AZAD QARADƏRƏLİ MƏNDƏN SONRA (Memuar romandan parça)
AZAD QARADƏRƏLİ
MƏNDƏN SONRA
(Memuar romandan parça)
Böyük
mütəfəkkir Cəbran Xəlil Cəbranın sözüdür:”Mənim qabım boş olanda bununla
razılaşıram; amma yarım olanda narazı qalıram.”
Bizdə
də buna uyğun deyim var:”Dad yarımçıq əlindən.”
Bu
mətni işləyəndə ürəyimdən keçirdirəm ki, kaş yaşadığım bu illər ərzində təmasda
olduğum bütün yaxşı insanları, eşitdiyim maraqlı əhvalatları, kənd-kəsəyimizi,
el-elatımızı, oymaqlarımızı qələmə ala biləydim. Tərslikdən yaş ötdükcə bir
sıra əhvalatlar, görüşdüyüm insanlar, onlarla bağlı söz-söhbətlər unudulur,
hafizəmdən silinir. Ona görə, neçə illərdir
üstündə çaışdığım bu kitabı bir qədər sürətlə yazmağa başlamışam...
...Qonşumuz olan kəndlərdən Dəlləklini
ayrıca qeyd etmək lazım. Bu kənd Araza yaxın yerdə yerləşsə də, o boyda çayın
suyundan barına bilmir, bir yastanın döşündə susuzdan yanırdı. Yalnız bir sızqa
bulağın suyundan istifadə edən bu kəndə, deyəsən son illərdə Arazdan elektrik
suqovanlarının vasitəsi ilə su çəkilmişdi, fəqət bunun dadını çıxartmaq sonacan
qismət olmadı – qaçqınlıq, məcburi köçkünlük, erməni vəhşiliyi bu camaatı da
yerindən-yurdundan elədi...
“Lök”
– dəvə, “dəli” isə dəli-dolu, qızmış anlamına gəlirsə, Dəlləkli, yaxud Dəliləkli
dəli dəvə, yaxud qızmış dəvə anlamına gəlir. Qədimlərdə dəvənin ən vacib nəqliyyat
növü ölduğunu düşünsək, bu yerin dəli, qızmış, güclü dəvələri ilə məşhur olduğu
kəsindir. (Bu kənddən çox-çox uzaqda, meşələr qoynunda Güman Dəlləklisi adlı
bir kəndin xarabalıqlarını da görmüşdüm. Bilmirəm, bu iki kəndin yaxınlıq əlaqələri
nə qədərdir? Təəssüf ki, hafizəmdə bu haqda bir şey qalmayıb.)
Dəlləkli
camaatı maarifpərvər, zəhmətkeş və qanun-qayda sevən adamlar idilər. Bu kəndin
ağsaqqallarından Əzizi kişi, Qasım müəllim, Tariyel müəllim, Oktyabr müəllimi
qeyd edə bilərəm. Bu kənddəki məktəbin direktoru olan Qasım müəllim haqqında yerli
qəzetdə işləyərkən bir məqalə yazmışdım. O məqalə it-bata düşsə də, lap
sonralar, qaçqınlıq dövründə Qasım müəllimi Bakıda təsadüfən bir məktəbdə işləyən
görmüş və haqqında yeni bir yazı yazmışdım. “Əbədi işıq” adlı elmi-pedoqoji
kitabımda yer alan o yazının əl-ayağını bir az düzəldərək, tozunu alaraq buraya
təkara salmaq qərarına gəldim.
TƏBAŞİR TOZUNUN SEHRİ
Ali
məktəbdə XIX əsr Azərbaycan ədəbiyyatından bizə mühazirə oxuyan akademik
Feyzulla Qasımzadənin ömrünün qürub çağları idi. İnstituta çətinliklə gəlib-gedirdi.
Amma elə ki, köməkləşib mühazirə oxuduğu tribunaya çıxardırdıq, kişi əməlli-başlı
dirilirdi, ağzından od tökülürdü. Çatdırıb mühazirəni yaza bilmirdik. Zatən yazmağa
da ehtiyac yox: adam danışdıqlarının hamısını kitablarında çap etdirmişdi,
oxuyan lazım idi.
Bir
dəfə qoluna girib maşına tərəf aparanda mərhum yazıçı, eyni zamanda bizə xarici
ölkələr ədəbiyyatından dərs deyən İsmayıl Şıxlı yanımıza gəldi, Mirzə ilə səmimi
görüşdü (biz hamımız ona ya sadəcə Mirzə, ya da Mirzə Feyzulla deyərdik) və ərklə
dedi: “Ay Mirzə, bəlkə, bir az dincələsən, mühazirələrə bir qədər ara verəsən?”
Akademik
yazıçının gözlərinə dik baxıb ötkəm səslə dedi:”İsmayıl, mən sənin müəllimin
olmuşam. Bilirsən
ki, o kitablardan, bir də siz tələbələrdən başqa heç nə yiyəsi deyiləm. Əgər
bircə həftə auditoriyaya gəlməsəm, ölərəm…”
Elə doğrudan da, belə oldu nə yazıq
ki…
…78 saylı məktəbdə radio üçün
veriliş hazırlayan zaman direktor Ənnağı müəllimin otağında Qasım müəllimlə
rastlaşanda təəccübləndim. Zəngilanın Dəlləkli kəndində, sözün əsl mənasında,
gözəl bir məktəb yaratmış Qasım müəllim bu hisli-paslı buruqların arasındakı qədim
məktəbə necə sığa bilər axı?! On beş il o məktəbə rəhbərlik etmiş Qasım müəllim
sözün həqiqi mənasında vicdan mücəssəməsi idi. Onun məktəbində bir müəllimin
bir dəqiqə dərsə gecikdiyini, yaxud dərsdən tüz çıxdığını hələ görən olmamışdı.
Ola bilsin, çoxlarının
inanmayacağı bir fakt o məktəbdə hansı işin aparıldığından xəbər verəcək: bəlkə
də bura respublikanın yeganə məktəbi idi ki, bütün şagirdlərin bir xətti vardı
- hamı eyni hüsnxətlə, gözəl xətlə yazırdı!
Muncuq kimi hərfləri yan-yana düzülmüş görəndə adamın ruhu pərvəriş tapır,
sanki özünü gülüstanda hiss edirsən. Yaxşı tanıdığım, sözügedən məktəbin məzunları,
sonar isə müəllimləri olmuş Tariyel Cabbarov, Oktyabr İskəndərov, Nərminə
Cabbarova və başqaları əyləşib yazı
yazsalar, ən güclü ekspertlər belə onların yazısındakı fərqi tapa bilməzlər –
hamısı eyni biçimdə, eyni gözəllikdə!
Bodonştet bir zamanlar Almaniyadan
basa-basa gəlib Mirzə Şəfi Vazehdən nəstəliq (gözəl xətt) dərsi alırdısa, bu
gün mən çox istərdim ki, Azərbaycanda bir xəttatlıq, gözəl xətlər məktəbi
açılsın və ömrünün ixtiyar çağını yaşayan Qasım müllim gedib o məktəbə rəhbərlik
etsin…
Bir haşiyə.
Tarixdən məlumdur ki, Azərbaycan xəttatlıq
məktəbinin banilərindən olmuş Şah Zərrinqələm Təbrizi özündən sonar çoxlu sayda nəstəliqlə yazan xəttat
yetişdirmişdir. Onun izindən gələn XVI əsrin məşhur xəttatı Suban Əli Məşhədi
bu sənət barədə yazır: “Xətt (yazı) ona görə mövcuddur ki, onu oxusunlar və
onun üçün deyil ki, onu oxuyanda çətinlik çəksinlər... Xəttin gözəlliyi gözləri
oxşayır, pis olduqda isə gözləri yandırır”.
XI əsrdə yaşamış Xəttat Nizami Təbrizi
haqqında müasirləri belə deyərmiş:
“Öz xətti ilə kağızlar torpağında dürr əkirdi.”
…Qasım müəllim, sözün həqiqi mənasında,
müəllimdir. Yazımın əvvəlində Mirzə Feyzullanı təsadüfən xatırlamadım. Nə yaxşı
ki, Qasım müəllim Bakının bu ucqar məktəbində də olsa, fəaliyyətini davam
etdirir. Düşünürəm ki, müəllimi məktəbdən ayırmaq, balığı sudan ayırmaq kimi
olar. “Hər dəfə əlimə təbaşir alanda ömrüm artır” deyir Qasım müəllim.
2005-ci ildə Qasım müəllimin 70 yaşı
tamam olacaq. Mənim isə 50 yaşım tamamlanacaq həmin il. Düzü, mən Qasım müəllimi
lap yaşlı bilirdim. Nə yaxş ki, hələ cavanmışsınız, Qasım müəllim!
Qoy bu yazı sizin 70 yaşınıza mənim
töhfəm olsun!
Bəri başdan təbrikimi qəbul edin!
2004-cü il
S.A.
(Söz Ardı)
Bilmirəm,
Qasım müəllim o vaxt 70 yaşını qeyd edə bildimi?
Bildiyim
odur ki, bu ustad müəllim Zəngilanın azad olunmasını görə bilmədi.
Qarşıdan
isə 2025-ci il gəlir. Qasım müəllimin 90 illik yubileyi olacaq il.
Bir
arzum var. Həmin il Zəngilanda, Dəlləklidə olaq, kəndin yeni məktəbində Qasım
Cabbarovun 90 illiyini geniş qeyd edək! Tədbirdə bu gözəl insanın ömür yolu
haqqında məruzə etmək məndən!
Oktyabr – 2022

Yorumlar
Yorum Gönder