AZAD QARADƏRƏLİ İTKİN PLANETİN AXTARIŞINDA Hekayə

 

            

 

                              AZAD QARADƏRƏLİ

 

                          İTKİN PLANETİN AXTARIŞINDA

 

                                        Hekayə

 

 

                                                                                              Ayxan üçün

 


 

 

 

            -Baba, yünidən yaşasaydın, nəyi etməzdin?

            Nəvəsidir. Nəvələrini çox sevir. Amma bunun yeri ayrıdır. Bu oğlanda öz uşaqlığını görür. Bezdirici suallar verən, utanmadan, qırmızıca sözünü deyən, bir də ən əsası: özündən böyüklərlə oturub-durmağı sevən... Heç on yaşı olmayıb, amma itmiş planetdən, kosmik dünyadan dəm vurur. Ən zəhləsi gedən şey dərs kitablarındakı düşük şeirləri əzbərləmək (bu ifadəni iki baba-bala kəşf ediblər), ən xoşladığı isə kompüterdə qurdalanmaqdır.

            -Bilirsən, baba qurban...

            Nələrsə dedi. Hansısa kitabından danışdı. Hiss elədi ki, oğlan razı qalmadı. Onun damarına düşə bilməmişdi. Heç özünün də xoşuna gəlməmişdi bu danışdıqları. Damar nədi, heç sümüyü də sürmə olmamışdı. (“Yaxşı ki bunu içimdə dedim... Yoxsa yaxam əldə qalacaqdı. “Sümüyü aürmə olmaq nə deməkmiş, bunun ingiliscə qarşlığı və sair...”) İçində gizildəyən, soyuqda üşüyən, istidə yandıran, adi vaxtda belə korun-korun qövr edən o yaracığa barmağının ucu ilə basdı və hiss elədi ki, heç nə dəyişməyib. Məftil dərinə işləmişdi...

            ...-Mən on beş il əvvəl bir günah işləmişəm...

            Nəvə dik atıldı. O biri otaqdan çıxıb qonaq otağına girən nənə də də başını qaldırıb heyrətlə qocaya baxdı. Kişi heç nə olmamış kimi davam etdi:

            -Yazı-pozudan yorulanda, bezəndə bağa düşüb dümələnməyi sevirəm axı. Bir dəfə iki il əvvəl peyvənd etdiyim xar tutun budağının həyətin içinə doğru yönəlmək istədiyini görüb bir metrlik alüminium məftillə ortasından bərk sıxdım, hasarın üstündəki dəmir boruya bağladım ki, ağac qamətini düz saxlasın, bir il, para il sonra açaram məftili...

            Qoca dərin nəfəs aldı, elə bil boğulurdu, əl atıb idman kostyumunun zəncirini aşağı çəkdi, iki kərə “əhhhh” eləyib hava uddu və davam etdi:

            -Məni bilirsən, yazı-pozuya başım qarışdımı, gözüm heç nə görməz... Tam iki il bu ağacdan xəbərim olmadı... Bir gün ayıldım ki, məftillə bağladığım budaq yoğunayıb, məftili udub, amma o boğmalı yerdə iri bir yara kimi qalıb... Nə qədər çalışsam da, ağac məftili buraxmadı ki, buraxmadı. Başbilənlərə də göstərdim, dedilər, çarəsi yoxdur, qanırsaq, budaq qırılacaq... Budaq da qırılsa, ağac tələf olardı...

           Beləcə, illər keçdi. O ağac bağrında bir yad cism böyüdü... Hər dəfə külək olanda qorxuram ki, o yerdən budaq qırılacaq, ağac tələf olacaq... Sən inanırsan, mən o ağacın meyvələrini də yeyə bilmirəm... Elə bilirəm ki, ağac bu saat dil olub dillənəcək, məni mühakimə edəcək: “Günahım nə idi ki, köksümə belə dağ çəkdin?!”

            Bəzən etmək istədiyin yaxşılıq, sonradan elə fəsad verir ki...

           

                                               ***

 

            Nəvə o vaxtdan babası ilə danışanda sual verməyə ehtiyat edir. Amma sual da elə yad cism kimidir. Cavabını tapmazsan, itkin planetə dönüb səni incidər...

           Həəəəə... nəvə bu fikirdədir ki, bu dünyada, yaxud bizim kosmik sferada hər şey cütdür. Tək bir şeyin olduğunu hələ görən olmayıb. O zaman Yer də tək ola bilməz. Mütləq Yerin də tayı olan bir planet var. Və orad da insanlar yaşayır. Nəvə zənn edir ki, o planeti tapmağa çox yaxındır. Sadəcə bəzi yad cismlər var ki... daha ardını söyləmir. Deyir, bu da onun sirri olsun...

            -Niyə belə əminsən ki, o planeti tapacaqsan? – baba soruşur.

            -Nədən? Ondan əminəm ki, mən tək görmürəm bu işi... O biri planetdə - qoy onun adı Ur olsun – bir nəfər də var və o da o tərəfdən bizim Yerin axtarışındadır. İkimiz qüvvələrimizi birləşdirib Yerlə Uru qovuşduracağız...   

 

                                                                                                                      19.04.2021.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə