AZAD QARADƏRƏLİ MÖVLUD MÖVLUD DEYİNCƏ...

 



                                

                                      AZAD QARADƏRƏLİ

 

                                    MÖVLUD MÖVLUD DEYİNCƏ...

 

                        (Yuxu ilə gerçəklik arasında yazılan ağrılı bir esse)

 

 


          Bu gecə (12.08.2022) Mövlud yuxuma girmişdi. Bir xeyli danışdıq, mübahisə etdik. Nəsə təzə bir şey oxumuş kimiydi və deyəsən, onun oxuduğunu mən oxumamışdım, ya nə idisə, mən daha çox susuram, o danışr. Öz-özümə düşünürəm ki, gərək, əvvəlcədən telefonun diktafonunu açaydım, danışdıqlarını yazaydım...

Nəsə, sonra bizdən (guya bizdə imişik) durub, Mövludgilə gedirik. (Əcəba, haradır Mpvludgil?)

         Və bu vaxt oyanıram. Gözümü yumuram ki, bəlkə, Mövludu yenə görəm. Heyhat... Yuxu bircə anda göyə sovrulur Mövludun özü kimi...

        Və bir xeyli fikirləşirəm ki, əcaba, biz nədən danışırdıq? Heç nə yadımda qalmayıb. Tək qalan odur ki, Mövludun oxuduğu əsəri mən oxumamışdım...

        Və bir də görürəm ki, kompüteri açıb, başlayıram aşağıdakı yazını ciddi-ciddi yazmağa...

       Sonra elə bil sehrli əl Mövludun “Çətirsiz”ini də gətirib qənşərimə qoyur ki, lazım olanda baxım.

        Yazı bitəndən sonra, allahın işinə baxın, Mövludun "Çətirsiz" kitabının əvvəlinə baxıb görürəm ki, cəmi üç gün sonra gənc və nakam dostum ad günüymüş...(Allah şahiddir ki, mən Mövludun mövludunu ya bilmərrə bilməmişəm, ya da ağlımda qalmayıb.)

        Elə bil məni xəbərdar etməkçün yuxuma giribmiş...

                                                                                                                            Müəllif

                                                          

 

 

 

            Mərhum yazıçı dostumuz Tofiq Qəhrəmanovun gərək ki, 75 yaşı olurdu və buna görə Avdı Qoşqara zəng etdim ki, bəs televiziyada Tofiq haqqında bir şey hazırlaya bilərmi?

            Dedi, olar, niyə olmur, sən çıxışçıları yığ, gəlin Nəbatat bağına, orada çəkiliş edək. Rahidi (Ulusel), Əhmədi (Oğuz), Arifi (Həkimoğlu) və Tofiqin həyat yoldaşını çağırdım, getdik çəkiliş yerinə. Tehran (Əlişanoğlu) da gələcəkdi, nə yazıq ki, işi çıxdığı üçün iştirak edə bilmədi.

            Təxminən, iki saatacan çəkiliş oldu. Sonra elə bağın ayağındaca Avdı, Əhməd və mən restoranda əyləşib bir qismət yemək yedik. “Bir qismət” yemək geniş yeyib-içmək məclisinə döndü. Onda hələ içən vaxtlarım idi. Əhmədlə yanğımızı söndürdük...

            Və qəfil Mövlud yadıma düşdü. Qəhərli-qəhərli dedim ki, Tofiqdən sonra ən faciəli intihar Mövludunku oldu...

 

                                               ***

 

            “...Meyidi maşına mindirib aparanda ağlamaqdan səsi batmış, üz-gözü cırıq-cırıq olan arvadı səhərdən baş verənlərdən bir şey anlamayan, böyümüş gözləri ilə böyüklərə sual verən balalarına qışqırdı:

            -Ağlayın, ay yetimləəəəər...”

                                                                                  (Mövlud Mövlud “Qoşma qatarı” hekayəsindən)

                                               ***

 

            Əhməd qapqara qaralmışdı. Adətən, azdanışan adam olan dostum mənim belə hala düşməyimi görüb (təbii, içkinin də təsiri vardı, amma bilənlər bilir ki, mən Mövludu çox istəyirəm), pis olmuşdu.

            -Sağ ol, Azad, - dedi. – Sən Möyluda yaxşı qıymat verirsən... Yazdıxlarıı oxumuşam...

            Şirin ləhcəylə danışan Əhməd birdən mənə heyrətlə baxıb dedi:

            -Bilirsən də, dədəsi də yazan idi...

            Söhbətə qoşulan Avdı da təsdiqlədi:

            -Bə nədi, yazırmış... Dəəsən, Qorkidə də oxumuşdu alayarımçıq...

            -Hə də “neudaçniklərdən” idi...

            -Kimnən danışırsıız? – Mən heyrətlə soruşuram.

            -Ə, Möylud dənə... Dədəsi də yazan idi... İstiyirsən, zəng elliyim, danışın...

            Pat vəziyyətindəyəm. Həyat yoldaşından, körpə oğlundan başqa bir kimsəsini tanımıram... Ölümündən sonra o məşhur müğənninin də xalası olduğunu bilmişəm...

            Eh...

            Bir də gördüm ki, Əhməd telefonu mənə uzadır və “Mövludun atasıdır” deyir.

            İlahi, mən o adamla nə danışdım?! Ona nələr dedim, ya nələr demədim?! Böyük Yaradan, keç günahımdan, hələ yarası qaysaq bağlamamış atanı mən nədən o cür aşağıladım ki, niyə o cocuğa sahib çıxmadın?!.

            (Yadımda o qalıb ki, mən hansısa darğalardan, hansısa qarğalardan və quzğunlardan danışıram...)

            Daha nələr, nələr?! O nə dedi, ya nə deyə bildi, bilmirəm...

 

                                               ***

 

            “...ağzı açıq, əli qulağının dibində qulaq asırdı, gözlərinin heyrəti getmişdi, əvəzində heyranlıq var idi... Səhərdən danışan mən deyildim, başqa adam idi...”

 

                                                                                     (“Güllü yaylıq” hekayəsindən)

 

                                               ***

 

            ...Mövlud deyir ki, siz yazıçıların olduğu məclislərdə az olursunuz, ya heç olmursunuz? Səbəb nədi, müəllim? Axı o məclislərdə elə şeylər olur ki...

            -Sən ehtiyatlı ol, Mövlud... O məclislərdə...

            (Guya Mövlud sağdı və mən onu ehtiyatlı olmağa çağırıram... Eh)

            -Məllim, axı...

            Yuxuda bunları da danışdığımız yadıma düşür…

 

                                               ***

 

            Mən Mövludla o qədər də çox görüşməmişəm. Belə atüstü, ötəri görüşlərimiz isə olub. Amma tək bircə dəfə onunla 8-ci kilometrdəki bir restoranda ikimiz baş-başa olduq saatlarla. Onun coxlu sualları vardı və ən çox da Sabir Əhmədlidən, Eldar Baxışdan və “Yazı”dan suallar veririrdi...

            Və qəfildən soruşur ki, siz niyə yazıçıların cəm olduğu yerlərdə görünmürsünüz? Məsələn, yeyib-içmək məclislərində?

            Mən onda heç özüm də bilmədim necə qızışdım və dediklərim sətirbəsətir yadımdadır:

            ...-Ədəbiyyatda bir var darğalar, o Nizami dövründən üzübəri həmişə olub... Sən özünü hələ ki, o darğalardan qoruya bilirsən... Bir də var, ədəbiyyat qarğaları, onlar ədəbiyyatın tör-töküntüsü ilə qidalanır, lazım olanda qa-qu edib, səs-küy salaraq biz də varıq deyirlər. Bir də var ədəbiyyat quzğunları. Bax, ən təhlükəlisi bunlardır. Bunlar darğalardan da, qarğalardan da istedadlı olurlar, amma onların istedadının bir qanadı da cavan, hələ sümüyü bərkiməmiş ədəbiyyat gənclərinin qanı, əti və sür-sümüyü ilə qidalanaraq irəli getməkdir. Darğalar Müşfiqə ölüm hokum kəsdilər, qarğalar qa-qu eləyib alqışladılar, quzğunlarsa onu parçaladılar… Bu quzğunlar  gənc yazarların qənimidirlər. Onlar özləri sirimsimiş, sırtıqlaşmış yırtıcılardır. Onlara nə güllə batmaz, nə araq, nə çaxır, nə də pivə təsir etməz. Onlar axı həm də qaniçəndirlər. Gənc ədiblərin qanı onlar xarici təsirlərdən qoruyur... Mövlud, aman günüdür, özünü bu yırtıcılardan qoru...

            Mövludla o görüş bizim son görüşümüz idi. Bəlkə də o mənə hansısa sirrini deməyə gəlmişdi, zira sözü dilinin ucunda çıxıb quzğunların yanına getdi...

 

                                               ***     

 

            Əhməd vəfat edib. Avdı da daha əvvəlki Avdı deyil, qabaqlar Az.Tv-də ədəbi verilişləri-zadı olardı, dostları yad edərdik sayəsində. Varmı Azərbaycan televiziyalarında bir  incə duyumlu televiziyonçu ki, bizi yığa başına (heç mən olmasam da olar, təki səviyyəli bir veriliş çəkilsin), nakam yazıçımız Mövlud Mövluddan bir veriliş çəkə...

 

                                               ***

 

            “...Bir dəfə qara bayramda qəbir üstə çıxan Hüzlət qarıyla qızları görürlər Sayalının məzarının böyür-başı siqaret kötükləri ilə doludur. Qəbiristanlığın gözətşisini söhbətə tuturlar. Bəlli olur ki, oğlu hər gün bura gəlir, saatlarla oturub siqaret çəkir, sevgilisinin məzarı ilə söhbət edir. Hüzlət qarı ilə qızlarının dərdi təzələnir. Durna kimi səs-səsə verib ağlaşırlar...”

 

                                                                                                   (“Tasa” hekayəsindən)

 

                                               ***

 

            Can Mövlud! Bəs sənin məzarın üstə durna kimi səs-səsə verib ağlaşanlar varmı?!

            Yoxsa, qoy bu yazı sənə ağı olusun, ay Mövlud, heyyyyyyyy!!!!!!!!!

 

                                                                                                                      12.08.2022.

                       

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə