qaldı. Qoy onu da deyim: bir itim var, adı da Kazbekdir. Hərdən başımı qollarının arasına qoyub uzun zaman susuram. O da etiraz eləmir. Başa düşür ki, hərdən adamın it qucağına da ehtiyacı olur. Əslində bu işıqlı dünyada yeganə canlıdır ki, ona sığınmışam.

 

                                                      ***

 

            S.A(Söz ardı)

            Bir vdəfə  Moskvanın NTV kanalından bir psixoloqun hazırladığı verilişə baxırdım. (Mənim özümün də psixi problemlərim olduğu üçün belə verilişləri izləyirəm həmişə) Psixiatr qadın iki orta yaşlı adamı danışdırırdı. Biri mənə tanış gəldi. Tez-tez gözlərini qırpan, üzü səyriyən, əlləri əsən bu qaragöz, qarasaç adam dəqiq qafqazlıydı. Danışığını yaxşı başa düşmək olmurdu. O biri isə nisbətən rahat danışırdı. Məlum oldu ki, qardaşdılar. Danışa bilən izah edirdi ki, qardaşı Qarabağda döyüşüb. Zabit imiş. Xocalı hadisələri zamanı  sarsıntı keçirib. Ordudan tərxis olunandan sonra iki dəfə  intihara cəhd edib.

            Gəlin sizə and içim ki, bu Kazbeki anamın üstünə qısqırdan zabit idi. Bir az qabaqdan saçı tökülmüşdü.  Bir az da arıqlamışdı...

            Özümü pis hiss elədim. Dilim keyidi. Həkim demişdi ki, belə verilişlərə baxmayım...

 

                                                                                 5  iyul 2014

 

 

 

 

 

                                                    ƏSİRLİKDƏ

     

 

              Atam demişdi ki, bacıngilə çatdır özünü – bacını da, uşağını da al tərkinə, götür gəl. Mən də atın yəhərini belinə basmış, tapqırını çəkmiş, yüyənini, cilovunu başına keçirib Güloğlanlıya çapmışdım. Güloğlanlıyla bizim kəndin arası heç on kilometr olmaz bəlkə. Amma kəsə yol da var. Kəsə daha tez çatarsan. Mən də kəsəylə gedə-gedə bacımı qınayıram ürəyimdə ki, axı atamız gecəynən maşın gətirmişdi, niyə durub gəlməmisən? İndi mənim, 15 yaşlı uşağın bu dərə-təpədə nə işi var ki, qəfil erməni pusqusuna rast gələ, başlı-gözlü gedə cəhənnəmin dibinə?

            Gör kişiyə nə demişdi:”Dədə, (biz qarabağlılar axı ataya dədə deyərik) mən Kərimsiz getmərəm burdan. Özü də dünən əsgər yoldaşınnan sifariş eləyib ki, nəbadə evdən bir çöp çıxardasan, deyərlər komandir evini çıxardır için-için... Gözlə, gələcəm.”

            Kərimə də allah insaf versin. İki ildir könüllü vuruşur, ha deyirik ki, bacımı gətir, qoy bizdə, salıb tərs yerinə. Zoğallıyır...

            Amma yoox, Kərim yaxşı oğlandı vallah! Bacımın əri olduğuna görə demirəm ki. (Biz tərəfdə yeznəni öymək man gələr. Ayıb da olsa, yeznə eşşəyə deyirlər...) Mən ilk dəfə qəşəng sözləri ondan eşitmişəm. Qəşəng söz deyəndə ki, bu Kərim Bakıda oxuyub gəlmişdi, telli-toqqalı oğlandı. İndi mən ata mindiyim kimi o da, bir bozalaq yabıları vardı, minərdi ona, sürərdi bizim kövşənə. Tellərini barmaqlarıyla daraya-daraya oxuyardı:

            Xəzərin sinəsi parladı par-par,

            Yel əsdi, titrədi,   yelləndi  şamlar,

            Niyə ürkək-ürkək baxdın, ay Çiçək?

            Niyə ürəyimi yaxdın, ay Çiçək?!

            Çiçək bacımın adıydı. Mən sonralar başa düşdüm ki, o bu mahnını bacımçün oxuyarmış.

            Qoy görüm necə oxuyardı... Gərək əvvəlin  muğam üstə başlayım... Bizdə, Qarabağda hamının səsi olur ax. Bir şair yazmışdı ki, Qarabağda uşağa təpinsən, muğamat üstə ağlar...

            Belə, dadey-dadey-dadey... Ond dörd gecəlik ay kimi rüxsarına qurban... Can aman-aman, ölürəm, ölürəm...

            Bu nə səsdi, ə? Güllə açlıdı elə bil? Vay dədə, vay!

                                                                  

                                              ***

           

            Güloğlanlıya iki kilometr qalmış məni tutdular. Özüm cəhənnəmə e, bacım da burdadı, zılğası da qucağında. İndi bizim nəslin kişiləri içi özümqarışıq, gərək papağımızı qoyaq götümüzün altına. Hə dana... Otuz yaşında bacımız erməni əlində əsir-yesir oldu... Allah evin yıxsın Qurban müəllimin! Elə ağzın açırdı, deyirdi “Dədə Qorqud”u  yaxşı oxuyun, bu bizim qəhrəmanlıq dastanımızdır... Nə təhər olur ə, qəhrəmanlıq ki, kişinin anasın da, arvadın da əsir-yesir eləmişdilər?!

            Bude,  gəlir Şurik. Burda  hamı ona tabedir. Oğraş ağzımın üstündən necə vurubsa, dodaqlarım pardaxlayan qızılgül kimi açılıb. İndi yenə çırpacax bizi. Bacım arvadlarnan o birisi donuz damındadı. Bizi – bir ortayaşlı kişidir, bir də mənəm – salıblar bu kiçik otaqçaya. Əvvəllər tualet-zad olub deyəsən, baş çatdadan iyi gəlir. Əşi, cəhənnəmə iyi, elə bacımı buraxsınlar, mən bu iyiyə də dözərəm.

           

 

            -Ey, şandığa*! Çıx görüm, ali!

            Şurikdi, yəqin çırpmağa aparır məni. Elə qapıdan çıxanda gözüm Valod əmini alır. Atamnan qardaş kimiydi. Onlarda çaxır vurardılar, bizdə vodka. Sonra atamla fermaya gedib mal-qaranın vəziyyətini yoxlayıb akt yazardılar. (Onlar Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda bir oxumuşdular.) İndi bu da qoşulub saqqallılara. Bəlkə özümü tanıdım? Bircə bu Şurik imkan versəydi...

           Yanından keçəndə astadan “Valod əmi, Adiləm, Aslanın oğlu” deyirəm, elə söz ağzımdan çıxan kimi Valod əmi iri, ağır əlini qaldırıb başıma bir qapaz salır və elə bizim dildəcə deyir:

            -Siz oğraşdarı yaxşı tanımamışıx! – Sonra ermənicə bərkdən “kunim mama”* deyib Şurikə yaxınlaşır, nəsə deyir ermənicə. Bir müddət beləcə danışırlar, hətta mübahisə edirlər və axırda Şurik gülümsünür. Və Valod yenə mənə yaxınlaşır. Kürəyimə bir təpik vurur, məni qabağına qatıb harasa aparır. Və yolda yenə bir-iki yüngül təpik vura-vura lap pıçıltıyla deyir:

 -------------------------------------------------------------------------------------------------------------                                                          

*Şandığa (ermənicə) – köpək oğlu

*Ermənicə ana söyüşü

 -Ərə, Adil, oğlum, man sani o sahat tanıdım. Ama bunların yanında sani vurmasaydım, şübhalanardılar. Ara, məni oğlan sizinkilərdə əsir idi. Ama artıq bilirəm ki, qaçmaq istəyəndə vurublar, ölüb. İndi meyti almaq istiyiram. Səni oğlumun meytiynən dayişacam. Bax, evdə bizimkilər səni tanıyacaxlar, o heç. Ama bir oğlum var, Zorik, ela san yaşdadı, qoşulub bu daşnaklara, məninən də yola getmir. Özünü onnan gözlə. Səni öldürər o it oğlu...

                                                                   

                                                                 ***

           

               Üç aydır  Valodun tövləsində zəncirlənmiş halda qalıram. Gündüzlər günüm itin günü olur. Kəndin uşaqları da qoşulur Zorikə, gəlib məni o ki var döyürlər. Hərdən at kimi minirlər. Əlbəttə, Valod əmi evdə olanda az döyürlər, amma olmayanda... Gecələr isə kef çəkirəm. Valod özü, hərdən də arvadı  mənə yemək gətirirlər, çay verirlər. Valod mənimlə oturub danışır da hərdən. Yəni ki, mənimlə nə danışasıdı? Elə öz-özünə ozalanır. Məsələn, bax belə:”Eşək oğlu dığaya dedim ki, getmə, özünü güllə qabağına vermə. Mən neynirəm Karabaxı axı? Heç bu Güloğlanlının yanındakı Stepankənd mənimdi guya? Ara, iyirmi metr beləsinə, qırx da beləsinə bir oqorodum var, belə getsə, bu Erivandan gələn saqqallılar onu da əlimdən alacax. Elə almış kimidi. Permanı da dağıdıplar,  mal-qaranı yox eliyiplər, man da qalmışam işsiz-gücsüz. Bir ildir əlimə tüpəng verib salıblar çöllərə. Bir dığa öldü. Biri də dağda-daşda. Man neyniram Karabaxı? Hay?! Ara, Adilcan, allax qoysa, sani dayişacaxlar. Gedassan, eviniza. Burda manim hardan məcbur qalıb sani vurmağımı, bizim Zorikin sana zülüm elamayini Aslan kibrəyə demə... Ayıbdı, ali. De ki, man onu çox istəyirəm...” Sonra da göz yaşlarını silə-silə əlini başıma çəkib gedərdi.

            Bir dəfə ondan bacımı soruşdum. Dedi, ara, man sani onların alinnan güjla xilas elemişam... Bacının adın tutma... Man da Şurikdən qorxuram. Allax bilan maslahatdi...

            Daha susdum. Əlimdən nə gəlirdi ki? Gecələr bacımı yadıma salıb ağlayar, allaha yalvarırdım ki, ona bir şey olmasın.

                                                                 

                                                        ***

           

             Bir gün Şurik Valod əmigilə gəldi. İkisi ermənicə nə danışdılar, nə danışmadılar, məni qabaqlarına qatıb əvvəl saxlandığım donuz damına gətirdilər. Məni yarıqaranlıq bir otağa saldılar. Gözüm qaranlığa alışanda baxıb gördüm ki, bacım bir küncdə əyləşib, qucağında da uşağı. O biri küncdə də bir qoca arvad böyrü üstə uzalı qalıb. Mən özümü bacımın üstünə atsam da, o qışqırıb küncə qısıldı. Qucağında tutduğu da yerə düşdü. Baxdım ki, bu uşaq deyil. Bir əski parçasını  uşaq  kimi bələyib, alıbmış qucağına. Qoca arvad məni görcək sızıldaya-sızıldaya dedi:

            -Ədə, bala, bu bədbaxtın nəyisən?

            -Qardaşıyam, - qəhərli-qəhərli dilləndim.

            Arvad ağladı.

            -Ona zulum elədilər, bala. Uşağını əlinnən alıb yanan tonqala atdılar, özün də...

            Qarının səsini elə bil mişarla kəsdilər. Handan-hana dedi:

            -Ağlı  dəbəriyib, səni tanımadı...

                                                               

                                                            ***    

             Şurik məni öz otağına çağırıb yerə uzatdı. Şpirisə salyarka şəkib (iyisindən bildim) verdi Valod əmiyə. (Bilirsiniz də,  Valod əmi də atam kimi veterenardı. Nənəm demiş, arsız canım, qoy elə gülüm: anam atama mal həkimi deyərdi, o da hirslənib qayıdardı ki, mən mal həkimi deyiləm, veterenaram! Biz də başlayardıq gülüşməyə...) O da şprisi ombama taxsa da, bədənimə yeritmədi. Şurik çölə çıxan kimi salyarkanı yerə töküb şprisi bir də ombama taxdı və mən bağırdım. İki saat sonra qıçı sınmış qoca qarını, dəli olmuş bacımı və məni iki erməni zabitinə və Valod əminin oğlunun meyidinə dəyişdilər. Bacım bir ay sonra öldü. Mən isə Valod əminin sayəsində ölmədim, axı salyarkanı o yerə tökmüşdü.

 

                                                                                                             30 iyun 2014

           

                         ZARANIN  GÜNDƏLİYİ,  8 MART  GÜLLƏRİ 

                                    

 

           

 

           “Tüfəngi üzümə tutmuşam. Bu tüfəng deyil ki! Televizordu, videodu, kinodu... Səni heç kim görmür, amma sən adamları görürsən, nə elədiklərinə baxırsan... Kefin istəsə, tətiyi çəkirsən və öldürürsən...

          Bir dəfə oturmuşam yerimdə, müşahidə aparıram. Qabağımda şəkil var. Yaraşıqlı bir oğlandır. O dərəcədə yaraşıqlı ki, az qala vurulacaqdım. Yelena Parisə* vurulan kimi... Düşmən olanda nə olar, əclaf çox yaraşıqlıdı. (Elə də düşmən deyirəm ki, guya bu azərbaycanlılar atamı oldürüblər, anamı əsir aparıblar... Uşağımı... Allah sən saxla, bu hardan ağlıma gəldi?! Bircə balamı allah qorusun...)

            Hə, şəklidəki oğlanı axtara-axtara qarşıdakı binanın adamlarını bir-bir gözdən keçirirəm. Bir də gördüm bude, oğlan gəldi. Amma bu şəkildəkinin eyni olsa da, məncə yaşca çox kiçikdir. Şəkildəkinin 20-22 yaşı olar, bununki isə bəlkə 16-17 arasıdır. Nə bilim axı, mən də bu işin mütəxəssisiyəm də. Livanda bizə altı ay snayperlik kursu keçiblər. Bu işin cikinə-bikinə də bələdəm. Bir də tüfəngin binoklu əla göstərir axı. Nəysə, oğlan gəldi çıxdı binanın 3-cü mərtəbəsindəki mənzilə.  Pəncərənin qabağında özü yaşda bir qızla başladılar öpüşməyə. Hirsimdən boğuluram. Gözüm tutub axı oğlanı. Az qalıram ki, qızı vuram. Amma olmaz. Mən hər tapşırığa görə 1000 dollar alıram. Oğlumun Beyrutdakı lisey haqqını ödəməliyəm, musiqi müəlliminə üç aylıq dərs haqqı göndərməliyəm.  Uşağın digər xərcləri də var. Dala da atmalıyam. Buradan azı 60 minlə qayıdam gərək. Hələ ki, işlər pis getmir. Onların 15 lazımlı adamını o dünyaya göndərmişəm. Tək bircə dəfə səhvim olub. Hərbçi mayorun əvəzinə həkim mayoru vurmuşdum. Pulumu kəsdisələr də, işdən kənarlaşdırmadılar...

            Bu gün 8 Martdır. Ciddi tapşırıq var. Bunların bayramını yasa çevirməliyəm. Bir müəllimə, yaxıd qadın həkimlərini vurmalıyam. Səhərdən müşahidə aparıram, hələ bir şey yoxdur. Bax, o qırmızı kirəmitli ev kəndin həkiminin evidir. Arvadı da həkimdir. Yolun altındakı isə məktəb direktorunun evidir, bunun da arvadı müəllimədir... İkisindən birinin arvadını vurmalıyam. Səkkiz Martlarını qana boyamalıyam. Tapşırıq belədir...   

           Çənəmi tüfəngin altına dayamaqdan çənəm bumbuz olub bu soyuq mart günündə. Hər iki evi iki saatdır müşahidə edirəm, hələ görünən olmayıb. Mən isə əmri ən geci saat 3-ə qədər yerinə yetirməliyəm. Belə getsə... Aha, müəllimin evi tərəfdən bir uşaq çıxdı. Olar 8-9 yaşlarında. Dayan, dayan, bəlkə elə bu direktorun uşağıdır. Ay nə olardı! Bizim bu axmaqlar

başa düşmürlər ki, uşaq daha vacibdir. Amma siyahıda həkimlə müəllimdir. Ağdam camaatı da dəlidi vallah

. Görürsünüz ki, gündə bir adamınızı snayperlə dənləyirik, çıxın gedin də buralardan... Dayan. Bu uşaq hara gedir? Əyilib nəsə yığır? Nə? Gül yığır?.. Ay səni!

Kopayoğlunun küçüyü! Yadıma Hamletimi saldı. Mənim Hamletim də həmişə 8 Martda mənə gül  gətirərdi. Bu küçük də... Niyə küçük deyirəm axı ona? Onunla mənim nə ədavətim var? Mən sadəcə bir peşəkaram. İki aylıq müqavilə ilə bura gəlmişəm, ailəmin dolanışığını təmin edib gedəcəyəm. Mən heç erməni də deyiləm axı. Livanlıyam, yunanla ərəbin qarışığından olan livanlı. Mənim bu iki millətin davasına heç bir aidiyyatım yoxdur... Ezamiyyətə gəlmişəm. On günüm qalıb. İşimi görüb, pulumu alıb çıxıb gedəcəyəm. Bu uşağa isə dəyməyəcəyəm. Nə işim var onunla. Elə bil Hamletlə əkiztayıdırlar... Həm də yaşıd olarlar. Həm də ikisi də ağappaqdırlar...

            Hə, gül yığır. Bu soyuqda nə gülü yığır bu uşaq? Yəqin... görüm bunlar necə adlandırırlar o gülü? Hə, bənövşə... Buralar aran kimidir də. Elə aran Qarabağ deyirlər... Ona görə istidə güllər tez açır...

--------------------------------------------------------------------------------------------------------------

 

*Yelena və ParisYunan mifologiyasının qəhrəmanları. Onların məhəbbəti məşhur Troya müharibəsinə səbəb olub

 

            Bir qom düzəltdi. Yəqin gedər daha. Bunu gərək gözdən qaçırmayım. Əgər evə gedəcəksə, demək anası evdədir... Heyf ki, həkim məntəqəsini  görmək mümkün deyil. Yoxsa işi tez bitirərdim. Dərs də yoxdur bu gün. Bu evdən əl çəkə bilmərəm. Görək bu uşaq hara gedib çıxacaq?

            Hə, həyət qapısından girdi içəri. Qapıda südü sağılmamış inək var, yelinlərini də görürəm. Demək qadın çıxacaq inəyi sağmağa... Ahaaa... Çıxdı arvad. Yaxşı. Bunun üzü niyə belə görünür? Bəlkə heç o qadın deyil? Niyə şal örtüb başına? Bu nə təhər xalqdır? Gah şal örtür, gah örtmür? Hə, həyətin o başında yaşlı kişi var. Dəqiq bu qadındır. Kişi də qaynatasıdır. Levon deyir ki, bunlarda cavan gəlinlər qaynata yanında başlarını örtər, səslərini qaldırmazlar... Dayan, uşaq qadına tərəf getdi. Dəqiqi müəllimə budur! Gülü ona uzadır. Nişan alırıq, tətik!

            Oyyyy! Mən nə etdim. Allahım?! Güllə uşağa dəydi! Yerdə çapalayır. Qadın isə sağdır! Uşağı da çəkib girdi daldaya... Mən nə etdim? Niyə belə oldu?! Mənim günahım nədir, allahım?..

            Dayan, o nədi elə ağarır? Qadının başıdır bəlkə? Yoox... Gözüm elə bil tor görür. Noldu mənə? Nəysə. Cəhənnəmə ki. Tətik, nişan, atəş!.. Oy! Mənə nə olub? İnəyin yeliniymiş ağaran?! Qan qarışmış süd dağıldı həyətə, inək böyürür... Uşaq qanı, inək qanı, süd... Mən dünyanın ən böyük günahını işlədim...

            Oğlum, Hamlet... Mən günah işlədim... Mən... Mən...”

                                                                       

                                                                       ***

           

           Səhəri gün bütün dünya qəzetləri yazdı ki, Ağdamda bir məktəblini snayperlə vurublar.

                                                                      

                                                                       ***

         

          Rusiyanın “Kommersant” qəzeti  isə yazmışdı ki, Livandan gəlmiş  Zara adlı  ( adı bəlkə də Zəhra imiş, ruslar Zara yazıblar) snayper qadın səhvən ağdamlı uşağı vurduğuna görə havalanıb. Özündən rütbəcə böyük olan Levon adlı erməni zabitinin onun üstünə qışqıraraq təhqir etməsindən  sonra  əsəblərinə hakim ola bilməyən snayper  erməni zabitini  güllələyib. Zabitin yoldaşları havalanmış qadını gülləyə tutaraq dəlik-deşik ediblər. Qadının cibindən üstündə “Hamlet” yazılmış bir uşaq  şəkli çıxıb. Bir də yuxarıda verdiyimiz qeydlərin də yer aldığı gündəliyin ərəbcədən  ruscaya tərcümə edilərək qəzetdə çap olunmuş  variantı. Mən də onu dilimizə uyğunlaşdırdım. Amma bir şeyi başa düşmədim: qəzet ağdamlı uşağın şəklinin əvəzinə Zaranın oğlu Hamletin şəklini çap etmişdi? Niyə?                                                                                                               

                                                                                                              15 iyun 2014

 

 

 

 

                                              

                                  BİZƏ İKİ QƏBİR QAZIN...

 

                                              

                 

 

                                                                                   Füzuli rayonunun Alxanlı kəndində erməni

                                                                                  gülləsinə tuş gələn  balaca Zəhranın xatirəsinə

 

 

 

 

            O nə səs idi elə? Göylər bir anda qəzəbləndi. İşıqlı, odlu-alovlu dolular yağdı başımıza. Dolu işıqmı saçar, ay ana? Nənə, ay nənə, sənə nə oldu? Bəs həmişə mənə qorxma deyirdin, niyə qışqırırsan? Qorxma e, ay nənə, qorxma. Göy guruldayır. Allah baba qəzəblənib, başımıza dolu tökür... Amma bilmirəm ki, bu dolular niyə işıq saçır?

              Mən niyə dura bilmirəm? Üzüm aşağı axan nədir? Qandır? Bəs niyə istidir? Yandırır e üzümü... Bəlkə şəkil çəkəndə rəng bulaşıb üzümə? Hə? Niyə bəs yandırır?

               Ana, ay ana. Niyə qışqırırsan? Ata, sizə nə olub? Deyəsən axı mən ölmüşəm? Nənəm də ölüb? Ölmək belə olur? Hamı ayaq üstə, təkcə sən yerə uzanmısan. Özü də ha qışqırsan da, səni eşitmirlər. Eeee... Bu nədi e üstümə örtüblər? Nəfəs ala bilmirəm axı, götürün bunu...

               Nənə, ay nənə! Barı sən məni eşit! Biz ölmüşük? Ermənilər öldürdü bizi? Əgər biz ölmüşüksə, erməninin əsgərləri bizi öldürübsə, onda niyə bu adamlar ağlaşırlar? Niyə hücuma keçmirlər?.. Amma yox, hücuma keçsinlər, erməninin uşaqlarını öldürməsinlər... Axı uşaq hər yerdə uşaqdır... Özü də günahsız... Mən bir azca böyüsəydim, əlim qələm tutsaydı, bütün dünyanın uşaqlarına məktub yazardım, bütün uşaqları birliyə çağırardım! Hamımız ölkələrimizin sərhədlərinə yığışıb müharibəyə etiraz edərdik... Eheyyyyyy! Dünya uşaqları! Siz məni eşidirsiniz??????

            Bu nədir? Bizi hara gətirirlər?

            Hə. Anladım. Bir dəfə eşitmişdim ki, ölüləri torpağa dəfn edirlər. Bizi də nənəmlə burada – qəbiristanda dəfn edəcəklər yəqin? Dayan, dayan... Qəbirin biri yekə, biri balacadır. Lap əl boyda... Yəqin o balaca yerdə məni dəfn edəcəklər. Yox, e, yox. Olmaz axı! Birdən ağac kimi, ot kimi torpağın altında bitdim, kök atdım, böyüdüm? Bəs onda mən bu balaca əl boyda qəbirə necə sığaram?

                Olmaz, e, olmaz. Mən axı burda tək qorxaram! Nə olar, nənə, atama de, qoy məni sənin qucağında dəfn etsin... Qorxuram o dar qəbirdə təkcə...

            ...Eheyyyyyyy! Dünya uşaqları! Siz məni eşidirsiniz!? Sizi də böyüklər güllə ilə öldürəcəklər! Ananızdan ayırıb əl boyda balaca qəbirdə basıracaqlar! Qoymayın, qışqırın! Deyin ki, ya müharibələri dayandırın... ya da heç olmasa bizə iki qəbir qazın: birində də arzularımızı dəfn etmək üçün...

 

                                                                                                          06.07.2017

 

 

 

                            

 

                                MÜHASİRƏ

 

 

        

         

         Qurd tut yarpağını necə yeyər? Bir qırağından yeyə-yeyə gəlib çıxar o biri qırağa, oradan da başladığı yerə. Elə bil yarpağın bütün qıraq yerlərini dişi ilə dörd tərəfdən əhatəyə  alar. Bax, erməni yaraqlıları da bizi belə mühasirəyə almışdılar. Əsgərlərimiz onlarla son güllələrinəcən döyüşsə də, qabaqlarını saxlaya bilmədilər – sonradan bildik ki, rusların 366-cı alayı da ermənilərin köməyinə gəlibmiş.

         Biz 150-cən adam idik. Yarıdan çoxumuz qadın, uşaq və qocalardı. Bir sutkaydı ki, Kətik meşəsinin dərinliyində gizlənmişdik. Yeganə qoruyucumuz da elə bu yarıqaranlıq meşə idi.      

         Fevralın şaxtası iliyimizəcən dondururdu bizi. Lap körpələri don vurmasın deyə qoynumuza-qoltuğumuza soxurduq. Üç aylıq  bir uşaq elə bu vurhavurdaca göyərib keçdi və gözümüz görə-görə öldü. İçimizdəki yeganə silahlı kişi olan Nemət dayı cibindən çıxardığı iri qəmə ilə yeri qazıb onu basdırdı. Gənc ana   Şəfiqə ilk uşağını itirən  gecə havalandı. Gedib ölən uşağın qəbrinin yanında yatdı. Nə çarə eləsək də, özümüzlə apara bilmədik.

         Axşam üstü ermənilər bizim izimizə düşüb üstümüzü kəsdirdilər. Nemət dayı bizi meşənin içinə ötürüb özü iyirmiyəcən silahlıyla atışmağa başladı. Biz iki hissəyə bölünüb meşənin dərinliyinə doğru irəliləməyə başladıq. Elə bir az getmişdik ki, dalıma şəllədiyim altı aylıq körpə qızım ağlamağa başladı. Hamı dönüb narazı halda mənə baxdı. Hətta qoca qaynanam da üstümə çımxırdı:

            -Kəs onun səsin!

            Şəllədiyim şalı arxadan açıb uşağı qucağıma aldım. Elə gedə-gedə döşümü çıxardıb ağzına saldım. Azalıb on saat olsun boğazımdan öküz əməyi keçməyib, südüm hardan olasıydı? Amma bir müddət balaca qızım səsini kəsib döşümü marçıldatdı. Heç iki dəqiqə keçməmiş yenə zarıdı. O birini də saldım ağzına. Buzov anasının yelininə süd yensin deyə dümsüklədiyi kimi bir- iki dəfə dümsükləyib, bərkdən qışqırdı: yəni burda süd yoxdur, niyə məni aldadırsan?

            Yenə hamı qorxa-qorxa mənə tərəf baxdı. Barmağımı saldım ağzına, xeyri olmadı. Dilimi saldım ağzına, daha bərkdən qışqırdı. Neyləyim mən, ay allah?! Burada əllidən çox adam var, mən onların qanına necə bais olum?!

            Çarəm kəsildi, əlimi qapadım körpəmin ağzına... Hərdən əlimi çəksəm də, uşaqdan səs çıxmadı. Bir az gedəndən sonra qollarım keyləşdi. Boynu sallanırdı. Dedim öldürmüşəm yəqin. “Allah, keç günahımdan” deyib yenə dalıma şəllədim.

            Gecəni meşənin içiylə getdik. Hərdən dayanıb nəfəsimizi dərsək də, dayanmadan gedirdik. Bu həm bizi donmaqdan qurtarırdı, həm də  təqib edən ermənilərdən mümkün qədər uzaqlaşırdıq...

            Qalın meşə vaxtı müəyyənləşdirməyə mane olurdu. Açıqlığa da çıxmağa qorxurduq. Öldü bildiyimiz silahlı kişi gəlib bizə çatmışdı. Yaralansa da, yarasını bağlayıb ermənilərin gözündən yayınaraq qaça bilib. O danışırdı ki, o biri dəstəni daşnaklar tutublar. Elə başları onlara qarışdığından bizi unudublar. Kişi deyirdi ki, uşaqların, qadınların çığırtısından gün üzü tutulurdu. İri tonqal qalayıb uşaqları, qocaları diri-diri tonqala atırmışlar...

            Bir az da gedəndən sonra zəif gün işığı gördük. Demək səhər açılmışdı. Mənim isə ayaqlarım getmirdi. Qabaqda gedən bələdçimiz geri qayıdıb cevincək öz ərazilərimizə çatdığımızı bildirdi. Yorulub əldən düşmüş adamlar dinclərini almaq üçün buz kimi torpağın üstünə çökdülər. Üzümü içimizdəki yaralı da olsa, yeganə silahlı kişiyə tutub ağlaya-ağlaya dedim:

            -Dayı, day mən bunu apara bilmirəm. Əlimi ağzına basmışam, ölüb... Öldüyünnən ağırlaşıb da. Bəlkə bir xırda çala qazasan... basdıraq?

            Dəstədəki adamlar günahkar baxışlarını yerə dikmişdilər. Anam isə körpəni dalımdan alıb qolları üstə tutdu. Sağa-sola gəzdirə-gəzdirə sözsüz, səssiz bir ağı başladı. Qadınlar anama qoşuldular. Nə baş verdiyini anlamayan uşaqlar isə kərəvəngi qalmışdılar.

            Kişi  belindən açdığı iri qəməni torpağa sancıb donmuş yeri çətinliklə qazırdı. Təxminən iyirmi dəqiqəyə balaca qəbir hazır oldu. Anamın  şala büküb qəbirin yanında yerə qoyduğu körpəni son dəfə görmək üçün əyildim. Şalı aralayanda diksindim. Gördüyümdən əvvəl qorxdum – yuxu, yaxud da əcaib şey görünmüşdü gözümə bəlkə?!. Gözümü yumub açdım və yenə eyni şey: uşaq gözlərini geniş açıb mənə baxır və gülümsəyirdi!...

            Əllərini göyə tutaraq  öz dilimizdə ucadan dua oxuyan kişi də, deyəsən, mənim gördüyümü görmüşdü. Əli göydə, duası ağzında yarımçıq qalmışdı. Adətən, uşaqlar öləndə fatihə verməz, “Yasin” oxumaz, allah rəhmət eləsin deməzdilər. Onlar cənnət quşu sayılarlar. Ona görə kişi fatihə oxumur, eləcə öz dilimizdə tanrıyla dərdləşir, dua-səna edirdi. İndi gördüyündən o da şaşırmışdı. Amma duasını yanılsa da, birtəhər  bitirib “ya rəsu allah” deyə bildi  və yenə uşağa tərəf boylandı.

            Gördüyünün  həqiqət olduğuna əmin olan kişi qazdığı qəbirin torpağını içinə töküb dedi:

            -Vaxtdır, bu uşaq allahın bizə işarəsini çatdırdı. Hələ hər şeyin sonu deyilmiş.  Hazırlaşın, yola düşürük...

 

                                                                                                 19 iyun 2014

 

 

 

 

                                                                       

                                     TANKÇININ  OĞLU

                     

 

           

                                                      Balıqların susmağı  qorxulu deyil, qorxulusu  insanların susmağıdır.

                                                                                                Balaca Sadiqin qəbirdə düşündüklərindən

 

 

      

            -Ata, bu balıqlar niyə belə çabalıyır?

            -Onlar quruda nəfəs ala bilmirlər, su olmasa, ölərlər.

            -İndi öləcəklər?

            -Hə.

            Qəhərləndim:

            -Mən istəmirəm onlar  ölsün...

            -Onda, çayın qırağında balaca  gölməçə düzəlt, balıqlarını burax   ora. Amma bax ha, tullanıb qaçmasınlar.

            Atam deyən kimi elədim. Naharacan  qarmaqla  çoxlu balıq tutduq.

            İlk dəfə balığa gəldiyimdən atamı bezdirmişdim suallarımla.

            -Ata, balıqlar niyə danışmır?

            -Onların dili olmur, ona görə.

            -Bəs niyə qışqırmırlar? Quş kimi, delfin kimi?

            -Mən bunu bilmirəm,  məktəbə gedəndə müəlliminnən soruşarsan.

 

                                                 ***

            Elə buradaca – Bəsid çayının sahilində  atamla nahar elədik. Nahardan sonra  atam traktoru  işə salıb  xeyli  yer şumladı.  Axşama yaxın  mənim yanıma gəlib  sellofan torbanı göstərib dedi:

            -Balıqlarını yığ bura, aparaq  anan qızartsın, yeyək.

            Başımı  aşağı salıb günahkarcasına dedim:

            -Ata, mən onları çaya buraxdım...

            Ata heyrətlə :

            -Nə danışırsan, Sadiq? Niyə buraxdın?

            -Onlar mənə dedilər ki, biz bu gölməçədə boğuluruq, bizi azad et. Mən də buraxdım suya...

                                            ***

            Evə yenicə çatmışdıq. Atam traktorunun  yanında qurdalanırdı.  Mən də həyətimizdə oynayırdım.  Anam çağırsa da,  bir azdan gələcəyimi dedim.

          Neçə gün idi sakitlik idi. Ermənilər atmırdılar. Elə bunu fikirləşirdim ki… Sav kəndi  yaxınlığındakı  Qızlar ağacı deyilən yerdən  tankdan qəfil atılan  mərminin  zəhmli  səsi   Bəsid çayı boyunca  düzülmüş  kəndlərin adamlarını qorxuya  saldı. İkinci mərmi atam olan yerə tərəf düşdü. Mən qorxsam da,  atama tərəf qaçdım. Amma ata  sağ idi və  o da mənə tərəf qaçırdı. Di gəl ki,  çatmadı: üçüncü mərmi düz  ayağımın altına düşdü. Bir  onu gördüm ki, bədənim param-parça olub. Tək ona sevindim ki, atam mənə çatmadı. Çatsaydı, o da öləcəkdi.

                                               

                                                           ***

           

            Öldüm. Nolsun e. Adam ölər də. Amma təkcə ölümümə görə pis olmamışdım. Atam – rayonumuzun adlı-sanlı traktorçusu, bu güclü adam mənsiz yaşaya bilmirdi. Anam bir tərəfdə, o bir tərəfdə xəstə kimi döşəli qalmışdılar. Çox istəyirdim, yalvarım, onlara deyim ki, belə eləməyin, mən pis oluram. Amma eyzən balıqlar kimi danışa bilmirdim, ya da bəlkə onlar mənim səsimi eşitmirdilər?

            Səhəri məni dəfn etdilər. Atam qəbrimin üstündə hönkürə-hönkürə dedi:

            -Sadiq! Sənə söz verirəm:  qəddar düşmənnən intiqamını alacam!

            Səhəri atam traktoru aparıb təhvil verdi. Neçə il əvvəl əsgərlikdən gətirdiyi və sevə-sevə qoruyub-saxladığı tankçı paltarını geyinib könüllü döyüşçülərin yanına getdi. Mən qaçıb onun yolunun üstünü kəsdirdim, qışqırdım, yalvardım ki, getməsin!  (Amma o məni görmədi, səsimi eşitmədi!) Axı o da gedib tankçı olacaq. Tankdan mərmi atacaq, bu mərmilər uşaqlara dəyəcək... Yox, atamın traktor sürməsini, yer əkməsini istəyirdim... O adam öldürə bilməz!

                                                

                                                   ***

           

            O gündən kəndlərimizdə traktorlar susdu. Əvəzində tanklar gurlamağa başladı.

            Hər dəfə tankdan atəş açılanda mən qəbirdə qorxurdum... Atam bunu bilmir, bilsə, atəş açmaz.

                                               

         

                                                                                                   22 iyul 2014

 

 

 

 

                                       

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə