AZAD QARADƏRƏLİ GƏNC DOSTUM ƏLİ EYNƏLİYEVİN BİR HEKAYƏSİNİ OXUYARKƏN YAZILANLAR (ESSE)

 

            AZAD QARADƏRƏLİ

 

            GƏNC  DOSTUM ƏLİ EYNƏLİYEVİN BİR

            HEKAYƏSİNİ OXUYARKƏN YAZILANLAR

 

 

 



 

      Salam, Əli bəy.

      Mən də sən yaşda olanda (“sən” deməyimdən inciməzsən yəqin)  yazdıqlarımı  başı çıxan birinin oxumasını  çox istəmişəm. Amma ilk vaxtlarda belə bir adam mövcud deyildi. Yaxud, yazılarımı verdiyim redaksiyalarda ya oxumur, ya da oxuyub fikir bildirmirdilər. Tərslikdən rayon yerində yaşayırdım və bu işimi ikiqat çətinləşdirirdi. Qısası, deməyim odur ki, yazı yazmaqdan başqa onu oxuyub fikir bildirən birinin olması çox vacibdir.

      Bunları niyə yazdım? İstədim biləsən ki, hamımız eyni yolu keçmişik.

      Mən böyük Sabir Əhmədliyə rast gələndən sonra bu əndişəmə son qoyuldu. O, həm yazılarımı oxuyub fikir bildirir, həm də o vaxtın yeganə ədəbiyyat qəzeti sayılan “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetində çapına kömək edirdi...

       Dərgidəki (“Mücrü”, 1-ci say) hekayəni oxudum. Əvvəl yaxşı tərəfindən başlayaq.

       Yazmaq qabliyyətin var. Hekayəçilikdən anlayışın da öz yerində. Hətta oxuduğun hekayələrin təsirindən çıxa bilmirsən. Halbuki orda qalmaq qorxuludur. O təsirlərə (məsələn, tutaq ki, Çexovun təsirinə) düşmək çox xoşdur, fəqət orada qalmaq qorxuludur. Öz orbitini tapmalısan...

      Yəqin ki, ikinci Çexovun heç kimə gərək olmadığını bilirsən. Yazıçı heç vaxt ikinci ola bilməz! Yazıçı hər zaman birinci olmalıdır – onun yazdıqlarını heç kim yaza bilməməlidir...

       Çexovu sözgəlişi yazdım, bu Haqverdiyev də ola bilər, Şukşin də, Mübariz Örən də...

       Gələk sənin “Gecikmiş qonaq” hekayənə.

       Ad mətnə uyumludur. Hekayənin başlanğıcı da əladır:”Çöldə ağır-ağır qar yağırdı” cümləsi deyir ki, bu hekayədə ağır söhbət olacaq. Və o “söhbət” “ağır” olmasa da, baş tutur...

       Hekayənin mövzusu hər bir gəncin keçirə biləcəyi ilk məhəbbət məsələsindən alınıb. Fəqət alına bilibmi? Buna ciddi baxmaq gərək. Amma gəl bu “alınmaq” məsələsini burada saxlayıb, başqa bir mətləbdən bəhs edək, sonra bura dönərik.

       ...Hər bir yazan adam konkret olaraq niyə yazdığını bilməlidir: “Ötəri həvəsmi?”, “Çexovun təsiriləmi?”, “İçinin ağrısını sakitləşdirmək üçünmü?”...

         Və bu yerdə “nədən” yazacağını mütləq bilməlidir. Yəni, yazıçının öz mövzuları olmalıdır. Bu, təxminən bostançının bostanı, balıqçının toru, vətəgəsi və qayığı, aşpazın qazanı və ocağı, dülgərin ağacı və rəndəsi, döyüşçünün silahı olan kimidir.

        Yazıçının bir “travması” olmasa, bir dərdi-azarı olmasa, bir ağrıyan yeri olmasa, çətin ki, ondan yazıçı çıxsın... Çıxar, amma çətin ki, o, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə olsun...

        Yazıçının silahı, qazanı, toru, rəndəsi sözdür. O hər işi quruca sözlə görür. Bax, o quruca sözləri cücərtmək, yarpaqlatmaq, hətta bar verməyə məcbur etməkdir yazıçının məharəti...

       Əli bəy, hələlik sənin öz qazanın, torun, rəndən yoxdur, demək həm də özünə məxsus olan sözün yoxdur!.. Sən öz sözünü tapmaq üçün öz mövzularını tapmalısan. Bostanını, vətəgəni, ağacını, silahını tapmalısan...

           Sən o qədər söz bilməlisən ki! “Sədd” sözüylə “səd” (yüz – farsca) sözü kimi fərqliliklərəcən məlumatlı olmalısan...

           “Başıma qaynar su töküldü” – bunu deyiblər, yaxşı da deyiblər. Sən bunun özünə xas şəklini tapmalısan. “Həyatım qaraldı” da onun kimi.

         İlk sevgidən hekayə yazırsan, amma o sevgini bizə inandırmaq üçün bu uşaqları heç olmasa bircə dəfə də öpüşdürmürsən!

         11 yaşında atasını itirən cocuq... Maraqlıdır deyilmi? Mən hekayəni onun üstündə qurardım. Onun ağrıları, iztirabları... Hekayən ağrıdan bəhs edir, amma oxuyanda o ağrını hiss etmirsən...

          ...Yuxarıda hekayənin “alınması”nda qalmışdıq.

          Əgər sən öz bostanını “əkməsən”, özgə bostanında ilişib qalsan... Bu təhlükəlidir. Yad bostanda adamın başına nə oyunlar gələ bilər?!.

          Sənin qəhrəmanın fəlsəfə fakültəsini bitirib, amma bu onun nitqində-filanında heç hiss olunmur. O filosof kimi danışmırsa, fəlsəfə fakültəsinin yerinə inşaat da yazsan, bir məna verməz ki.

          Sonu xoşbəxtliklə bitən əsər yazmağa tələsmə. Bu səni şouya aparar və ciddi yazıçı olmağa qoymaz. Qəhrəmanlarının yıxılıb qol-qıçlarını sındırması, o yaraları sarıması, o sarınan yaralardan axan qanın onları qovuşdurması daha yaxşı olardı.

         Sənin qəhrəmanların çox mütidir. Hətta bir az irrealdırlar. Mən acığa Həsəni evləndirərdim!

         Əzizim Əli!

         Sən yazmağına davam et, fəqət yüz oxu, bir yaz. Dünya şeirini, dünya nəsrini başa çıx, Azərbaycan poeziyasının və nəsrinin ən böyük mogikanı Nizamini dərindən öyrən.(Hə, düz eşitdin, Nizami bizim ilk romançımızdır. Epik şeirimizin, romanımızın atası odur.) Homeri, Şekspiri, Göteni, Hüqonu, Balzakı, Tolstoyu, Dostayevskini, Qoqolu çox e, lap çox oxu... İnan ki, onlar sənə öz “bostanını” tapmaqda kömək edəcəklər. O sehrbaz Markesi, lotu Orxan Pamuku möhkəm oxu.

          Sonda sənə bir şad xəbər verim: bu hekayədə sənin özünün olan bir yaxşı cümlə var:”Sevgi toxunmadan, görə bilmədən sevməkdir.”

        Hə, hə! O cümlə sənindir. Çalış hekayən belə tapıntılarla, belə kəşflərlə dolu olsun. Yoxsa onu yazmağa dəyməz ki...

         Yarızarafat, yarıgerçək bir də deyirəm: sevgi toxunmadan sevməkdir fikri yaxşıdır, amma o sənə haqq vermir ki, bu uşaqları öpüşməyə umsuq edəsən...

        Əli, sənə uğurlar arzulayıram! İnanıram ki, bu yazı sənin yaradıcılığına təkan olacaq. Belə olmasaydı, onu yazmazdım.

 

         S.A.(Söz Ardı.)

         Yəqin yuxarıda tez-tez Çexovun adını çəkdiyimə görə təəccübləndin. Bəli, onun da hekayələri bədbəxt obrazlarla doludur. Amma o dahi sənətkarın bu obrazları öz bədbəxtliklərindən qaçıb yalançı xoşbəxtliyə doğru yüyürmürlər.

         Artıq tanınmış yazıçı olan Çexova Puşkin mükafatı veriləndə o dostlarından birinə yazırdı:

         “Vicdanla desək, mükafatı aldığıma baxmayaraq, mən öz bədii fəaliyyətimə hələ başlamamışam”.   

 

                                                                                                                      23.03.2021.

          

      

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə