AZAD QARADƏRƏLİ HALALLIQ ("Məndən sonra" memuar romandan parça)

 



 

                         AZAD QARADƏRƏLİ

 

                                    HALALLIQ

 

                        (“Məndən sonra” memuar romanından)

 

 


            Aldərə kəndi və bu kəndin məktəbi bizim tərəflərdə bir sehrli məkan timsalındaydı. Kim oranı bitirmişdisə, ona başqa gözlə baxır, bir növ bizdə deyilən kimi göys ötürürdülər. (Bu, anamın ifadələrindəndir. Yəqin ki, “köks ötürmək” deyiminin təhrif olunmuş, yaxud yerli dialektdə deyiliş forması idi.) Məsələn, Filankəs Harvardda oxuyub, Bəhmənkəs Kembrici bitirib anlamında…

            Bu kəndin məşhur direktoru Səfərəli müəllim də bir ayrı əfsanə qəhrəmanı kimi xatırlanardı.

            İş elə gətirdi ki, bir dəfə bu mif qəhrəmanı ilə görüşdüm. Və aşağıdakı yazı belə yarandı. (Həmin yazını bir qədər ixtisarla təqdim edirəm.)

                                                           ***

 

            ...Direktorumuzun qızı bizim məktəbi bitirdikdən sonra Aldərədəki orta məktəbə oxumağa getdi. (Bizim məktəb 8-illik idi.) Bu məktəb Ermənistan ərazisində yerləşsə də, orada oxuyanların əksəriyyəti mizim rayonun uşaqları idi. Bizim rayondakı ən nüfuzlu məktəblərlə rəqabət aparan Aldərə məktəbinin şöhrəti Azərbaycanın hər yerinə yayılmışdı. (Buradaca bir məsələni qeyd etmək vacibdir. Aldərə və Nüvdi 30-cu illərəcən Zəngilanın kəndləri olmuşdur. Lakin sonradan ermənilərin canfəşanlığı, bizimkilərin isə yuxa qulağı sulaması səbəbindən Azərbaycandan alınaraq Ermənistanın Meğri rayonuna verilmişdir.)

            Oktyabrın axırları idi. Çöpədərə kəndinin dərələri, təpələri al-yaşıla bürünmüşdü. Son baharın aldatdığı təbiət əsl yaz növrağındaydı. Çox mühafizəkar adam olan, amma bəzən orijinallığından da qalmayan direktorumuzun təklifi ilə növbəti pedoqoji şuranı təbiətin qoynunda keçirdik. Təbiət etibarı ilə qaraqabaq adam olan direktorumuz Söhrab müəllim bu dəfə çox şən görünürdü. Nəhayət, o, söhbətə başladı:

            -Ədəbiyyat müəllimimizin son illərdəki uğurları göz qabağındadır. Mən bir riyaziyyat müəllimi kimi onun məktəbdə çox qabağa getməsini, uşaqları da arxasınca aparmasını qəbul edə bilmirdim. Ona görə ki, mən bu məktəbi riyaziyyatçılar məktəbinə çevirmək istəyirdim. Elə çevirmişdim də! Amma direktor keçməyim, bir yannan da bu cavan ədəbiyyatçının məktəbimizə gəlməyi mənim planlarımı pozdu... Yox, xahiş edirəm, kəndçiliyinizə salıb, bunu paxıllıq kimi qəbl etməyin. Mənə görə xalqın inkişafında birinci riyaziyyatdır. Riyaziyyatı güclü bilən uşaq o biri fənləri də yaxşı oxuyar... Amma o gələndən sonra... Nəysə... O şey ki, faktdır, onu qəbul etmək lazımdır. Bir də Səfərəli müəllimin qəbul elədiyini mən nə karayam ki, qəbul etməyim? Hə, Səfərəli müəllimnən məktub gəlib, bizim qızdan göndərib. Qulaq asın, oxuyuram : “Hörmətli Söhrab müəllim! Sizin məktəbin şagirdi, yəni sənin qızın bizim məktəbdə cəmi iki aydır ki, oxuyur. Amma məktəbin bütün tədbirlərində fəal iştirak edir. Tədbirlərimizdə söylədiyi “Ana və poçtalyon”, “ Ananın öyüdü” və sair şeirlər onu məktəbin sevimlisi edib. Eşitdiyimə görə, onun müəllimi məktəbinizin gənc ədəbiyyat müəllimidir. Ona mənim salamımı və təbrikimi çatdırın.

            Pedaqoq salamıyla: Səfərəli İbrahimov. Ermənistan SSR, Meğri rayonu, S.Vurğun adına orta məktəbin direktoru. 1986-cı il.”

            -Vəssalam – deyib, direktorumuz mənə yanaşdı. Əlimi sıxıb, -Səni təbrik edirəm, - dedi...

            Səfərəli müəllim kimi nüfuzlu bir məktəb rəhbərinin bu məktubu direktorumuzla aramızdakı soyuqluğa nəinki son qoydu, hətta bizi dostlaşdırdı da. Mən bu novator maarif işçisinin üzünü görməsəm də, uzadan-uzağa qayğısını hiss etdim.

            İllər keçdi. Azərbaycan müstəqil oldu. Amma bu müstəqillik şirinliyi ilə bərabər, yaddaşımızda yara izləri də qoydu. Adına Ermənistan deyilən dədə-baba torpaqlarımızdan soydaşlarımız qovuldu,  20 rəqəmi yaddaşımızda qanlı iz qoydu: 20 Yanvar ağrılarını yaşadıq, 20 faiz torpaqlarımız işğal olundu...

            Mən də Bakıda məskunlaşan çoxsaylı müəllimlərdən biri kimi iş axtara-axtara müəllim və jurnalist oldum. Bir gün jurnalist kimi tapşırıq aldım ki, Binəqədi rayon təhsil şöbəsinin işi haqqında məqalə hazırlayım. Təhsil şöbəsinin müdiri olan xanım dedi ki, gəl səni müavinimlə tanış edim, qocaman təhsil işçisidir, əməkdar müəllimdir, elə onnan müsahibə götürərsiniz.

            Müavin qapısını açıb içəri girdim. Özümü təqdim etməyə hazırlaşırdım ki, ucaboylu kişi stuldan qalxıb, irəli gəldi və məni qabaqladı:

            -Səfərəli müəllim. Xoş gəlmisiniz.

            Çaşıb qaldım. Əlimdə tutduğum vəsiqəni stolun üstünə qoyub naqolay vəziyyətdə dedim:

            -Hansı Səfərəli müəllim?

            Kişi yaşına yaraşmayan cəldliklə stolun ətrafında dövrə vura-vura dedi:

            -Səfərəli İbrahimov...

            On beş il əvvəl mənə məktub yazdığını, bir müəllim kimi onu özümə talisman saydığımı dedim və köhnə tanışlar kimi söhbətə başladıq.

            “Mən işlədiyim dövrün çox hissəsi Sovet dövrünə düşüb. Buna baxmayaraq əsl məktəb yaratmışdım. Erməni içində olsaq da, onların təpkilərinə tuş gəlsək də, bir məqsədimiz vardı: gələcəyimiz olan uşaqları savadlı, əxlaqlı böyüdək. Mən əxlaq sözünü elə-belə demədim. Təəssüf ki, məktəblərimizdə indi əxlaq sözünü çox az-az işlədirlər. Bir də məktəblərimizə indi halallıq daha çox gərəkdir. Halallıq demişkən, dərs dediyim şagirdlərimdən indi bir çoxu yüksək vəzifədədirlər. Bütün şagirdlərimin yanında alnım açıqdır. Təkcə birinin yanında gözükölgəliyəm, əgər buna gözükölgəlik demək mümkünsə...

            Bir qədər məzəli, amma həm də ibrətaniz əhvalatdır. Qoy danışım, sən də qələm adamısan, gərəyin olar... Hə... Məktəbimizin şöhrəti hər yana yayıldığından dörd bir tərəfdən bizim məktəbə oxumağa  təşrif buyururdular. Dəlləkli kəndindən də bir dostumun oğlu gəlmişdi. Yoxladım, gördüm, bizim məktəbə layiq uşaq deyil. Amma qaytarmağa da üzüm gəlmədi. Atasıyla çörək kəsmişdim, həm də bir prinsipim vardı: yaxşını yaxşı eləməyə nə vardı ki, gərək pisi yaxşı eləyəsən...

            Qəbul elədim məktəbə... Hə. Bir həftə sonra həmin uşaq əlində bir hinduşka gəldi bizə. Dedim, a bala, bu nədi?!

            Dedi, dədəm verdi ki, apar Səfərəli müəllimə.

            İstədim verəm qoltuğuna qaytarım geri. Amma eləmədim. Ona görə ki, uşaq kəndlərinə indi qayıda bilməzdi, qatar axşam olur... Getsə, gərək quşu da vurub qoltuğuna gedə məktəbə, bu da lap pis olar. Bir də uşağın atası elə-belə adam deyil, onun payını qaytara bilməzdim... Nəysə, çar-naçar qalıb, hinduşkanı alıb, atdım özümüzünkülərin içərisinə.

            Arvad da başladı gileylənməyə ki, axı özün bilirsən ki, bizə haram düşmür, niyə götürdün?

            Elə bil dilimi-ağzımı bağlamışdılar, etiraz eliyə bilmirdim...

            Bir gün səhər toyuq damına girəndə gözüm kəlləmə çıxdı: əllidən yuxarı hinduşka, yüzəcən toyuq-cücənin hamısı qırılmışdı. Təkcə Dəlləklidən gələn hinduşka pəncərəyə qonub qaqqıldayırdı...

            Sonra öyrəndim ki, kəndin taxıl zəmisinə siçan əleyhinə dərman səpiblərmiş. Bizim toyuq-cücə, hinduşkalar düşüb zəmiyə, dərman yeyib qırılıblar... O qərib hinduşka isə bizimkilərə yovumadığı üçün sağ qalmışdı...

            O vaxtdan çox illər keçib, bir şeyi özümçün yəqinləşdirmişəm: dünya təhsil sisteminin ən yaxşılarını öyrən, öz təhsilimizi də o cümlədən, amma bir şeyi unutma ki, halallıq yarada bilməsən, heç nəyə nail ola bilməzsən...”

            Səfərəli müəllimdən ayrılıb bayıra çıxanda gün günorta yerində idi. Şöbənin bağçasındakı günəbaxanlar səhər günçıxana boylanırdı, indi isə düz göyə baxırılar. Yerə bir gözlə baxan Günəş isə hərarətini hamıya eyni cür paylayırdı...

 

                                                           “Azərbaycan müəllimi” qəzeti, noyabr, 2001.

 

                                                           ***

 

            Səfərəli müəllimə də, Söhrab müəllimə də uca tanrıdan rəhmət diləyirəm. Bizim Qarabağda, Zəngəzurda bir adət var: adamın adına ağac əkərlər. Məsələn, bizim bağımızda iki armud ağacı vardı. Birini babam mənim adıma, o birini də xalam qızı olan qız nəvəsinin adına əkmişdi. Hər payız o armudlar yetişəndə biz nəvələr fərəhlə deyərdik ki, baxın, o ağac bizimdir!

            İnşallah Zəngilana gedəndə çox ağac əkəcəyəm. Amma o ağaclardan birini  bütün müəllimlərimin və ustadlarımın adına əkməyi düşünürəm. Adını da  “Ustad ağacı” qoyacam.  Zatən bu yazı o ağacların  yarpaqları timsalındadır.

 

            S.A. (Söz Ardı.)

            İşdi şayət, bu iş çox uzansa və mən dediyimi edə bilməsəm, qoy övladlarıma və tələbələrimə vəsiyyətim kimi qəbul edilsin.

                                                                                                        29.10.2022

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə