AZAD QARADƏRƏLİ ELDAR BAXIŞI GÜLLƏLƏMƏDİLƏR
AZAD QARADƏRƏLİ
Eldar
Baxışı əvvəl sözüylə tanımışdım. Ermənilərin üç evi
olan kəndlərinə asvalt yol, qaz, işıq çəkilirdi, bizim isə böyük-böyük
kəndlərimiz baxımsızlıqdan boşalırdı.
Eldar həmin 70-ci illərdə yazmışdı:
Çay qalxıb, çay daşıb, keçən gərəkdir,
Arandan yaylağa köçən
gərəkdir,
Biçənək otlanıb biçən gərəkdir,
Hara qaçırsınız kənd uşaqları?
Göbəyiniz burda kəsilməyibmi?
Mən “Ulduz”
jurnalında o vaxt çıxan bir məqaləmdə kəndlərimizdəki işsizlikdən, gənclər
üçün yaşam şəraitinin olmamasından bəhs
etmiş və Eldarın yuxarıdakı misralarını misal gətirmişdim. Eldar jurnalı
oxuyub, bizim rayona gəlmiş, axtarıb məni tapmışdı. Beləcə, bizi onunla şairin
öz misraları yaxınlaşdırdı.
Həmin gün
həm də mənim müəllim işlədiyim kənddə iclas vardı və rayon
rəhbərləri kəndin kolxozuna bayraq gətirmişdilər. Camaat yemək bişirməyə ət, yağ tapmırdı, bunlar bayraq veirirdilər camaata. Səhər Qafana yağ almağa gedəndə ermənilər bizi ələ
salır, deyirdilər: “Axşam çapan, səhər Qapan!”
Qonaq
kimi tədbirdə iştirak edən Eldar o yığıncaqda bir şeir oxudu, onu o
vaxt nəinki oxumaq, heç adını tutmaq da olmazdı. Amma o Eldar Baxış idi, ona
olardı:
Azadlıq dediyin ayrı şeydi -
Göyün quşuna toxunsa,
Göyün quşu sevinər,
Yerin daşına toxunsa,
Yerin daşı sevinər,
Gözün yaşına toxunsa,
Gözün yaşı sevinər...
Daha bir şeir də oxudu, təxminən belə
misralar vardı orda:
Azadlıq
görmədim,
Sürgün
görmədim
Bu gənc
yaşımda…
Bu misralar oxunanda birinci katib Bakıdan gələn nümayəndəyə baxdı, o da başını
buladı. Amma biz kənd müəllimləri heç
nəyə baxmadan bu uzun, arıq şairi ayaq üstə alqışlayırdıq.
Eldar möcüzə idi. Poeziyasıyla,
publisistikasıyla, yeyib-içməyiylə, yeriməyiylə, adicə həyat tərziylə. Məsələn,
dostunun qızının şəxsiyyət vəsiqəsi almasını bayram kimi qeyd etməsini təkid
edirdi və fəhlə dostunu buna inandırırdı – müstəqil ölkənin vətəndaşının
pasport alması elə bayramıdı də!
Yaxud, o qızının soyadını elə özü
kimi Baxış yazdırmışdı və hamıya da milli soyad götürməyi məsləhət görürdü –
elə bil tələsirdi, ürəyinə dammışdı ki, bunu sonralar qulaqardına vuracaqlar…
Eldar özgür şair idi. Özü demişkən
hamının şairi olmasa da, hamıların sevgisini qazanmışdı:
Anam deyir ki,
Allah hamının Allahıdı –
yaxşının, pisin,
əyrinin, düzün
namərdin, mərdin…
…Allah hamının Allahıdı,
Ancaq mən
Hamının şairi
Ola bilmədim, ana…
Mənim
ailəmlə birgə qaçqın kimi Bakıya
gəldiyimi bilincə ilk olaraq sədrin yanına gedib mənim radioda işləməyim üçün
yardımçı olmasını təkid etmişdi. (O xahiş etmirdi. Bir kəlmə deyirdi və
dediyini həyata keçirdirdi. Mən onun bir sözünün iki olduğunu görmədim .)
Eldarla
işləmək bir başqa aləm idi. Yazıya qarşı güzəşt anlayışı ona yad idi. Radio
verilişlərini elə redaktə edərdi ki, bir-iki dəfədən sonra sən heç vaxt o
səhvləri etməzdin.
Eldar baş redaktor
kimi verilişin təsdiqinə qol çəkən yerdə müavininə yer qalmazdı. Eldar
söz deyən məclisdə hələm-hələm adam danışmağa ürək eləməzdi. Eldar ilk dəfə
şeirə ünvan, ad gətirdi – katibə (“Ala-bula adam”), prezidentə (“Məktub”)
yazdığı şeirlərdə sözünü düz-düzünəqulu deməkdən çəkinmədi. O yazırdı:
“Venesuelada Sessar Valexonun sözünün başına döyürdülər, Fransada özünün
başına, ancaq o, sözünün başına döyülən yerdən qaçıb, özünün başına döyülən
yerdə yaşayıb, şair özünün başına döyülən yerdə yaşaya bilər, sözünün başına
döyülən yerdə yox!
…Mənə görə, sözüqıpıq olunca,
gözüqıpıq olmaq yaxşıdır”
Eldar Vətəni evindən, anasından,
balasından çox istədi. Vətənsə ona bircə qarış yer qıydı. Bu da onun sözüdü:
Ay özgələr, heyyyyy!
Ay özümüzünkülər, heyyy!
Bu milləti qırın ki, çoxalsın,
Bu milləti döyün ki, ayılsın,
Bu milləti öldürün ki, dirilsin,
qırın, köpək uşağı,
döyün, köpək uşağı,
öldürün...
Öldürdülər. Eldarı sağalmaz
xəstəliyə yoluxdurdular. Bu sahənin mütəxəssisi olan yəhudi həkim deyirdi ki,
onu elə peraparatla zəhərləyiblər ki, zəncirvari reaksiya kimidir. Bədənin bu
tərəfindən təmizləyə-təmizləyə gedirsən, sonuncu damla qalanda böyüyür, hər şey
təzədən başlayır. (Mən bu barədə Səməd
Behrənginin və Eldar Baxışın xatirələrinə həsr etdiyim uzun hekayədə -
“Yuxarıda kim var” adlanır – bu barədə ətraflı yazmışam. Əsər Qanun
nəşriyyatının buraxdığı “Burda yer fırlanmıərdı” kitabımda var və internetdə də yayımlanıb.)
Eldar şeirimizə təzə notlar gətirirdi.
Elə notlar ki, onlar yalnız onun özünə məxsus idi. Həm də onun misralarında göz
yaddaşı vardı: sən oxuduğun mətndəki situasiyanı bir anlığa da olsa, gözlərinin
qarşısında canlandıra bilirdin. Eyzən bu misralardakı kimi:
Həsrət
də alovdu, yandırdı, yaxdı,
Ürəkdə,
könüldə neçə iz qalıb.
Mənim
qollarımın yiyəsi yoxdu,
Sənin
incə belin kəmərsiz qalıb.
Eldar
heykəllərə, bütlərə mədhiyyə
yazan yalbazlardan fərqli olaraq azad sənətkar idi. Azadlıq onun canında,
qanında və poeziyasındaydı. Onun misraları mərmi kimi səsələnir, yaltaqların,
yalaqların yuxusunu qaçırırdı:
Məni düz yolumdan döndərə
bilməz
Beş adam,on adam, yüz adam canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.
Eldarı
öldürdülər. Əlliyə çatmağa qoymadılar. Allahın əcəlini də çox gördülər
ona. Sibirə göndərmədilər, güllələmədilər, çarmıxa çəkmədilər – səssizcə
zəhərlədilər. Qoca Şərqin köhnə üsulu
ilə aradan götürdülər şairi. Məhəmməd Hadiyə
həsr etdiyi şeiri elə bil özünə yazmışdı:
Tək
dedilər – təklədilər,
qanına
yeriklədilər.
sonra
da dərdini alıb
dağa-daşa
yüklədilər,
çəkə
bilmədi-bilmədi.
Əsim-əsimcə
əsdilər,
öldürməyə
tələsdilər,
günün
günorta çağında
ağacı
elə kəsdilər, –
kölgə
bilmədi-bilmədi.
Xallandı
gül – butasında.
nər
qarnında – qartasında.
bir
şairi öldürdülər
bir
ölkənin ortasında, –
ölkə
bilmədi-bilmədi.
Amma
bu gün üfunət verən canlı meyidlərdən fərqli olaraq Eldar Baxışın şeirləri onu
yaşadır. Eldarın əsərlərinin çapına imkan vermirlər – atalarının, analarının,
özlərinin çürük bədiyyələrini çap etdirməkdən başları açılmır ha! Amma unudurlar ki, Eldarın şeirlərini çap
etməyə gərək yox. O çoxdan könüllərə köçüb.
Yorumlar
Yorum Gönder