AZAD QARADƏRƏLİ “RÜBƏND” ARXASINDAKI İSMİ-PÜNHAN

 

                          

                      AZAD QARADƏRƏLİ

             “RÜBƏND” ARXASINDAKI İSMİ-PÜNHAN,

         yaxud Şəhla Nihanın nihan mətnləri haqqında yazmaq istədiklərim

 

 

            Mənim bir yazar, yaxud onun mətnləri haqqında yazmağım üçün bir motivasiya lazım: ya gərək adamı uzun illərcə tanıyım, yazı-pozusu gözümün önündə olsun, ya da gərək o, heç bilmədiyim biri olsun, zira bir kəlməsi, bir cümləsi, bir mətni, yaxud bir kitabı yolumu onun üstünə gətirsin...





            Gördüyünüz kimi belə yazı tərzinin ikisi də çətindir. Gözünün önündəki su kimi aydın birinin sözlərindən yazmaq elə suyun özündən yazmaq qədər müşküldür. Heç tanımadığın birinin sözünü ağzına almaq da elə...

            O mahnıda necə deyilirdi?

            “İsmi Pünhan niyə...”

            ......................................

            Alatoran yayın evində görmüşdüm Şəhla xanımı. Kitabını mənə bağışlayanda üstündəki Şəhla Nihan adını görüb diksinmişdim. Qardaşım, hər adamın ağzına alacağı ad deyildi bu Nihan! Ortada qos-qoca İsmi Pünhan varkən...

            .............................

            Nə isə. Uzun zaman adı “Kontramot” olan o kitabı oxuya bilmədim. Elə bil vərəqlərin arasında nəsə sirli bir şeyin faş olacağından qorxurdum.

            Oldu zatən. Bu hekayələr indiyə qədər Azərbaycan nəsrində heç ratlaşmadığım məqamlarla dolu idi. Gərgin psixoloji məqamlar, alt şüurda baş verənlər, psixopad, amma içində işıq gəzdirən obrazlar və ezoterika ilə dolu simvollar...

            Elə ezoterikadan başlayaq.

            Mən bu elmdən – bilmirəm, elm sözü yerinə düşdümü – bir az haliyəm. Yəni romanlarımda, hekayələrimdə bu motivli səhifələr var, hətta çoxdur...

            Dönək Şəhla xanımın mətnlərinə.

            Onun hekayələrindəki insanlar normal adam kimi görünmür. “Ona elə gəlirdi ki, bu qadının əsli hardasa gəzib dolanır, burda, böyründə yaşayan isə onun surəti, ya bəlkə... – beyninin hüceyrələri bu fikirdən qıc olsa da – kabusu idi.” (“Anfilada” hekayəsindən)

            Elə o mətndə daha çox diqqətimi çəkən bu sözlər də səksəndirdi məni:”...çalışırdı göz-gözə gəlməsin onunla”. Və bu hekayənin adı “Anfilada” – iç-içə otaqlar demək imiş. Hansı ki, iç-içə otqların özü də çox mübhəmdir, adamlar bu iç-içə otaqlardan qorxar, beləsini heç istəməzlər. Sanki sirlərinin dağılacağından qorxarlar... göz-gözə gəlməkdən qorxduqları kimi...

            Numerologiya, vahiməli səslər, insan duyğusunu sarsıdan hadisələr hekayənin xanım qəhrəmanını üzür və... nəticədə özünü əsəb dispanserində görür...

            Qəribəsi bilirsiniz nədir? Hekayənin heç bir qəhrəmanının adı yoxdur.

            Hətta o biri hekayələrdə də qəhrəmanlar adsızdırlar. Bu qeyri-adi adamlar  başqalarının sezə bilmədiyi şeyləri sezir, eşidə bilmədiyi səsləri eşidir, duya bilmədiklərini duyurlar. Və elə bu həssaslıq onların başının bəlası olur. “-Pisəm yenə... Yenə onlar gəlmişdilər. Əvvəllər divarla qaçırdılar, indi evin içindədirlər.” (“Siçanlı şorba və ya Hantinqton xoreyası”)

            Rəfiqəsinin təskinliklərinə baxmayaraq o, öz qeyri-adi həssaslığı ilə həyatını daha da mürəkkəbləşdirir. Başqa bir hekayənin yaşlı-başlı qəhrəmanı isə özü də bilmədən verdiyi bir sualın toruna düşərək maqik hadisələrin burulğanında boğulmalı olur:

            “-Bilmək istərdin, nə qədər yaşayacaqsan?

            -Yox, nəyə lazımdır bunu bilmək? Nə qədər ömrüm var, o qədər yaşayacam.” (“Kontromot”)

            Sonra parkda ququ quşunun səsi ilə qalan ömürlərini müəyyən etməyə çalışırlar. Kişi üçün 15 dəfə sələnir quş, qadın üçün 4 dəfə. Və qadında qoxu, əsəb baş qaldırır, təsadüfən əlinə keçən kitabdan yapon ezoterikasının köməyi ilə “cavanlaşma nöqtəsinin stimulyasiyası” metodunu öyrənərək özünə tətbiq etməyə başlayır. Təsiri çox gözləməli olmur: cavanlaşma prosesi sürətlə başlayır. O qədər sürətlə ki, qadın tanınmaz dərəcədə cavanlaşır. İndi də kişi əsəb sarsıntısı keçirir. Məcbur olub başqa şəhərə köçməli olurlar...

            Qadın burada gənc qıza, ən sonda isə körpə uşağa çevrilir.

            Ququ quşunun “söylədiyi” 4 ilin tamamında qadın-körpə dünyadan köçür...

            Şəhla Nihanın “Rübənd” (bu da bir sehrli pərdənin oluşundan xəbər verir), “Kontromot”, “Binar”, “Sintez” kitabları bir hava üstündə yozulan yuxu kimidir. Bu yuxunun sonunda ədəbiyyat var. Heç kimə, heç nəyə bənzəməyən nəsr. Bəlkə də Azərbaycan ədəbiyyatında bir ilkdir bu mətnlər – psixoterapik, ezoterik-magik motivlərlə zəngin, insan duyğularının həssaslığından doğan çılğınlıq və “yeni həqiqətlər axrarışı” (“Sintez”).

                                                                                                                      21.03.2022.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə