AZAD QARADƏRƏLİ UÇUQLAMA Hekayə
AZAD
QARADƏRƏLİ
UÇUQLAMA
Hekayə
Şair dostum Əhməd Oğuzun xatirəsinə
“Hankı
yara sağalmadı k
Anamın
hər gün mənə dediyi sözlərdir. Eynimin açılmadığını görüb yazıq arvad toxtaqlıq
verir mənə. Sonra mən də onun dediklərini uşaq cibinə şirni-konfet yığan kimi
cülbəndimə yığır, özümlə getdiyim yerlərə - işə, iclasa, tədbirə-zada aparır, qanım
qaralanda yadıma salıb özüm özümə toxtaqlıq vermək üçün təkrarlayıram. “Hankı
yara sağalmadı ki? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?”
Anama
bax, sən allah! Elə bil Səməd Vurğun kimi danışır. Hə də, o da hankı yazmışdı
axı. “Hankı səmtə, hankı yana...” Anam dilimizi dəhşət bilir, vallah! Adamın elə
yerində söz deməyi var ki, yüz dilçi professor gələ, aça bilməz. Hələ bu cülbənd
söz. O da onun kəlməsidir, keçib mənim dilimə...
Hanki
yara... Hanki sınıq... Hanki uçuq...
Yara
heç, o da sağalmaz dərd kimidir, üstü bağlansa da, qövr eləyər, hərdən
zoqquldayıb özünü yada salar. Sınıq da çətin düzələn şeydir. Bitir bitməyinə,
amma balaca gücə saldınmı, elə ordan xırt qırılasıdı... Yəni amanat kimidi. Həmişə
qorxu içində, səksəkədəsən... Ay aman, gözlə, qırılar... Uçuq isə... Uçuq... Ay
dad!.. Uçuq? Bu nə sözüdü, ilahi? Bu söz məni haralara apardı?..
...Gərək
ki, yeddidə oxuyurdum. Özümü tanıyan
vaxtlarımdı. Uzun saç saxlamışdım. Uzun, itqulağı yaxalıqlı, damdar köynək geyinmiş, trapes
şalvarda, qara gözlükdə bağ-bağatda gəzir, oğrun-oğrun qızalara baxırdım.
Futbolda hücumçu olur, tanışlarımla söz güləşdirər, dava-dalaşda sinəmi qabağa
verərdim. Və bir gün qonşu kəndin futbol komandası ilə oyunu udandan sonra
aramızda dava düşdü. Biz daşqın çayı bu yana keçincən başımıza daş yağdırdılar.
Bir təhər bu taya keçib, biz də onları daşa tutduq. Və allahın dolaşdırmasına
baxın ki, elə ilk atdığım daş C. adlı oğlanın başını tutdu və bircə anda üzünü
al-qan bürüdü. O taydakılar da, biz də əlimizdəki daşları yerə atıb peşmançılıq
içində oturduq daşların üstünə. Və qəfildən bir əl o dar, itqulağı köynəyimin
yaxasından tutdu. Dartınsam da güclü əldən xilas ola bilmədim. Diqqətlə baxanda
o adamı tanıdım: daşım başına dəyən oğlanın atası idi. Məni sürüyüb çaya saldı,
o taya keçirib, bir daş da oğluna verdi, dedi, sən də vur bunun təpəsinə!..
...O
gecə səhərəcən yata bilmədim. Birincisi, oğlan daşı qapıb başıma vuranda, başım
şişsə də, qanamamışdı. Bu daha pismiş: başım şişmişdi və o şişən yer səhərəcən
zoqquldadı. İkincisi, o kişinin pis-pis söyüşləri, mənə vurduğu təpiklər və
yumruqlar hər an gözümün önündə təkrarlanır və yuxum ərşə çəkilirdi. Üçüncüsü və
ən dəhşətlisi bu idi ki, anam olanları bilsə, məni danlaması bəs deyil, hirslə süzəcək,
bəlkə bir həftə danışdırmayacaq, ürəyimi parçalayacaqdı... (Bu bizim
ana-bala sirrimiz idi. Mən anama hələ lap balaca olanda, təzə-təzə məktəbə gedəndə
söz vemişdim ki, bizdən ayrılıb özünə yeni ailə quran atamın acığına, böyük
eeeee, çox böyük adam olacam. Elə böyük adam ki, atam mənə aşağıdan yuxarı
baxacaq. Hələ çox tərbiyəli olacam, çox savadlı olacam, hamı məni barmağıynan
göstərib deyəcək ki, bax, bu oğlan o qadının oğludur!..
Bu yerdə anam məni dayandırıb deyir ki, hamısı
olsun, amma “bu qadının oğludur” demələrini istəmirəm. Qoy atanın adını desinlər...
Sənin axı, pis-yaxşı atan var, bizə babaların iki gün toy çaldırıb, mən o evdə
üç il gəlin olmuşam...........
İndi
belə söz-söhbət hara, yerdən daş götürüb birinin uşağının başını al-qana bulamaq
hara?!....... Bax, illah da buna görə səhərəcən ilan vuran yatdı, mən
yatmadım...)
-Bıy
başıma xeyir! Allah, sən saxla! A bala, saa nə oldu?! Ədə, üzmə bax görüm!?
Nənəmdir.
Səhərə yaxın yuxuya getsəm də, güclə oyanıram və nə baş verdiyini anlamayıb
key-key nənəmə baxıram və bu vaxt hiss edirəm ki, elə bil çənəmdən nəsə
sallanır. Əlimi üzümə, çənəmə çəkəndə ağrıdan bağırıram. Qaçıb köhmə çərçivəli
güzgümüzə baxanda gözüm kəlləmə çıxır: dodaqlarımı, üzümü , çənəmi suluqlu yara basıb!
Anam
səsə gəlir içəri və o da qışqırır:
-Bıy
əvin yıxılsın, canım! Gədəmə nə oldu?!
Orağını
biləvlə biləvləyən babam üzümə baxıb sakitcə dillənir:
-Uşağı
qorxuzmuyun, uçuxluyub... Olar bu yaşda belə şey... Ə arvad, get dəvədabanı
döy, gəti yax sifətinə... Bir həftiyə ötüb gedəcəy...
Mən
bir rayon, bir kənd, bir ev, bir qəbiristanlıq itirmişəm. Hələ Qarabağ... Elə o
da mənimdi axı. Adi bir kənd adamı, suçu, naxırçı, dəmiryolçu, sürücü olsaydım,
bəlkə bu mənə belə dərin təsir etməzdi. Mən axı müəlliməm, pis-yaxşı qələm
adamıyam. Təkcə kəndimin, evimin dərdi deyil məni ağrıdan... O boyda Qarabağı
itirmək, o boyda rayonların xarabazara döndərildiyini anlamaq... O rayonlardakı
tarixi abidələrimizin dağıdılmasını,
dünyada məşhur olan Azıx mağarasının düşmən əlinə keçdiyini hiss etmək,
rayonumuzdakı o gözəl Türbənin bürclərinin top gülləsi ilə uçurdulmasını...
Uçuq... Uçuqlamaq... Uçunmaq... O uçuqların dərdini çəkməmək mümkünmü, o
uçurdulan mülklərimizi göz önünə gətirib uçunmamaq mümkünmü?!.
Yazıq
anam buna görə mənə toxtaqlıq verməyə çalışır...
“Hankı
yara sağalmadı ki? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?”
Altı
il keçib işğaldan. Yaram bir az sağalan kimi olub. Bakıdan köçən rus ailəsindən bir otaqlı həyət evi almışıq,
birini də yanından tikmişik – başımızı təpməyə komamız var. Yeni kitabım çıxıb.
İçindəki yazıları oxuyanda təzədən ölüb-dirilirsən, amma ürəyində şükr edirsən
ki, hələ ayaq üstəsən, yaza bilirsən. Və bir də o gün! O gün ki səni yaşadır, səni
diri saxlayır. O gün...
Yox,
burda bir az yanıldım: mənim kimi üstünə qaçqın adını götürüb beş yerdə işləyən,
balasına gündəlik çörəkpulu qazanan, pis-yaxşı ev tikən qaçqınların hamısının
inandığı GÜN – torpaqlarımızın azad olacağı gün! Arıların, kəpənəklərin soyuq
aylarda yumurtasında gizlənib bir isti yaz gününü gözlədiyi gün var ha, bax o
gün həmin arılar, kəpənəklər qəfil çöl bayırı basan kimi biz qaçqınlar da bax o
GÜNÜ gözləyirik ki, karvan-karvan olub yola düzələk, o uçuqlarımızın dibinə kəpənək
kimi, arı kimi qonaq, orda bir doyunca hönkürək, ün çəkib ağlayaq, sonra gedib
qəbiristanlarımıza çıxaq, ordakı uçuq qəbirlərimizin yanında yerə çökək,
içimizi çəkə-çəkə əvvəl hıçqıraq, sonra eşqırıb sərilək o qəbirlərin üstünə,
ağlayaq, bozlayaq... Ta o qəbirdəkilərin səsimizi duyduğuna arxayın olanacan
ağlayq, sıtqayaq...
Sonra da gedək uçuqlarımızı yamamağa...
Sınıqlarımızı bitirməyə, yaralarımızı sağaltmağa...
“Hankı
səmtə, hankı yana...”
Mənimsə
bu gündən başqa anama söz verdiyim daha bir günüm də var: “Atamın acığına böyük
eeeee, çox böyük adam olmalıyam. Elə böyük adam ki, atam mənə aşağıdan yuxarı baxsın...”
Atam
yazıq da burda, anam demişkən Bakının bu Kufə çölündə öldü getdi... Dayana bilmədi
o boyda uçuqların dərdinə...
...Bude
ha, təzə kitabım çıxıb! İşlədiyim idarədə dost-tanışın iştirakıyla kitabın təqdimatı
keçirilir. Xoş sözlər söylənir. Hətta Türkiyədən gəlmiş bir jurnalist də çıxış
edir. Kitab haqqında xoş sözlər deyir...
Dostum
Məhəmməd bir mərtəbə bizdən yuxarı redaksiyada işləsə də, hər gün bir yerdə
nahar edirik, tez-tez görüşüb dərdləşirik. Pulumuz olanda hətta yeyib-içməyə də
gedirik. Bu günki tədbirin “bədi hissəsini” də o boynuna götürüb. Türkiyədən gələn
jurnalisti də, daha bir neçə dostu da başımıza yığıb yaxınlıqdakı kafeyə
yollanırıq.
Məhəmməd
də mənim kimi qaçqındır. Daha doğrusu, o məndən qabaq dadıb o zəhəri. Ailələri
Göyçədən boş əllə gəlmişdi Bakıya. Bəlkə də bizi onunla dərd birləşdirdi? İndi
sağ olsun, kitabın təqdimatını da o keçirtdi demək olar ki, hətta bu “bədii
hissəni” də özü düzüb-qoşub. Pulunu da hardansa özü tapıb və mənə əlimi cibimə
salmağa imkan vermir. Hətta türkiyəli jurnalisti də o dəvət edib – haçansa
tanış olubmuşlar - təsadüfən Bakıda
olmağından istifadə edib, mənim kitabımın təqdimatına gətirib...
“Bədi
hissə”nın qızğın yerində türkiyəli jurnalist söz istədi. (Düz qabağımda
oturub, “vodka” deyə-deyə o qədər içib ki, qırmızı pürüzə dönüb. Məclis
başlamamışdan qabaq bir xeyli söhbətləşdik. Ailə vəziyyətim, əvvəllər çıxan
kitablarım barədə soruşdu, daha sonra rayonumuz, kəndimiz, orada nə işlə işləməyim
və s. kimi məsələlərlə maraqlandı ve bildirdi ki, bunları Türkiyədə işlədiyi qəzetədə
- o belə deyirdi – yazacaq, kitabım haqqında məlumat da verəcək, hələ bəlkə bir
hekayəmi də çevirib yayımlayacaq. İnsafən yaxşı adama bənzəyir. Hiss olunur ki,
mənim çəkilməz dərdimə ürəkdən yanır.)
-Arkadaşlar...
Kitabımdan
oxuduğu bir hekayə haqqında danışdı, daha sonra rayonumuz, kəndimiz, uçuq evlərimiz,
məktəbimiz və... gözlənilmədən mənim ailəm haqqında danışmağa başladı. Nələrsə
də dedi və birdən qayıdasan ki, yazar abimizin iki kız cocuğu varmış da... Ben
o cocuklardan birini istiyorum ondan, aparım kendim böyüdüm, egitim verim,
sonra da oğlumla evlendireyim...
Pəh!
Nələr olmadı, nələr! Əvvəl Məhəmməd rumkasını yerə çırpdı, sonra mən üstü kabab
və araqla, mineral sularla dolu stolun bir tərəfini qaldırdım...
Bir
həftə işə çıxmadım. Üzüm-çənəm uçuqlamışdı. Anam gedib hardansa dəvədabanı
tapıb, əzib üzümə yaxıb... Gərək azı bir həftə gözləyim ki, üzüm afsanata
düşsün. Yoxsa belə hara gedim?
Tərslikdən
ev telefonumuz da yoxdur ki, işə xəbər verim. İndiki mobil telefonlar da hələ gəlib
bizə çıxmayıb...
...Məhəmməd
məni görən kimi qucaqladı, hönkür-hönkür ağladı. Dedi ki, türk jurnalist neçə
gündür mənim iş yerimə gəlir, ağlayıb özünü söyür ki, mən axı pis bir söz demədim...
Abimiz gəlsəydi, əlini öpüb, üzr istəyərdim... Axırı ki, dünən yola saldım
getdi... Sənin üzünə nə olub? Ay daaaa! Tamam yaradı ki...
-Uçuqlayıb,
- dedim... Sonra həkimin verdiyi xəstəlik vərəqəsini götürüb şöbə müdirinin
otağına getdim.
...O
vaxtdan iyirmi il keçib.
İndi
mən Məhəmmədlə bir yerdə işləmirəm, amma az qala hər gün mobil telefonla zəngləşirik.
Heç olmasa üç aydan bir yığışıb yeyib-içməyə
gedirik. Belə günlərin birində zəng edib həyəcanla dedi ki, bax, bərk dur,
üzün-başın uçuqlamasaın, təzə xəbərim var!
Dedim,
day zəhləmi tökmə, de nə deyəssən!..
Dedi
ki, bəs bu gün İstanbuldan gəlmişəm, təzə çıxan kitabını gətirmişəm!
Əlbəttə,
mən bu xıbəri ondan qabaq bilirdim, amma özümü bilməyən kimi göstərdim. Vədələşdik
ki, görüşək.
...Və
o GÜN! O gün ki, ordumuz 44 günə torpaqlarımızı azad etdi, o cümlədən mənim
rayonumu, mənim kəndimi də! İlk zəng edənlərdən biri Məhəmməd oldu və ağlaya-ağlaya
dedi ki, sağ əlin başıma deyərdim, amma bu baş tutan iş deyil... Qərbi Azərbaycan
getdi, qardaş!
Elə
bir ah çəkdi ki...
“Kəndinizə
gedəndə öz uçuqlarınızı ağlayanda mənim əvəzimdən də ağla. De ki, bir qərib var
Bakıda, ümidini elə itirib ki, onu günün günorta çağı yüz məşəllə də arasan,
tapa bilməzsən... Mənim dədəmin komasının indi heç yeri də məhlim deyil... O
uçuq evlərimiz bizim içimizi də uçurdub, qağa...”
Türk jurnalist demişkən, o gün vodkadan içib ağlaşdıq... Evciyi uçurulan
uşaqıar kimi ağlaşdıq...
Və
bir gün mobil telefonuma zəng gəldi. Baxdım ki, Türkiyə nömrəsidir. Açdım. O
idi, illər əvvəl kitabımın təqdimatında özünü də, bizi də rəzil edən türkiyəli
jurnalist:
-Abi,
telefonunu Memetden aldım... Kitaplarının Türkiyede baskısını görünce çok
sevindim. Ama zengimin nedeni ayrı... Abi, Memet burada, hastanededir... İyi
deyil, abi... Kanserdir... Bi daqqa sonra yanında olacağım... Sana sözü var,
telefonu ona veriyorum...
Çox
dəyişsə də, bəlağətini itirməyən bir səslə Məhəmməd türkü oxuyurdu:
Sən
bir qara qoyun, bən bir qara qazu,
Hər
döndükcə ardınca mələrim aman, mələrim aman, aman...
Oğlan,
sənin nə qaranlıq ardın var, ardın var...
Lalə-sünbül
boynun əymiş dərdin var, aman dərdim var, aman...
El-aləmin
vatanı var, yurdu var, aman yurdu var,
Mənim
yurdsuz qalışıma nə deyim aman, nə deyim aman...
A
dumanlı dağlar, a dumanlı dağlar...
***
Sonra...
Sonrası
yoxdu. Hardasa bir dağılmış el var, uçuq ev var, uçuq qəbir var. Bir də
dodaqları uçuqladan türkü... “Mənim yurdsuz qalışıma nədeyim, aman...”
31.08.2021.
Yorumlar
Yorum Gönder