AZAD QARADƏRƏLİ BİZİM AZƏR ABDULLA
BİZİM AZƏR
ABDULLA
Bilmədik
bu dünya görüş yeriymiş,
Bu
şansı Tanrımız veribmiş bizə.
Sənin
qum saatın nə çox geriymiş,
Mən
səni gözlədim bir ömür boyu...
Azər Abdulla
Azər
bəylə yaş fərqimiz xeyli olsa da, şəhərdə birgə gəzəndə bizi gözənlər yaşıd
hesab edərdilər. Yəni, Azər bəy içində olduğu yaşı heç göztərmirdi. “Şəhərdə
birgə gəzəndə” deyəndə elə anlaşılmasın ki, biz Azərlə çox yaxın, ayrılmaz dostlar
olmuşuq. Xeyir, sadəcə, bir eloğlu kimi, ruhən yaxın adamlar kimi ara-sıra zəngləşər,
bir-birimizin uğurlu yazılarımızı dəstəkləyərdik. Yaxşı yadımdadır, Azadlıq
radiosunun hekayə müsabiqəsində mükafata layiq görüləndə zəng etmiş, sevincini
bildirmişdi.
İlk
görüşümüz haçan olmuşdu, əcaba? Bunu dəqiq xatırlaya bilmədim. Amma
“Qobustan”da hekayəm çıxanda Bakıya yollanıb, “Azərbaycan” dərgisinə getmiş,
dostlarla görüşəndən sonra “Qobustan”ın redaksiyasına da çıxmış, Tofiq Abdinlə,
Azərlə xeyli söhbət etmiş, gedib birgə çay içmişdik. Təbii, çay süfrəsi
sonradan yeyib-içməyə çevrilmişdi. Orada Tofiq Eldar Baxışla Zəngilana gəlmələrindən,
orada mənimlə olan macəradan danışmağa başlayanda Azər bəy gülmüş, “əşşi, gör
Azadla bizim başımıza nə gəlmişdi?!” deyib o məşhur hadisəni bir şövqlə
danışmağa başlamışdı...
...Demək,
hansısa deputat seçkisidir, ya nədir, unutmuşam; işlədiyim Bilik Cəmiyyətinin
işçisi kimi (raykomun binasında oturduğuma görə, məni də raykomun işçisi hesab
edirdilər) Rəzdərə kəndindəki seçki məntəqəsinə təhkim ediblər. Səhər
alatorandan mənə təhkim olunmuş maşına minib, bir başa Rəzdərəyə yollandım. Bu
kənd və onun yan-yörəsindəki Şəfibəyli, Məşədisimayıllı kəndləri mənə çox doğma
idi, çünki bu kəndlərin qarşısından axan Bəsit çayının bir adı da Baharlı çayı
idi və eyni zamanda adını çəkdiyim kəndlərin bir adı da Keçəllər Baharlısı idi,
yəni bizim bu kəndlərin adamları ilə qan bağımız vardı – məşhur Baharlı soyunun
övladları kimi. İkincisi, bizim kənd də daxil, Ördəkli, Qaragöz kəndləri həmin
kəndlərlə birlikdə 1 May sovxozunda birləşmişdilər. Sovxozun direktoru Xasay Məmmədov
da Rəzdərə kəndindən idi. Üçüncüsü, Bəsid çayı boyunca yerləşən məşhur Çinar
meşəsi və Kinav bulağı da burada idi. (Məlumdur ki, bu Çinar meşəsi Avropada
birinci, dünyada ikincidir.)
Nə
isə, idarə binasına çatanda bildirdilər ki, sizi gözləyirik, qutulara və
bülletenlərə baxışa başlaya bilərik. (Mən raykomun nümayəndəsi kimi məsul şəxs
sayılırdım.) Elə məntəqə üzvləri ilə təzəcə görüşürdüm ki, bir az aralıda,
sovxoz direktoru Xasay kişi ilə bizə doğru gələn adamı gözüm aldı. Bir xeyli
aramız olsa da, tanıdım – Azər Abdulla idi. Əvvəl əllə görüşdük. Sonra
qucaqlaşdıq. Xasay gülümsündü və dedi:
-Mən
də hazırlaşırdım sizi tanış eləyim...
Mən
məntəqə sədrinə bəzi tapşırıqlarımı verib, Azərlə bir tərəfə çəkildim. Əslində,
orada bizlik bir şey yox idi. Bizimki burada, bu dağlar qoynunda inanılmaz
qarşılaşmamız idi. Azər bir az aralıda siqaret çəkən Xasayı göstərib dedi ki,
biz Xasayla qohumuq. Təəccüblə, “necə qohumsunuz”? dedim.
Məlum
oldu ki, Azərin anası bu kənddən imiş. Bu yeniliyi müzakirə edirdik ki, Xasay
bizə yaxınlaşıb, harasa getməli olduğunu dedi və bildirdi ki, tapşırmışam,
burda sizə necə lazımdır qulluq edəcəklər. Onunla sağollaşıb ayrıldıq. Və sovxozun
binasının qarşısındakı həyətdə gəzişərək söhbətləşdəyə başladıq. Seçkini tamam
unutmuşduq. Mövzu ədəbiyyat və təbii ki, ölkədəki son durum, ermənilərin fəallaşması,
hərəkatın hansı istiqamətdə irəliləməsi və s. idi. İkimiz də 90-cı illəri
sonunda ölkəmizin gözlənilən fəlakətlərdən necə yan keçə biləcəyini, müstəqillik
savaşımızın necə nəticələnəcyini, ölkədə
gələcəkdə nələrin ola biləcəyini qızğın müzakirə edir, hətta arada özümüzdən
asılı olmayaraq səsimizi də qaldırırdıq.
Günorta
məntəqə üzvləri ilə yemək təklifini mən rədd etdim və xahiş etdim ki, bizə
Kinov bulağının üstündə yüngülcə süfrə açsınlar. İki ədəbiyyat adamı kimi yemək
zamanı da söhbətimizə kimsənin mane olmasını istəmirdik...
Axşam
tərəfi maraqlı bir əhvalat da oldu. Azər dedi ki, bəlkə buranın dəyirmanına gedək?
Mən bildirdim ki, dəyirmana getməyinə gedərik, amma burada bir məktəb direktoru
bizə yaxşı bir süfrə açdırıb, bəlkə yemək yeyək, sonra gedək?
Azər
təkid etdi ki, əvvəl dəyirmana gedək. Payi-piyada yolun ağına düşüb getdik su dəyirmanına.
Elə qapıdaca dəyirmançı bizi qarşıladı, mənimlə əllə görüşəndən sonra üstü
unlu-urfalı Azərə sarıldı, öpüşdülər. Mən də mat-mat baxıram. Adı gərək ki,
İsmixan olan bu maraqlı adamın Azəri hardan tanıdığına təəccüb edirdim ki, o
özü dilləndi:
-İsmixan
mənim xalam oğludur...
Və
elə dəyirmana girib, unluğa, dəyirman daşlarına, təknəyə bir xeyli tamaşa edəndən
sonra çölə çıxanda İsmixanın iki daşın arasında qaladığı ocağa şişləri
düzdüyünü gördüm.
-Sizi
heç yana buraxan dəyiləm... Əziz qohumum gəlib bir, rayonumuzun yazıçısı gəlib,
bu da iki...
-A
kişi, yazıçının böyüyünü qoyub nə yapışmısan mənnən? Əsl yazıçı elə qohumundu
e! – Bunu da mən deyirəm və gülüşürük.
Sonra
dəyirmanın donuzluğundan bir az aralıda, suyun şırhaşır axdığı yerdə göy otun
üstündə oturub İsmixanın dadlı kababından yeyir, özünün çəkdiyi tut arağından
içirdik. Seçki-zad yada düşmürdü...
***
Azər namuslu adam idi. Ona aid olmayan işlərlə
baş qoşmazdı. Radioda çalşdığım dönəmdə mərhum dostum Eldar Baxış iki smetalı
verilişi – “Nağıl axçamı” və “Bəbə” radio tetrına rəhbərliyi mənə həvalə
etmişdi. Mən də 90-cı illərin sonlarındakı ağır sınaq illərində bir çox
yazıçıların çətin durumda olduğunu bildiyimdən bizim uşaq redaksiyası üçün
nağıllar və uşaq pyesləri yazmalarını xahiş edirdim. Həm radiomuzun efiri zənginləşir,
həm də yazıçılar yaxşı qonorar alırdılar. Camal Yusifzadə, Aslan Qəhrəmanov, Ələkbər
Salahzadə, İsa İsmayılzadə, Əhəd Muxtar, Məmməd Elli məmnuniyyətlə
redaksiyamızla əməkdaşlıq edirdilər. Bir gün Azəri raionun foyesində gördüm.
Görüşüb dərdləşdik. Sonra danışa-danışa bizim otağa gəldik. Qaçay Köçərli ilə
görüşdülər. Elə oradaca dedim ki, Azər bəy, bəlkə siz də bizimçün yazasınız?
Smetalı verilişlərimiz var... Əlini yelləyib, “xoşca qalın” dedi və getdi.
Qaçay müəllimin sonradan dediyi söz yaddaşımda əbədi qaldı:”Azər ağırtaxtalı
adamdı. Hər təklifə qaçanlardan deyil. Amma sən bir dəfə də zəng elə, qoy lap mənzum
pyes yazsın...”
Sonralar
görüşəndə dedi ki, bir uşaq pyesinin qaralamasını eləmişəm. Ağardıb, verəcəm sənə.
Sonra
smetalı verilişlər bağlandı. Sonra mən radiodan getdim. Sonra... Sonra...
***
Mən
“Yazı” dərgisini təsis edəndən bir xeyli sonra yadıma düşdü ki, oğlu Alpayın
hekayələrini tez-tez versək də, heç Azərə yazı göndər deməmişəm. Ona görə
telefonla zəng etdim və xahiş etdim ki, ya şeirlərini, yad da hekayələrini göndərsin.
(Buradaca qeyd edim ki, Azər mənə görə ilk növbədə yaxşı şair idi. Sonradan bir
çoxlarında olduğu kimi, Azərdə də nəsr şeiri üstələdi.) Səhv etmirəmsə, “Gül
yağışı” hekayəsini göndərdi və növbəti sayda çap etdik.
Lap
son illərdə Azərin “Qəmərlidən keçən qatar” hekayəsi haqqında bir esse
yazmışdım. Təəssüf ki, o yazı saytlarda yayımlanandan az sonra o müdhiş korona
virus bəlası yayıldı və Azərlə nə görüşə bildik, nə zəngləşdik. Və sonradan da
Azəri itirdik...
Azər
Abdulla bizim Zəngilan rayonuna çox yaxın olan Meğri rayonunun Lök kəndindən idi. Necə deyərlər, əlini uzatsan,
çatar. Ancaq ikimizə də yerliçilik hissi yad idi. Tapındığımız yazıya, adama
bağlılığımız bizim şəxsi münasibətlərimizə qəti mane olmurdu. Azərbaycan
Yazıçılar Birliyinə, onun sədri Anara çox böyük hörmətinin olduğunu bildiyimdən
heç vaxt onun yanında bu mövzuya toxunmazdım, o da mənim AYB və sədr Anarla bağlı
kəskin yazılarım haqqında bir söz deməzdi.
Tofiq
Abdinin yas yerində görüşümüzü heç unutmaram. “Yazıçı”nın Əli bəy Hüseynzadəyə
həsr olunmuş sayını mənə uzadıb qəmli-qəmli gülümsündü. Mən də “Yazı”nın
hansısa sayını ona verdim. Ayrılanda əlimi əlində bir xeyli saxlayıb
dedi:”Bizim də qapımız döyülür... Tofiq getdi...”
İkimizin
də gözlərimiz doldu... Ən əziz adamımızı itirmiş kimi idik...
***
Korona
virus bizlərə təkcə dostlarımızı, qohumlarımızı, yaxınlarımızı öldürməklə zərbə
vurmadı. Həm də onların təziyəsində iştirak edə bilməmklə zərbə vurdu. Mən bu
doğma adamın vəfatını kədərlə xatırlayıram... Ancaq feysbukda oğlu Alpaya
başsağlığı yazmaqla, bir də haqqında yazdığım esseni təkrar paylaşmaqla ürəyimi
soyutdum...
Ürəyimdə
bir istək qalıb. Gərək bir gün Alpaya zəng vurum, məsələn Azərin doğum, yaxud
anım günündə, yaxud elə hər hansı adicə bir vaxtda gedək onun məzarını ziyarət
edək...
Yoxsa
onun ruhu qarşısında ömürlük xəcalətli qalaram...
(“Məndən
sonra” memuar romanından)
08.07.2022
Yorumlar
Yorum Gönder