AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...

 

                            AZAD QARADƏRƏLİ

                        SARI SİMİ QIRILAN TAR...

 

            (Aprel şəhidi Müşfüq Orucovun doğum gününə)

 


         2016-cı ilin boz bir aprel günü idi. Eyni ilə indiki ağır günlərin havasını uda-uda boğulur, əlim bir yerə çatmadığı üçün ah-hf edir, hərdən şəhid evi kimi qapısı bağlı qalmış kompüterimə baxıb, çarəsiz halda televizoru açırdım ki, bəlkə yeni bir şey eşitdim. Gözüm şəhidlərin siyahısına sataşdı (şəkillər və altından ad, soyad, atasının adı verilirdi) və tez-tez ötürülən şəkillərdən birindən çəpəki baxışlı, incə gülüşlü bir çöhrə məni çağırdı sanki; tez alt yazısını oxudum: Orucov Müşfiq Arif oğlu...

        Elə bil bədənimi cərəyan mənbəyinə qoşdular. Onsuz da, neçə gündür özümdə deyiləm, üstəlik, bu şəkil və ad-soyad mənim viran olmuş dünyamı daha da alt-üst etdi. Şəkil ötürülsə də, yerini yeniləri tutsa da, o gözəl üz, o incə gülüş hələ də gözümdə ilişib qalmışdı. Ad, soyad və ata adı da o qədər doğma gəlirdi ki...

       Orucov... Bu soyadda bizim kənd-kəsəkdə birisinin olduğunu... yox, yoxdur... Baharlıda da... Yox, gərək ki, orada da olmamalı... Bəs... Sobu kəndində, müəllim işlədiyim kənddə... Yox, deyəsən o soyadda uşaq yox idi məktəbdə... Çöpədərədə... Burda da müəllim, məktəb direktoru olmuşdum axı... Hə, hə! Burda vardı! Məhərrəm müəllim!..

       Cib telefonunu alıb dostum Xanməmməd müəllimə zəng edirəm. (Ruhu şad olsun, onda hələ sağ idi.)

       -Arif müəllimin oğludur... Məhərrəm müəllimin nəvəsi... Heyf... 700-ə yaxın  balla ali məktəbə...

       Daha ardını dinləyə bilmirəm. O gözəl sima, o incə gülüş məni Çöpədərənin dağlarına, meşələrinə çəkib aparməşdı...

        Digər bütün Aprel şəhidlərinin, bütün Qarabağ şəhidlərinin valideynlərindən üzr istəyirəm: mən heç bir qohumluq əlaqəm olmayan, yalnız keçmiş iş yoldaşı olduğum bir ailənin övladı üçün bu qədər narahat olmuşdum...

       Bəs oğul itirən ata, ana, qardaş itirən bacı, bacıoğlu itirən dayı, qardaşoğlu itirən əmi, bibi nə etsin, Allahım?!.

      ...Müşfiq ailənin tək oğlu idi... 700-ə yaxın balla universitetə girmiş, oranı bitirəndən sonra hərbi xidmətə yollanmışdı... Tərtər uğtunda gedən döyüşlərdə qanı Vətən torpağına bələndi...

      ...Müşfiq tar çalmağı sevərmiş... Şeir vurğunu imiş... Hərdən özü çalar, çalğısı üstə də oxuyarmış...

      ...Müşfiqlərin aqibətidir – simləri tez qırılar, ruhları dərbədər, könülləri pərişan  olar...

      O Müşfiq də belə idi, bu Müşfiq də...

      Böyük Müşfiq də poeziya aşiqi idi, şəhid Müşfiq də. O da tarı sevərdi, bu da...

      Böyük Müşfiqə yazdığım essenin adına baxın: “Qırıldı bir zərif şüşə içində...”

      (Şəhid Müşfiqin tarı çalmaz daha – eləcə divardan asılı...)

      Qoy bu da bu Müşfiqin yazısının adı olsun: “Sarı simi qırılan tar...”

 

     S.A. (Söz Ardı.)

     Bu gün Müşfiqin doğum günüymüş.

     Şəhid qardaşları ilə bərabər ruhları şad olsun...

 

                                                                                              18.09.2022

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə