AZAD QARADƏRƏLİ ƏSGƏR ÇƏKMƏLƏRİ Hekayə

                       AZAD QARADƏRƏLİ 

                     

                           ƏSGƏR ÇƏKMƏLƏRİ

 

                                   Hekayə

 

 

 

           

                                                 Nəvəm Əliyə, ana dili ilə bərabər, ingiliscəni də öyrənən bütün  uşaqlara

 

                                                                                              ***

 

                                                                                           Amerikada yaşayan Vətən Müharibəsi qazisi   

                                                                                         Hüseyn Məmmədov müharibə bitəndən sonra

                                                                                         Amerikaya  geri dönərkən döyüş zamanı geydiyi

                                                                                         əsgər çəkmələrini də özü ilə aparıb. 

                                                                                      

                                                                                                                          İnternet xəbərlərindən

 

 


 

 

 

            -What smell it is! Do you carry dried fish?*

            Kobud ingiliscədə verilən sual onu diksindirdi. Xalası çox yapışmışdı ki, qoy çəkmələri yuyum, sabunlayım, qurudum, sonra yük çamadanına yerləşdirib apararsan. O isə razı olmamışdı.

            “Yox, xala... Əl dəymə... Bu mənə elə belə yaxşıdı... Büküb, yol çantama qoyacam...”

            Bu cümlədə nələr yox idi? Amma xalası kimi ürəyiyuxa bir qadının onun sözlərindən ağlayacağını bildiyindən eləcənə, üstüörtülü cavab vermişdi...

            İndi bude ha, burda öz millətindən olan birisi onun çəkmələrinin qoxusunu quru balıq qoxusuna bənzədir... (Bir az əvvəl yanındakı qızı öz dillərində azarlamışdı:“Azzar! Bəsdi də! Atana deyəcəm, kəssin dilini!..” Gənc bir xanımın öz doğma qızını belə acılaması xoşuna getməsə də, öz dilində səs eşitdiyinə görə umudlanmış, qabaq cərgədə oturan xanımla qızına diqqətlə baxmışdı.)

            -Bilirsiniz?.. –Azərbaycan türkcəsində səs eşidən xanım diksindi. Səhərdən bir yerdə durmayan qızcığazla didişdiyindən oğlana əməlli-başlı fikir verməmişdi. (“Bu ki bizlərdənmiş! Ayıb oldu... Quru balıq-zad... Bu qız məni dəli eləyəcək də...”)

            -Siz allah bağışlayın... Bu uşaq məni lap dəli eləyib... Qardaşımın qızıdır. Bakıya gəlmişdilər gəzməyə. Tərslikdən müharibə başladı...

            Oğlan da bu köktəhər xanımı gəlin bilmişdi – qızı onun uşağı sanmışdı – indi diqqətlə baxdı və gördü ki, azca köklüyü onu belə qadına bənzədib, əslində gənc qızmış...

            -Həəəə... Müharibə... – Oğlan ləzzətlə dedi. Və onun “müharibə” sözünü belə ləzzətlə işlətməsi qıza qəribə gəldi və nədənsə birdən-birə ona qanı qaynadı. Tərslikdən təyyarəyə minik çoxalmışdı və gəlib-gedənlər onların söhbətinə mane olurdu. Amma oğlanın yanı hələlik boş idi deyə, rahatca qıza tərəf əyilib nələrsə deyə bilirdi.

            -Hə, hə! Müharibə!..-Bu dəfə qız da ləzzətlə söylədi bu sözü. Sanki oğlanın o mübhəm sözünün nə anlama gəldiyini anladığını deyirdi.

            -Nə yaxşı Amerikaya uçursunuz? –Bu dəfə oğlan ərklə soruşdu. Qız hiss elədi ki, bu oğlanı allah özü göndərib ki, qardaşı qızının əlindən alsın onu.

            (Yeddi-səkkiz yaşlarında qızcığaz əlindəki telefonla oynayır, hərdən də bibisinin gah saçını dartır, gah əyninə qısıqıvraq oturmuş boz kostyumunun yaxasındakı qızılı  sancaqlı firuzəyi daşı dartışdırır, gah da qıza yad olan hansısa mahnını zümzümə edirdi. Bir sözlə, “su durur, bu durmur” deyimi sanki bu qızçün yaranmışdı.)

            -Alisa... əslində Alsudur, orda Masseçusuda ona belə deyirlər, məktəbə getməlidir... anası bir-iki vacib sənədə görə Bakıda qaldı hələlik... Bu da ki, oddu də, od... İngiliscə dil açsa da, bizim dildə də toqquşdurur... Hə... indi... ona görə mən bunu aparmalı oldum... Həm də dedim, bir Amerikanı görüm də mən də... – Qız şirin bir tərzdə güldü. Oğlanın ürəyinə yatan bu gülüş onu qıza tərəf daha da itələdi sanki.

            -Bəs siz? Siz nə yaxşı ora gedirsiniz?.. – Qız verdiyi sualdan utanan kimi oldu. İndicə tanıdığı adama birdən-birə belə sual vermək “bir az birtəhər çıxmazmı” düşüncəsi ilə pörtüb qızardı hətta. Oğlan bunu hiss etsə də, belə ciddi geyimli, hiylə-riya görməyən üzü, nazik, amma adamı çəkən dodaqları, eşidəni qarsan səsi olan qıza daha yaxın hiss etdi özünü.

            -Bilirsiz... Mən iyirmi ildir Amerikada yaşayıram... Ailəmlə... İndianada...

            Qız diqqətlə oğlana baxdı və qorxan təhər oldu. “Amerkada yaşayırmış! Allah bilir min cür şey görüb... Amma qəribədir, ləhcəsi heç dəyişməyib... Səhərdən bircə ingiliscə söz də işlətməyib... Yaxşısı budur, bununla söhbəti burdaca bağlayaq... Nə bilim haranın nəyidir?.. Bayaqdan ağzımı allah yoluna qoymuşam mən də...”

            -Müharibə başlayanda anama dedim, İstanbula uçuram. Orada dostlarımla görüşəcəyəm... Hələ zarafatla dedim ki, bir türk qızı var, onunla feysbukda yazışırıq... Onunla da görüşəcəyəm... Sözümüz tutsa, onu da alıb sənə gəlin gətirəcəyəm... Ha-ha-ha!.. Anadır da, o sahat inandı, dedi, gəlinimi mütləq gətir... Ha-ha-ha...

            Qızın əti ürpəşdi. Oğlanın belə açıq-saçıq daçışması onu lap əsəbləşdirdi. Hələ müharibə başlayanda İstanbula kefə getməsi!..

            Alisa-Alsu telefonu əlindən yerə saldı. Bibisinin indicə qışqıracağından ehtiyatlanıb i am sorry** dedi və əyilib telefonu götürdü. Amma qız Alsunun telefonu salmasını, sonra nəsə söyləyib götürməsini duymadı sanki.

            Oğlansa bayaqkı nəşəylə danışmağındaydı.

            -Amma İstanbula deyil, Bakıya gəldim... Ordan da birbaşa çağırış məntəqəsinə və sonra cəbhəyə... Sol qolumdan aldığım güllə yarası hələ də sağalmayıb... Bu qolumu yaxşı işlədə bilmirəm...

            Oğlan sağ əlini yanında sallalı qalmış sol qolunun üstünə elə qoydu ki, elə bil öz qolunun deyil, sevgilisinin qolunun üstünə qoyurdu – ehtiyatla, ehmalca, sevgiylə və bir az da ağrıdacağından qorxarcasına...

            Qız yalnız indi baxıb gördü ki, oğlanın sol qolu qorxaq uşaq kimi yanına qısılıb. Sağ əlini danışanda tərpətsə də, o birisi göyümtül bambazı köynəyin sol qolunun içində sallalalı qalmışdı .

             Utandığından bilmədi nə etsin. Bu gözəl qəlbli, vətənpərvər insan haqqında iki dəqiqə əvvəl düşündüklərindən elə utandı ki, üzü od tutub yanmağa başladı. Tərslikdən təyyarənin də ayağının yerdən üzülüb göyə qalxması, bu zaman yüngül təkan və titrəyiş də qızın həsb-halı ilə eyni vaxta düşdü.

            Araya dərin bir sükut çökdü. Alsunun arabir şıltaqlıqları, müxtəlif dillərdə eşidilən səslər, gəmi kapitanının sərnişinlərə müraciəti, stüardessaların yemək və içki dolu arabaları ora-bura dartmaları da onların arasına çökmüş səssizliyə əngəl ola bilmədi. Nəhayət, qız nəsə deməli olduğunu düşünüb, bayaqdan dilinin altında gizlədiyi sualı verəsi oldu:

            -Harda yaralandınız? – titrək səslə deyə bildi və başını aşağı saldı. Oğlan stüardessanın bir qədər əvvəl  “xahiş olunur kəmərlərinizi bağlayın” xəbərdarlığından sonra nə qədər çalışsa da, tək əli ilə kəmərini bağlaya bilməmişdi. Bəlkə də bağlayardı, ancaq indi onu basmış həyəcan buna mane olurdu. (“Döyüş vaxtı heç belə həyəcanlanmamışdım... Mənə nə oldu?!”)

            Qız yalnız indi sezdi ki, oğlan bayaqdan bəri  kəmərini bağlamaqda çətinlik çəkir. Əlini uzadıb ona kömək etməkdən özünü zorla saxladı. Hətta əli oğlanın sinəsinə tərəf uzalı qaldı da... (“Tərslikdən kəmər də elə yerdədir ki...”) Bu zaman gözucu oğlanın üzünə baxdı. Bu gözlərdə etibar və inam gördü. Yad ölkədə yaşadığı 20 il ona qəti toxunmamışdı.

            (“Qız bayaqdan söz soruşub, cavab da verməmisən... Ayıb olsun! Sən necə döyüşçüsən?!”)

            -Hadrutda... –Nəhayət, kəməri uzun çalıq-balıqdan sonra bağlaya bilmişdi. - Orada ilk dəfə yüngül yaralandım, iki gün hospitalda qalsam da, tezliklə cəbhəyə döndüm... Amma qolumdan yaranı Şuşada almışam... Müharibənin bitməsinə bircə gün  qalmış...

            -Bəs... Qarabağdan... Azərbaycandan ananıza nə aparırsınız? – Qız bu sualının da yersiz olacağından ehtiyat etdiyindən çəkinə-çəkinə dedi.

            Oğlan bir an gərildi. Bayaqkı şuxluğundan əsər-əlamət qalmadı. Təyyarənin kiçicik pəncərəsindən ağappaq buludları süzdü və kədərli halda dedi:

            -Şuşadan torpaq götürdüm bir az, anamın bir tərəfi oralıdır axı... Bir də... Bir də özümlə əsgər çəkmələrimi götürmüşəm... Bütün Qarabağı 44 gün mənimlə dolaşan çəkmələrimi...

            Qız diksindi. İçinə elə bil təyyarənin balaca pəncərəsindən görünən o ağ buludlar dolmağa başladı. Şişdi ürəyi. Nəfəs almağı çətinləşdi. Elə bil içinə dolan o pənbə buludlar şar kimi üfləndi və oturduğu yerdən yuxarı qalxdığını hiss edib, oturacağın sağ-solundakı tutacaqdan yapışdı. Və tez-tez nəfəs almağa başladı.

            Oğlan bir an gözünü buludlardan çəkdi, qıza tərəf baxdı və onun nə halda olduğunu anlayıb, tez qıza sarı əyildi, əlini onun əlinin üstünə qoyub asta-asta dedi:

            -Sakit... Sakit olun... Biz ilk gün döyüşə girəndə belə olmuşduq... Bir an sonra keçib gedəcək... Yüksəklik qorxusu var sizdə yəqin... Yüksəklik... Nəfəs alın. Nəfəs alın...

            Alisa da gözləri böyümüş halda bibisinə baxırdı.

            Az sonra qız özünə gəldi. Oğlan yalnız indi hiss etdi ki, bayaqdan qızın əllərini bərk-bərk tutub, özü də iki əllə – necə olmuşdusa, yanında qalaraq bir işə yaramayan zədəli əli də o biri əlinə köməyə gəlmişdi... Tezcənə sağ əlini, sonra isə ağrısını unutduğu sol əlini bir az çətinliklə geri çəkib, gülümsündü.

            -Bayaqdan danışırıq, tanış da olmadıq... Mənim adım...

            Alisa bic-bic güldü, çətinliklə sözləri tapa-tapa dedi:

            -Onu adi Şuşadi... Sənin dğyüşən Şuşan...

            Oğlanın sözü ağzında qaldı. Əlini uzadıb Alisanın başını tumarladı və dedi:

            -Biz Şuşa üçün canımızdan keçməyə hazır idik!..

            Üçü də gülümsündü. Alisa isə qəfil elə söz dedi ki, onların gülüşləri sifətlərində dondu.

             -What smell it is! Do you carry dried fish?

            Şuşa gözünü oğlandan qaçırdı. Oğlanın isə sataşmaq üçün əlinə bəhanə keçdi.

            -Hə, Alsu, düzdür, quru balıq qoxusu mənim çamadanımdan gəlir... Əsgər çəkmələrimi özümlə Amerikaya aparıram axı... Müharibənin yadigarı kimi...

            Bir anlıq üçü də susdular. Amma Alisa dözmədi, pıqqıldayıb güldü. Sonra oğlanın gülmək tutdu. Nəhayət, Şuşa da çar-naçar güldü və elə gülüşdülər ki, təyyarədəkilər dönüb təəccüblə onlara baxdılar...

 

 

-----------------------------------------------------------------------------------------------------------------------------

 

*Bu nə qoxudur?! Quru balıq aparırsınız? (İngiliscə)

**İ am sorry – üzgünəm. (İngiliscə)

 

 

                                                                                                                                                                          08.01.2022

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə