AZAD QARADƏRƏLİ MİLYONLARLA TİRAJLA YAYILAN ŞEİR

 

                    AZAD QARADƏRƏLİ

                MİLYONLARLA TİRAJLA YAYILAN ŞEİR

        ("Bir şair, bir şeir" rubrikasında Eldar Baxışın "Zori Balayana məktub" şeirindən söz açırıq)






       Bir şeir təsəvvür edin. Bütün ölkə əlində qələm o şeirin üzünü köçürür. Yazır, o birinə ötürür, o başqasına verir və bu şeir bütün ölkə boyu yayılır. Söhbət təlatümlü 1988-ci ildən gedir. O üzü köçürülən şeir isə Eldar Baxışın “Zori Balayana məktub” şeiri idi. Bədnam Sovet mətbuatının Azərbaycan carçıları o şeiri çap eləməkdən imtina etmişdilər və xalq qələmə sarılaraq o şeirin üzünü köçürdür, yayırdı. (Yalnız 1988-ci ilin sonlarında Eldarın “Deyə bilmədiyim sözlər” kitabında o şeir çap olundu.) O vaxtlar, bəlkə də, bu şeir üç-dörd milyon tirajla əl yazısı ilə yayılmışdı!

       Şəxsən, mən o şeirin üzünü düz üç dəfə köçürmüşdüm. Niyə, ona görə ki, yaza bilməyənlər vardı və xahiş edirdilər ki, onlarçün də köçürdüm...

      Eşidirsiniz? Bir şairin bir şeiri milyonlarla tirajla əl yazısında yayılmışdı!

      A.Səhhət deyirdi ki, Sabir İran inqilabına bir ordudan çox xidmət edib. Bəli, Eldarın o şeiri Qarabağ savaşımızda bir ordunun işini gördü...

     2022-ci ilin oktyabr ayının ortalarında (dəqiq vaxt və gün haqqında xəbər veriləcək) 75 illiyi qeyd ediləcək Eldar Baxışın o şeirindən bəzi parçaları dördüncü dəfə “üzünü köçürərək” paylaşıram...

 

O nədir yazmısan Zori Balayan?

Kür-Araz deyirsən-kəkələyirsən.

Xırda budaqların üstə oturub,

Böyük budaqları silkələyirsən.

Böyük budaqların böyük qolu var,

O qolun önündə qol dura bilməz.

Atandan, dədəndən, babandan soruş,

Hər adam hər daşı qaldıra bilməz.

Daş daşa söykənib, qaya qayaya,

Söz şerə bu daşdan, qayadan gəlir,

Azar var,adamın öz azarıdı,

Azar var, toxumdan, mayadan gəlir.

Tamam unutmusan vaxtı, zamanı

Bir də görmüsən ki, iş işdən keçib.

Bu azar tək sənin azarın deyil,

Bu azar hampadan, keşikdən keçib.

 

Yaxud:

 

Sən Zori Balayan,

Mən Eldar Baxış,

Baxıram eləcə zoğallayırsan,

Keşiş zurna çalır, sən də keşişin,

Qara zurnasını sığallayırsan...

 

Yaxud:

 

Günah məndədi ki, “Kiçiyim” - deyib,

Durub oynayıram hər havana mən,

Sevan söyləyirəm Göyçə gölünə,

Yerevan deyirəm İrəvana mən.

Qaxdan İrəvana, Qaxdan Qafana

Fındıq göndərirəm, qoz göndərirəm.

Mənim kəndlərim var odun yandırır,

Sənin kəndlərinə qaz göndərirəm.

Hələ yüzdən biri, mindən biridi

Bu, mənim dərdimin, mənim sərimin,

Samvel Azərbaycan xalq şairidir,

Ancaq adı yoxdu Əli Kərimin.

Bax, bir ürəyimin genişliyinə,

De kimə lazımdı bu haray-həşir?..

Sənin ürəyinə bir ovuc torpaq,

Mənim ürəyimə dünya yerləşir.

O nədir yazmısan Zori Balayan,

“Bala” da bizimdi, “zor” da bizimdi.

Ölmək istəyirsən gəl Qarabağa,

Kəfən də bizimdi, gor da bizimdi. ..

 

            Eldar sanki o vaxt 44 günlük savaşımızı görmüş və ermənilərə şeiri ilə “kəfən biçmişdi: “Kəfən də bizimdir, gor da bizimdir”...

                                                                                                                     29.09.2022

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə