AZAD QARADƏRƏLİ CƏLAL BƏRGÜŞAD, SİYRİLMƏMİŞ QILINC VƏ SAİRƏ...

 

                      AZAD QARADƏRƏLİ

 

                 CƏLAL BƏRGÜŞAD, SİYRİLMƏMİŞ QILINC VƏ SAİRƏ

 

                        (“Məndən sonra” memuar romandan parça)

 


            Çöpədərə kənd orta məktəbində direktor işləyirəm. Gənc olsam da, məktəbdə işləri yaxşı qura bilmişəm. Çatışmayan sinif otaqlarını tikdirməyim (məndən əvvəlki  direktorun haqqını vermək gərək – rəhmətlik Söhrab müəllim məktəbi yaxşı idarə edirdi və mən elə idarəetməni məhz ondan öyrənmişdim), məktəbdə nizam-intizamı bərpa etməyim, yaxşı oxuyanların sayının artması, rayon və respublika səviyyəli  tədbirlərdə çıxışlarım, burda işləyərkən ilk kitabımın (“Dumduru su” hekayələr toplusu) çıxması  mənə olan etimadı artırmışdı.

            Belə bir vaxtda rayona yeni təyin olunmuş birinci katib məni raykoma işləməyə dəvət edir. (Bu barədə bir neçə dəfə yazmışam, ona görə qısa keçəcəm.) “Bilik” cəmiyyətinin məsul katibi olsam da, raykomun plenum üzvü kimi, həm də idarəmin raykomun binasında yerləşməsinə görə buranın işçisi sayılıram. Demək olar ki, Bakıdan gələn bir çox qonaqları (elm, maarif, mədəniyyət sahəsinin adamları və xüsusən də yazı-pozu adamları) birbaşa mən qəbul edirəm, mən yönləndirirəm.

            Heç yadımdan çıxmaz. Biri gəlmişdi, dedilər şairdir. Ad-soyadını ilk dəfə eşidirdim. “Neçə kitabınız çıxıb?” deyə əlli yaşlarında olan bu adamdan soruşanda “Mən kitab çıxartmağı sevmirəm” dedi və qalın vərəqdə afişa kimi çıxartdığı bir şeirini mənə uzatdı. İlk bəndi oxuyanda ətim töküldü. Bizim rayonun “saray şairləri” dediyim qoca şairləri bunun yanında toya getməli idilər. Adam mənim sir-sifətimdən nə oxudusa, qayıtdı ki, yoldaş Mehdiyevlə bir blokda qalırıq... (Mehdiyev katibin soyadı idi.)

            Birincinin yanına qalxıb dedim ki, mən bunu hara aparım? Ayıbdır axı?! Bunun yazdıqları orta məktəb şagirdinin səviyyəsindən də aşağıdır.

           Adamın üstdə allah var, katib gülümsünüb, dedi ki, sən onu burax, bir başqası onunla məşqul olar, Cəlal Bərgüşad gəlib, get onunla görüş, söhbət elə. Amma elə et ki, xətrinə dəyən hərəkət olmasın, ağsaqqal adamdır...

            Kabinetə qayıdanda “şair” yox idi. Dedilər ki, təlimatçıların hansısa götürüb kolxozlara aparıb. Yəqin ki, sədrlər cibinə pul qoyacaq, ən azı da bir heyvan kəsib yola salacaqdılar...

            Cəlal Bərgüşadla raykomun qonaq evində görüşdük. Uzun boylu, ağbəniz, bir az da forslu-postu birisi idi. Mürəbbə ilə çay içə-içə nə yazırsan dedi.

            “Hekayə yazıram. Bir hekayələr kitabım çıxıb.”

            “Doğrudan? Bəs mənə niyə o kitabdan gətirməmisən?”

            “Nə bilim? Dedim yaxşı çıxmaz. Amma “Ədəbiyyat və incəsənət”də  təzə hekayəm çıxıb, təsadüfən qəzetin o nömrəsi yanımdadır... Onu verə bilərəm... Bir də, lap yeni yazdığım bir hekayə var...“

            Qəzeti alıb o tərəfinə, bu tərəfinə baxdı, hekayənin başlığını oxudu, özümə qaytarıb, makinadan yeni  çıxmış “Soyxa” hekayəmi götürüb, oxumağa başladı.

            Cəmi 4 makina səhifəsi olan hekayəni sürətlə oxuyub, yerə qoydu, gözünü qıyıb dedi:

            “Sən özünə görə adam deyilmişsən... Bunu harasa vermisən?”

            “Hə, “Azərbaycan” jurnalına... Məmməd Oruc bunu və daha bir hekayəmi oxuyub, bəyənib... İsa İsmayılzadə də oxuyub, çap edəcəklər yeni nömrədə...

            “Həəəə.... Malades... Xoşum gəldi. Qıvraq uşaqsan... Bura bax, mənim nəyimisə oxumusan?”

            “Hə... “Siyrilmiş qılınc”dan bir az oxumuşam...”

            “Bir az? Elə niyə”

            Bir qədər duruxdum. Raykomun köhnə işçilərindən biri məni qapıdan çıxanda çağırıb demişdi ki, Cəlal müəllim ağsaqqaldır, bizim zonadandır... Hələ üstəlik, katibin qohumudur... Bir az səliqəli davran...”

            İndi mən neyləyim? Riyakarlıqmı edim? Bu kişiyə yalanmı söyləyim? Yox ki, yox! Həqiqəti atamın da ayağına vermərəm!

            “Bilirsiniz... Cəlal müəllim, əsər tarixi janrda olsa da, marağımı çıkmədi... Necə deyim axı, tarixdən bildiyimiz Babəkin qüdrətini romanda verə bilməmisiniz...”

            Kişinin rəngi qaçmışdı. Ağbəniz adamda rəng-ruf dəyişikliyi tez bilinir axı. Sifətinin sol tərəfində damarı tez-tez atmağa başladı. Ayağa qalxıb üstümə yeridi. Dedim ki, bu nəhəng adam bu saat məni basıb döyəcək. Bir az qorxsam da, oturduğum yerdən tərpənmədim. Kişi çay içdiyi masadan makina qrankalarını yığıb qatladı, bazarda konfet, qənd, yaxud düyü alanda kağızı burub necə kulokfason bir şey düzəldərlərsə, elə etdi (bu mənzərəni o illərdə yaşamış adamlar təsəvvür edə bilər – indiki kapron torbalar yox idi, qalın, boz kağızları burub, kulok kimi düzəldər, satılan məhsulu onda çəkərdilər), gətirib qucağıma basdı və hirslə dedi:

            “Dur, dur get... Mən də Az.Tvdən operator gətirmişəm ki, katibin nişan verdiyi əyalət yazıçısını verilişə çəkəm... Dur ə, dur get...”

            Sözün dalısını uddu, demədi. Dəqiq bildim ki, ağır söz dedi ürəyində.

            Nənəmin dediyi bir lətifəfason söhbət yadıma düşdü. Bir kasıb arvad qızını göndərir varlı qapısına. Qız qapını döyür, əlindəki boşqabı uzadıb, deyir:”Keçəl Qızdarbəyi xala, nənəm deyir ki, bizə bir az ayran versin, pencərə bılayıb yeyək...”

            Varlı evin arvadı boşqabı alıb yerə atır və deyir:”Bala, o dil ki, nənənindi, içinə də bir az çalxam salacam.” (Çalxam burada yağa deyilir.)

            Və yolboyu katiblə bu yaxınlarda olmuş söhbət yadıma düşür.

            Bura işə gələndə baxdım ki, maaşım azdır. Birinci katibə dedim ki, tapşırın mənə şəhər məktəblərinin birində dərs versinlər, maaşım aşağıdır. Məni yanına çağıran üçüncü katib dedi ki, sən istəsən, burada maaşından beşqat çox qazanarsan...

            “Axı necə?”

            Bunu sən özün biləcəksən. Gələn var, gedən var... Təhkim olunduğun kolxozlar var, idarələr var...

            “Mənə dərs verin, qalan şey istəmirəm.”

            Şəhərin 1 saylı məktəbində dərs verdilər. Doqquzunculara dərs deyəndə gördüm bir uşaq özünü pis aparır. Daha doğrusu, tərbiyəlidir, amma ev tapşırığını yazmır. Bir dəfə, iki dəfə, axırı bu uşağa bərk bir sillə vurdum.  Kök, yaraşıqlı oğlan qızardı, rəng verib, rəng aldı və bu vaxt sinifdən bir “ah” kimi nida keçdi. Hiss etdim ki, bütün uşaqlar təəccüb və heyrət içərisindədirlər. Daha gerisi ilə maraqlanmadım...

            Bir axşam üstü Birinci məni yanına çağırdı və gülümsünüb, dedii ki, demirəm vurma, amma elə vur ki, əlinin izi qalmasın... Anası narahat olub...

            Ay dad! Vurduğum oğlan katibin oğluymuş!

            İndi də buna oxşar bir şey baş verdi. Bu dəfə yəqin ki, katib məni bağışlamayacaq...

            ...Katib o hadisəni üzümə vurmadı, amma mənim israrlı xahişimdən sonra iş yerimi dəyişdi – yerli qəzetə redaktor müavini göndərildim. Zira burada da çox qalmadım. Elə bir hadisə baş verdi ki...

            Bu ayrıca bir söhbətin mövzusudur...

           

            S.A. (Söz Ardı.)

            1.Məni yola salan köhnə raykom işçisi həmin gün otağımıza gəlib, kefsiz-kefsiz demişdi:”Sən o boyda “Siyrilmiş qılınc”ı necə inkar edə bilərsən axı?!”

            Mən də onun yazıq-yazıq dediyi cümləyə belə təpki vermişdim:”İnanın, mənim o əsərdə gördüyüm qılınc qəti siyrilməmişdi... Bəlkə də heç kəsən qılınc deyildi.”

            Adam çiynini çəkib hürkmüş halda otağına getmiş və dərman atmışdı...

            2. Bir dəfəBakıda Eldar Baxış, Aslan Qəhrəmanlı və mən çayxanada çay içəndə Eldar dedi:”Sən canın, Cəlal Bərgüşadın romanına nə təhər ad qoymuşdun?”

            Sonra da mənim cavabımı gözləmədən o əhvalatı bir bəzəyə-bəzəyə danışmışdı ki, qonşu stuldakılar da gülməkdən qəşş etmişdilər...

           

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə