AZAD QARADƏRƏLİ ALPAN KÖMÜRÇÜLƏRİ Hekayə
AZAD QARADƏRƏLİ
ALPAN KÖMÜRÇÜLƏRİ
Hekayə
Məhsəti
üçün
İnsan
doğulduğu yerə oxşayar.
Biz
buraların adamıyıq. Buralar bizim yerimizdir.
Bax,
suca ilan kimi uzanan asfalt yoldan bu dağların şüşünəcən bizim Qaraqaya kəndinin
ərazisidir. Dağların sinəsində, meşələrin qoynunda, ayıların, canavarların çəngində,
kömürçülərin çiynində dayanan kənd. Babadağın sıldırımlarından tökülən qaya
parçaları yollarımızı pis günə qoysa da, sel suları, dolu, qar əkinimizi,
mal-davarımızı tələf etsə də, üzümüzə salıb bu dağlarda yaşamışıq min illərdir...
Adı kimi günümüzü də qaraldıb buralar. Yayda kəndimizə Bakıdan dincəlməyə gələnnər
elə bilirlər ki, biz burda kefdəyik. Day demirlər ki, elə il görmüşük – getsin,
gəlməsin - səkkiz ay qış olub...
Bax,
and olsun o sumax ağacına, birin o yan bu yan demirəm, burda duruş gətirənin gərək
dörd böyrəyi, iki ürəyi ola...
(Qoy
bunu qoyum, onu deyim, demək bir il belimdən bərk sancı tutdu, deyəsən bizim
oğlan nəvəmiz Temir olan iliydi, indi altıda oxuyur, yəni ki, on-on iki il irəliydi,
hə, belimdən bərk ağrı tutur, damı-divarı gəmirirəm. Aşağıda Kavdarda bir
felşir var, onu atnan gətidilər üstümə, baxdı, dedi, böyrəyindi. Təcili rayon mərkəzinə
getməlisən, yoxsa pristup səni çatdadacax... Bir göy dərman verdi, atdım, ağrı
xırp kəsdi. Dedim, əəə, ay doxdur, kəsdi axı, sağ ol, gedən dəyiləm heç yerə...
A kişi, elə felşir gedənnən beş-altı saat keçmişdi, ağrı genə tutdu. O sumağın
bərəkətinə and olsun - niyə heyə baxırsan, bizim camaatın bir qazanc yeri də o
sumaxdı, yığırlar, üyüdürlər, aparıb şəhər-bazarda satırlar, gün çörəyi pulu
qazanırlar; intahası ki, allah pisin qapısın açmasın heç, buna da xəlallıq qatıllar
təzəlihcən, süpürgənin toxumu yoxdu, o da sumax kimi qırmızıdı axı, onu üyüdüb
qatıllar sumağa, adımızı bednam eliyirlər, ay tövbə biz süpürgə toxumu nədi,
heç süpürgənin özünü tanımırıx – dedim, tay bu məni öldürəcək e!.. Xüləs ki,
mindirdilər məni ata, düz rayona bir baş!..
Orda
doxdur məni saldı aparata, baxdı, baxdı, qışqırdı ki, ay dad, ay feryad, bəs bu
kişinin dörd böyrəyi var!..
Dedim,
ə, ə, ay doxdur, nolub ə, noolsun?! Mənim babama Dördböyrək Temir deyirdilər.
Burda nə var ki!?.
Xüləs,
o doxduru heş gözüm tutmadı, amma o vaxt manga* dedi ki, sənin dörd böyrəyin var.
Ha-ha-haaaa! Guyam ki, böyük şey olub...)
Dədəm
deyərdi ki, bizə alpanlar deyərmişlər. Alban yox ha! Onu alimlər uydurublar.
Alpanıq biz!
Qolumuzu
qanıran, atımızı altımızdan çəkib minən,
suyumuzu kəsən, tikəmizə əl uzadan cavabını alıb. Bax, o sıldırım qayalar məzarlığı
olub. Burda qonağa hörmət var. Amma qonaq da gərək həddini bilə. Bizim içimizə
girib, içimizi qarışdıranın... Ağzıma ağır söyüş gəlmişdi, qaytardım gücnən...
Qaqa,
biz dədə-babadan kömürçüyük.
Bir
dəfə biri gəlib kəndə, məni tutdu sorğu-suala:
-Bu
kəndin adı nədir?
-Alpandı,
- dedim.
-Alban?
-Yox
e, Alpan...
-Bəs
aşağıda lövhədə Qaraqaya yazıblar axı?..
-Onu
da Sovet höküməti uydurub. Biz alpanıx...
-Müsəlmansınız?
-Hə,
qada... Niyə soruşursan ki?
-Mən
alban eşitmişdim... Alpan heç eşitmədim. Bir də albanlar xristian olur axı?
Dedim:
-Qada,
albanı da alimlər uydurub... Özü də alimin arvadınnan!.. Biri vardı, illər əvvəl
buralaracan gəlib cıxmışdı sənin kimi, bizim dili bilmir, yanı ki, türükcəmizdə
danışayilmir, deyir, mən alban dilini bilirəm, sizin də diliniz albancadır.
Dedim, aaz, sən hələ öz dilini öyrən, qalsın albanca!.. Ayağın dirəyib ki, bəs,
siz alpan deyil, albansınız. Dedim, niyə, sən bizi bizdən yaxşımı tanıyırsan?!
Min illərdir bizim dədələrimiz buralarda kömür basması basır, Girdmanın
qırağınnan şirə çıxardıb evlərini ağardır, av avlıyır, quş quşduyur, kəndinə
Alpan, çayına Girdman adı qoyur ki, sənin kimi soysuzun biri gəlib desin ki,
siz alpan yox, albansınız?.. Bax, bax, dedim, o dağın başınnan tökülən suya
bax! Biz ona şır-şır derik, siz kitapda şəlalə yazırsınız... Bax, bizim sular
dağların dibinnən yox, başınnan tökülür... Elə bil ki, təbiət özünü yuyur, qüsl
qoyur... Bizdə hər şey pakdı, təmizdi, safdı... Allah xatirinə, get
elmini-helmini ayrı yerdə axtar... Bizim babalar, bax, o dağlarda, kilsə də
tikiblər xristiyan oalnada... Sohra müsəlman olublar, heç o kilsiyə əl də
vurmuyublar, buralarda məçit tikiplər... Sən heç görmüsən ki, bir kənddə həm məçid
ola, həm kilsə?! Görməzsən... Nəşün görməzsən? Day mını özün bilərsən... Allah
xatirinə, get, aşığınqı o yanda at...
Genə
ağzıma bir nataraz söyüş gəlmişdi, tulamazdı atdım dalıncan:
“Sənin betərini ................................”
Arvad
elə o gedən getdi.
Gülüb
üzr istədim söyüşə görə. Adam hal əhliydi, dedi, əşşi dərd eləmə, söyüşdü də,
söymüsən, yaxşı eləmisən, de görüm bu kömürü nə təhər basırsınız?
Qonağı
apardım özümün kömür basma yerimə. Bir-iki gün olardı hazırlaşırdım basma
basam, amma hələ başlamamışdım. Dedim, qada, bax, işin üstünə gəlib çıxmısan. Bu
kömürçülük ki, var, ağır sənətdi. Birincisi, pinti işdi. Əlin-ayağın, üzün-gözün
qapqara hisin-pasın içində olur. Yaxşı ki, təzəlikcən bu maye sabunu-zadı
çıxartdılar, yoxsa əllərimiz elə ömrümüz kimi, bax bu kömürün rəngində
olardı... Hə, ikincisi, kömür yandırmaq təhlükəli işdi. Meşəbəyisi,
milisi-polisi gəldi, gərək beş-üş verib işin içinnən çıxasan, yoxsa bütün
qırılan meşələri sənin ayağına yazarlar, gurulu-guppaz gedərsən... Üçüncüsü də,
axşam, səhər, gərək dəhrə-balta əlinnən düşməyə. Yaş meşə odununnan -
palıdınnan, ulasınnan, yəni vələsinnən, yaş-yaş doğrayıb gətirəsən, tökəsən
kömür yerinə. Quru qəti olmaz, o sahat alışar... Sohra bax, qırdığın odunnarı əl
boyda qıxma-qıxma doğruyasan, üçbucaq kimi üst-üstə yığasan, hər yığdıqcan da
altına bir parça benzinli əsgi qoyasan. Xüləsey ki, ortadan, bax bu üçbucağın
ortasınnan da uzun bir payaya iri bir əski paçasını bağlayıb, benzinləyib taxırsan
dibəcən. Odunlar üst-üstə qalanannan sonra, kömürün tozuynan torpağı qarışdırıb
üstünü basırırsan; bir şərtnən ki, çərhalqa benzinli əski parçalarının olduğu
yerin üstünü açıq qoyursan, tüstü rahat çıxa bilsin. Sonra ortadakı payanı çəkirsən,
əski qalır aşağıda, paya çıxır, o benzinli əskiyə od vurursan... O biri əsgilər
də alışır, amma torpaqla kömür tozu qoymur ki, yanıb kül olsun. Bir həftiyə, on
günə kömür tüstülənir, zini-zini yanır, odun kömürə dönür... Sohra üstünü
açırsan, soyuyur. Kisələrə yığıb verirsən alverçilərə... Onlar da gətirib Bakıda-Şəkidə
sizlərə satır, bizim qara kömürümz sizin həyatınızı ağardır... Şirə evlərimizin
divarlarını ağardan kimi...
Dedi,
başağrısı olmasın, sən canın, bu şirə dediyin nədi?
Dedim,
şirə əhəngə oxşayan göyümtül gil kimi şeydir, Girdmançayın yaxasında yeri var,
ordan çıxardarıq, gətirib suya qatar, evlərin divarına çəkərik, olar ağappaq...
Bunnan əzəl heç evlərə pol vurmazdıq, eləcənə torpağın üstünnən şirə çəkərdik,
qışda isti, yayda sərin olardı...
Qonağnan
endik aşağıya, Ləyiş* yolunun qırağına. Burda bir dəm-dəsgahdı, bir bazardı, gəl
görəsən. Qadam, bu yol bizim adamı eləyib alverçi. Alverçinin də ki, imanı-dini
olmaz. İş sahibləri işini-gücünü buraxıb tökülüb bu yolun üstünə, bazar açıb. Stol
qurub, gəlib-gedənə sahadıynan yeri satırlar. İki sahadı iyirmi manat. Bir
qutab - bir manat, bir fəsəli - üç manat, bir istəkan eyran* - əlli qəpik...
Vallah, mən bu dəmdəsgahı görəndə utandığımnan yerə girirəm. Bizim adamı bu yol
sırtıxlaşdırdı.
Qonaq soruşur:
-Alpan
qardaş, bax, bir az aşağıda bir kənd gördüm, hapıtdı, elə hapıtcan da
danışırlar. Ləyişlər də tatdılar, tatcan danışırlar. Bəs siz nə millətsiniz?
-Biz...
Qulağıngı bəri elə... biz, türüyüy, - dedim. –Babam deyərdi, biz türüyüy. Dilimiz
də türükcədi...
-Yəni
türk?
-Hə,
kitab dilində heylədi...
-Deyirlər
axı, albanlar türk olmayıb...
-Ə
kişi, sən nə təhər adamsan? Mən sənə deyirəm, mən alpanam, türüyəm, sən deyirsən
alpannar türük olmayıb?..
-Yəni
sonradan türkləşiblər...
-Bəs
onda hapıt niyə türküləşməyib, bəs tat niyə türükləşməyib, bəs Xınalıx
camahatı, bəs saxur, bəs bir az yuxarıdakı Qalacıqdakı ləzgilər niyə türükləşməyib?
Heç gör dəxli var, səni allah?! Genə mənim bəd ağzımı açdıracaxlar e?!
Hirsimnən
az qalıram qonağa ağır söz deyəm, incəvara özümü saxladım bitrəhər
Adam
hal əhli idi – dinməzcə yönəldi yolun altına. Sac qoyub qutab bişirən qızlardan
iki qutab, iki də eyran aldı, stəkanın, eləcə də qutabın birin mənə uzatdı.
Götümək istəmədim, ərklə məcbur elədi. Aldım. Kölgəyə çəkilib bir qısmat qutab
yedik, eyran içdik. Adam sözlü-sözlü üzümə baxdı, bir qurtum eyran içib dedi:
-Bayaq niyə qulağıma dedin türk olmağını?
Saqqalım
aşağı axan ayranı qolumnan sildim:
-Babamın
pasportunda türük yazılmışdı. Dədəminkində azərbaycanlı... Babam deyir, bir erməni
polnomoççu vardı, manga qayıtdı ki, “ara, millətin nədir?” Dedim, türüyəm.
Dedi, bunu salın qazamata.
Düz altı ay türük sözünə görə qazamayda yatdım.
Orda manga başa saldılar ki, bir də soruşsalar, denən azərbaycanlı... Heyləcənə,
türük sözünə görə altı ay yatmışam... O irəli, bizim uşaq, yəni ki, oğlumun
oğlu gedib pasportstola, deyib ki, mən pasportumda millətimi türük yazdırmaq
istəyirəm, deyiblər olmaz, azərbaycanlısan, vəssalam... Yaxş ki, altı ay verməyiblər...
Bax, o dağları görürsən, bizim kənd, əslində ordadı, ode ha, lap o dağın qəcəlində,
qıyında... Ora nə yol vardı, nə iriz vardı... Nə işıq çəkmişdilər, nə radio
vardı, nə qazet-zad... Alpanıx dana...
Adamla
sağollaşanda evimə dəvət elədim, dedi sağ ol, gələcəm inşallah.
Sohra
yolun altınnan bir istəkan eyran, genə iki qutab altı. Manga da əl eliyib mindi
maşınına.
Adam
manga çox şirin gəldi. Bıralara çox adam gəlib, amma beləsi gəlməyib. Bəlkə bu
da alpanıydı? Ya türüyüydü? Nə bilim? Xüləsey ki, çox yapışdı manga...
15.08.2021.
-------------------------------------------------------------------------------------------------------------------------
*Manga – Mənə sözünün vaxtilə dilimizdə
sağır nunla (ng) deyiliş forması. Bəzi dialektlərdə bu söz maa şəklində işlənir.
*Ləyiş – Lahıc qəsəbəsinə və lahiclara
Şirvanda və yerli xalqın qədim ləhcəsində verilən ad. Yerli bakılılar da Lahıc
bağları əvəzinə Ləyiş bağları deyirlər.
*Eyran – ayrana yerli ləhcədə belə
deyirlər. Maraqlıdır ki, Azərbaycanın Güneyində, xüsusilə Təbrizdə də eyran
deyilir.
Yorumlar
Yorum Gönder