AZAD QARADƏRƏLİ QARA SEVDA Məmməd Ellinin 80 yaşına

 

 

AZAD QARADƏRƏLİ

 

QARA SEVDA

 

 

                                               Məmməd Ellinin 80 yaşına

 

 


                                                                                                                                                                    

          Təyinatını Saatlıya verirlər. Orada işləyə-işləyə aspiranturaya qəbul olunur. Şeirləri və məqalələri mətbuat səhifələrində çap oluna-oluna həm işləyir, həm də qiyabi surətdə aspirantura təhsilini davam etdirir. Hətta götürdüyü elmi işinin xeyli hissəsini yazıb bitirir.(Nə qədər təkid etsəm də, o, bu ağrılı mövzudan danışmaq istəmir. “Hansı mövzunu işləyirdin?” sualıma cavab verməkdən yayınır. Bir onu bildirir ki, gənc və güclü vaxtım idi, dissertasiya yazmaq mənimçün adi bir iş idi deyir.)

         Nəhayət, aspiranturanı bitirir və indi görəcəyi işləri müəyyənləşdirmək üçün akedemik Həmid Araslının yanına gəlir. İstəyir bilsin ki, indən belə nə etməlidir, elmi işini bitirdikdən sonar opponenti kim olacaq, ruscaya tərcümə hansı yolla aparılacaq və sair.

        Akedemik onun üzünə təəccüblə baxıb soruşur ki, sən kimsən, nə istəyirsən?

        Deyir, mən elə bildim ki, kişi mənimlə zarafat edir. Gülüb dedim ki, professor, mən sizin aspirantınız idim, indi bitirmişəm, gəldim ki…

       “Sən nə danışırsan, oğul? Sən adda bizim aspirantımız olmayıb axı? Ağlını başına topla.”

And içir, aman edir, qışqırır, bağırır, yalvarır hətta. Amma akademikin ürəyi yumşalmır ki, yumşalmır. Onu kabinetindən qovur və adamın ağlı başından doğrudan da çıxmasın, neyləsin?!

Ruhi xəstəxanada da yatır, zirzəmilərdə uzun illər od qiymətinə kirayənişin də olur, arada bir qələmini götürüb yazır da. 95-96-cı illərdə bir şüşə dağ su, para çörəklə günü axşam edir. Gecələr isə tək otaqda divarlar üstünə gəlir. Və bir gün radioda ona uşaq nağılları yazmaq sifarişi verir dostları. Ordan yaxşı qonarar alıb özünü düzəldir. Həmin nağılları sonradan kitab kimi çap edən dostlar da tapılır. Və Məmməd Ellinin ömrünün yeni naxışları cızılır. Dalbadal kitabları çap olunur. Dostlar yşğışıb 60-nı, 65-ni qeyd edirlər. O kasıbyana məclisdə özü özünə masabəyilik və manıslıq edir. Yox, zarafat etmirəm, Məmmədin gözəl səsi var. Özü də bilirsiniz nə oxuyur? “Sevgili canan”, “Sənsiz”, “Ölkəm”…İndi 70-i tamam olur. Yenə bizi başına yığdı. Sonra oxudu, oxudu… Kaş biləydiniz necə oxudu! Ey, bilməyənlər, Məmmədin 70 yaşı tamam oldu! Bu həm də ədalətsizliyin yaşıdı, dərdin yaşıdı, şeirin yaşıdı...         

 

                                                                                                                                          A.Q

 

            Yuxarıdakı sətirləri düz on il əvvəl yenicə çap etdirməyə başladığım “Yazı”nın birinci sayında yazmışam. O illərdən dəyişən odur ki, indi Məmmədin 80 yaşı tamam olur. Dərgini gənclərə vermişəm. Bəzi dostlarımız vəfat edib. Biz isə Məmmədlə yalnız korona virus ucubatından görüşə bilmirik. Ad günün, 80 yaşın qutlu olsun, şair! Hər şeyin acığına çox yaşa!..

 

            S.A. (Söz Ardı.)

            Hə, bir şey də var. Qarabağ, Zəngilan azad edilib qəhrəman ordumuzun sayəsində! Mən Zəngilana köçməyə hazırlaşıram. Məmməd deyir ki, məni Qafana qoymazlar, Qaradərədə mənə bir daxma tik, orada sənin yanında qalım...

 

MƏMMƏD ELLİ

                       

ŞEİRLƏR

Yola çıxsam səhər-səhər,

Sən çıx mənim yolum üstə.

Dilindəki xoş kəlmələr,

Gəlsin “qurban olum” istə

 

Qan ağlayır dağım-daşım,

Bu da mənim cavan yaşım,

Yüz min bəla çəkdi başım,

Düz danışan dilim üstə.

 

Gün qayğılı, ömür yarı,

Ay dolanır orğun-orğun.

Deyən yenə gəlmir yuxun,

Qoy başını qolum üstə.

 

***

 

Həsrət bir dənizdir, dərindən-dərin,

Məhəbbət dərini dayaz eyləyər.

Sənin ətir saçan qara tellərin,

Mənim göz yaşımı Araz eyləyir.                                      

 

 Gözəldir məclisə yarın gəlişi,

 Nazəndə gəlişi, narın gəlişi,

 Kamanın üstündən tarın gəlişi,

 Bu tutqun könlümü ayaz eyləyər.

 

 Xəyalım göylərin uca qatında,

Gülmədim ömrümün yaşıl vaxtında,

Mehriban sevgilim könül taxtında

Əyləşib yenə də min naz eyləyir.

 

 

                             

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə