AZAD QARADƏRƏLİ ŞEİRİN VƏ ŞAİRİN ZAMANI (esse)

 

                             AZAD QARADƏRƏLİ

                             ŞEİRİN VƏ ŞAİRİN ZAMANI

 

                        (Bir şairin və bir şeirin yazdırdığı esse)

               

 


            Neçə min illərdir bəşər tarixi iki əfasnəylə nəfəs alır: biri havadır ki, onu Tanrı müftə-müsəlləm yaratdıqlarına bəxş edib ki, boğulmasınlar, nəfəs ala bilsinlər. Biri də eşqdir. O isə Tanrının bəxş etdiyini dartıb boğazımızdan çıxardır, bizi boğur, boğur, boğur… Ta ki, o eşqin mübtəlasını bulanacan. Bəs bulmasan nə olur? Onun bircə əlacı var: şeir yazacaqsan! Hə, hə. Düz eşitdiniz: şeirdir bu yaranın məlhəmi.

            Şeiri yazandan sonar tas-fasan sönsə, oturub ikincini, üçüncünü, yüzüncünü yazsan, sonra səndən qabaqkı yazanların da kitabına baxsan, fikir dəryasına cumsan, şair olacaqsan. Yox, bir-iki şeir toqquşdurub laübali çöllərə düşsən, daha səninki məcnunluqdur… İndi başqa bir şair lazım ki, sənin taleyini yazsın…

            Hər iki halda bir əfsanəlik, bir mistika, bəlkə bir qaramatlıq da var. Dərdini, odunu, içinin sirrini yaz ki, aləmə faş olsun?! Bunu kim edər ki? Eşq deyilən şey bir az mübhəm gərək, illah da Şərqdə… Yoxsa ki, qələm götür, yaz içini, çölünü yandıranı sök, tök dərdini ortalığa; ol lağ-luğaz yeri… Hələ bir sənə Məcnun da desinlər… Sonuncu səma Kitabında bəlkə bu kimi xislətləri düşünübən dünyanın yaradıcısı gör nə deyir: “(Müşrik və kafir) şairlərə gəlincə onlara yalnız azğınlar uyar!”(Quran, “Şairlər” surəsi, 224-cü ayə.)

            Elə bilirsiniz bununla qurtardı? Bitdi? Haşa! Yoğunu yorğandadır:”Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərkərdan gəzib-dolaşırlar?(Hər yerə meyl edir. Birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər.)

            Bu da hamısı deyil. Ən kəskini və ən təhlükəlisi sonra gəlir ki, bir cümlə ilə sənin yaradıcılığının üstündən qalın bir xətt çəkilə bilər:”Və onlar etmədikləri şeyləri deyirlər.(Onların dediklərinin əksəriyyəti yalandır!)

            Fikir verirsiniz? Hamısı demir. Əksəriyyəti deyir. Yəni əl yeri qoyur. Yəni söhbət bütün şair və şeirlərdən getmir. Hətta allah da şedevr olana dəymir. Və bundan ruhlanan şeirin Allahı Füzuli Yaradanın sözünün üstün gəlir: “Aldanma ki, şair söz əlbəttə yalandır…”

             Bu da ustad Sədinin yanaşmasıdır:

 

            Yüz əyri ox atsan olmaz dəyəri,

            Bir ox at, hədəfdən getməsin əyri.

 

            Yəni, yüz boş söz deyincə, bir dolusunu de, kifayətdir. Bu kişi də yuxarıdakı əksəriyyətin içərisində deyil, seçilənlərdəndir ki, Allah da onları ayırıb, çoxluğa bulaşdırmayıb. Bu ayırmaq ifadəsi elə yerinə düşdü ki, burada şeirin seçilmişlərindən olan Brodskinin fikrini yada salmaya bilmərəm: “…Dünyanı, yəqin ki, xilas etmək mümkün olmayacaq, amma ayrıca bir adamı hər zaman xilas etmək olar.“

            Ayrıca bir adam… Bu, həyatda yalnız nəcabətli  olan birisi də ola bilər, böyük fəzilət sahibi də, bir sərkərdan dərviş də, övladına çörək qazanmaq üçün dilənməyə məhkum edilmiş yolçu da, xəstə körpəsini sakitləşdirməmiş gözünü qırpmayan ana da və… və minlərlə sözün içindən yalnız ona məxsus olan safını seçən söz sahibi şair də… Allahın belə lənətləməyə əli gəlməyən söz xridarı, yeni sözün, astarlı, xovlu, məkruf sözün…

            Belə sözün sahibi olmaq üçün gərək hər şeydən keçəsən. Hətta bunlara da hazır olmalısan:

 

           Neylək, dostum...?

           Gələn getdi, olan oldu.

           Bu da ömür,

           Yaşamaq da talan oldu.

           Nə arzular göyərtmişdim

           Nə çiçəklər soldurdular.

           Nə zaman dua etdimsə,

           Göyü Yerdən qaldırdılar…

 

            Bu şeirin sonrakı misralarında ilk baxışda puç olmuş bir ömrün pillələri ilə aşağı düşən birisinin təsvir edildiyi gümanındasan. Bu düşmək Anadolu türklərindəki qəza anlamında da ola bilər, bizim türkcədəki enmək, oturmaq mənasında da. Amma burda daha çox taran var. Yanaqlar nəmiş çəkir (nəm yox ha, nəmiş!), gül bitmir – gülüş yox olub. Əsl taran isə burdadır: hamı getsə də, Eşq başından getməyib…

 

            Nəmiş çəkdi yanaqlarım

            Daha güldüm gül bitmədi.

            Get - dedim, başımdan Eşqə,

            Hamı getdi, O, getmədi...

 

            Əsil qəza vəziyyəti… Ya bəlkə ən xoş dəqiqələr?! Nə bilmək olar? Biz bunu bilsəydik, daha niyə söz güləşdirirdik ki? Hətta Ktablar Kitabı da bu vəziyyəti ayırıb, seçib… Şairin və şeirin ən ülvisinə toxunmayıb, onu lənətlədiyi əksəriyyətin içinə salmayıb…

            “Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün” (Şəms Təbrizi). Hamı, hər şey, hər kəs qaçır səndən, doğmalıarın belə. Çəkdiyin dərdlər belə. Zaman belə səndən üz çevirir. Füzulinin qəzəli nalə çəkir (“Tutuşdu qəm oduna şad gördüyün könlüm), o sa görür ki, yol üstədir, o sa görür ki, daha gecdir:

 

            Bütün dərdləri cəkmişdim

            Bütün dərdlər yalan oldu

            Bir də gördüm zaman keçdi,

            Bir də gördüm daha gecdi.

            Bir də gördüm yol üstəyəm,

            Anam dedi ki, xəstəyəm

            Atam dedi, gələmmirəm…

 

           Buracan bir şeirdən, süjetli bir parçadan söz açdığımı bildiniz yəqin. Həm süjetlidir, həm də süjetsiz. “Nə yatdım ki, nə də vaqiyə görəm” kimi bir deyim var. Bu şeirin qəhrəmanı axı bir göz qırpımı kimi ömür yaşayb… Eşq gəlib və getməyib ki,  bir nəfəs ala, boğulmaya. Hə, hə! Biz görmüşdük ki, buracan yazan şairlər Eşqin və aşiqin (yaxud məşuqun) vəfasızlığından, onu tərk etdiyindən, xəyanətdən yazır, ah-nalə çəkirdilər. Bizim qəhrəmanda tərsinədir: Eşq gəlib və getmir! Onun yaşadığı bu dünyada süləndiyini zənn edirlər. Düzlər yalan, olanlar da talan olub. Sənin etirazların qəbul olunmaz ki… Zamanın doldusa, sus və yır-yığış et. Axı bu söz elə-belə deyilməyib:”Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar razılaşa bilər” (Mövlana).

        

         Deyə bilmədim ki,

          Allah!

          Mən də nəfəs alıram e,

          Yaşayıram, bu dünyada

          Sülənmirəm!

          Neylək, dostum, olan oldu

          Nə vardısa talan oldu,

          Nə düzdüsə yalan oldu,

          Bir də gördüm ki, səhərdi

          Bir də gördüm əcəl gəldi,

          İstədim ki deyəm "axı ..."

          Dedi: “Gedək... Sürən doldu!”

 

            Bu şeir gənc bir xanımındır. Bahar Zamanova – Bahar Zamanı. Nə şəklini görmüşəm, nə səsini eşitmişəm. Yalnızca yazısının ruhundan gənc olduğunu bilirəm. (Amma səhv də edə bilərəm: məlkə yaşı keçmiş bir qarıdır. Bəlkə kişidir qadın imzasıyla yazır?!)

           Varmı belə bir adam? Mifmidir? Əfsanəmidir? Hər kimdir, yaxud, hər nədirsə, şeir deyilən afət odur!

            S.A. 1. (Söz Ardı)

            Mən Bahar Zamanının başqa şeirlərini də tanıyıram və sevə-sevə oxuyuram. Bəlkə, yaşdandır. Bu şeir mənə daha yaxın gəldi. Ona görə bunca zamanınızı aldım.

            S.A.2.

            Sözdən, şeirdən, kitabdan bunca uzaq düşməyimizin bir səbəbi də bizi bu şeirdəki kimi allahsızcasına talana məruz qoyanlardır. Qarın davası, çörək savaşı bizi elmdən, kitabdan və sözdən, onun zərif qızı şeirdən uzaq salıb. Gün gəlsin, hamılıqla deyək: kitab zamanı, zöz zamanı, şeir zamanı! Və Bahar Zamanı!

            Sürəniz heç dolmasın!

 

                                                                                             

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)