AZAD QARADƏRƏLİ “LAÇIN DƏHLİZİ” ORATORİYASI Hekayə

 

 

                              AZAD QARADƏRƏLİ

 

                     LAÇIN DƏHLİZİ” ORATORİYASI

 

                                   Hekayə

 

 

                                               Sarı Aşığın urufuna, İlham Qəhrəmanın sözünə-hərfinə!

 

 


 

            Allah buranı kəsməsin...

            Naşükürlük kimi çıxmasın, buranın adamlarını qədirbilməzlikdə günahlandırmaq kimi olmasın, maa Laçınnan başqa hər yer cəhənnəmdi. İçi Bakıqarışıq...

            Qardaş, azalıb otuz il olsun, burdayıq, gör bircə yol dodağım qaçıb, ay toba!. (İçənnən-içənə gülmüşəm də, hırıldamışam da, toyda oynamışam da... o heç, o sayılmır... İçmək ki var, bizi, bəkə də indiyəcən ölməyə qoymayan odu. O zəhrimar olmasa, dərd bizi bürər, bükər, yumağa döndərər... İçənnən- içənə biz də dönüb adam olurux, üzümüzə adamlıq suratı qonur... Yoxsa çoxdan qırılmışdıx...) Düzdü ye, buranın adamlarınnan da yaxşı dolanıram, Laçınnan çıxanda üç camışım vardı, indi yeddidi. İnək də heylə. Sürüynən qoyunum-keçim də var. Yerli camaat camış qatığına qapımda növbəyə durur, amma mən Laçını istiyirəm, qada. Tərslikdən, adım da Laçındı... Burda da naxışım gətirmiyib. Ha istiyirəm, elə Laçını yadımnan çıxardam, bir balaca kolum xoş olsun, urufum yerinə otursun, sənin kimi bir müştəri xapdan çağırır, “ay Laçın kişi!”

            Uufum dərbədər olur yenə, kolum bulanır, qanım it qanınnan betər olur. Olmur e, qada, olmur...

            Qızı da verdim buralıya. Qaldı burda. Oğul-uşaq sahibidi, camışdan-düyədən damazlıq da vermişəm, amma ki dişləri tökülüb cavan yaşında. Suyu su dəyil buranın...

            Niyə elə baxırsan? Bilirəm e, sən bura Bakıdan basa-basa bu suya görə, bu havaya görə gəlmisən bu yayın cırhacırında... Amma gəl, gedək saa Laçında su göstərim, e, su! Saa su deyirəm, qada! Əlini bircə dəqiqə o suda saxlaya bilsən, bu qulaımı sivirərəm!..

            Buranın suyunun soyuqluğuna baxma, nə bəladı, bilmirəm, dişləri tökür, qarını ağrıdır, adamı ajdırmır da. Laçının suyunu iç, bir heyvanı tək ye, dur ayağa...

            Düzdü e, belə baxanda çörəkitirənnik kimi çıxmasın, buranın adamları qonaqpərvərdilər, bizə bu illərdə gözün üstdə qaşın var deməyiblər... Amma bu son davada bir yerli əsgər şəhid olmuşdu, mən də getdim yasa... Şəhidin bacısı məni göstərib qışqıra-qışqıra dedi ki, bax, bunların ujubatınnan bizim cavanlarımız şəhid olur!..

            Ürəyim sındı… Düzdü, şəhid bajısıdı, onu başa düşürəm, amma mənim bir qardaşım, bir xalam oğlu birinci davada şəhid oldular, heç meyidləri də ələ gəlmədi. Hələ də itgin sayılırlar... Oğlum da bu davada iki dəfə yaralanıb, hələ də ordadı, heç neçə aydır üzünü də görmürük... Qardaşımın da oğlu bu davada şəhid oldu, Ağcabədidə, Taxtakörpüdə torpağa verdik...

            Ehhhh... Allah bütün şəhidlərə rəhmət eləsin...

            Nə? Torpaqlar alınıb?! Heee... Qoy elə arsız-arsız gülüm... Nə torpaq, canım?! Mənim torpağım alınmıyıb, alınsa da, məni ora qoymazlar... Yava-yava danışdığımı zənn eliyirsən, eləmi?.. Neynək, qoy sən deyən olsun...

            Tərslikdən, qız da burda qaldı...

 

            Buranın camaatı kömür yandırıb satmaqnan günü axşam, ili də 365 gün eləyirlər. Ayrı sənətləri yoxdu. Əkin-biçin yox kimidi - əkirlər, ya dolu aparır, ya da soyuq-şaxta kəsir, ya da ki, eləcənə bamador qızaranda üstünə qar yağır... Dana-duna da əl vermir. Bax, bu Qaraqaya kəndinin ilimiz onu iki ayının bəzən səkkiz ayı qış olur. Mal içəridə nə yesin bəs? Mənimkilər camışdı, qarı yarır, gedib burcdan-zaddan yeyir. Bunlarınki qalıb allaha...

            Yenə allah kömürə versin...

            Bizim elli İlhamı tanıyırsan yəqin? Kitab dəftər adamına oxşuyırsan, tanımamış olmazsan. İlham Qəhrəmanı deyirəm, bizim şairimizi... Müharibədən ayaqsız qayıdan əsgərə yazdığı şeyirə görə bir gün axşamacan ağlamışam… Gör nə yazıb, zalımı çıxmış…

 

            Dərya, qırağın hanı,

            Gəmi, durağın hanı,

            Ayaqqabını sildim,

            Oğul, ayağın hanı?!

           

            Oqqadənə ağlamışam, gözümə qan gəlmişdi… Yazıx şairin dədəsi öldü, dedilər, torpaq alınıb, icazə alın, aparın yurdda basdırın. Ay-hay. Nə yurd, qada?! Bizim yurdumuz qaldı qurdnan qiyamata!..

            Bizim kəndimiz belə dəhlizə düşüb e, dəhlizə!.. Kimdi onu bizə verən??!

            (Niyə maa heylə baxırsan? Şeyir-şüyür dedim, ona görə?! Hı! Ə kişi, biz saznan, söznən böyümüşük e!.. Laçınnan gələn qara sazım ode ha, divardan asılıdı… Neçə ildi əlimə alayilmirəm… Qalxmır əlim, qada. Laçınsız nə saz?..)

            Bizə Sarı Aşıq dağı çəkilib, e qada... Onun qəbirini dağıtdılar... Bizim kənd-kəsəyi  də Aşığın məzarının gününə saldılar. Görüm, nə təhər deyirdi Aşıq?

            Dərdin məni çəng eylər… çəng eylər balam, çəng eylər… bilirsən dana çəng, nədi boh-boh-boh…

            Həəəə…

            Dərdin məni çəng eylər,

            Vurar başa dəng eylər.

            Ayrılıq adam öldürməz,

            Saraldar bədrəng eylər...

            Bah-bah-bah…

 

            Dədəm lap son zamanlaracan yaşadı. Doxsanı haxlamışdı. Dedi, ölmüyəjəm e, ölmüyəjəm! Gedəjəm Susa, orda öləjəm!..

            Ölmədi ki, Aşıx demişkən, çəng oldu, yumağa döndü, qucağımda çıxardırdım çöl-bayıra. Elə 44 günlük müharibənin şıdırğı vaxt gözünü yumdu. Yumdu deyəndə ki, ha elədim, qapanmadı gözdəri, eləcə, açıq qalmışdı. Burda bir Ömər müəllim var, ağsuludu, burdan qız alıb, qalıb Qaraqayada, müəllimlikdən pensiyaya çıxannan sonra mollalıq eləyir. Gəldi, üstündə Yasin oxudu, sonra gözü qapandı...

            Nənəm də “Sus” deyə-deyə öldü. Arvad ölmüyəjəkdi ki! Hansı qara qanı ağzınnan gəlmiş yanında deyib ki, Sus düşür Laçın koridoruna, orda ancaq ruslar əlisilahlı dayanacaq, bizi ora qoymuyajaxlar. Arvadın bağrı çattadı, qulun kimi kişnəyib öldü...

            Dədəm də, nənəm də qaldılar burda...

            Tərslikdən qız da qaldı burda...

            Bir camışımız var, üç gündü qızıb, vurub bu İsmayıllının meşələrinə, kəl axtarır, tapmır, ona görə evə də gəlmir... Əslində, özümüzün kəlimiz vardı, aşağı kəndlərdən bir qızmış camışa qoşulub getdi, qayıtmadı. Axtardım, tapa bilmədim... “Filankəsin kəli qaçıb” burda deyiblər...

            Kəlimiz qaçıb, qada...

            Hə, niyə gəlmişdin? Camış qatığına? Qurbandı saa, indi arvada deyərəm, verər bir balon... Səni allah, pul lazım deyil, vallah ürəkdən deyirəm, sən də bizim dağlardansan, əmioğlu sayılırıx...

            Ay, qız, ordan bir balon qatıq gətir...

            Əmioğlu, tay mən o tərəflərə gedəsi olmadım, sən gedəssən, bilirəm, yolun Sus tərəflərə düşsə, denən ki, burda bir qərib var, bədrəng olub, qalıb İsmayıllının meşələrində Sus deyə-deyə...

 

                                                                                                                          24.07.2021.

 

                                                           ***

 

            -Əlo, əlo! Hə mənəm Laçındı. Hansı Laçın?! Bıy ə, saa quzu kəsim, nə tez yaddan çıxartdın?! Laçınnı Laçın!.. Nə?! Nə dolamağı, ay qada?! Ə, belə sən yayda “maa qatıq ver” deyən əmoğlu dəyimisən?! Bıy hə dana! İlham Qəhrəm... Sarı Aşığ... Hə, hə, hə!.. Ay əmoğlu, eşitdim, bizimkilər koridora giriflər, həmə?!. Hə? Hə deyən dilinə qurban olum!.. Əmoğlu, bəs görəsən Susa da giriflərmi?.. Nə danışırsan?! Allah ağzınnan eşitsin!.. Bizim gədə də ordadı, zəng eliyirəm, it südü əmən deyir, dövlət sirridi, telefonda danışayılmərəm... Day nə sirr, ə?! Almışıx, qan tökmüşük! Koridor da bizimdi, dəhliz də... Nə? Qatıq?! Ə, əmoğlu, qatıq saa qurbandı!.. Sən koridordan danış, koridordan! Susdan! İlham Qəh... Sarı Aşıx... Ay sənin qadanı alım! Özüm ölüm saa bir balon zoğal arağı verəjəm!.. Di sağ ol. İlhama mənnən salam söylə... Gedim, hazırrıx görüm, qəfil prezdent “köç” deyər, onda neyniyərəm?!

 

            ...MÜƏLLİF:

            Laçının səsi kəsilən kimi telefonumda bir az xışıltı eşidilir, göyə baxıram, şimşək çaxır, ardıncan telefonumdamı, ya baxdığım göydəmi bir göy guruldayır, bir zıppıltı-şaqqıltı qopur, selləmə ağ yağış, dalıncan dolu ələnir başıma; qaçıb girirəm avtobus dayanacağının altına. Dolu dayanacağın üstünə elə tökülür ki, elə bil cəviz çırpıllar.

            Yenə ildırım çaxır, yenə göy şaqqıldayır.  Yadıma “İldırımlı yollarla” düşür... Bu zıppıltıda ağlımdan keçənə bax: “Bu da Laçın dəhlizi”! Ada bax, gör nə əzəmətli səslənir:”Laçın dəhlizi” oratoriyası... Yazanı Azəbaycan əsgəri...

                                                                                                                        24.09.2021.

             

Yorumlar

  1. Yorumsuz-filansız bir yazıdır. Yorumu da özünnəndir, yozumu da. Otuz il ayrılıq dərdi çək - saralıb bədrəng ol, innən belə də koridor ağrısı dolsun ürəyinə, canına. "Talesiz bölgədir Laçın" - yazmışdım. Allah qapısını açsın.Amin.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə