AZAD QARADƏRƏLİ ŞAİR, ARAŞDIRMAÇI FƏRİD HÜSEYNİN BİR YAZISININ YAZDIRDIĞI SƏTİRLƏR
AZAD QARADƏRƏLİ
ŞAİR,
ARAŞDIRMAÇI FƏRİD HÜSEYNİN
BİR YAZISININ
YAZDIRDIĞI SƏTİRLƏR
Fərid Hüseynin Eldar Baxışın “Gecənin
bir aləmi” şeiri haqqında qeydlərini oxuyub, xeyli təəccübləndim. Bu təhlildən
çox şairin şairlə güləşməsinə - söz güləşinə bənzəyirdi. Təbii, Eldar çox cüssəli
idi, təbii Eldar enlikürək idi, təbii Eldarın arxası hələm-hələm yer görməzdi...
Düşündüm ki, Fərid niyə belə edib?
Cavabım bir qədər fərqli yozula bilər: Fərid Eldarın söz sehrindən çıxmaq istəyib.
Qorxub, üşənib Eldardan. Axundov Füzulini necə tənqid etmişdisə, Cabbarlı Cavidə
necə ilişmişdisə, Tolstoy Şekspirə necə ağız büzmüşdüsə, Fərid də Eldara elə ilişmək istəyib... Eldarın ÜRƏKlə
NƏFsi dəyişik saldığını düşünür və deyir ki, insanı hansısa qadının dalınca ürək
yox nəfs çəkir...
Ay Fərid, ay qağa, Eldarın şeirindəki
qadın “hansısa qadın deyildi axı”!
Dostum Fərid,
yazırsan ki, güzgü yoxdusa, dodaqdakı uçuğu necə görmək olar? Ay sənin saqqalın
ağarsın! Sənin heç dodağın uçuqladımı? Mənim mərhum dostum Əhməd Oğuzun xatirəsinə
həsr etdiyim “Uçuqlama” adlı hekayəm var. Adamın uçuqlayan yeri – dodağı, üzü,
o uçuğun ağırlığından sallanır, əlini vurmaqla da bunu “görə bilirsən.” Eldarın
şeirinin ən dəhşətli yerlərindən biri məhz bu məqamdır – Nizamidə də bu yer gözəl
verilib:”Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi...” Eldarda isə bu yer - aşiqin
ən mübhəm anı elə verilib ki, elə burada kor-koranə sevgi var:”Alnıma toxundum,
gördüm tərləyib/ Dodağıma baxdım, uçuqdu gördüm.”
Sən heç yasaq eşq yaşadınmı, dost?!
Şeirdə “darvazalar” kəlməsi var, sən axı
şairsən, niyə bu “darvazanı” adi dəmir darvaza kimi fikirləşmisən? Bu
“darvaza” o sən düşündüyün darvaza da deyil! Tək bir açar düşən, yalnız içəridən
bağlanan qəlb darvazasıdır ki, Eldar şeirinin qapısından belə misralar çox
keçib...
Deyirsən ki, əllər, saçlar oyanmır...
Şair, qadın əllərinin necə yatdığını, qadın saçlarının yastığa necə sərələndiyini
gördünmü heç? Bir aşiq əllərinin təmasıyla oyanmağa müntəzirdirlər onlar... Sənə
nə deyim axı?
Mən axırı ki, tapdım səni bu şeirdə hövsələdən
çıxardan nə olub? “Gecənin sümüyü sürmə olmuşdu” misrası! Sən bu misranı anlaya
bilməmisən və bu boyda mətni də ona görə yazmısan?! (Bunu mən demirəm: özün
etiraf edirsən ki, bu misra anlaşılmır.)
Axı bir az yuxarıda vardı o misranın
izahı, özü də necə vardı? Eldaranə vardı!
Gəl baxaq o
misralara:
Gecə
çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi,
nə titrəyirdi.
Sinəmiz gecəni
: - bu xoş gecəni,
Bir daş ütü
kimi ütüləyirdi.
(Deyimə bax,
ilahi! Aşiqlərin sinəsi gecəni ütü kimi ütüləyir ki, onların xatirinə bir az da
uzansın. O mahnıda necə deyilirdi:açılma sabah, banlama xoruz!)
Fərid, “Sümüyü sürmə olmaq” ayrı məqamlarda
da işlənə bilər (məsələn, “yetimlərimi böyütmək üçün sümüyüm sürmə olub”), amma
burada gecənin sümüyü sürmə olub – gecə qurtarmaq bilmir, gecə aşiqlərin əbədi
gecəsi olaraq qalmaq istəyir; əzabkeş gecə bu şeirdə ayrıca bir obrazdır.
Əzizim Fərid! Sənin əzminə, sənin zəhmətkeşliyinə,
tay-tuşlarının umu-küsülərinə baxmayaraq başını aşağı salıb sənətlə məşqul
olmağına heyranam. Səninlə birgə ustad Sabir Əhmədli haqqında layihəmiz uğurlu
alınmışdı. Məndən vaxtilə ən yaxşı müsahibələri sən almısan – biz bir-birimizi
yaxşı tanıyırıq və ümidvaram ki, bu yazıda bəzi fikirlərim dostluğumuza kölgə
salmaz.
Amma Fərid, mən
böyük şair Eldar Baxışla da dost olmuşam və o dostluq hələ də davam edir. Mən
Eldarın xatirəsinə uzun hekayə həsr etmişəm. Eldar haqqında məqalələr yazmışam.
Amma hər dəfə Eldarı oxuyanda sənin kimi mən də üşənmişəm! Eldar çox böyük
şairdir, Fərid!
Sənin mütaliəli olduğunu bilirəm. Amma
bunu bilmirəm: sən Cəfər Xəndanın Sabir haqqında monoqrafiyasını
oxumusanmı? Ustad alim həmin
monoqrafiyada Sabirin sənətkarlıq xüsusiyyətlərini didik-didik aramış, hətta
şairin şeirlərində bəzi yanlışlıqlar da tapmışdı. Həqiqətən, o səhvlər sənin
Eldarda tapmaq istədiyin yanlışlıqlar kimi deyil, adi gözlə çətin görünən “səhv”lər
idi. Amma Cəfər Xəndan sonda bilirsən nə demişdi: yanlış da bir naxışdır!
Eldar Baxış yaradıcılığı müqəddəs-filan
deyil, orada da kifayət qədər yerinə düşməyən söz, kəlmə ola bilər, zira bu gərək
ustalıqla edilsin. Şairin ruhunu başa düşübən, könül bağını, söz ənginliyini
anlayıban edilən axtarış vacibdir, olmalıdır.
Mənə görə, Əli
Kərimdən sonra poeziyamızın elə bir mərtəbəsidir ki, Eldar Baxış mərtəbəsi, ora
ayaq basanda mərtəbələri iki-iki çıxmaq günah olar.
Məramının xoş olduğuna inanıram.
Yazının əvvəlində Eldar haqqında dediyin xoş sözlər də bunu bəlirləyir. Elə mənim
də məramım xoşdur. Əslində biz üçümüz də dostuq: Eldar, sə və mən. Eldar mənim
dostumdur. Mən həm də səninlə dostam. Belə deyim var axı: dostumun dostu mənim
də dostumdur.
08.04.2022
Yorumlar
Yorum Gönder