AZAD QARADƏRƏLİ "QIRILDI BİR ZƏRİF ŞÜŞƏ İÇİNDƏ..." (Müşfiq misralarına bir ağız ağı.)

 



            

 

                                      AZAD QARADƏRƏLİ

 

                         “QIRILDI BİR ZƏRİF ŞÜŞƏ İÇİNDƏ...”

 

                           (Müşfiq misraları üzərinə bir ağız ağı)

 

 

 


            Mən Müşfiq haqqında heç vaxt üçüncü şəxsin təkində, yaxud ikinci şəxsin cəmində danışa bilmirəm. Ona, birbaşa “Sən” deyə müraciət etmişəm ürəyimdə. Lap tay-tuşum kimi, sinif yoldaşım, dərnək yoldaşım və tələbə yoldaşım kimi... Axı o elə o yaşlardan o yana gedə bilmədi.

            Müşfiqin cavan ölümü məni o qədər yandırmayıb ki, “dostlarının” atdığı qələm güllələri yandırıb! Bir ara “Yazı”da o qələmdən atılan güllələri çap edirdim.

            Müşfiqin doğma torpağına – Xızıya gedərkən, onun kəndindəki abidəsini ziyarət edərkən ayağımı çox ehtiyatla götürüb-qoyurdum. Şairin buralarda mürgüləmiş ruhunu oyatmaqdan qorxurdum sanki. Böyük ola bilməyən, böyüməyən, həmişəcavan qalan şairin bu bənzərsiz misralarından qopubmuş kimi o gün göylərdə göyərçinlər sirli-sirli dövrə vururdular:

 

            Xəyalın qarşımda canlandı birdən,

            Göyərçin əllərin yadıma düşdü...

 

             Qısa bir ömür sürən (“yaşayan” yazmışdım, gördüm düz gəlmir, “sürən”lə əvəz etdim), bu şimşək misallı illərin böyük hissəsini oxumağa, öyrənməyə və yaradıcılıq üçün məşq edən Müşfiqə, nə yazıq ki, yazmaq zamanı tanımadılar. Bir “pıqq” eləməyə qaçıb kol-kosa girən, hökümət saytlarının, AYIB-ın pul kisəsinin kölgəsində yatanlar “əlimi kəsərəm, Cavidi satmaram” deyən şairə nələr, nələr deməzlər...

 

            Sevgi vardır ki, dodaqlarda açar güllərini,

             Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir –

 

misraları Müşfiqin irəlidə hələ nələr yazacağından xəbər verirdi. Amma ki, deyil. Yəqin ki, o da yarışa qoşulacaq, Kobadan, “əzəl mübtəda”dan, “Şimaldan doğan şünəş”dən şeirlər, poemalar yazacaqdı – başlamışdı belə!.. Amma hərdən gözünə qatıb belə romantik misralarla qəlbimizi süsləyəcəkdi:

 

            Qarşımda nazlanıb yenə gülürsən,

             Bilsən gülüşlərin nəyə bənzəyir?

             Mən desəm artıqdır, özün bilirsən,

             Lalə yanağında şehə bənzəyir.

           

            Müşfiqin bəzən bir misrada dediyi deyimi şairlər var ki, bütün ömrü boyu deyə bilməyib. Ya da bir zavallı heç bilə bilərmi sevdiciyinin gümüş topuğu ola bilər və o gümüş topqda xal var ki... Eh, qardaşım, bacım, sən axı bunu hardan biləsən?! Sən ki Müşfiq deyilsən...

           

             Gəl çəkmə könlümə sən hicran dağı,

             Gümüş topuğunda xal, sənə qurban.

 

            Bakı küləklərini söyən, yamalayan o qədər adam gördüm ki! Kiminin gen donunu qaldırıb paraşütçü kimi havada süzdürüb, kiminin papağını başından alıb, kiminin yalın əynini yarıb keçərək üşüdüb... Amma gör Müşfiq bu küləkləri necə görüb:

 

            Кüləкlər, кüləкlər, bəstəкar кüləкlər,

            Dünyanı dolaşan bəхtiyar кüləкlər! 

                                  

            Müşfiqin istedadı o qədər güclü idi ki, fəhmlə az qala 100 il qabqğı – indiki votçapda bir-biri ilə görüntülü danışanları da görüb! Şair nanatexnologiyanın bir zamanlar xarüqələr yaradacağını xəyali bir dillə belə verib:

           

            Əvət, böylə qalmaz yarın bu ölкə,

            Tеlfonda fiкrimi açarкən sənə,

            Həsrətlə baхdığım üzün də bəlкə

            Uzaqdan uzağa görünər mənə.

             

            Əlbəttə, bu yazı bir tədqiqat işi deyil. Bir “sinif, yaxud tələbə yoldaşının, lap elə dərnək yoldaşının” qeydləridir. Axı Müşfiq haqqında az yazılmayıb. Ancaq bu fikirdəyəm ki, onun haqqında da yeni sözü yenə yaşıdları – indiki 30 yaşlarda olanlar yazacaqlar – Müşfiqi mənalandırandan sonra...

            Və sonda. Müşfiq misralarında bir epoxa gəzdirən şairdir. Yüz il işlək olan gözəl sözlərimiz onun şeriyyətinin hesabına işləklik qazanıb. Biri elə “səyrişmək”, yaxud “sayrışmaq” sözü. Yaxud “əyişmək” kəlməsi. İndi Türkiyə türkcəsində fəal olan “aşı” kəlməsinin də bir zamanlar dilimizdə işlək olduğunu onun misralarından bilirik:

 

             Sən aldın aşını yeni hisslərdən,

             Ey cavan qələmim, düşmə bəhərdən,

             A dostlar, söyləyin, mən bu hünərdən,

             Bu təbi valadan necə əl çəkim?

 

            Müşfiq bir şeir yolçusudur. Təzə-tər misraları ilə çıxdığı yolda ağır dərbələrə tab gətirməyə də bilər – maya tutub güc almağa zamanı olmamış axı sahibi kimi. Ona görə bu kövrək poeziyaya elə kövrək yandan baxmaq gərək. Əks halda, 84 il əvvəl olduğu kimi, şüşə  olub qırılar, özünü də doğrayar, ətrafa da qanqaraçılığı düşər...

            Bu da onun son sözü:”Qırıldı bir zərif şüşə içində...”

 

                                                                                  13.06.2022

 

 

 

           

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)