AZAD QARADƏRƏLİ

 BİR ŞAİR, BİR ŞEİR – “Ey həmdəmim, səni qanə qərq eylər...”

(Molla Vəli Vidadimi, Mirzə Vəli Baharlımı?)

 


    “Bir şair, bir şeir” rubrikamızda  bu dəfə Molla Vəli Vidadidən və onun bir şeirindən bəhs edəcəyik. Əlbəttə, Vidadinin digər şeirləri də var ki, onların da zamanına görə əhəmiyyəti danılmazdır. Zira şairin “Ey həmdəmim, səni qanə qərq eylər” mətləli qoşması daha çox diqqəti cəlb edir. Hələ gənclik illərindən sevdiyim bu qoşma şairin dövrə, zamana münasibətini ifadə etmək baxımından maraqlıdır:

 

Ey hәmdәmim, sәni qanә qәrq elәr,

Gәl tәrpәtmә yaralanmış könlümü.

Ayrı düşmüş vәtәnindәn, elindәn,

Hәmdәrdindәn aralanmış könlümü.

 

   Şeirin sonrakı misralarında şairin bədbin əhvalı-ruhiyyəsi oxucuya sirayət etsə də, adam sanki misralardakı şeiriyyətin gözəlliyindən, təbiiliyindən və müasirliyindən sanki vəcdə gəlir və zamanla iç-içə olur. Digər şeirlərində “xəstə” ifadəsini tez-tez işlədən şair burada ənənəsinə sadiq qalır; zamanın onu xəstə etdiyini, “qəmin sinəsinə mindi”yini, qanlı göz yaşının “sinəsi üstdə gölləndiyini” göstərir – sanki ömrü və həyatı müəmmalar içində keçən şair bu qoşmadakı ağır misralarla həyatına  güzgü tutmaq istəmişdir...

 

Könül verdik hәr bivәfa yadlara,

Hayıf oldu ömür, getdi badlara,

Fәlәk saldı dürlü-dürlü odlara

Şan-şan olmuş, paralanmış könlümü.

 

Qanlı yaşım gündәn-günә bollandı,

Axdı, axdı sinәm üstә göllәndi,

Yenә qәm sinәmi mindi, yollandı,

Heç bilmәzәm yaralanmış könlümü.

 

Gözüm yaşı gündәn-günә fәrq elәr,

Eyb elәmәk mәni qana qәrq elәr,

Rövşәn etmәz yüz min günәş - bәrq elәr-

Bu möhnәtdә qaralanmış könlümü.

 

Vidadiyәm, xәstә gözüm mәrdümi,

İtirmişәm qoşunumu, ordumu,

Çox tәbibә şәrh eylәdim dәrdimi,

Heç görmәdim çaralanmış könlümü.

 

    Vidadinin həyatı barədə tarixi mənbələr ciddi-cəhdlə susur. Yalnız ehtimallar və gümnalar var. “İraklinin sarayında qulluq edib”, “Gülüstünda xanın xidmətində olub”, “Vaqifin köməkliyi ilə Qarabağ xanlığında xidmət göstərib” – bunları heç bir tarixi mənbə təsdiq etmir. “Vidadi xəstə”nin mövcudluğunu isə daha böyük mənbə hifz edir: bu da əlimizə çatmış çox az irsi, Vaqiflə deyişməsi və “Müsibətnamə” əsəridir. Böyük müəllimimiz İsmayıl Şıxlı Şekspirdən və onun müəmmalı həyatından danışarkən deyirdi ki, rəvayətə görə, Şekspirin əsərləri onun məzarına gömülüb və zamanı gələndə o məzar açılacaq, Şekspirlə bağlı bir çox sirli mətləblərə son qoyulacaq... (Guya Şekspir bir aristokratmış və o zümrədən olanlar şeir, dram yaza bilməzmiş – bu o zaman saray adamının öz mənsub olduğu silki aşağılaması demək olarmış. Ona görə, o gözəl əsərləri əsl Şekspir deyil, bir saray adamı yazmış, sonra aktyor, yaxud teatrda at saxlayan kasıb bir adam olan Şekspirin adı ilə yaymış, tamaşaya qoymuş, nəşr etdirmişdir...) Və elə bu zaman onu da əlavə edərdi ki, Qazaxda danışırdılar ki, Vidadinin də əsərləri onun məzarında dəfn edilib və haçansa o məzar da açılacaq və şairlə bağlı bir çox mübahisələrə son qoyulacaq...

 

      1. S.A (Söz Ardı.)

       Bu söhbəti elə buradaca bitirərdik, zira yuxarıda tez-tez “mübahisə”, “sirlər” ifadələrini işlətmişdik. Əcaba, nəymiş o mübahisə və sirlər?

      İş ondadır ki, Molla Vəli Vidadi haqqında bütün tarixi mənbələr, o cümlədən “Qarabağnamə”lər belə sussa da, onunla eyni dövrdə yaşamış, eyni ada sahib olmuş başqa bir Vəli haqqında tarixi mənbələr və o cümlədən “Qarabağnamə”lər bol-bol məlumat verir. Zira  o Vəlinin ismi Molla Vəli Vidadi deyil, Mirzə Vəli Baharlıdır. Əslən Baharlı olan nənəm və babam Zəngilanın Baharlı kəndindən olan, nəsil-kökləri Şuşadan Zəngilana köçürülən (mədəni surətdə sürgün edilən) Mirzə Vəlinin övladlarının Baharlıda Vəliyev soyadı ilə indi də yaşadıqlarından söz açardılar. Şəxsən, mənim özümün də daşıdığım Vəliyev soyadının da o kişinin – Mirzə Vəli Baharlının adı ilə nə dərəcədə bağlı olduğunu yaxş bilməsəm də, bunun hardasa ora ilə bağlılığına inanmaq istəyirəm...

       Bəs Mirzə Vəli Baharlı kimdir və onun övladları niyə Şuşadan sürgün olunublar?

       Mirzə Vəli Baharlı Qarabağ xanı İbrahim xanın sarayında qulluqda idi. O, eyni zamanda bir alim, rəmmal (görücü) kimi tanınırdı. Ağa Məhəmməd şah Qacar Şuşaya birinci dəfə hücum edəndə İbrahim xandan qoşun başçısı Məmməd bəy Cavanşiri, xanın qohumu, Qarabağda böyük nüfuz sahibi Əbdüssəməd bəyi və eşikağası Mirzə Vəli Baharlını girov istəmişdi. Məmməd bəy Cavanşir buna razı olmayaraq dağlara çəkildikdə şah qalan iki nəfəri girov qismində götürüb, geri dönmüşdü.

       Tarixçi yazır ki, bir gecə Mirzə Vəli Baharlı rəml atır və görür ki, qan gölündədir. Əbdüssəməd bəyə əhvalatı danışır və deyir ki, sabah bizi edam edəcəklər. (“Qarabağnamə”lərdə bu barədə müfəssəl məlumat var, ona görə qısa kəsirəm; bir də mənim “Aşiqlər” kitabımda və “Kuma-Manıç çökəklyi” romanımda da hadisə barədə geniş yazılıb.)

       Əbdüssəməd bəy adamları ilə qaçır. Qoca Mirzə isə yolda ölə biləcəyindən qorxaraq getmir. Səhər, həqiqətən, Mirzə Vəli Baharlını topun ağzına qoyub atırlar... (Bəyi də yolda öldürmüşdülər.)

       ...İbrahim xan Əbdüssəməd bəyin və Mirzə Vəli Baharlının övladlarını Ağdama, Zəngilana sürgün etmişdi ki, haçansa müxalif düşüncəyə uyub, ona qarşı çıxmasınlar...

        ...Bəzi tarixçilərə görə Molla Vəli Vidadi ilə Mirzə Vəli Baharlı eyni adamdır...

        Başda verdiyimiz qoşma – “Ey həmdəmim, səni qanə qərq eylər” mətləli şeir Mirzə Vəli Baharlının qürbətdəki halını necə də dəqiq ifadə edir, deyilmi?

         Amma...

         Mirzə Vəli Baharlının nəslindən olan Mirzə Haşım bəy Zərrinqələm Zəngilanın Muğadəm Baharlısında yaşamış, xanın ona bağışladığı torpaq sahələrini idarə etmiş, mənim doğulduğum Qaradərə kəndinin və onunla üzbəüzdə yerləşən Qaragözün yaxınlığında yerləşən, Muğadəm Baharlısından bir xeyli aralıda olan qəbiristanda dəfn edilmişdir ki, bizim camaat ora Mirzə Həşim qəbiristanlığı deyərdi...

        Bu qədər bəsit və bu qədər müəmmalı bir tarixçə...

        Qənaətim: Mirzə Vəli ilə Molla Vəli eyni adam isə niyə onun Zəngilanın Baharlı kəndində yaşayan övladları bircə dəfə babalarının bir bənd şeirini söyləməmişlər? Əgər bu iki Vəli eyni admsa, niyə baharlılar babalarının rəmmal və saray qulluqçusu olduğunu bildikləri halda, şairliyi barədə susmuşlar?

Bir zəngilanlı və ana tərəfdən baharlı olsam da, mən Molla Vəli Vidadidən yanayam və onun Mirzə Vəli Vidadi ilə eyni adam olmadığını düşünürəm.

         2.S.A.  (Söz Ardı)

        Mən tədqiqatşı deyil, bir yazıçı kimi öz mülahizələrimi yazdım. Gerisi gələcəyin ədəbiyyat tarixçilərinə aid... Haqqı heç kimin və heç nəyin ayağına yazmadan bu yazıdakı müəmmanı araşdırmaqda fayda var...

                                                                                            23.08.2022.

    

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə