AZAD QARADƏRƏLİ FİKİR BÖLÜŞMƏK CİNAYƏTLƏRİN ƏN YÜNGÜLÜ KİMİ

 

              

                 AZAD QARADƏRƏLİ

 

               FİKİR BÖLÜŞMƏK CİNAYƏTLƏRİN ƏN YÜNGÜLÜ KİMİ

 

            (Nicatla Nəcəfin “Fikir cinayəti” (1-2-ci hissə) kitabları üzərinə)

 

                                       Ağlın səsi gur deyil, ancaq inadkardır və eşidilməyənəcən də susmaz

                                                                                                                               Ziqmund Freyd

 

 


 

            İlk insanın ilk kəlməsi, yəqin ki, monoloq idi. Tanrıya, anaya, sevgiliyə öykü şəklində söyləyiş.

            Zaman keçdikcə insan dialoqa ehtiyac duydu. Bu artıq fikir bölüşmək idi. İnsan sevgilisi ilə, dostu ilə danışığa girəndə anladı ki, bu halda o daha güclü olur və o zamandan insan oğlu dialoqu ən böyük fikir birliyi hesab edir. Səs vəhşi insanın ovunu asanlaşdırmışdısa, söz onu vəhşi kökündən ayırdı. Qarşı tərəfin fikrini bilmək isə insanı ictimailəşdirdi.

                                               ***

            İki böyük insanın bir-birinə ay və günəş kimi bağlı olduğuna dair insanlıq tarixində çox faktlar var. (Təbii, burada əks cinsdən olan sevgililər nəzərdə tutulmur.) Zira Şəms Təbrizi ilə Mövlana Cəlaləddin Ruminin ilahi bağlılığı əlahiddə bir olay. Olay sözünü gəlişigözəl söz kimi işlətmədim: həqiqətən, bu iki mütəfəkkirin, bu iki şeyxin, bu iki mürşidin bir-birinə olan bağlılığı zamanında olaya səbəb olmuş, Mövlana tərəfdarları Şəmsi qısqanmış, hətta işə Mövlananın oğlu belə müdaxilə etmişdir...

            Niyə, əcaba?

            Cavabı elm adamı M.Tərbiyat verir:” Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi.”

            Həm fiziki cəhətdən, həm mənəvi cəhətdən gözəl və kamil olan Şəms, adı kimi nur saçar, bədxahların gözlərini qamaşdırardı.

            Və Şəmslə Mövlananın görüşünü müasirləri iki dənizin qovuşması kimi dəyərləndirirlər...

            Dənizlər qovuşanda kiçik çaylar dözməz, dənizlərin ağuşunda yox olarlar. Və o kiçiklər Şəmsə qarşı üsyana qalxdılar, hətta bu dostluğa çamur atmaqdan belə çəkinmədilər – bu böyük dostluğu iki kişinin hansısa fiziki bağlılığı səviyyəsinə belə endirməyə cürət etdilər...

            Böyük Şəms bu kimi alçaqlıqlara dözmədi, qeyb oldu...

            Bununla kifayətlənməyən o “kiçiklər” Şəmsi qətlə yetirdilər. Bilmədilər ki, əslində Mövlananın da ruhunu öldürdülər...

            Şəmsdən sonra Mövlana belə demiş:”Tənhalığın ən pisi səni anlamayanların arasında qalmaqdır.”

            Tarix isə iki böyük mütəfəkkirin fikirlərini öz qoynunda əbədi saxladı...

                                                           ***

            Baharlı elinin sərkərdəsi, gözəl şair Bayram Xan Baharlı Ağqyunlu-Qaraqoyunlu savaşından sonra öz soyundan olan Baharlı ellərinin müşayəti ilə Hindistanda  getmiş,  Böyük Moğol hökmdarı  Baburun oğlu, imperator Humayunla dost olmuş və bu dostluq hər iki ictimai xadimə və söz adamına gözəl əməllər sahibi olmağa yardım etmiş, həm də gözəl qəzəllər yazdırmış, hətta Humayun çox vaxt məsləhətçisi və dostu Bayram xanla hesablaşmalı olmuşdur. Bu iki şəxsin dostluğunu da tarix  yaddaşında  əbədi saxlamışdır:

                        Ey bixəbərim, xah inan, xah inanma,

                        Göydü* ciyərim, xah inan, xah inanma –

-deyən Bayram xan, nə yazıq ki, bu dostluğun qurbanı olmuşdur – Humayunun oğlu Əkbər şah taxta çıxan kimi atasının əziz dostunu gözdən salmış, böyük şairi aşağılamışdır ki, nəticədə görkəmli sərkərdə və böyük şair bu qərəz nəticəsində qətlə yetirilmişdir.

            Amma tarix Humayun şahla Bayram xanın dostluğunu, bu dostluqdan qidalanan gözəl sənət əsərlərini unudulmağa qoymamışdır.

                                                           ***

            Tarixin yaddaşına iki mütəfəkkirin – Marksla Engelsin də dostluğuna aid maraqlı faktlar var. Böyük əsərlərin müydana gəlməsinə vəsilə olan bu dostluq, həm də onların çətin zamanda bir-birini xilas etmək üçün ən ağır imtahandan belə üzüağ çıxmalarına gətirib çıxartmışdır...

                                                           ***

            Əlbəttə, bu gün elə bir zamandır ki, adamların bir fikir, yaxud ideya ətrafında birləşməsi (siyasi və yaxud biznes maraqları xaric) və dialoqla nəyəsə nail olması real görünmür. İllah da ağıllı telefonların icadı insanları bir-birindən uzaqlaşdırmağa, insani hənirin, insani nəfəsin, insani  mərhəmliyin azalmasına səbəb olmuşdur. Lakin...

            Varmış. Gənc dostlarım Nicatla Nəcəfin üz-üzə əyləşib fikir yorumlamaları, əks fikrə qarşı dözümlü həmlə yapıb yeni düşüncə mexanizmi əsasında bir kitab yaratmaları (zənnimcə, kitabın adı – “Fikir cinayəti”, əslində onların biclik işlətmələri kimi qəbul edilə bilər, yəni ancaq bu cür çağıran adla onlar öz bilgilərini bilikdən uzaq düşmüş kütləyə təlqin edə bilərdilər) günümüzün ən maraqlı ədəbi və mədəni hadisələrindəndir.

            Kitabın birinci cildini oxuyan kəs deyə bilər ki, hə, nə olsun, bunları mən də bilirəm. (Hərçənd bunu deyəcək yaşıdlarının o qədər çox olacaqlarına inanmıram, çünki indi ancaq kriminal, düşük xəbərçilik, şou ilə maraqlanan çoxluq çətin ki, Nəcəflə Nicatın mükalimələrinə mız qoya bilsin.) Amma kitabda elə ifadələr var ki, oxucunu ardınca çəkib apara bilir: “Coğrafiya da bir taledir.” Ağıllı oxucu mütləq bu cümlənin dalınca düşəcək.

            Yaxud başqa bir misal:”Maraqlıdır. İnsanlar böyük ev, böyük maşın istəyirlər, amma böyük həcmli əsər görəndə...”

            Yaxud Nəcəfin belə bir sualı var:”Kölgədə insanın üzü görünmür. Sən necə düşünürsən, kölgə bizim ruhumuzun əksi ola bilərmi?”

            Nicatın cavabı:”İnsan ruhdan və bədəndən ibarətdir, bədən formadır, ruh məzmun. Hansı hansının kölgəsidir?”

            Bu iki gəncin  oxuduqları kitablar, baxdıqları filmlər, qarşılaşdıqları zamanın hadisələri və daha nələr, nələr  axtarışlarının mənbəyinə çevrilir.

            Kitabda bir yarımçıq fikrə də rast gəldim:”Mən eqoma qalib gələ bilməmişəm...”

            Bəs siz necə, eqonuza qalib gələ bilmisinizmi?

            Ruhunuzun səsini eşitmək istəyirsinizmi?

            Kimliyinizi tanımaq istəyirsinizmi?

            Onda Nicatla Nəcəfin “Fikir cinayəti” kitablarının I və II cildlərini tapın, oxuyun.

            Bir özünüzü sınayın: bəlkə sizin də dialoqa ehtiyacınız var?

                                                           ***

            Təbiət iki ildir ki, biz insanları böyük bir imtahanla sınayır. Var-dövlət hərisliyi, silah-sursat eşqi, təbiətə qalib gəlmək zehniyyəti Yaradanın ən böyük kəşfi olan ən ali məxluqun – İnsanın korona virus deyilən gözlə görünməyəcək qədər kiçik bir təbiət varlığı qarşısında aciz qaldığını sübut etdi. Bir naturalist kimi həmişə vurğulamışam: bəşəriyyəti heç bir qüvvə məhv edə bilməz – özündın savayı. Bundan qaçmağın yeganə yolu kitaba qayıtmaq, elmə, mərifətə dönmək, insanın özü ilə dialoqa varmaq əzmidir. Böyük Cavid Əfəndi necə demiş:

 

                                   Qüvvət üstündə varsa əqli-səlim

                                       Sana həp kainat olur təslim!

 

            Elə Nəcəflə Nicat da bunu deyir.

 

----------------------------------------------------------------------------------------------------------------------

*Göy – bu sözün bir çox mənaları vardır. Ən qədim mənalarından biri, od, yanğı anlamına gəlir. Göy adam (simic), göyəv (kürəkən) kimi kəlmələr də burdan törəmişdir. Şair burada “Göydü ciyərim” deməsi “yandı ciyərim” anlamına gəlir.

                                                              

               

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə