AZAD QARADƏRƏLİ ALIŞQAN hekayə

 

                                            AZAD QARADƏRƏLİ

 

                                                       ALIŞQAN

                         (Qarabağ qazisi Zaur Həsənovun xatirəsinə)

                                                                                                                  

                                                                           “Azərbaycanda sunami gözlənilir, pul sunamisi”

                                                                                                               Rino Harniş

                                                                                                      ABŞ-ın Azərbaycandakı

                                                                                                              keçmiş səfiri

           

 


 

               Birinci hissə

 

            Adam bu dəfə qərarlıydı: nə olur olsun, sədrin qəbuluna düşməli, iradəsini yeritməliydi. Qarşıdan Yeni il bayramı gəlirdi. Bu yadına düşəndə  acı-acı gülümsündü.  Gülümsünmək deyildi bu. İçində boğulan qəhərin gülüş rəngində üzə çıxması idi: “Hələ yalannan Dünya azərbaycanlılarının həmrəyliyi günü də quraşdırmışıq. Burdan-bura bir-birimizlə həmrəy ola bilmirik, okeanın o tayındakı azərbaycanlı ilə süni, yalançı  həmrəylik  nə təhər olur? Sən mənim balamın boğazının çörəyini kəs ki, mən həmrəylik günü keçirirəm? Heç gör dəxli var?.. Mən axı əlil olmasam (vallah bu qazi sözünü heç xoşlamadım – məğlub ordunun əsgərinə necə qazi demək olar axı? Yaxşısı elə əlildir, əlil... müharibə əliliyəm...),  indi sənin qapını kəsməzdim ki. Müharibədə  güllə yarası alanacan,  kimsə mənim qolumu qanıra bilməzdi. Ən  çətin, ən ağır işlərə girişmişdim həmişə. Amma indi yarımcanam... ayağımın biri, qolumun da biri yaxşı işləmir... ona görə sənnən ayrı şey yox, ədalət istəyirəm...”

            Döyüşə gedirmiş  kimi üst-üstə   qalın geyindi. Axşamdan hazırladığı  lazimi əşyaları  nimdaş gödəkçəsinin altından bağladı. Məktəbyaşlı oğluna da tapşırdı ki, əynini qalın  geyinsin. Belə çətin işə gedəndə onu həmişə özüylə aparırdı. Hələ  cəmi on iki yaşında olsa da, atasının məmurlarla, yaxud polislərlə dartışmasında   qolundan tutar, aradan çıxmasına yardımçı olardı. Bu dəfə qızı da onlara qoşulmuşdu. Atanın etirazına baxmayaraq, qız özünü yerə sürtüb ağlayır, gedəcəyini deyirdi.  Qız  anasına  oxşayırdı deyin, onu çox istəyirdi.  İndi uşağın  bu israrına,  illah da göz yaşlarına dayana bilmədi. Qəhərdən əyilmiş üzünü uşaqlarından  gizlənməkçün guya ayaqqabısının bağını  bağlayırmış kimi aşağı əyildi və axır ki, razılaşdı.  

 

                *** 

            -Nə olar, məni müəllimlə görüşdürün...

            -Olmaz.

            -Çox xahiş eliyirəm... Mən axı...

            -Ə, sən nə sırtıq adamsan! Dedim olmaz!

            -Bilirsən, mən səni  tanıyıram... Sən sədrin bacısı oğlusan! Səni bura qoyub ki, onu mənim kimi şikayətçilərdən qoruyasan... Amma nə eliyirsən, elə, mən bu gün onu görməliyəm. Qarşıdan  Yeni il gəlir. Mənim uşaqlarım acdılar... Mən haqqımı tələb edirəm! Çayxanamı qaytarsın! Yoxsa...

            -Yoxsa, nə, ə?! Nə eliyəssən?! Belə şərəfsiz adam olar!..

            Son sözlər güllə kimi dəydi ona. Neçə il əvvəl döyüşdə aldığı yaraların yeri gizildədi, sancdı, sonra harasısa  od verib yandı. Yanığın alovu ağzından  çıxıb  dil-dodağını qarsdı. Kəkələyə-kəkələyə dedi:

            -Mən... mən... Qa... Qarabağda canımı qoyanda, sən... sən hard...  harda sülənirdin, bilmirəm! Mənim şərəfim... şərəfim o torpaqların uğrunda qurban gedib! Bəs sənin şərəfin hanı?! Hay?!

            Sədrin köməkçisinin yanında duraraq açıq-aşkar  ona yaltaqlanan  yaşlı adam köməkçiyə  göz vurdu:

            -Bəlkə çıxardıb göstərəsən?

            Köməkçi irişə-irişə əlini qıçının arasına aparır və şaqqa çəkib gülür. Əsəbindən üzü səyriyən  şikayətçi  bir ayağını çəkə-çəkə çəliyinə söykənib  onların ikisini də  itələyərək içəri keçmək istəyir.

            -Çəkilin, ə! Məni dolayırsınız! Sə... sən... Sənnn  öl, sizi elə doluyaram ki...

            Amma şikayətçi  yarımcandır,  müharibənin vurduğu  yara  sağalsa da, onun  fiziki gücünü  almışdır.  İki adam birləşib şikayətçini çölə atırlar.   Bu vaxt iki məktəb yaşlı uşaq bura gəlib  asvalta uzanmış adamın  qolundan tutub ağlaya-ağlaya qaldırmaq istəyirlər.

            -Ata...

            -Ay ata, dur gedək də, nə olar?

            -Kəsin! Döyüşçünün  balası ağlamaz! Acınnan ölsəniz də,  ağlamayın bu nakəslərin qabağında! Siz gedin o tərəfə, mən bir də  çalışım görüm, bəlkə girə bildim içəri...

            Bu vaxt  bahalı xarici maşın dayanır,  sədr maşından düşür, tələsik  kandardan keçmək istəyir. Şikayətçi özünü onun yoluna atıb qışqırır:

            -Müəllim, mənim balalarım acdır, özüm də müharibədə şikəst olmuşam, day bunu bilirsiniz...

            Sədr ona tərs-tərs baxır və qışqırır:

            -Yenə sənsən? Ə, səni mən göndərmişəm müharibəyə?! Sənin çayxananı mən əlinnən almışam? Get məhkəməyə müraciət elə... Ə sən nə...

            -Ay müəllim, məni otarma! Sən göstəriş vermisən, hakim də o cür qərar qəbul edib... Bayramqabağı məni qana salma!

            -Nə edəcəksən?! Məni hədəliyirsən!?

            -Yoox, sənə gücüm çatmaz. Eləsəm,  özümə eləyəcəm.

            -Sənin ona qeyrətin çatmaz!

            Sədr çıxıb gedir. Şikayətçi  bayaqkı dartışmada ağrımış  şikəst ayağını  tutub yenə qapıya yaxınlaşır və bu dəfə  nalə təpib qışqşrşr:

            -Bax, budu  sizə deyirəm! Ya bu gün mən sədrin yanına girəcəyəm, ya da...

            “Bacıoğlu”  qapıya çıxıb onun üstünə bağırır:

            -Özünü niyə hayasızlığa qoymusan?! Gördün ki, səni qəbul etmək istəmir! Get məhkəməyə de dərdini!

            Şikayətçi bu dəfə  daha bərkdən bağırır:

            -Elə eləməyin ki, qanımı üstünüzə töküm...

            Bayaqkı yaşlı adam “bacıoğlu”ya göz basıb rişxəndlə deyir:

            -Neyliyək, bu qan salacaq!

            Bacıoğlu ağzın əyir:

            -Pox yeyəcək!

            Şikayətçi onu buradan uzaqlaşdırmaq istəyən polislərə bağırır:

            -Buraxın, yoxsa yandıraram özümü!

            Birinci polis onu itələsə də qorxmuş  halda geri çəkilir, “bacıoğlu”ya baxır:

            -Rəis, bu deyir özümü yandıracam.

            “Bacıoğlu”:

            -Yox, a? Yalan demir ki?

            Yaşlı adam bu dəfə  elə göz vurur ki, elə bil gözünün qarası itib gedir və açıq lağla deyir:

            -Atam danışırdı  ki, o rayonda  katib olanda biri nefti töküb üstünə və deyib ki, bu saat özümü yandıracam! Kişi deyirdi ki, baxdım gözünün içinə, gördüm bu qorxağın biridir, bunnan özünü yandıran çıxmaz. Çıxartdım kibriti verdim, dedim di yandır! Kişi dalı-dalı çəkilib getdi... Ha-ha-ha-haaaaaaa!

            Əvvəl “bacıoğlu” hırıldadı, sonra polislər də gülüşdülər. Bu vaxt  şikayətçi  qoltuğundan  bir “çubuş” butulkasına bənzər nəsə  çıxartdı, (amma bu faktı sonrakı dəlillər təkzib edir)  içindəki nefti  başına tökdü və bağırdı:

            -Sizi xəbərdar edirəm, bu dəqiqə  məni içəri burxmasanız, özümü yandıracam! Yaxın gəlməyin, çəkilin, çəkilin deyirəm!

            “Bacıoğlu”  bahalı siqaretini çıxardıb  damağına qoydu, sonra  gümşü rəngli alışqanla yandırdı, ləzzətlə sümürəndən sonra alışqanı  şikayətçiyə uzatdı:

            -Hadi, yandır görək, necə yandırırsan!

            Nə oldusa bir göz qırpımında oldu. Əvvəl alov, sonra  ütülmüş  baş iyi, sonra  yanıq ət iyi,  alov içində ora-bura qaçan şikayətçinin    onun məktəbyaşlı uşaqlarının bağırtısı...

 

             ***

            Bir sutka sonra  şikayətçi dərin yanıq  diaqnozu ilə öldü.  Ölümündən sonra  ona... daha doğrusu, onun ailəsinə  küllü miqdarda pul verildi. Yüz min, iki yüz min... Sonra nazirlər bəhsə düşüb  pulu ailəyə şabaş kimi səpələdilər. (Pul gəldikcə gah gülən, gah ağlayan məktəbli oğlan boğula-boğula deyirmiş: “Atam demişdi də! Demişdi ki, neft çoxalacaq. Yəqin çoxaldı! Heyf ki, atam görmədi...) Çayxanası ailəsinə qaytarıldı. Hələ qəbiri də götürəcəkmişlər: qara, ən bahalı mərmərdən.

                           

                ***

            Bir gün sonra  başqa bir nəfər də  özünü yandırmışdı. Sonra daha birisi.

            Yer-göy neft qoxuyurdu. Alışqana bənd idi.

              

              ***

        Şəhərin mağazalarında  alışqan qalmamışdı. Siqaret çəkən, çəkməyən – hər kəs alışqan alırdı özünə. Hətta məktəblilər də çantalarında alışqan gəzdirirdilər. Bunu eşidən Binə və Sədərək ticarət mərkəzinin alverçiləri Çindən alışqan idxalını gücləndirməyə başlamışdılar. Təxminən bir ay sonra şəhəri alışqan basmışdı.

           

           

                       

          İkinci hissə

 

            Hadisədən dərhal sonra bir-iki jurnalist hadisə yerindən reportaj hazırlasa da, ya onların bəzisini çap etmədilər, ya da hökumətdən  təzə aldıqları evin yeni il qabağı qaramata bürünməsini istəməyib özləri çapa vermədilər. (Yazıqları qınamalı deyil. Eləsi var illərdir zirzəmilərdə ailəlikcə kirayənişin qalmaqdan beziblər. İndi belə vaxtda bu cür gic-gicə məqalə yazmaqla hökumətin verdiyi  qənimətə burun-damaq eləmək  axmaqlıq olardı – nə olsun senzura götürülüb, bəs sənin öz ağlın, fəhmin?) Həmin   yazılardan əlimizə keçmiş bəzi parçaları burada verəcəyik. (Bu yazıların çoxu vaxtilə sərt müxalif mövqeyi ilə seçilən, indi isə ayağısürüşkən ərli qadınlar kimi gecə ərinin, gündüz  oynaşının yanında olan  sayt    qəzetlərin müxbirlərinin əldə etdikləridir.)

            Yenicə 12 min verib polisə düzəlmiş gənc polisin hadisədən sonra dediklərindən:

            -Hər tərəf  benzin qoxuyurdu.  Elə bil ürəyimə dammışdı. Mən daha təcrübəli olan paqon yoldaşıma dedim ki, bu adam özünü yandıracaq. O da dedi, qorxma yandırmaz, mən belələrini çox görmüşəm... Əslində düzdür.  Axı kim deyir ki, o üstünə neft töküb. Gözümün şahidiyəm, çubuş butulkası-filan yox idi. Heç neft iyi də gəlmədi. Alışqanın şaqqıldamasıyla bədbəxtin alışması bir oldu. Mənə kömək edən olsaydı, tez söndürərdik, yanıq dərin olmazdı. Hamı qaçdı girdi içəri, kurtkamı çıxardıb basdım üstünə, çox çətinliklə söndürə bildim... Bax, əllərim də yanıb...”

            Bu vəfat etmiş qazinin oğlunun dedikləridir:

            “-Çayxanamızı əlimizdən alannan sonra məktəbə getmirəm. Hər gün gedib talkuşkada qab-qaşıq satıram, 5-10 manat qazanıram. Elə vaxt olurdu ki, sabaha çörəkpulumuz olmurdu,  yeməyi az yeyirdim ki, qardaş-bacıma qalsın... Birdən səhər çörəkpulu olmasa, atam əsəbləşər, piristupu  tutar...  (hıçqıqrıb göz yaşlarını əlinin içi ilə silir, əlinin kiri göz yaşına bulaşıb  üzünə bomboz ləkələr salır) Atam bizə demişdi ki, mən qışqırıb  “özümü yandıracam” desəm, siz qorxmayın. Əgər gördünüz ki, məni döyürlər,  onda qışqırın, hay-küy  salın ki, buraxsınlar... Bacımla mən bilirdik ki, atam əsəbidir, özünü doğrudan yandıra bilər. Ona görə onu gözdən qoymurduq. Necə olub  atam neft götürəndə mən görməmişəm? Yoxsa yanınnan əl çəkməzdim. Zajiqalkanı çəkəndə əlindən dartıb alardım. Ya da özümü onun üstünə yıxardım ki, mənə görə özünü  yandırmasın... Bilirsiz, atam  həmişə deyirdi ki, biz neft ölkəsiyik, tezliklə hamımıza  o var-dövlətdən pay düşəcək...  Deyirdim nə vaxt?  Deyirdi neft çoxalanda payımızı alacağıq. Onda səni İngiltərədə oxudacam, özüm də orda müalicə olunacam... Bəs nə oldu? Bu neft niyə çoxalmadı? ”

            Bu sədrin dostlarına telefonla dediyi sözlərdir. Bunu necə əldə etməyimizi soruşmayın. Bu ölkədə hər kəsin bir informasiya mənbəyi var, bizim də belə. Nəysə, telefon söhbətindən parça:

            “-Bu, mənə qurulmuş bir tələdir. Həmin axşam  təcrübəli polisləri də dəyişib, yerinə  gəncləri qoyublar. Biri hətta bir neçə ayın polisiymiş. Yoxsa, onun nə işi vardı özünü yandıranı söndürməyə qalxışırdı?.. Tamamilə bir oyundur bu, təxribatdır.  Düzdür, bu adam tamam yanmamalıymış – özünü neftlə yox, spirtlə odlamalıymış və yanıq da yüngül olmalıymış... Sadəcə mənə tələ quranlar  bədbaxtı aldadıblar, spirti daha kəskin yanan maddəylə əvəzləyiblər... Bu, yalnız Bakı neftindən alınır. Bilirsən də, bizim neft tərkibinə görə dünyanın ən zəngin neftidir. Yadındadır, İkinci dünya müharibəsində  bizim neftdən alınan donmayan benzinin hesabına almanların başına nə oyun açdı bizimkilər?  Bu da heylə bir şeymiş. Gör nə təhər tez alışan maddəymiş ki, bizim bacıoğlunun  siqaret yandırmaqçün çaxmağını çəkdiyi zajiqalkanın odunu iki metrlikdən alıb bədəni. Bacıoğlu bir az cəld tərpənməsəymiş, o da yanacaqmış... Kaş elə yanaydı! İt küçüyü! Deyirəm, sən niyə  duymadın ki, bu it oğlu özünü yandıra bilər? Nə desə yaxşıdır? Ağlaya-ağlaya deyir ki, dayı, Qafarda oldu günah! (Qafar da bizim qohumdur, uzun illər ÇK-da, BK-da, iri rayonlarda katib işləmiş ağsaqqalımız Rufan müəllimin oğludur. Mənin atamla uzun illər dost olmuşdular. Hara gedirdi  papanı da özüynən aparırdı. Sağ əli olub Rufan müəllimin. Papa danışırdı ki, bir dəfə Mingəçevirə katib göndəriləndə papanı da ideoloji katib aparmaq istəyib, buraxmayıblar. Özü lişno Kişinin qəbuluna gedibmiş bu iş üçün... Hə də, indi dövran fırlandı, Rufan müəllimin oğlunu mən yanımda fırlayıram.) Papa danışırdı  ki, hansısa rayonda katib olanda...  Nə? Mənə nə olasıdı ki? Mənlik nə var e axı burda? Sən də deyəsən, sözlü adama oxşayırsan axı?! Bəsdirin səni allah! Yaxşı, mən adboy verirəm, indi yuxarıdan zəng gəlməlidir, tapşırıq var... Əh, zalım uşağı zalım! Qulaqları səs alıb e!”

            Bunlar da vəfat edənin atasının sözləridir:

            “-Xahiş edirəm, mənim oğlumun ölümünü siyasiləşdirməyin... “

            Bu isə orada olan şikayətçilərdən birinin dedikləridir:

            “-Mən düz onun yanındaydım. Neft-zad tökmədi üstünə. Kiminsə ona tərəf atdığı alışqanı bircə anda yandırıb, bədəninə tutdu, elə qəfil alışd. İndi özümdən qorxuram. Deyirəm, birdən yanımda siqaret çəkənin alışqanınnan mən də alışaram. Uzaq olsun. Bircə bu qalmışdı...”

            Nəhayət, 1-ci sinfə dərs deyən Solmaz müəllimənin dərsdən sonra  evində hazırlıq keçdiyi uşaqlara şövqlə dediyi sözlər:

            “-Təsadüfi deyil ki, Vətənimizə Odlar yurdu deyirlər. Alimlər sübut ediblər ki, hələ qədimlərdə Xəzər sahillərində  alov dilləri ucalarmış. Hətta Xəzərdə də su yanarmış. İndi bizim adamlar da odlu-alovludur. Sadəcə alışqanı yaxınlaşdırmaq kifayətdir ki, Odlar Yurdunun adamları alova bürünsünlər.

            -Hə, məllimə, mən bunu televizorda gördüm... Bir adam özünü yandırmışdı... Söndürə bilmirdilər.”

            Uşaq bunu deyib çantasından çıxardığı alışqanın çaxmağını çəkdi və... müəllimə o dəqiqə alışan uşağı güclə söndürdü.”

            Mavi ekranda  xalq artisti olan bir müğınni isə Yanardağda odların içində gəzə-gəzə oxuyurdu:

            Mən odlar oğluyam, oddan yoğrulmuşam...

 

                                                                                          dekabr 2013-yanvar 2014

 

 

 

                

 

 

 

                     

                            

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə