AZAD QARADƏRƏLİ CƏBRAYIL Kİ CƏBRAYIL!

 

          AZAD QARADƏRƏLİ

        CƏBRAYIL Kİ CƏBRAYIL!

        ("Məndən sonra" memuar romanından parça)



            Bizim Qaradərəyə yaxın-uzaq kəndələrdən biri 

                                    BARTAZ

 idi. Bu kənddə cəmi iki-üç dəfə olmuşdum. Amma yaddaşımda dərin iz buraxmışdı. Çox dərin…                       Əvvala, ana babamın bu kəndlə qohumluq əlaqələri vardı. İndi adlarını unutduğum o qohumlarla hərdən Mincivanda, rayon mərkəzində görüşər, dərdləşərdik. İkincisi, ağır müharibə illərində bu kənddən iki nəfər cavan ana babamın inəyini oğurlayıb, aparıb kəsmiş, satmışdılar. Kişi nə qədər şikayət etsə də, nəticəsi olmamışdı. Və eşidəndə ki, Mircəfər Bağırov Zəngilandan qatarla keçəcək, Mincivanda poçt müdiri işləyən İzzət dayının köməkliyi ilə qatardaca Mircəfərin qəbuluna düşmüş, başına gələnləri danışmışdı. O gündən sonra həmin iki adam həbs olunmuş, babamın inəyinin pulu da ödənmişdi.

            Nəbinin Bozatı bu kəndin ilxısından  çıxmışdı və bu barədə yazılarımda bəhs etmişəm.

            Bartaz ilk dövrlərdə Zəngilan rayonunun mərkəzi də olmuşdu. Sovet höküməti qurulanda bir çox mühüm idarələr, o cümlədən Revkom burada imiş. Babam danışırdı ki, qaçaqların bura əli tez çatdığından, o idarələri günaşırı yandıra bildikləri üçün, mərkəzi Pirçivana köçürməyə məcbur oldular.

            Məni bu kəndlə bağlayan daha bir məsələ də vardı. Rayon qəzetində çalışanda bu kəndə getmiş, kəndin xəstəxanasında olmuş, oradan “Xəstə könlü nar istər” adlı reportaj yazmışdım. O yazıya görə Bartaz camaatı məni sevmiş, xətirimi çox istəmişdi.

            Bir də bu kəndin adnan deyilən məktəbi, müəllimləri vardı ki, bu barədə gərək ayrıca söz açım.

            Bir zamanlar atamın da müəllim işlədiyi Bartaz kənd orta məktəbində Bəşirov Hilal uzun zaman direktor oldu. Son dərəcə mədəni, hamının dilini bilən, dilli-ağızlı bir kişi idi. Bu kəndin yetirməsi  Yadulla Hacıyev Zəngilan maarif şöbəsinin müdiri idi…

            Bu kənd zaman-zaman 300 evli Bartaz kimi rayonun ən böyük kəndlərindən biri olmuşdu. Sonradan Bakı-Naxçıvan və Bakı-Yerevan dəmiryolunun bu kəndin aşağı hissəsəsindən keməsi ilə adamlar həmin dəmiryol razyezinin (kiçik dayanacağın) yanında evlər tikmiş və az sonar burada Bartaz dayanacağı adlı böyük bir kənd salınmışdı. Bartazın qaymaqları bura köçmüş və bu yeni kənddə də məktəb açılmışdı. Mənim “Cəbinin üçüncü dəfə kəsilməsi” hekayəmdə bu yeni kənddən bəhs olunur…

 

                          CƏBRAYIL Kİ CƏBRAYIL…

 

            …Nəhayət, bu kənddə, daha doğrusu, Bartaz dayanacağında mənim bir dostum vardı ki, adı Cəbrayıl olan bu adam elə adı kimi sözü kəsərli, zəkası iti, bir qədər də yüngülayaq adam idi… (“İdi” də deyirəm, amma dostum, şükür allaha sağ-salamatdır, yaşı ilə barışmasa da, 70-i başa vurub, təqaüddədir.)

Cəbrayılla bağlı bir sıra kitablarımda ayrıca yazılar yazmışam. Hətta “Yuxarıda kim var?” adlı uzun hekayəmin qəhrəmanlarından biri məhz Cəbrayıldır – orada adını Əfrayıl kimi versəm də, o Əfrayıl, əslində, Cəbrayılın prototipidir… (Əslində, bu əsərin yazılma səbəbi də Cəbrayıl olub. Bir gün görüşəndə dedi ki, başıma bir iş gəlib, danışım sənə, bəlkə lazımın oldu. Dedi ki, bilirsən ki, mən ailəmlə yataqxanada məskunlaşmışam. Hər gün yemək yeyib qurtaranda əlimi göyə tutub, dua edər və bizə bu ruzini verdiyi üçün Allahıma şükür edərdim… Bu, təxminin beş-altı ildir ki, belədir… Bu yaxınlarda bilirsən nə oldu? Bilmişəm ki, bizim üst mərtəbədə yaşayan qadın fahşə imiş. Mən hər gün əlimi yuxarı tutub dua edəndə o bəlkə də yataqda növbəti kişinin ehtirasını söndürürmüş… İndi sən de, mənim duam kimə getdi, hara getdi?..)

            Və az vaxt içərisində “Yuxarıda kim var?” əsəri yazıldı…

            Cəbrayıl haqqında onu deyim ki, dostluqda tayı olmasa da, ətiacı adamdır. Sözünü yeridəndir. “Bildiyini dədəsinə verməz” deyimi boyuna biçilib. Sovetin qılıncının dalı da kəsən vaxtlarda məmurlar Cəbrayıldan tük salıblar. Hirsləndirən kimi qələmə sarılıb, Bakıdan Moskvayacan yazar, haqqını tələb edərdi. Camaatın öz dilini alababat bildiyi vaxtlarda o, ingiliscə sərbəst yazıb-oxuyardı. Bütün elmi, pedoqoji, bədii qəzet və jurnallara abuna olardı.

            Cəbrayıl haqqında yazdığım yazıları və uzun hekayəni oxuyanların bildiyi yerləri burada tez keçirəm – “perestroika”nın təzə vaxtlarında raykomda işləyirdim və Cəbrayılın irəli çəkilib məktəb direktoru təyin olunmasında az da olsa, mənim də rolum oldu.

            Sonra 20 Yanvar baş verdi və məni işlədiyim qəzetdəki redaktor müavini işindən çıxartdılar.

            Buna baxmayaraq Cəbrayıl bir gün yanıma gəlib dedi ki, məktəbimizə Səməd Behrənginin adını veriririk, bu münasibətlə tədbir olacaq, səni də ora dəvət edirəm. Dedim, ay qardaş, mən indi rayonda vurulmuş adamam, qabaqkı hörmət-izzətim yoxdur, hamı məndən qaçır, bəlkə mən gəlməyim sənin tədbirinə? Ziyanım dəyər sənə…

            Dedi, yox ki, yox. Cəhənnəm olsun hər şey. Bakıdan da qonaqlar gələcək, sənin də gəlməyini istəyirəm!.. Hətta dostun Eldar Baxış da gələcək…

            Söz verdim ki, mütləq gələcəyəm…

            Bu hissəni də yuxarıda adını çəkdiyim uzun hekayədə (povestdə) təsvir etmişəm.

            “-Tovarişi! Sevodnya krasivıy den... Patomu şto, velikiy qeroy Azebayjanskoko naroda Samyed Baxramov...

            Rayonun hərbi komendantı idi. O ki var vurub dəmləşəndən sonra çiynində avtomat çıxış eləmək fikrinə düşmüşdü. Çıxışların içində elə ən maraqlısı, əslində bu idi. Qalan çıxışları əvvəlcədən yazmış, raykomda oxuyub düzəliş eləmişdilər. Hətta Eldar Baxış da çox həvəssiz bir çıxış elədi. Əslən Cənubi Azərbaycandan olan qonaqlar da o qədər qan-qada, zindan görmüşdülər ki, əli avtomatlı Sovet əsgərlərinin əhatəsində, rayonun hərbi komendantının qarşısında artıq-əskik danışmağa cürət etmədilər.

              İçim qaynayır, şuluqluq salmaq istəyirdim. Bu rəsmiyyəti götürmək, ölməkdə olan imperiyanın son çabalarına bir dur demək istəyirdim. Dostum Əfrayıl kəsmişdi qabağımı. Axı tədbir onunkuydu.

            Səməd Behrənginin şəkli düz mən oturan tərəflə üzbəüz asılmışdı. Eşmə bığlarının ucları  elə bil bir az  aşağı  sallanmış, hirs-hikkə ilə üzümə baxırdı. “Bu nə məsxərədi?! Bundansa qoyeydiniz qəbrimdə rahat yateydim. Nə gözlərini bərəldirsən? Arazdı da mənim qəbrim. Hə, o çay mənə doğmadı axı. Bir il qabaq adamlarımız o tay-bu tay gəldilər Araza sarı, sərhədləri söhdülər, mənim Araz qəbrimdə hönkürüşdülər, ağlaşdılar, qol-boyun oldular, bulanıq suyunnan ovuclayıb işdilər... Sağ ol, qərdəş, sənin də o günlərdə yaxcı yazıların vardı, xəbər tutdum küləhlərnən... Sora Bakıda qan düşdü, elə o sərhədlərin sökülməsinə görəydi, əslən o qan... Orda farsdar, burda rusdar... Qırırlar bizdəri... Neynax, qoy qırsınnar! Axırı bizim axan qannarımız Arazdan da yekə bir nəhr olar, qan dənizində boğar bu allahsızdarı... Sən də, qərdəş, bu təbrizdiləri bağışda, gözləri qorxub bınnarın, oxəntənə qan-qada görüblər ki... Özü də burda bir az qərib kimidilər... Bu şairləri də məzur tut... Bakıdakı qan-qırğın gözdərinin odunu alıb... Genə əlac sənə qalıb, dur, dur mənə layiq bir söz de...”

           Bir yandan da nəsə şehə oxşar, nəm, bir az da balıq iyi qarışıq qoxu dolur burnuma, mənə rahatlıq vermir. Dəniz-yosun qatışığını andıran bu xoş duyğu məni gerçək aləmdən alıb hara isə uzaqlara, Nazim Hikmətin də olduğu bir yerə çəkir. Ora mənimçün ayrı bir yerdi və bu saat mən orda olmaqçün ömrümün yarısından belə keçməyə hazır idim. Amma ora getmək buranı – bu Səməd Behrəngi məclisini yiyəsiz qoymaq demək olardı. Bu komendant cəhənnəmə, özümüzün quyruqbulayanlarımız bu məclisin Səməd Behrəngisiz keçməsi üçün, ütülü, kraxmallı bir məclis olması üçün sino getmirlərmi? Mən bura gəlmişəmsə, bu belə olmamalıdır. Yanımdakı yerli adamdan bu nəmişlik, dəniz-yosun  qoxusunun  nəmənə olduğunu soruşanda əlini hardasa bir on beş-iyirmi beş  metrlik məsafəyə tuşlayıb:

            -Arazın qoxusudu də, - dedi.

            Bir az qımzanıb söyüdlərin arasından lal axan Arazı gördüm. Qan rəngində gəldi mənə. Bilmirəm, boğulmuş adamın rəngi necə olar görəsən? Onun qanı hara axır bəs? Yəqin göyərir, qızarır, qızarır, göyərir, sonra su rənginə dönür... Gömgöy su rənginə... Amma Araz qan rəngindəydi. Yəqin təkcə Səmədin rəngi çıxmamışdı Araza... Balaca qara balığın, qarğalarla oynayan qızcığazın, çuğundursatan oğlanın da qanı şorlayıb Səmədin rəngilə birgə Araza qarışmış, çayı belə rəngə salmışdı.

               Yenə lal idi Araz. Nənəm lal yox, eləcənə lam deyərdi. Dalınca da qayıdardı ki, suyun lam axanı, adamın yerə baxanı... lal-lam Araz... Gözünün qabağında balası boğulub öldürülən ana kimi çığırmış, çığırmış, səsinə səs, harayına hay verən olmamış, səsi batmışdı?

               İki stəkan araq içmişdim. Heç nə yeyə bilmirdim. Üçüncünü də başıma çəkib gözlərimlə Əfrayılı axtardım. Amma o məni görəcək halda deyildi. Qonaqlarına qulluq edir, nə barədəsə izahat verir, hətta arada keflənmiş komendantı əsgərlərlə birgə hara isə sürüyüb aparmağı da unutmurdu. Və birdən mənim onu gözlərimlə aradığımı gördü və fikrimi gözlərimdən oxuyub elə gözlərilə də “hə” dedi. Bir də gördüm ki, tribunadayam. (Taxtadan tribunaya oxşar bir şey düzəltmişdilər)

            -Hörmətli bəylər və xanımlar!..

            Butrada deyilməyən nə vardısa, hamısını dedim. Axırıncı cümlələrim təxminən belə idi:

            -Siz Arazın qoxusunu duyursunuzmu? Su qoxusu gəlmir Arazdan, qan qoxusu gəlir. Elə-belə qan yox ki! Boğulmuş, boğdurulmuşlar kimi qanı əvvəl içinə, sonra da içindən dışına, ordan da boğulduğu suya axıb Səmədin. Bu gün Səməd Behrəngiləri yenə boğurlar, o tayda ajanlar, bu tayda Sovet ordusunun qaniçənləri və onların bu məclisdəki əlaltıları!

            ...Şuluqluq baş tutmuşdu. Eldar heç özündə deyildi. (Mən onlara əvvəlcədən “şuluqluq” salacağımı demişdim. Eldar “lazım deyil, onsuz da səni görən gözləri yoxdur, bir az da qızışdırma” bunları demişdi. Bilirəm ki, dostu – birincinin sözləri idi. Üstəlik də təzə xanım katib o ki var danışıb dalımca. Amma Tofiq Abdin “belə yerdə şuluqluğa ehtiyac var” deyib məni ürəkləndirmiş, Eldarın da sanki razılığını almışdı.) Uzağa yox, əlini uzatsan çatası Araz səmtə  zilləmişdi gözlərini. Tofiq Abdin düz gözümün içinə baxıb sanki “tutdu!” demək istəyirdi... Əfrayıl az sayda əl çalanlardan idi...”

            Sonra rayonumuz işğal olundu. Sonra biz məcburi kökün kimi Bakıya gəldik…

            Nələr oldu, nələr olmadı?!

            Cəbrayıl saqqal buraxmışdı və and içmişdi ki, rayonumuz işğaldan azad olunmayıncan saqqalımı qırxmayacam. Bir il saqqallı gəzdi. Bu barədə “Azərbaycan müəllimi” qəzetində məqaləm və onun saqqallı şəkli çıxdı. Sonra dost-tanış yığışıb məzəmmət etdik, saqqalını qırxdırdıq…

            ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

            Bu nöqtələrin yerində çox şeylər oludu, daha onları yazmıram…

            Və Cəbrayıl əməkdar müəllim adı aldı, Tərəqqi medalına layiq görüldü…

            İndi təqaüddədir.

            Bununla barışmasa da, həyat bunu tələb edir. Yeni nəsil gəlməli, biz getməliyik…

            Cəbrayılın dost olmadığı adamlar var ki, onlar da mənim dostumdur.

            Cəbrayıl bunu da qəbul edə bilmir…

            Qəbul etsə də, etməsə də, həyat davam edir.

            Cəbrayıl Zəngilan işğal olunandan sonar Zəngilana, Şuşaya getmişdi…

            Mən heç birinə gedə bilməsəm də, sanki dostumun qəlbində yer edib, mən də onunla oraları ziyarət etmişəm…

            Cəbrayıl, bütün hər şeyi ilə bərabər, yaxşı dostdur…

           

                                               ***

            Bartaz Zəngilanın Qabrovasıdır. Buradakı adamlar sözü ömründə birbaşa deməzlər. Zarafat, söz güləşdirmək, sözün sıxıb suyunu çıxartmaq burdakı adamların köhnə peşəsidir.

            Mən də ki, söz aşiqiyəm. Bir işıqlı sözdən ötrü dünyanın o başına gedərəm. Elə Bartaz lətifələrindən ötrü getmədimmi Bartaz deyibən?!

            Beləcə, birinci lətifə:

            XUŞUN GƏLDİ, QALDIRIM, BİR DƏ SALLEYİM?

            Bir bartazlı vəfat edir və onu məzara sallayanda ip qırılır, meyid şappıltı ilə düşür qəbirə. Baş tərəfdə dayanan gənci, hansı ki, ölənin oğlu idi, gülmək tutur. Yığışanlar da soyuq-soyuq gülüşürlər. Meyidi qəbirə sallayan ağsaqqal hislə ölənin oğluna çəmkirir:

            -Nooldu, xuşun gəldi, qbir də salleyim?!

            (Zəruri qeyd: bu lətifəni 70-ci illərdə “Ədəbiyyat və incəsənət”in yumor guşəsində çap etdirəndə həmin adam – ölənin oğlu məni məhkəməyə verəcəyi ilə hədələmişdi. Ruhu şad olsun.)

            İkinci lətifə:

            ALTMIŞ DOVŞAN, HAMISI BİR YERDƏ?

            Bir qardaş neçə dəfə meşəyə ova gedir, hər dəfə əli boş dönür. Böyük qardaş hirslənir:

            -Mən sən yaşda olanda bir gündə bir dərədə altmış dovşan vumuşdum…

            Kiçik qardaş heyrətlə qışqırır:

            -Altmış dovşan, hamısı bir yerdə?!

                                   ***

           Bu “Bartaz” kəlməsinin özünün azı iki min il yaşı var. Tarixdə “Bor” türk tayfaları olub ki, dünyanın hər yerinə səpələniblər. Bartaz, Bərdə Azərbaycanda), Bartin (Türkiyədə) sözləri bu türk tayfasının adı ilə bağlıdır. Bəzi mülahizələrə görə, börü (qurd, igid, bahadır) sözü də bu kəlmədən törəmişdir, yaxud əksinə.

                                   ***

             Bartaz bu gün işğaldan azad olunub. Könül istər ki, camaatı ora tez köçürsünlər, bartazlılar orada bir Ağılsız kən salsınlar… Elə o biri kəndlərimiz də o cür… Gedək, tikək, quraq, yol göstərək. Yaşımız gedir, qardaş! Cəbrayıl da, mən də, sən də… qocalırıq… Və bir gün bu dünyaya əlvida edəndə də rahat vida edək. Ana torpağa qovuşaq. Babalarımız kimi… Bor-bor böyürən, börü kimi börüldəyən kişilər kimi…

                                                                                                                          2020-2022

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə