AZAD QARADƏRƏLİ ŞAİRLƏR VƏ İNKVİZATORLAR

 

 

                                           AZAD QARADƏRƏLİ

 

                             ŞAİRLƏR VƏ İNKVİZATORLAR

 

               (Birinci və İkinci Qarabağ savaşının qəhrəmanı, “Tərtər işi” zamanı işgəncə görən,

              möcüzə nəticəsində sağ qurtulan bir mayorun dedikləri üzərinə yazılanlar, pozulanlar)

 

 


            Zaman-zaman hekayələr, romanlar yazdım, “Renessans həsrəti” adlı üç cildlik esselər, müasahibələr və s.-dən ibarət kitablar yazıb çap etdirdim, “Yazı” adlı dərgi buraxdım... Bütün bunları etmək üçün tariximizə baş vurdum, müasir insanımızı öyrənməyə cəhd etdim, renessans dövrü ədiblərinin həyat və yaradıcılığını, 37-ci ilin qurbanlarının dəhşətli həyatlarını incələdim...

            Dantedən 714 il sonra üzr istənildiyini biləndə əlim üzümdə qaldı (İtaliyanın Qubbiyo şəhərinin rəhbərliyi etmişdi bunu: Roma papasının əlaltılarından olan qubbiyolu hakim Kante Qabriel italyan dilinin atası Aligeri Danteyə ölüm hökmü kəsmişdi ki, əgər Florensiyaya ayaq bassa, yandırılaraq edam ediləcək; şair buna görə uzun müddət ölümdən qurtarmaq üçün sürgün həyatı yaşayıb), Müşfiqin bacısı həbsdən qurtulmaq üçün özünə od vuraraq yandırdığını oxuyanda şok yaşadım, Mir Cəfər Bağırov zala girəndə hamı ayağa qalxsa da, Cavid Əfəndinin (bunun bədəlinin ağır olacağını bilə-bilə)  ayağa qalxmadığını, üstəlik başındakı papağını da çıxartmadığını bilib heyrətləndim, Abdulla Şaiq ona açılan telefon zəngində sabah Cavidin qatarla Bakıya gələcəyi xəbərinin feyk olduğunu bilə-bilə yenə qalxıb Cavidi qarşılamaq üçün vağzala getdiyini biləndə... çox qürur duydum...

            Bir misal da gördüyümdən, göyərtdiyimdən. Demək boyu metr yarım ordenli olan briqadir boyu iki metr olan bir dəmirçini salıb ağacın altına döyür, arvadı, oğlanları, qızları da dizlərinə döyə-döyə ağlaşırlar... Buna əngəl olmağa çalışan kənd müəllimini də briqadir vurmaq istəyəndə müəllim əl atıb ağacı briqadirin əlindən alır, tullayır kola... On gün sonra məhkəmədə boyu iki metr olan dəmirçinin arvadı gülə-gülə deyir ki, ay yoldaş hakim, yalandı vallah, bu gödərək kişinin mənim uzun boylu ərimə gücü çatar? Çatmaz... Bu müəllim yalan danışır... (Bunları “Barmaq” adlı hekayəmdə oxuyanlar bilir...)

            ...Yaşımın elə vaxtıdır ki, iri həcmli əsər işləmək bir qədər çətin görünür – roman həm də fiziki güc istəyir. Amma “Tərtər işi” fəlakətini bilə-bilə susmaq da kişilikdən deyil axı. Cəhənnəmə sənin səhhətin! Cəhənnəm olsun sənin yaşın-başın! Bəs o öldürülən, orta əsr inkvizatorlarından da amansız işgəncə metodu ilə əzilən, zorlanan, ailəsi ilə təhdid edilən o gənclər, o zabitlər, o vətən aşiqləri nə olsun?!

            Buna görə də qərara gəldim ki, hər iki müharibənin (1-ci Qarabağ və 2-ci Qarabağ savaşının) od-alovunu görmüş, hətta möcüzə nəticəsində inkivizasiya maşınının ağzından sağ çıxsa da, xəstə-xəstə 44 günlük müharibəyə könüllü yollanmış o insanların həyatını qələmə alım...

            Mənim qəhrəmanlarım, əsasən iki ata və oğuldur. Ata Birinci Qarabağ müharibəsində döyüşüb yaralanaraq qazi olsa da, oğlu ilə İkinci Qarabağ müharibəsində də iştirak edir...

            Və Tərtər hadisələri zamanı onların başlarına açılan müsibətləri yalnız 44 günlük müharibə başa çatdıqdan sonra dəstədəki əsgər və zabitlərə danışır, özü də azad olunmuş Şuşada...

            Soruşurlar ki, niyə bəs bunları bizə əvvəl danışmadınz?

            Cavab verir ki, döyüşən oğullarımızın əlini döyüşdən soyutmaq istəmədim...

            ...Bu hadsələrdən bəhs edərkən izzət-nəfsimə, yazıçı mənliyimə, şərəf və heysiyyətimə toxunan bir hadisə məni yandırıb yaxdı: 8 kitab müəllifi, AYB üzvü, Qızıl qələm mükafatı laureatı, Qırmızı bayraq ordenli ədliyyə mayoru olan bir şair də əsgər və zabitlərimizə işgəncə verib...

            Camaatın şairinə işgəncə verərlər, bizim şairimiz işgəncə verir...

            Şairliyiniz batsın!

            Hələ uatnmaz-utanmaz “Azərbaycan” adlı şeir də yazıb?!

            Oxuyanlar bilir ki, mənim bir çox bədii yazılarımın, xüsusilə romanlarımın qəhrəmanları bəzən ümumiləşdirilmiş obraz olsa da, bir çoxlarının adı həyatda olduğu kimi verilir. Cavidin və bütün repressiya qurbanlarının xatirəsinə həsr olunmuş “Əllidən bir kəm”də də belə olub, “Şəhərcik”də də, “Kuma-Manıç çökəkliyi”ində də, “Morq çiçəkləri”ndə də, “Morqda karantin”də də...

            Bu son əsərimdə də belə olacaq...

            Yəqin bir çoxunuz o şair-inkvizatorun kimliyi ilə maraqlanırsınız?

            Artıq həbs olunaraq istintaqa sövq edilən bu şair-mayor Rahib Bəşər – Rahib Məmmədovdur. Bu da onun “Azərbaycan” şeirindəndir:

 

            Səndən bir an ayrı qalsam,

             İnan, ölləm, Azərbaycan!

 

            Əsl “Qızıl kəlmə”likdir! “Qızıl qələm” alıb, qoy Mədəniyyət nazirliyi “Qızıl kəlmə”ni də əsirgəməsin...

 

            ...Hələ bitməmiş əsərdən parça vermək ağlımın ucundan keçmir, zira oxucular bunu niyə yazmalı olduğumu bilsinlər deyə kiçik bir parçanı burada vermək istərdim. Həm də əsərin qəhrəmnı olan, Qarabağ savaşında oğlu ilə bərabər vuruşan, Tərtər inkvizasiya maşınının ağzından allahın lütfü ilə sağ çıxan bir mayorun dedikləri ilə bu ağrılı-acılı yazını bitirirəm...

            “Hərdən fikirləşirəm ki, bu məşum hadisə niyə Tərtərdə baş verdi? Əsgər və zabitlərimizi niyə Tərtər ərazisində o günə qoydular? Kimisini işgəncə ilə öldürdülər, kimisini zorladılar, kimisini isə ailəsini, qızını, arvadını gözü qarşısında zorlamaqla hədələyib sındırdılar...

            Niyə? Niyə axı bütün bu iyrənc olaylar Tərtərdə baş verdi? Niyə bunun adı Tərtər işi olaraq tarixə düşdü?.. Niyə, niyə axı?!

            Ağlıma bir fikir gəlir, amma dilimə gətirməyə qorxuram... Amma bizimki daha qorxmaqdan keçib. Butulka ilə zorlamaqdan, armaturla döyülməkdən artığını edəcəklər?!

            Həəəə... Deyirəm ki, bunlar bizim ordudan, əsgər və zabitlərimizdən Tərtərin qısasını aldılar. Bəli, uzun zaman düşmən qabağında sınmayan, əyilməyən, geri çəkilməyən, düşmənə təslim olmayan qəhrəman Tərtər şəhərinin qisasını bizdən aldılar ki, Tərtərin gözü qorxsun. Tərtərin əzmini başqa cür qıra bilmədilər, ondan intiqamı belə aldılar...

            Qəhrəman şəhər adı verilməli olan Tərtəri belə ləkələdilər...

            Tərtər işi... Qanlı iş... Ləkəli hərb tariximizdir Tərtər işi...”

 

                                               ***

 

            Hə, əziz oxucular!

            Bilirəm ki, bir çoxunuz gündəlik çörək hayındasınız və Tərtər-Mərtər, roman-filan yadınıza düşmür. Amma mən bizi eşidən və oxuyan azlara üz tuturam: inşallah bir il keçməz yeni romanla görüşünüzə gələrəm...

            Nə yazıq ki, sevindirici hərb tariximizin yanında kədərli, qanlı qara səhifələr də olub... Birincini işıqlandırmaq nə qədər fərəhlidirsə, ikincini sizə çatdıqmaq vətəndaşlıq borcudur... Bu yazını da o borcun bir hissəsi kimi yazdım...

 

                                                                                                                                 06.09.2022

  

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...