AZAD QARADƏRƏLİ MÜƏLLİMİM, DOSTUM, SİRDAŞIM...

                                                                PROFESSOR RAMİN ƏHMƏDOV VƏFAT ETDİ!

            

                                AAD QARADƏRƏLİ   

                          MÜƏLLİMİM, DOSTUM VƏ SİRDAŞIM...




          APİ-nin mənə qazandırdığı dostlardan biri, heç şübhəsiz, o vaxtlar aspirant olan, sonralar professor vəzifəsinəcən yüksəlmiş Ramin Əhmədov idi. Ramin müəllim haqqında da geniş danışıb oxucuları yormaq istəmirəm. Mənim müəllimimə bir məktubum var. Zənn edirəm ki, “Yuxın-uzaq dostlara məktublar” kitabımda yer almış o məktubda müəllimimin, dostumun obrazını yarada bilmişəm.                                  

                      MÜƏLLİMİM, ƏDƏBİYYATŞÜNAS-ALİM

                                   RAMİN ƏHMƏDOVA

 

            Hörmətli Ramin müəllim, salam.

            Az.TV-də dünya səviyyəli sənətkar və görkəmli alim Mehdi Məmmədov haqqında veriliş gedirdi və mən bu sənət korifeyinin ömür yolunu seyr etmək üçün hər işi bir kənara buraxıb oturmuşdum ekran qarşısında.Elə bu vaxt Mehdi Məmmədovun nadir  fotolarından olan bir şəkli iri planda ekranda göstərdilər: o,zolaqlı yun köynəkdə əyləşib,çox diqqətlə hara isə baxır,sanki ov üstünə sıçramağa hazırlaşan pələngə bənzəyirdi!

            Yox!Bu bənzətmə tək mənə aid deyil ki…Bunu sevimli müəllimim,əziz dostum, Siz Ramin Əhmədovla birlikdə 33-34 il əvvəl “kəşf etmişik”…

            Ramin müəllim!Biz oxuyan illər(1972-76) APİ-də rüşvətin çiçəklədiyi illər idi.Amma o da vardı ki,mənə və mənim kimilərə dəymirdilər.Və bu məktəbən  məni soyumağa qoymayan  bir-iki müəllimimiz vardı ki,onlardan biri və bəlkə də birincisi Siz idiniz.Sizdən başqa orada mənim böyük ehtiramla yada saldığım  Əlisa Şükürlü,Bayram Əhmədov,Əbdül Əlizadə kimi sevimli müəllimlərim,Mirzə Feyzulla,Ə.Dəmirçızadə,İ.Şıxlı kimi ustad bildiyim şəxslər vardı.

            Siz rus və xarici ölkələr ədəbiyyatından seminar aparırdınız,mühazirə müəllimimiz isə İ.Şıxlı idi.Bu son dərəcə ciddi,qaraqabaq kişi ilə aramızdakı ”soyuq”luğu Siz götürürdünüz.

            “Anna Karanina”nı (o müdhiş birinci cümlədən başlayaraq),”Hacı Murad”ı,

“Ərəfə”ni,”Dubrovski”ni,”Zəmanəmizin qəhrəmanları”nı,”Cinayət və cəza”nı,eləcə də “Faust”u,”İlahi komediya”nı,”Hamlet”i ilk dəfə Siz mənə adam dilində başa saldınız.

       Artıq biz dostlaşmışdıq.Auditoriyadan çıxandan sonra çayxanada,kafedə,bəzən də eləcənə başmaqseyrində seminarda deyə bilmədiklərininzi mənə söyləyirdiniz.Artıq  mənim ilk qələm təcrübələrimdən də xəbərdar idiniz…Və biz Mehdi Məmmədovu da birlikdə o zamanlar “kəşf etmişdik”.Xüsusilə o şəkil ətrafında  saatlarla müzakirə aparmışdıq…

           …Az.TV-də veriliş gedə-gedə Sizə zəng elədim.”Hə,belə olar də,hansısa verilişdən-verilişə yada düşürəm…”,yarızarafat-yarıgerçək dediyiniz söz mənə dəysə də, üz vurmadım.”Ramin müəllim,söhbət Mehdi Məmmədovdan gedir,hələ Siz bu şəklə diqqətlə  baxın…”

           Sonra yenə nələrsə dedim,dedim…Və bir də baxdım ki,cib telefonumda cınqırtı da yoxdur.Demiyəsən,konturum qurtarıb,mən də boşuna danışıram…

            “…Bir gənc qız Çernişevskiyə məktub yazaraq ona heyranlığını gizlətmir.Növbəti məktublarının birində isə onun arvadı olmaq istədiyini bildirir.Çernişevski isə ona cavabında bildirir ki,mənim həyatm təzyiqlər,həbslər,sürgünlər,bir sözlə əzablarla dolu olacaq.Əgər bunlara dözə biləcəksinizsə,buyurun,gəlin.O fədakar qız bunları bilə-bilə “Nə etməli?”nin müəllifi olan o dahi ilə ailə qurur.”

         Sizin cümlələrinizdir bunlar.Vaxtilə bizi gələcək milli azadlıq hərəkatına bilərəkdənmi,bilməyərəkdənmi beləcə hazırladınız.

            Biz oxuyan illər Azərbaycanda bir oyanış dövrü idi. M.İbrahimov,R.Rza,B.Vahabzadə,İ.Hüseynov(Muğanna),Ə.Əylisli,Anar,İ.Məlik-zadə,M.Araz,Ə.Kərim(artıq o,dünyasını dəyişmişdi,amma ədəbi hadisə kimi hər gün yanımızda idi,indi də həmçinin),Q.Qarayev,A.Məlikov,F.Əmirov,Mehdi Məmmədov,Tofiq Kazimov,Adil İskəndərov,Rəşid Behbudov,Asif Əfəndiyev(heyf ki,bu ziddiyyətli dahinin istəyi ilə arzusu bir-birini tamamlamadı və nəticədə qoymaq istədiyi problem elə problem kimi də qaldı),Rüstəm İbrahimbəyov,Səttar Bəhlulzadə,Toğrul Nərimanbəyov,Əbülfəz Elçibəy… Bu insanlar sözün əsil mənasında intibah adamları idilər və Azərbaycanda o dövrü yarımintibah dövrü kimi xarakterizə etmək olar.Əsl intibah isə zənnimcə 1905-1920-ci illər arasında baş vermişdi.Fəqət o da yarımçıq…

            Səməd Vurğunu sevmədiyimi bilirdiniz.Amma bir gün “sabah Azdramada “İnsan” dramı var,mütləq bax…Mehdi özü oynayır…” dediniz.Mehdi əl

bulamışdısa,demək getmək gərəkirdi.Zalda  iynə atsaydın yerə düşməzdi.Mehdi isə zamanı durduracaq qədər sehrli,insanı ovudacaq qədər şəfqətli,dünyanı nurladacaq qədər ağappaq səsiylə hayqırırdı:”Qalib gələcəkmi cahanda kamal?”

            Bir neçə gün o tamaşanın aurası ilə nəfəs aldıq.

            Hələ “Canlı meyit”də Protosov,hələ “Dəli yığıncağı”…Hər bir böyük kişinin arxasında gözəl bir qadına həmişə ehtiyac var deyimi elə-belə yaranmayıb ki…Mehdinin Mehdi olmasında Şəfiqə Məmmədova az rol oynamamışdı…

            Ramin müəllim,Siz böyük müəllim,fəqət çox  astagəl alimsiniz.Bu ifadəmə görə çox-çox üzr istəyirəm: gözəl yazılar yaza bilən bir alimin əlindən qələmi Siz nəyə görə alırsınız?Axı o alim Ramin Əhmədova müəllim Ramin Əhmədov niyə mane olur?Bu da bizim bir bəlamızdır: Vidadi Məmmədov kimi dahi bir insan danışa-danışa köçdü bu dünyadan,cəmi-cümlətanı bir-iki yazısı qaldı…

            …Mənim “Aşiqlər” kitabım əsasında sənədli film çəkilirdi.Tərəddüd etmədən çıxışçı kimi Sizi plana saldırdım.Amma öz aramızdır,Sizi yola gətirənəcən,mənimki mənə dəydi.Di gəl, mən əl çəkmədim - nə elədiyimin fərqindəydim axı.”Aşiqlər” kitabımın ikinci nəşrinə ön söz də yazdınız,filmdə də dahiyanə çıxış yapdınız.Hələ Məhəmməd bəy Aşiqlə Aşıq Pərinin münasibətindən bir ləzzətlə,luğablı şəkildə danışdığınız parça!Yeri gəlib,Aşıq Pəri barədə daha şirin-şəkər bir söhbətiniz var ki,burada onu təkrarlamaq zərurəti duydum.Deyilənə görə,Aşıq Pərinin balaca oğlu Mustafa bir dəfə dırnağı ilə anasının yanağını cızır.Ovdan qayıdan həyat yoldaşı Pərini bu halda görüb bədahətən deyir:

           

                             Mahi-ruxində ləkə tək nədi,ya Pəri?

 

          Pəri Məhəmməd Peyqəmbərin barmağıyla məşhur “ayı parçalaması” əhvalatını oğlu Mustafanın da onun üzündə açdığı xəttlə qarşılaşdıraraq ,-Məhəmməd Peyqəmbərin bir adı da Mustafadır - deyir:

 

                       Mustafa barmağıdır,parçalayıbdır qəməri…

 

            …Oğlanlarınızın xarici ölkələrdə oxuyub-işləməsi  Sizi üzür,bilirəm.Bir ata kimi nigarançılığınızı başa düşürəm.İstəyirsiniz ki,onlar Sizin yanınızda olsunlar.Amma onlar Dünyanın yanındadırlar,narahat olmayn.Onlar bir gün Azərbaycana daha dolu qayıdacaqlar….

            Ramin müəllim!Bəhlul Behcət haqqında kitabım təzəcə çapdan çıxıb.Tezliklə Sizə göndərəcəyəm.Kitab əsasında çəkiləcək filmin də çəkilişlərinə hazırlıq gedir.Və Sizə daha bir xəbərim var: “Arazbar” adlı roman üzərində işləyirəm.İnşallah,növbəti ildə bitirəcəyəm.Çox istərdim ki,əlyazmasını birinci Siz oxuyasınız…

            …Allah Mehdi Məmmədova rəhmət eləsin….

            …Həmişə cavan,həmişə gümrah olasınız,Ramin müəllim!

            …Allah bizi intibah həsrətində qoymasın…Amin.

                                            Tələbəniz  və dostunuz    

                                                                              AZAD QARADƏRƏLİ

                                                                                 24 may 2009-cu il.

                                               ***

            S.A. (Söz Ardı) 1.

            Ramin müəllim sonralar mənim kitablarımın təqdimatında iştirak etdi, fikir söylədi, təsisçisi və baş redaktoru olduğum “Yazı” dərgisinin daimi oxucusu oldu. Lakin amansız xəstəlik onun əl-qolunu bağladı. Müəllimimiə can sağlığı arzulayır və tezliklə sıralarımıza qayıtmağını Yaradandan diləyirəm.

 

                                                                                                                                 2021

                                               ***

            S.A.(Söz Ardı.) 2.

            Çox kədərliyəm. Bu sətirləri göz yaşı içərisində yazıram. Əziz müəllimim, dostum, mətnlərimin ustad məsləhətçisi, “Əllidən bir kəm” romanımın mövzusunu mənə ürəklə bağışlayan, hər uğuruma öz uğuru kimi sevinən professor Ramin Əhmədov vəfat edib! Könül quşu daha o gözəl sözləri ötməyəcək. Ağır təbiəti ilə kitablarımın təqdimatında yorum yapmayacaq. Sevinc deyilən o insani nəsnəni mən gözəl müəllimimdən bir daha duymayacam...

            Son söz kimi sevə-sevə tədqiq etdiyiniz, "Əllidən bir kəm"də onun obrazını yaratmağıma vəsilə olduğunuz böyük  Caviddən nümunə gətirim:

                          Ölüm var ki, həyat qədər dəyərli,

                          Həyat var ki, ölümdən də zəhərli...

                          Yaşamaq da xoşdur, ölmək də xoşdur,

                          Qayəsiz həyatda ölüm də boşdur...

 

            Əlvida ustad! Rahar yat. Yerin qu tük olsun.

                                                                                              17.07.2022

 

 

                                                                                  (“Məndən sonra” memuar romandan)

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə