AZAD QARADƏRƏLİ QADINI POEZİYA

 

                                   AZAD QARADƏRƏLİ

 

                                      QADINI POEZİYA

 

                        (Xanım şair Elnaz Eyvazın bir şeirin oxusundan tökülənlər)

 

 




            Mən poeziyada qadını baxış, qadını duyum, qadını nəfəs tərəfdarıyam. Qadın şairin (yazmışam, yenə təkrar edirəm, mən şairə sözünü işlətməyin  tərəfdarı deyiləm – dilimizdə və bütün türk dillərində cins kateqoriyası yoxdur, amma bu o demək deyil ki, qadınla kişi arasında sərhəd olmamalıdır, bu cizgi var və bunu əsla keçmək olmaz, həyatda da, şeirdə də) yazdığı şeiri müəllifini tanımadan təyin etmək mümkün olmalıdır. Qadının geyimi, siması, bədəni, hüsnü, ruhu fərqli olduğu kimi şeiri də fərqli olmalıdır. Mən bu fərqi Məhsəti Gəncəvidə də duymuşam, Anna Axmatovada da, Sevinc Elsevərdə də, Bahar Zamanında da... elə bu sətirləri mənə yazdıran sevdiyim xanım şair Elnaz Eyvazda da...

            Elnaz xanım haqqında bir neçə dəfə yazmışam. Bir esse və bir neçə yarımesse. Bu da olsun onlardan biri...

            Elnaz xanım son zamanlaradək çox az yazırdı və mənə məlum olmayan səbəblərdən internetdə də az görünürdü. Hətta əlimdə olan kitabından sonra (təxminən on il qabaq çıxmışdı) yeni kitabı da yoxdu, zənnimcə. “Sevdiyim xanım şair” ifadəsini gəlişigözəl deyim kimi yazmadım ki. Bizlər bir gözəl misradan qidalanıban aylarla həzz duyğumuzu təmin etmiş olanlardanıq. Bizim sevgimiz də sözdən yoğrulub. “Renessans həsrəti -3” kitabımın son səhifələrini bəzəyən bu misralar kimi:

 

            Burdan kim keçib görəsən

            ətrinin qoxusu qalıb...

 

            Allah, allah! Sözə bax, gözəlliyə bax, təravətə bax, ətrə bax... Öləndə də belə söz üstündə öləsən...

            Elnaz Eyvazın illər əvvəl yazdığı bir misra məni onun şeiriyyətinin əsiri etmişdi:

 

            Səni elə sevərəm

            Qalmazsan heç kimə!

 

            Pəh! Sevəndə də belə sevəsən! Vallah sözün belə ucuzlaşdığı məqamda Elnaz kimi bir şair xanımla eyni havanı paylaşmaq da xoşbəxtlikdir...

            ...Dedim axı, Elnazın son zamanlaradək...

            Şükür, çox şükür ki, xanım şair sanki oxucusunun, oxucularının onun az yazmasından narahat olduğunu duyuban, fəallaşdı. Bir-birindən gözəl şeirlər paylaşmağa başladı. Elə lap bu gün (11.08.2022) oxuduğum bir şeiri dizimi qatlayıb bu esseni yazmağıma vəsilə oldu.

 

          Sən məni dünyaya gətirməmisən,

          Sən atam  deyilsən, anam deyilsən.

          Ölsəm, bir ömürlük yasıma batıb,

          Dalımca bir ömür yanan deyilsən,

          bəs niyə mən Səni sevdim, ay Adam?!

 

          Əllərim həsrətdən girib qoynuma,

          utanır gözümün yaşın silməyə.

          Mən Sənə gəlməyə min yol tapardım,

          Sən min bir bəhanə mənə gəlməyə...

          Bəs niyə mən Səni sevdim, ay Adam?!

 

          Gözümdə yuxusan, sirrim-sözümsən,

          əhdimdir, andımdır dilimdə adın.

          Mən Sənin nəyinəm, kiminəm axı?!

          Ölsəm də adım var: özgə, yad Qadın...

          Bəs niyə mən Səni sevdim, ay Adam?

 

            Qadını poeziya... Bu şeirdən iliyinəcən sevən, sevdiyinə sanki “peşman” olan, amma o peşmanlıqdan həzz alıban bu gözəl sənət əsərini yaradan bir şairin – qadın şairin çırpıntıları boylanır – “Mən sənin nəyinəm, kiminəm axı?!”

            Elanz bu şeirdə qadını duyğularını nəinki gizlətməyib (“qadın sevirəm deməz” kimi arxaik təsəvvürün üstünə gedibən), sanki qıyya çəkərək öz eşqinin paklığını, əbədiliyini və bir az da dayaqsızlığını əzabın poetik dili ilə “oxuyur”:

 

        Ölsəm də adım var: özgə, yad Qadın...

        Bəs niyə mən Səni sevdim, ay Adam?

 

            Elnaz xanım! Sizin poeziyaya bu dəfəki dönüşünüz daha möhtəşəmdir! Poeziyamızı qadını nəfəsdən, qadını sevgidən və qadını şeirdən məhrum etməyin. Yeni kitabınızı, yeni şeirlərinizi həsrətlə gözləyənlər var...

           

                                                                                                          11.08.2022

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə