AZAD QARADƏRƏLİ BİR ALTRUİSTİN AĞISI hekayə
AZAD QARADƏRƏLİ
BİR ALTRUİSTİN AĞISI
hekayə
Həqtəala adəm oğlu özüdür...
Nəsimi
İnsan qadağalar sisteminin oluşdurduğu məxluqdur.
Əvvəl
ailə, sonra məktəb və cəmiyyət onun formalaşması üçün müəyyən qadağalar sistemi
qurur. Yalnız o qadağalara dözən, nəfsini qoruyanlar insan kimi formalaşa
bilirlər.
O ruhən
bir demokrat olsa da, şəksiz bir alturist idi. Bir sufi, bir dərviş kimi bütün
həyatı boyu aza qane olmaq düsturundan kənara çıxmadı...
O
hamıya inanırdı. Tələbələrinə, hərəkat
yoldaşlarına lap çox. Mən isə bir qədər fərqli idim. Orta məktəbdən
yanında olduğumdan Onun uşaq kimi təmiz, pak , hər şeyə inanan biri olduğunu
bilirdim. Hətta o dərəcədə təmiz idi ki, gözünün önündə min oyundan çıxanların
saxta sifətlərini görmürdü. Nə var, nə var, onların hərəkatda xidmətləri
olmuşdu.
Mən
bunları ona irad tutanda “eee, ay qardaş, səni başa düşürəm, amma onları da
başa düşmək istəyirəm – nə etsinlər axı, ailədən, cəmiyyətdən gələn
qüsurlardır, bunları biz önə
çıxartmayaq, yaxşı tərəflərindən baxaq
dostlara ki, əlacları kəsilsin, yaxşı olmağa çalışsınlar...” deyirdi.
Onun bir prinsipi də vardı: heç kim axıra
qədr korlanmayıb. Harasındasa zərrəcə
işıq var. O işıqdan yapışsan, həmin binəvanı xilas edə bilərsən. Və Qurandan misal gətirirdi:”Biz
ona (yəni insana) şah damarımızdan da yaxınıq.” (“Qaf” surəsi, ayə 16) Sonra da
deyirdi ki, “insan” sözü ərəbcə “ənəs” kəlməsindəndir, anlamı “göz bəbəyi” mənasındadır.
Yəni, Allah insana göz bəbəyi kimi məna verib. Bəs hələ Mövlana gör nə deyir?
İnsan
gözdür, görüşdür,
Qalanı
ət misalı...
Dedim
bəy, bunlar düzdür. Amma bax, o Baş var ha, bax söz gəzir ki, onun düz dörd
yerdə evi var. Hələ neçə yerdə restoranı, mağazası...
Qəzəbləndi
mənə:
-Bizim
hərəkat adamlarını ləkələmək istəyirlər. Sən də inanırsan?!
-Mən
olanları deyirəm. Hələ o biri Baş var e, danışanda adam səsinə, sözünə heyran
qalır, bax, o partiya yaradır, hərəkatı parçalayır. Yeri gələndə sənə lağ edir,
ələ salır. Müxbir fitnəkarcasına sual verir ki, deyilənə görə, Bəy islam dinini
tənqid edəndən sonra Hindistanda müsəlmanlarla buddistlər arasında toqquşma
olub. Buna inanırsınız? Cavaba bax:”Bəy indi dünyada tanınan şəxsiyyətdir. Ola
bilər ki, onun hər hansı çıxışı o məsələyə təsir edib...” İroniyaya baxırsan?!
Bəy əlini
əlinə vurub, uğunub getdi. Sonra papiros yandıraraq dedi:
-Bu
yazıq məni tərifləyib ki! Daha nə istəyirsən?.. O ki qaldı ironiyaya, sancmasa
yaşaya bilməz. Bu onun xislətindədir... Düşünürəm, bizə beləsi də lazımdır. Mən
sanca biməyəndə, tapşırarıq o sancar...
-Bəs
sağ əlin olan Tələbən? Özünü reformist, səni konservativ elan edib. Hətta indidən
özünə tərəfdarlar, yurddaşlar toplayır?!
-Ağ
eləmə də... Elə şey olmaz! O mənə sədaqətlidir...
Başqa
bir Tələbəsinin – fəzilətli hesab etdiyinin öz imzasıyla yazdığı sənədi
qabağına qoydum. (Bunların ikisini də çox istəyirdi. Hətta universiteti bitirən
kimi yanında işə götürmüşdü onları.) Bu danosvari sənədi oxuyub ah çəkdi. Əzgin
halda gülümsündü.
-Sənin bir
biədəb misalın vardı, necəyidi o?
-İt
oturmamış ... çıxdı... – dedim. – Acı-acı gülüb başını buladı. Qeyri-müəyyən səmtə
baxdı. – Hacı Əbdül necə demişdi?
-Leylək
məsələsi?
-Hə,
deyəsən, bunlara gerçəkdən leylək lazımdır... Mən bu sağ əlimin mənə qarşı
çıxmasından çox, bu danosu yazan fəzilətli sandığıma üzüldüm...
Bu
vaxt Başın aldığı evlərin siyahısını, ünvanını və tapularının
surətini mənə gətirdilər. Bəyin qabağına qoyanda rəngi qapqara oldu. Dərin
sükut çökdü araya. Siqaret dumanında batıq səslə soruşdu:
-Sən
bunları necə əldə etmisən?
-Mən
axı faktik olaraq işsizəm. Səni qorumaq
üçün bəzi məsələləri öyrənməliydim. Yadındamı, Dərin Dövlət demişdin? Mən onu
yaratmaq istəyirdim... Sənin iznin olmadı... Yuxarıda adlarını çəkdiklərim də
ciddi cəhdlə mane oldular. Əlac konspirasiyaya qaldı... Bunlar o
konspirasiyanın məntiqi yekunlarıdır... Hələ çox şey edə bilərdik. Sən bunları
istəmirsən... Məsələn, mən istərdim ki, KKB-nin arxivlərini açaq...
-Olmaz.
Qəti olmaz! Mən ordakı bəzi mətləblərdən xəbərdaram... Bilirsən, insanlar
atalarının, qardaşlarının, əmioğullarının satqın və şərəfsiz olduğunu biləndə əlləri
hər şeydən üzüləcək. Nəsillər bir-birinə düşmən olacaq... İnsanların ümidi kəsiləcək...
Ümidin kəsilməsi bilirsən nədir?.. Mənim ən çox qorxduğum şey budur...
İnsanlara biz ümid verməliyik, hətta bu, yalan da olsa belə... Allah insanı
özünəoxşar yaradıb. İnsan Yarımallahdır. Hətta o bəzən elə bilir ki,
qanadlıdır. Uça bilər... Və belə bir anda sən ona deyirsən ki, 1937-ci ildə sənin
atan əminin üzünə durub. Yaxud deyirsən ki, sənin qardaşın atanın üzünə
durub... Yaxud evlənmiş, oğul-uşaq sahibi olmuş yekə kişiyə deyirsən ki,
arvadının atası sənin atanı tutdurub... İndi gör bu evdə nələr olacaq? O
Yarımallahın qanadları yanıb töklüəcək. Göyün yeddinci qatından təpəsi üstə yerə
gələcək... Yox, əzizim, yox. Biz buna gedə bilmərik!
-Bəs
yaxşı, bu Baş bilir axı sənin hələ də evin yoxdur. Qardaşının evində qalırsan.
Bunu bilə-bilə niyə bu çirkin işləri görür? Budamı Yarımallahdır?
-Bəli,
Yarımallahdır. Bunu edə bilirsə, demək Yarımallahdır... Sən isə bu təhqiqatlarını
hələlik dayandır. Yoxsa mənim də əlimi işdən soyudacaqsan...
-Olsun.
Amma dünən mən gördüm ki, qızın səndən ayaqqabı istəyirdi... Bəlkə ona ayaqqabı
alaq? Bir az yaxşı çıxmır axı?.. Həddindən artıq...
Sözümü
kəsdi:
-Bu
gün maaş günüdür.. Pul verərəm, gedib alarlar...
***
Üç
gün sonra Prezident Aparatında müşavirə idi. Bəy çox əsəbi şəkildə çıxış
edirdi. Mən onu belə qəzəbli görməmişdim.
-Bəziləri
başını soxub kola xoruz kimi, xəbəri yoxdur ki, quyruqları çöldədir. Aləm sizə
baxır. Bəsdirin nəfsinizin qulu oldunuz. Biz bu ili dövlətçilik ili elan
etmişik. Sən, dövlətçiliyi özünə dövlət toplamaq kimi başa düşürsən?! Hələ mənim
sağ əlim olan tələbələrim, siz nə edirsiniz?! Tərəf toplayırsınız. Dəstabazlıqla
məşqulsunuz! Leylək məsələsi yadınızdadır?! Unutmayın, xalq bizdən çörək,
Qarabağ və iş gözləyir. Mənim bir pencəyim var, bədə bəddə atıb çiynimə, çıxıb gedəcəm.... bax, onda siz aralıqda
qalacaqsınız... Məhəmməd Peyğəmbər bilirsinizmi nə demişdi? “Xaricdəki düşmənlə
savaşıb onu məğlub etmək bizim kiçik savaşımızdır. Fəqət nəfsimizlə savaşıb onu
məğlub etmək, bizim böyük savaşımızdır...”
Sonra
bəy cib yaylığı ilə tərini silib dedi:
-Mənim
üçün önəmli olan prezidentlik yox, hərəkatdır. Hamınız da etiraf edərsiniz ki,
mən Azərbaycanın daxilində prezident olmamışam. Ancaq xaricdə olanda özümü
prezident kimi hiss eləmişəm. Deməyim odur ki, bu vəzifə mənə heç lazım da
deyil. Amma imkan verin, bu millətə babat bir dövlət quraq, sonra hər biriniz
növbə ilə, seçki yolu ilə prezident olarsınız...
***
Kələki. 3 avqust 1993. Bəylə yenə üz-üzəyik.
Bir gün də onu tərk etməmişəm. Qaraçuxa kimi ardınca sürünmüşəm. İndi mənim
söhbətlərimə daha çox önəm verir. Sən mənim ekiztayımsan deyir. Həyatımın
birinci dövrünü öz ağlımla yaşamışam. Bundan belə sənin dediklərinə önəm verəcəyəm.
Mən də gülüb deyirəm ki, yenə deyəcəklər ki, Bəyin özü yaxşıdır, ətrafı pis. O
da özünəməxsus tərzdə qımışır:
-Sənin
bir xoşbəxtliyin var ki, Taleh, çox gözə
görünmürsən. Yanımda olsan da, ayrı-ayrı adamların cildində olursan sanki... Nə
olar, bir dəfə də o qalın bığlı, qolları gödək dostumuzun cildində ol...
-Dostumuz
ha!!!- Mən hirslə dillənirəm. –O, Gəncədə bütün qiyamçıları bağrına basıb o gödək
qollarıyla! -Sonra tut arağından stəkanlarımıza süzüb deyirəm:
-Amma
təhdiddən qorxub sənə cinayət işi açan baş prokurorundan, qiyamçılardan qorxub
çaya tullanan həkim-kekebeşnikdənsə, o gödəkqol ana müxalifətçi yaxşıdır...
Yazıçı dostun necə deyirdi: “Qorxaq dostdansa, igid düşmən yaxşıdır...” Hə,
yeri gəlmişkən, bu gün Yazıçı gələcək. Onunla söhbətə varsanmı?
-Varam,
varam! – Deyib gülümsünür. – O hər zaman bizə gərəklidir. Hətta qara fikirləri
də olsa, maraqlıdır. Qara, qara... Biz hər şeyi ağ prizmadan gördüyümüzdəndir
ki, çoxlu səhvlər buraxırıq... Halbuki qara bütün rənglərin anasıdır...
Sonra siqaretinin tüsütüsünü ciyərlərinə çəkib qəfil
Hadinin bu misrasını qayibanə səslə söylədi:
Millət işıq olsun, məni udsun bu siyah xak...
***
2000-ci
ilin avqust ayında Bəy vəfat etdi. Onun vəfatından 8 il sonra Uruqvayda Xose
Muxiko adlı şəxs prezident seçildi. Muxiko Prezident adminstrasiyasına köçməkdən
imtina edərək öz kasıb evində yaşadı. Hətta prezidentliyi dövründə belə o,
arvadı ilə gül becərib satdı.
Dünyanın ən kasıb prezidenti kimi tanınan Muxiko, 1987-ci il istehsalı
olan köhnə Wolkswagen Juke maşını sürür.
Qazancının xeyli hissəsini xeyriyyə işlərinə sərf edir...
Öz zəhməti
ilə dolanan bu adam Nobel Sülh
mükafatına layiq görüldü.
Mənimçün
bu sətirləri oxumaq həm çətindir, həm də xoşdur. Çətindir ona görə ki,
Muxikonun arzuları həyata keçdi. Dünya indi ondan danışır. Hətta Sülh mükafatı
da aldı... Bəy isə dediyi kimi “siyah xak”a qismət oldu...
Xoşdur,
ona görə ki, Bəyin altruist ənənələri yaşamaq-dadır.
Amma
çox istərdim dünya bilsin: bu namda, bu nişanda bir prezident vardı – evi,
var-dövləti olmayan bir dərviş misalı...
S.A (Söz Ardı)
İllər sonra Azərbaycanda hakimiyyət dəyişikliyi oldu.
Dövləti idarə edənlər ancaq öz ciblərinə işləyərək xalqa sitəm etdilər.
Neft-qazdan gələn gəlirlərdən xalqa pay düşmədi. Ölkənin var-dövlətini xarici ölkələrdə bank hesablarına köçürdülər,
Avropada, Amerikada bahalı villalar, ticarət mərkəzləri, hətta adalar aldılar.
Bəyin altruist ideyalarını vəhşi kapitalizm əvəzlədi. İnsanlar ah çəkərək
“Hardasan, ay Elçibəy?!” deyib köks ötürürdülər.
16.08.2017
Yorumlar
Yorum Gönder