AZAD QARADƏRƏLİ FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ
AZAD QARADƏRƏLİ
FEDERİKO QARSİYA
LORKA VƏ ELDAR BAXIŞ –
birini güllələdilər,
o birini zəhərlədilər.
(Gülləli, zəhərli bir esse)
Tələbə
vaxtı, gərək ki, birinci kursun ortalarında eşitmişdim Lorka haqqında.
Bir
də onu eşitmişdim ki, Lorkanı İspaniyada Aydanamar bulağının yanında faşistlər
güllələmişdilər – o bulaqdan adamlar hələ indi də su içməyə qorxurlar – şair qanı
qarışmış deyə...
Eldarı
isə bir az əvvəl, zavodda fəhlə işləyəndə uzaqdan-uzağa tanımışdım – zavodu
yataqxanasına bir dəstə şair görüşə gəlmişdi və yataqxananın birinci mərtəbəsindəki
nisbətən geniş foyedə baş tutan o görüşdə digər şairlər nə etdi, nə etmədi,
bilmirəm, amma uzun, arıq bir gənc olan
Eldar orada bir şeir oxudu, bir şeir oxudu ki, hamının alqışına səbəb
oldu – hətta yataqxanamızdakı ruslar, tatarlar belə az-maz anladıqları dildə
oxunan şeirdən təsirlənib, əl çalırdılar... Şeirdə belə misralar vardı: “Oğlun
yoxdu ballı qar... Keçir məni köynəyindən oğlun olum Ballı qarı...” Müharibədən
dönməyən oğlunu ağlayan Ballı qarıya həsr olunmuşdu şeir...
İoffe effekti deyilən bir şey var: hər hansı bir əşyanın, məsələn vərəqin üzərində balaca bir kəsik, qopuq, çat olduqda
onu sonradan asanlıqla parçalamaq olur. Bunu məşhur rus akademiki İiffe təcrübədən
keçirdib. Mən isə böyük alimimiz Azad Mirzəcanzadənin təcrübələrindən bilmişdim
bu effekt barədə...
Bir parça işıq düşdü
çarpayımın üstünə -
işıqdımı,
dişdimi, -
Sən ölümdə dişə bax,
haqq yolunda döyüşdə
ölmək istəyirdim mən,
amma yorğan-döşəkdə
öləcəyəm, işə bax!..
Və ya:
Heybədə rənglər –
rast gəldiklərinizin
fikirlərini boyamaq üçün.
Cibdə iki yaylıq var bu gün –
yaralarımızı sarımaq üçün...
Birinci
şeir Eldar Baxışın, ikinci Lorkanındır. Birincini güllələdilər, ikincini güllələmədilər
– zəhərlədilər...
Sizə
bir şey deyimmi? Lorkanı sevənlər Lorka mənzilli olurlar. Nizami Aydın adlı şəhid
şairimiz olub. Lorkanı sevib. Hətta Lorkanı orjinaldan oxumaqçün və dilimizə
çevirməkçün ispancanı öyrənməyə çalışıb... Fəqət nə öz şeirlərini doyuncan yaza
bildi, nə Lorkanı sonacan oxuya bildi... Qarabağda açılan faşist güllələri
sözünü ağzında yarışçıq qoydu. Eynən Lorka kimi...
Eldar
da Lorkanı sevərdi. Hətta mənə tapşırmışdı ki, Lorkanın hansısa pyesini bizim
radio teatrı üçün səhnələşdirim. Qismət olmadı. Zəhərə tuş gəldi...
Lorka
portağal aşiqiydi, şeirlərində də portağal boy verir:
Sübh
tezdən
özünlə,
ürəyinlə
baş-başa qalasan sən.
Axşam
üstü
oxuyasan
bülbül səsi ahəngində.
Könül,
eşqnən
yanırsan,
Məhəbbət
–
portağal
rəngində...
Eldar
isə iydə çiçəyini sevərdi. Bu adda bir kitabı da olmalı. Fəqət onun iydələr
daha çiçəkləməz:
Oğlan
damın üstündən
Qızı
papaqlamırdı.
İydə
çiçəkləmirdi.
Palıd
yarpaqlamırdı...
Lorkanın
metaforaları ilə Eldarınki niyə belə bağrı badaşdı, əcaba? Hələ bu sözün
deyilişinə bax, sən allah?! Adamın əti çimçəşir. Elə bil bu saat o işıq seli
ağacı doğrayacaq, qanı basacaq aləmi?! Kefin oldun, ay Lorka:
İşıq
ülgüc kimidi
Ağacın
budağında.
Ürəyimi
axtarır
Könlümün
budağında...
Hələ
Eldara baxın! Onun misralarındakı “quş-qəfəs” deyimi adamı haralara aparmaz?!
Sanki qəfəsdəsən, boğularsan, “quruyub qalarsan”. əlin bir yana çatmaz:
Olacaq...
olmuşam belə,
Saralıb,
solmuşam belə.
Quruyub
qalmışam belə,
Dərdim
quşdu, qəfəsəm mən...
Lorka
ilə bağlı bir gənclik xatirəm var. Lap əlini uzadıb tutacaqmış kimi. “Renessans
həsrəti”nin bu yaxınlarda çapdan çıxan 3-cü cildində getmiş:
”Kəndimizdən 7-8 kilometr aralıda,
Mincivan qəsəbəsində 9-cu sinifdə oxuyurdum. Bir gün dərsdən sonra xaraba Tərəkəmə
kəndinin yanından evə qayıdanda çadırlar qurulduğunu gördüm. Çalğı, oxumaq səsləri
də gəlirdi. Qorxa-qorxa çadırlara yaxınlaşdım. Diqqətlə baxandan sonra arada-bərədə
gəzişənlərin təhər-töhründən qaraçılar olduğunu anladım. (Biz tərəflərə dəstə
ilə gələr, baxıcılıq edər, çalıb-oxuyar, hətta dilənərdilər də. Kəndimizdən
yuxarı Qaraçı qışlağı deyilən yer də vardı.)
Birdən iki uzun hörüklü qızın alaçıqdan çıxıb mənə tərəf gəldiklərini
gördüm. Biri 8-9, o biri isə 14-15 yaşlarında idi. Böyük qız mənə çatan kimi
kobud türkcədə "ovcuma pul qoy, əlini aç, sənə baxım" (əlini aç, bəxtinə
baxım anlamında) dedi. Cibimdə cəmi 20 qəpiyim vardı. Utana-utana çıxardıb qıza
uzatdım. O, qəpiyi alıb, əlimi açdı, nələrsə söylədi. Onun dediklərindən iki kəlmə
yadımda qaldı. "Niyə belə kədərlisən?" və "Payızdan özünü gözlə..."
(Mincivandan Naxçıvana, oradan da İravana qatarlar gedərdi və mən hər gün o
qatar yolunun kənarı ilə geib-gələrdim. Elə bildim, "poyuzdan - qatardan
özünü gözlə dedi. Sonra fikir verib gördüm ki, deyir payız gələndə ağır xəstə
olursan...)
O gecə səhərəcən yata bilmədim. Qızın uzun hörükləri çatı kimi
boyun-boğazıma dolanır, əlimi tutanda bədənimdən keçən cərəyan payız afatı kimi
axırıma çıxırdı - nə bəla idisə hər payızda, həqiqətən bərk xəstələnərdim. Nənəm
buna payız afatı deyərdi.
Sonralar uzun müddət o qızı unuda bilmədim.
Ta Lorkanı tanıyanacan o qız mənimlə olurdu gecələr.
Keçən payız karona virusa yoluxanda yenə yuxuma gəlmişdi. "Öləcəm?"
dedim. Başını bulayıb güldü. Sonra kədərlə Lorkadan oxumağa başladı:
icazə ver
bu əkin yerində
bir doyunca ağlayım...
Bir arzum var. Zəngilana, Qaradərəyə dönəndə Qaraçı qışlağına gedəcəm,
oradakı iri daşlardan birinə Lorkanın adını yazacam. O qızın da xoşuna gələr, elə bilirəm.”
Daha
bir arzum var. Hökümətin izni çıxsa, Zəngilana gedəndə bir yolumu Qubadlıdan –
Müskanlıdan da salacam. Orda, o kəndin xarabalığında bir “Eldar heyyyyyyy!”
nalısi çəkib ağlayacam.
Bu
sətirlər də yuxarıda adını çəkdiyim kitabdandır: “Eldarla (Baxış) Lorkanın
(Qarsiya) arasında qəribə bir oxşarlıq görmüşəm həmişə. İkisi də düzünəqulu
adam olub. İkisi də qabağından yeməyib. İkisi də yonulmamış, külçə sözləri
sevib. İkisi də gülləyə həris olub. Birini qurşun öldürüb, birini zəhər gülləsi.
Hərdən onların misralarını dəyişik
salıram. Elə ölkələrini də. Elə düşmənlərini də... Hə düşmənləri eynidir.
Sözün, azadlığın düşməninin milliyyəti olmaz ki!
Mənə qələm veirb bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm...
Könül deyir ki, özünü bas yerə, bu iki şairdən bir kitab yaz. Nə olacaq
ki?! Biri dostun, biri də ki...
Lorka mənim nəyim düşür, ay ana?
(ömür
vəfa eləsə,davamı olacaq)
Yorumlar
Yorum Gönder