AZAD QARADƏRƏLİ VERGİ ALLAHIN, DƏRD ÖZÜNÜNKÜ İDİ (Şair İsfəndiyar Əhmədlinin qırx mərasiminə bir ağız ağı)

 

                  

                      AZAD QARADƏRƏLİ

             VERGİ  ALLAHIN, DƏRD ÖZÜNÜNKÜ İDİ

 

                (Şair İsfəndiyar Əhmədlinin qırx mərasiminə bir ağız ağı)

 


            Dost itkisi həmişə ağır olub – o dost həm də seçilənlərdən olanda.

            Hə, İsfəndiyar seçilənlərdəndi. Tanrı onu seçmiş, çiyninə şairlik kimi ağır bir missiya qoymuşdu.

            Amma dərd də vermişdi – qaçqın-köçkün olmaq, sevib-sevilə bilməmək, ailə mərhəmliyindən uzaq qalmaq, ağır xəstəliklərlə qol-boyun olmaq...

            Amma dərdləri özününkü idi...

            İsfəndiyar, həqiqətən vergili idi. Şeir yazmaq qədər asan bir şey yoxuydu onunçün. Amma fiziki məhdudiyyətləri bəzi adamlarda onun yazdıqlarına deyil, xarici görünüşünə görə qiymət veməyə səbəb olurdu deyin, onun şairliyini təsdiqi də bir xeyli ləngimişdi. İki kəlməni dalbadal yaza bilməyən, məhlə uşaqları kimi qeybət etməyi sevənlər şairi necə anlasınlar ki?!.

           Amma İsfəndiyar təkcə vergili deyildi, o həm də savadlı, oxumuş bir ziyalı idi. Onun yanlış ali təhsil alması ədəbi istedadını cilalamağa mane olsa da ( filoloji deyil, texniki sahədə ali təhsil almışdı), yaşamağı və fəaliyyət göstərməsi üçün stimul oldu. Onunçün ikinci stimul isə zəngilanlı günlərimizdə “Kənd həyatı” qəzetində bizim yaratdığımız “Çinar” ədəbi birliyi oldu. İsfəndiyar bu birliyin fəal üzvü kimi həm rayon qəzetində, sonra isə respublika mətbuatında ardıcıl çap olundu. Eldar Baxışla, İsa İsmayızadə ilə tanışlığı onun inkişafı üçün yaxşı imkanlar yaratdı. Təəssüf ki, hər iki şair tez dünyadan köçdü və İsfəndiyarın qarşısında açılmış imkanlar daraldı...

 

Dedim yatıb-duraram,

Mənlə oyana baxtım.

Oyanıb gəncliyimlə

Qoşa dayana baxtım.

 

Ömrün bahar çağında,

Taleyə qar yağanda,

Bəlkə məni doğanda

İtdi, ay ana, baxtım?

 

Özümü axtarıram,

İzimi axtarıram,

Sözümü axtarıram,

Yoxdu, hayana baxdım?!.

 

            İsfəndiyarın şeirlərində bəxtdən giley bir xətt kimi keçir. Yox, o tanrının ona verdiyi şairlik payından qəti gileyli deyildi. Onu üzən, sındıran yuxarıda dediyimiz olumsuzluqlar idi. O, taleyin ona verdiyi qisməti, qıymadığı olumsuzluqları “sərin” kimi bir kəlməylə qiymətləndirir, sanki bəxtinə düşən şairlik butasının ömründən çox şeyləri aparmasına razılaşmış kimiydi:

 

Uçacaq divarlar qarın verirsə,

Quruyar ağaclar barın verirsə,

Tale qismətini sərin verirsə,

Qohumun, qardaşın yada gələrmi?!

 

            Bu şeiri mənə telefonda oxuyanda kefsiz idi. “Ağrıyıram” demiş və tez də əlavə etmişdi: “Bir əbləh bu şeirdəki “Uçacaq divarlar qarın verirsə” misrasındakı “qarın” kəlməsini “qar” kimi başa düşmüş və “divarlar qarın necə verir, a şair?” deyib şairin könlünü qırmışdı. Mən “divarın qarın verməsi” ifadəsinin bizim köklü-köməcli, qədim deyimlərimizdən olduğunu, şeirdə ən çox yerinə düşən xalq deyimi kimi diqqətimi çəkdiyini deyəndə özünəməxsus gülüşüylə gülmüş, “darıxıram, gəl bir görüşək” demişdi. (“Divar qarın verib” ifadəsi divarın bir tərəfə əyilməsi, qarın verməsi, yəni hər an uçmağa meyilli olması anlamındadır və frazeoloji birləşmə kimi dilimizin alt qatında yatan min illik tarixi olan deyimlərimizdəndir. Şairin əhval-tuhiyyəsini ifadə etmək baxıməndan aşırı əhəmiyyətə malikdir.)

            İsfəndiyar sağlığında qiymətini almayan şairlərdəndir. İndi gərək azı on kitabı çıxmış olaydı, amma ikicə şeir kitabı qaldı özündən sonra...

            Bəs şair nəğmələrində giley ötməsin neyləsin?

           

            Nədəndir bu ömür heç dada düşməz,

            Özünü yandıran tay oda düşməz,

            Şair İsfəndiyar heç yada düşməz,

            Belə vəfasızdır zəmanə, könlüm...

 

                                               ***

 

            60 yaşına az qalmışdı. Zəng edib təbrik etdim. Sonra hansısa kitabımın təqdimatı olacaqdı, ora dəvət etdim və o təqdimatı, əslində İsfəndiyarın yubileyinə çevirdim. Kitabım və mənim haqqımda danışanlardan xahiş etdim ki, şairin yubileyini xüsusi qeyd etsinlər. Tədbirdən sonra onra isə dostlarla “bədii hissə” tışkil etdik. Yaxşıca yeyib-içdik. Şair o gecə təzə şeirlərini oxudu. Dostum, bir zamanlar ali məktəbdə müəllimim oluş professor Ramin Əhmədov yubliyarı təbrik edib, sonda üzünü mənə tutdu və dedi:”Var ol ki, bizi belə bir şairlə tanış etdin...”

            İndi oxuyacağınız isə şairin 60 illiyinə yazdığım essedən parçadır:

            “Bakıda tez-tez görüşürük. Mən radioda çalışıram. Hərdən onun yeni şeirlərini radioda səsləndirirəm. İsfəndiyarın yaradıcılığında yeni mərhələ yaranıb – qaçqın-köçkünlüyə etiraz, torpaq, yurd nisgili... Və ömrünü, həyatını verdiyi poeziyasına qısılaraq yaşamaq...

            Sonra “Yazı” çap olunur. Dərginin tələblərini ona xatırladıram: “Elə şeirlər ver ki, səviyyəni aşağı salmasın.” Deyəsən, xətrinə dəyir. Amma elə ikinci  nömrədəcə bir şeirini verirəm:

 

            Mən bu dünyaya boş gəldim,

            Yüküm torpağın altında.

            Bitib qol-budaq atmışam,

            Köküm torpağın altında...

 

            ...Həsrət sinəmdə dərd bağlar,

            Buraxma məni, bərk saxla.

            Tanrım, bir az da dərd saxla,

            Çəkim torpağın altında.

 

            İsfəndiyarın bir kitabı da çıxıb. Amma hərf səhvləri ilə dolu olan bu kitabın heç olmasa urvatla buraxıla bilməməsi də onu üzmüşdü. Amma orası da var: İsfəndiyarın şeirləri o qədər axıcı ki, bir çox dostlar və oxucular bu nümunələri əzbərdən bilirlər.

            “Yazı”nın yeni saylarında İsfəndiyara yer ayırmağı unutmuram.

              Ən son sayımızda da şeirləri gedib .

              Budur, yeni çıxmış “Renessans həsrəti” kitabımın ədəbi statuslar səhifələrində ondan söz etmişəm:

            “Şairlər qəribə "millətdilər". Doğrudan əsl şairin ayaqları yerə dəymir. 30 illik bir dostum var:  İsfəndiyar Əhmədzadə. Çox çalışdım onu modern poeziyaya çəkəm, olmadı. Elə orda, öz klassikasında qaldı. Evi də, ailəsi, uşağı da poeziyadır. "Yazı"da 5-6 şeirini vermişəm - güclə ala bildim. Sevmir çap olunmağı. Beləcə, onun "boş şey" dediyi bir şeirini təqdim edirəm sizə! Qalanını isə "Yazı" çıxanda alın, oxuyun.

Hər bulağın öz nəğməsi,

Hər suyun öz axarı var.

Dünyaya ha düz desən də,

Aşağı var, yuxarı var.

 

Çox tutsa da əgər qabın,

Nə bəsdirsə ona tapın.

Axırda hər haqq-hesabın,

Gəliri var, çıxarı var.

Nadan olan haqqı danır,

Yalan gülür, haqq utanır.

İçimdə bir alov yanır,

Kirpiyimdə buxarı var.”

   

                                                           ***

 

            Nə yazıq ki, İsfəndiyar bu yazını görə bilməyəcək. İstedadlı şair, gözəl insan və gözəl dost qırx gündür aramızdan ayrılıb. Nə xoş bizə ki, belə bir talatlı adamla bir dövrdə yaşamışıq...

            Ruhun şad, yerin pərqu olsun, dost!

 

                                                                                                                      03.06.2021

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə