AZAD QARADƏRƏLİ LORKA VƏ ELDAR BAXIŞ esse
AZAD QARADƏRƏLİ
FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ
–
birini güllələdilər, o
birini zəhərlədilər.
(Gülləli, zəhərli bir esse)
İkinci
hissə
80-lərin
sonlarıydı. Eldar bizim rayona tez-tez gəlirdi. Dostu və eloğlusu katibdi -
bir, iki – gərək ki, orta məktəb yoldaşı olan bir polis işçisi bizdə müavin
idi. Yekə çıxmasın, mən də vardım – bu da üç.
Yəni,
Eldar rayon səviyyəli tədbirlərə gələr, məni də özünə qoşardı. Daha doğrusu,
indi mənə raykomda bir balaca iş də vermişdilər, əli mənə tez çatırdı. (Bu o
vaxtlar idi ki, mənim “Dumduru su” adlı hekayələr kitabım təzə çıxmışdı və
katib həmin kitabı kitab mağazasında görmüş, hətta pul verib birini almış,
kitabla tanış olduqdan sonra məni raykoma işə çağırmışdı. Bu haqda bir neçə dəfə
yazmışam, ona görə təkrarçılıq edib mətləbi uzatmayacağam. Sadəcə, onu qeyd
edim ki, mənim kimi arxasız birinin raykoma işə aparılmasını min yerə yozanlar
olmuşdu: uzaq qohumumuz rəhmətlik Məhəmməd Əsədovla bağlayan kim, Eldar Baxışın
üstünə yıxan kim... Yazıq o bapbalaca kitabımı heçə sayam kim...) Bir dəfə həmin
polis bizə hindüşka kababı verdi və o qonaqlıqda Eldar o qədər lətifə danışdı
ki, adamlar az qaldı şalvarlarına işəsinlər gülməkdən...
Həmin
lətifələrin çoxu az sonra onun “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabında
çap olundu. Biri elə az qala o polisin özü və rəisi haqqında idi. Məşhur
“Kapital”ı kim yazıb?” sualı və polisin bunu zorla bir nəfərin boynuna
qoması...
İki
ay sonra qəribə yerişli-duruşlu, intilgentsayaq bir qoca gəldi mənim yanıma və
dedi ki, mənim qoyunlarımı polis rəisinin müavininin əli ilə oğurlayıblar. Dəlil-sübut
da göstərirdi. Həmin rəis müavininə zəng vurdum, dedim bu nə məsələdir? Gülüb
dedi ki, sən o kişinin sözlərinə inanırsan?! O özü maşennikin biridir...
Hirslənib
getdim katibin yanına. Məsələni ona da danışdım. Katib nə desə yaxşıdır? “O
qoca agent olub, casus olub. Vaxtilə İrana işləyib. Burdan ora partbilet
daşıyıb... Belə birisinin sözünə necə inanmaq olar?! Sən yazıçısan, rayonumuza
gələn qələm adamları ilə otur-dur, özünı bir gün ağla, gələcəyini düşün...”
Növbəti
dəfə Eldar gələndə əhvalatı ona danışdım. Başını buladı və həmişə gülən gözləri
hirsindən alacalandı:”Vay səni əclaf! Gedəndə bir erkək cəmdəyi qoymuşdu mənə!
Dəqiq o kişinin qoyunlarından imiş... O dəfəri qapatdıq... Bir də onunla görüşməyəcəyəm...
Bu nə ölkədi, bu nə dünyadı?!”
Sonra
yeni çapdan çıxmış kitabını mənimçün imzalayıb, havalı-havalı qonaq evinə
getdi. Səhəri eşitdim ki, Qubadlıya yollanıb. Mən isə onun yeni kitabından bu sətirləri
oxuyanda əlim üzümdə qaldı:
Dəyişib
elə bil hər şeyin tamı,
Bal
var zəhər dadır, zəhər bal dadır.
Quzunun
qurd üzü aldada bilmir,
Qurdun
quzu üzü bizi aldadır...
...Dostum
Camal Yusifzadə ilə ədəbiyyatdan danışırıq. Qəfil Lorkadan söz salır və elə
danışır ki, sanki Lənkəranda bir futbol komandasında oynamışdılar, ya da
Qranadada dərnək yoldaşı olmuşdular. Qanaddan, qayıdışdan bəhs edən bir bəndi
rusca oxudu, sonra da şairin o qanadlarını əclafların qırdığını deyib
doluxsundu – elə bil əziz dostunu, sirdaşını güllələmişdilər. Sonralar mən o
şeirlə gənc bir şairin tərcüməsində yenidən qarşılaşdım. Nədənsə yenə Eldarı
xatırladım, Camalın nurlu siması siqaret dumanında çəkildi və ömründə siqaret çəkməyən
Eldarın (mən onu siqaret çəkən görməmişəm, bəlkə gəncliyində çəkmişdi, bilmirəm)
şaqqa çəkib gülən siması göründü, fəqət o simanı da boz bir duman aldı...
Lorkanın misralarında Eldarla Lorka ilk dəfə üz-üzə gəldilər:
Qanadlarıma
görə geri qayıdacağam,
qoy
geri qayıdım,
ağ
rəngli bir diyarda ölmək istəyirəm,
Dünənlərin
diyarında...
Qanadlarıma görə geri qayıdacağam
qoy geri qayıdım,
dənizin
gözündən uzaqda,
Sərhədsiz
bir diyarda ölmək istəyirəm...
Sonra
eşitdim ki, Eldar “ala-bula” adamların güdazına gedib. Sinəsinə dağ çəkmək üçün
oğlunu maşınla vurub öldürdülər – təbii bunun adı bir qəza kimi düşdü tarixə. Fəqət
bu qəzanın nə qəza olduğunu bir Eldar bilirdi, bir o “ala-bula” adam bilirdi,
bir də o gözəgörünməz kişi... O da ki, hələm-hələm reaksiya verən deyil. Səbri
gendi. Əlli il, yüz il...
Eldar
isə kənddə, düzün ortasında maşınla vurulan balasına ağı deyirdi:
Ay
ölüm, ağlama sən də,
Gözlərində
yaş görməyim.
Didib-dağıtma
sinəni,
Sinən
daşdı, daş görməyim.
Sən də
bir tale qarğışı,
Qapıda
dolanma, yaxşı...
Düşüb
üzüyümün qaşı,
Üzüyündə
qaş görməyim...
Keç
içəri... dərd dərində,
Dərd
mənim can dəftərimdə.
Uzan
Andayın yerində,
Mən o
yeri boş görməyim.
Lorka
da elə bil ona doğru gələn xatanı duyurdu. Sanki anlamışdı ki, həbsi ilə
qurşuna düzülməyi cəmi üç gün çəkəcək. Əli qanlı adamlarçün güllələnənin
kimliyi maraqlı deyil, onlarçün ölüm statistikadır. Lakin neçə şeiri, pormanı,
dram əsərini güllələdiklərinin fərqində deyildilər! Elə bilirdilər hər atılan
güllə ətə dəyir – anlamırdılar ki, kağıza, qələmə, mürəkkəbə, ədəbiyyata dəyir
onların məşum güllələri!
Sanki
şair bunları duyurmuş kimi yazırdı:
Unut
bizə gələn yolu.
Kəsilmə
qapıda qənim...
Eldar
ölümün həyatdan üstün olduğu, ölümün meydan suladığı, ölümün başda oturduğu
yerdə yazırdı ölümsüz şeirlərini. Sovet höküməti deyilən şər imperiyası özü
boyda bir ölüm makinasıydı. Qabağına çıxanı udurdu. Yarandığı gündən həyatla
deyil, ölümlə uğraşırdı bu qondarma dövlət. Lenin deyibən Lenin ola bilməyən
kişinin cildinə girmiş Stalin adlı bir İblis od püskürür, qan qusur, ölkəni də
qana bələyirdi. Ən çox ziyalı qanı içən bu diktatoru bizimkilər Koba deyib qəhrəmana
çevirir, ellər atası eləyib yarımallaha bənzədirdilər... Və nə yazıqlar ki, bu
“yarımallahlar” hələ də canımızda, qanımızda gizlənən gizli kodla bizi idarə
edir, demokratiyanın, saf sözün deyil, çiy sözün, yalanın, saxtalığın yanında
olmağa itələyir bizi... və biz də himə bəndmiş kimi gedirik...
Eldarın
davası bunlarla idi. Bizi ora itəliyənlərlə və o itələnən yerə it kəmsiyə gedən
kimi gedən bizlərlə:
Dizini
çək, diz yiyəsi,
Nə qədər
dizləmək olar.
Nə qədər
sevinci qovub,
Dərdi
əzizləmək olar.
Bu
aslan o aslan deyil,
Bu
yastan o yastan deyil,
Dünya
axı bostan deyil,
Nə qədər
üzləmək olar.
Bir
çiçəyi dərməyəndən,
Bir
yetimə verməyəndən,
Ölümünü
görməyəndən,
Nə
desən, gözləmək olar...
Lorkanın
şeirləri də, pyesləri də ölümə, qana qarşı idi. Bu misralarda “rüzgar
qovaqların saçlarını yelpikləyir”, “sevgililərin ürəyi atır”, “bülbülün cəhcəhi”
duyulur və “məhəbbət portağal rəngində” dil açır. Və belə bir sevgi, eşq aləmində
kimsə tüfəng axtarır, kimsə silah istəyir, kimsə bıçaq tələb edir. Onda milliyyəti
bilinməyən bir ana (böyük ədiblərin qəhrəmanlarının milliyyəti olmur – onlar
böyük hərfli insanlardırlar) nalə təpərək hayqırır: “Tüfənglərə, tapançalara, ən
balaca bıçaqlara belə, hətt toxaya, yabaya da lənət olsun!” (Lorka “Qanlı toy”
pyesindən, çevirən Əfqan Xəlilli.)
Lorka
da, Eldar da ictimai motivli əsərlərində xalqının özgürlük istəyini dilə gətirir,
zira onların ikisində də daha çox bəşərin arzuları önə çıxır. Lorka yağışı vəsf
edəndə insan bütün kin-küdurəti unudur, dünyanın gözəlliyinə valeh olur, sevib,
sevilmək istəyir:
Canlanır qədim bir əsatir kimi,
Mavi
bir busətək öpür torpağı.
Odur
qovuşduran səmayla yeri
Aramla düşərkən bir axşamçağı...
Bu da
Eldarın qənaətidir: insan oğlu bu dünyaya gələndə bir əlçim bulud kimi ümid
başının üstündən əskik olmur. O gərək o ümiddən bərk yapışsın. Biri “Həşimin
oğlu”, biri “Vəlişin oğlu”, biri də “Həmidin oğlu” olsa da, sən “ümidin balası,
ümidin oğlu” olduğunu unutmamalısan. Sənə verilən bu missiya həm də bir
şairlikdir ki, hər kəsə nəsib olma. Ona görə də kimlərinsə əli ümiddən üzülə
bilər, səninki əsla:
Elə
bil dünyanı verdilər mənə,
Dünyanın içindən
seçdim ümidi.
Təndir çörəyi tək yedim ümidi,
Bulaq suyu kimi içdim ümidi...
***
Bu yazı bir tədqiqat işi deyil, zira
buracan uzanmağına səbəb də gələcəkdə bir əli qələmli, qoltuğu netbuklu gənc ədəbiyyatşünasın yol bələdçisi ola bilmək
amacıdır. Mən yazdım ki, kimlərsə davam etsin. Ayrı-ayrı ölkələrdə, ayrı-ayrı
paralellərdə yaşamış iki böyük ola biləcək, fəqət böyümələrinə imkan verilməyən,
sözləri ağızlarında güllələnən, sözlərinə zəhər qatılan şairin
yaradıcılıqlarına bir güzgü tutduq. Lorkanı dilimizə çevirən, kitabını çap edən
Elçin İskəndərzadəyə var olun deyibən yadına bir nəsnəni salmaya bilmirəm:
2004-də Lorkanın Azərbaycanda kitabını buraxmaq nə qədər böyük fəzilətdirsə,
1988-dən bu yana Eldarın kitabını buraxmamaq o qədər... Bu məsələnin ona, əlbəttə
bir dəxli olmamalı... Axı Lorkanın ölümündən 88 il ötüb, Eldarın ölümündən isə
26 il! Yəni, 62 il ötməlidir ki, Eldarın da əsərləri nəinki bizdə, hətta
İspaniyada çap olunsun...
62 il...
Gözləyək...
Ölənlər öləcək, Lorka ilə Eldarsa əbədidir.
Əbədiyə illər nə edər ki?..
22-25.06.2022

Yorumlar
Yorum Gönder