AZAD QARADƏRƏLİ ÖZÜ BİLİR... hekayə
ÖZÜ BİLİR...
“44 günlük müharibə bir də tarixə əlbəyaxa
döyüşlərin çoxluğu ilə düşdü.
Ordumuzun gənc
döyüşçüləri düşmən səngərlərinə dolaraq onlara nəfəs
almağa aman
vermirdilər. Bu qanlı döyüşlər zamanı düşmənin yüzlərlə
əsgəri qanına qəltan edildi...”
“Polislərlə əlbəyaxa olan qazi tək ayağı üstdə dayana bilməyib,ağırlığını kəsik
ayağındakı protezin üstündə
basaraq inildədi, üzü üstdə yerə sərildi...”
“Yağış
güllə kimi yağırdı... Yox e, düz olmadı... Güllə yağış kimi yağırdı... O zəhrimar
minamyot var ha, o da ki, day başımızı səngərdən çıxarmağa imkan vermirdi...
Yağışa allah versin, qardaş. Biz o müharibədə savaşanda yağış bizə yaxşı aman
verdi. Hərdən çiləsə də, day bizi selə-suya qərq eləmədi... Düşmanı qovmağımıza
imkan verdi... Biz... Biz... Mən axı çox danışan deyiləm... Belə... Davaya gələnnən
sonra danışqan olmuşam... Düşmanın çoxunu, belə nə təhər deyim, əlbəyaxa davada
qırmışıx... Mən heç dava adamı dəyiləm... Kəndimizdə də bilirlər ki, birini
vıram, yıxam, olmuyub... Amba day bı düşmandı axı... Hə... Onları paramparça eləmişəm
əlbəyaxada...”
“Sən
bu savaşını kimə həsr eləyirsən?”
Televiziya
jurnalistinin sualını eşidəndə bircə bunu demişdi:
“Özü
bilir...”
Üz-gözü
sarıqlı olduğundan hosbitalda televiziyaya müsahibə verən əsgəri tanıyan
olmamışdı...
Amma
bir adam tanıyıbmış...
***
Zeynəbə
deyəndə ki, Asimanın adamları ona elçi gələcək, qız əvvəl gülmüşdü. Sonra hirslə
“camaata it hürər, maa da çaqqal” deyib qeyzlənmiş, oğlan evinə söyüş sifariş
etmişdi:”Anqırıb tayını tapsın.”
Asiman
çox sakit bir oğlan idi. Dindirməsən dinməz, sancsan belə qanı çıxmazdı. Hətta
orta məktəbdə oxuyanda sinif yoldaşları onu daim ələ salar, eşşəkbeli oynayanda
həmişə üstündən tullanardılar...
Orta
məktəbi bitirəndə sinif yoldaşlarının kimi ali məktəbə, kimi texnikuma getsə də,
o, dəmiryolçu əmisinin köməyi ilə dəmiryolunda fəhləliyi seçdi. Nə etsin? Ata
tez ölmüşdü, ana da məktəbdə xadimə işləsə də, maaşı çox az idi. Üstəlik də, üç
kiçik bacısı vardı. Ona görə oğlanın seçiminə hamı hörmət etdi.
Bu
kənddə - hansı ki, ölkənin ən ucqar dağ kəndi idi – hamının ləqəbi vardı.
Asimin (adı Asiman olsa da, hamı ona Asim deyirdi) ləqəbi isə Cüllüt idi,
Cüllüt Asim... İşə bax: kəndin ən şaqqalı, boy-buxunlu oğlanına Cüllüt deyirdilər...
Bu Cüllüt ayamasını ona elə-belə
qoymamışdılar. Bizim çaylara qışda çöl ördəyi, vağ, qarabattaq kimi quşlar gəlir
ki, ovçular onları ovlamaq üçün gecə-gündüz çay-çəvəldə sülənirlər. Hə, bir də
cüllüt ördək gəlir arada. Bu quş o biri ördəklərdən həm balacadır, həm də
boynunun tükü yoluq kimidir. Buna görə onlara cüllüt adı qoyublar.
Asim
bir gün atasından yadigar qalmış təklülə tüfəngi götürüb çaya düşmüş, elə siftəsindəcə
bir cüllüt ördək vurmuşdu. On dörd yaşlı oğlanın bu ilk ovu başına iş açmış,
ona Cüllüt Asim ayamasını yapışdırmışdılar...
O
ki qaldı Zeynəbə...
Zeynəbin
də ayaması vardı. Amma bunu adamlar bir-birinə gizlicə deyib, gözləşər, gülüşərdilər.
Ayama elə idi ki, aşkarda deyilsə, araya qan düşərdi. Qıza Erkək Zeynəb deyərdilər...
Bunun
da tarixçəsi vardı. Zeynəb doqquz yaşında olanda atası ilə mal növbəsinə gedibmiş.
Atası başını yerə qoyub mürgüləyir və Zeynəbə tapşırır ki, gözü mallarda olsun.
Qız malların böyrüşdüyünü görüb, atasının çomağını alıb ora qaçır və görür ki,
iki qurd bir dananı tutub yemək istəyir.
Qız çomağı qapıb qurdların üstünə yüyürür və qışqıra-qəşqıra onları qovur. Səsə
atası da oyanır, qızının şücaətinə sevinərək “mənim qəhrəman qızım, erkək kimi
canavarın üstünə yeridin” deyərək qızını öyür. Bu sözü kim eşidir, kim eşitmir,
qızın adı o gündən sonra qalır Erkək Zeynəb...
Asiman
çox səbrli, təmkinli uşaq idi. Boy-buxunlu, qol-biləkli olsa da, sinifdə hamı
ona sataşar, hətta ən cılız oğlanlar da Asimanı cırnatmaq üçün min oyundan
çıxardılar. Asiman isə qıpqırmızı qızarar, əlini cibinə bərk-bərk soxar, başını
aşağı salardı...
Zeynəb
qonşu rayondakı pedoqoji texnikumda oxuyurdu və buna görə də şənbə, bazar günlərini,
bayramları – bir sözlə ilin çox hissəsini kənddə keçirirdi. Altı, bazar günlərində
bulaq başına gedəndə uzaqdan Asimanın ona baxdığını görüb, hirslə üzünü yana
tutar, dodaqaltı mırıldanardı.
Və
bir gün Asimanın anası Zeynəbgilə gəldi. Qızın anasıynan oğlan anası yan otağa
keçib bir saatacan xosunlaşdılar. Zeynəb istədi qapını açıb arvadı qovsun, nədənsə
vaz keçdi.
Və
bir gün Asimanın əmisi də onlara gəldi. Əmi ilə ata bir xeyli danışdılar, əmi
qaşqabaqlı halda çıxıb gedəndən sonra ata qızını yanına çağırıb kəsəcə dedi:
-Asimanın
əmisi gəlmişdi... Bildiyimə görə, nənəsi də gəlibmiş ananla görüşməyə... Səni
Asimana istiyirlər... Mən o uşaxdan pis bir söz eşitməmişəm indiyənəcən. Tərbiyəlidi,
çörəkqazanandı, ağıllıdı... Bəs sən nə deyirsən, qızım?
Qız
dinmədi. Ayağının ucu ilə yeri qurdalayıb qızardı. Ata bir də soruşdu. Qız
tutula-tutula dedi:
-Dədə,
biz onunla bir sinifdə oxumuşux... Tərbiyəli olmağına, hə tərbiyəlidi... Amma
sinifdə hamı ona sataşırdı, söz atırdı, lap vururdular da... Dinmirdi... Başın
aşağı salıb qızarırdı... Özünü qoruya bilməyən ailəsini necə qoruyacax?.. Ona
görə də...
Kişi
fikirə gedib, əli ilə qızına “get” işarəsi veri.
Bir gün Asimanın bacısı Zeynəbə qardaşından
məktub gətirdi. O məktubda nə yazıldığını mən də bilmirəm, amma orda nə
vardısa, Zeynəb xəbər göndərdi ki, Asimanın elçiləri gəlsin...
***
Toy,
danışdıqları kimi, qəsəbədəki şadlıq evində oldu.
Hər
şey yaxşı gedirdi, ta ki, sinif yoldaşlarının içib sərxoş olduqları anacan.
Uşaqlar
əvvəlcə çox da şitlik eləmədilər, sadəcə çox oynadılar, ortalıqdan çıxmadılar..
O vaxtacan ki, Donqa Əbil adlı qozbeltəhər oğlan altı-beş vura-vura gəlib bəylə
gəlini oyuna dəvət etdi. Hətta onların durmadıqlarını görüb, ikisini də
qucaqlamaq istədi. Onda Zeynəb Asimana sual dolu nəzərlərlə baxdı. Yəni, məktubda
yazdığın yadındadır?
Asimanın anası gənclərin qabağına
yeriyib xahiş elədi ki, qanqaralığı salmasınlar. Gənclər çox içmişdilər deyə, nə
etdiklərini bilmir, ortalıqdan çıxmırdılar.
Asiman
ayağa qalxıb Donqa Əbili özlərindən aralamağa çalışdı, olmadı. Hətta Əbil
tullanıb onun boynuna mindi. Asiman daha dözə bilmədi. Çəkib Donqa Əbili
boynundan yerə saldı, ayağının altına qoyub əzmələdi. Onda o biri sinif
yoldaşları da irəli yeriyib Asimana yumruq-təpik atdılar. Asiman gözünə
döndüyümsə onları doladı şillə-təpiyə. Hamısını döyüb yığdı bir qırağa. Toya pərxaşlıq
düşdü. Hətta polis də müdaxilə etdi...
Ağsaqqal-qarasaqqal
işə qarışsa da, Donqa Əbilin atası şikayətini geri götürmədi. “Oğlumun iki
qabırğası sınıb, əl çəkən deyiləm” dedi.
Uzun
get-gəldən sonra yetim Asimana bir il məcburi əmək verdilər. Zeynəbin atası da
daş atıb başını tutdu ki, mən öz toyunda dava salan adama qız vermərəm.
Beləcə,
toy da pozuldu, gənclərin həyatı da...
***
44
günlük müharibə başlayandan bir həftə sonra yaşadığı Bakı şəhərindən davaya
könüllü gedən Asimanın şəkilləri qəzetlərdə, xəbər saytlarında, internetdə
yayılmağa başladı. O, əlbəyaxa döyüşdə düşmənin səkkiz əsgərini öldürmüşdü.
Şuşa uğrunda döyüşlərdə isə Asimanın göstərdiyi igidlik barədə general özü
danışmış, belə igidlərin sayəsində qələbəyə yaxın olduqlarını demişdi. Gizir
Asimanın başçılıq etdiyi “Cüllüt” adlı xüsusi təyinatlı dəstə kanatlar vasitəsi ilə sərt dağlara
dırmaşmış, düşmənin gözləmədiyi səmtdən gecə ikən onların üstünü alıb məhv
etmişdi. Həmin döyüşdə Asiman iki yerdən yaralansa da, döyüşü sonacan davam
etdirmişdi...
Hospitaldan
çıxanda artıq üzündəki sarıqları açmışdılar. Bir sayt üçün Asimandan müsahibə
alan müxbirin sualına o belə cavab vermişdi:”Atam vəfat edəndən sonra anam məndən
xahiş etdi ki, atan yoxdur, heç kimlə dava eləmə. Hətta səni döysələr də, söysələr
də cavab vermə. Mən də anamın tapşırığına əməl elədim. Tək bircə dəfə o vədi
pozmuşam... Onu da bir nəfərə yazdığım məktubda verdiyim sözə görə...”
Müxbirin
“Hansı sözlərə görə?” sualına Asiman “Özü yaxşı bilir” cavabını verib, axırda
bunları əlavə etmişdi:”Biz, kənddə bir az sümüklü, boy-buxunlu adamıq, əlimiz də
ağır olur... Ona görə anamın o sözünü bir də bu müharibədə yerə saldım...
Düşman üstümüzə gələndə, daha dözməyə yer qalmamışdı... Həmişə cibimə soxduğum əlimi
çıxardım, onlara əlimin dadını göstərdim...”
(Onu
deməyi unutmuşam axı: o məşum toy əhvalatından düz səkkiz il keçsə də, nə
Asiman evlənmişdi, nə Zeynəb ərə getmişdi. Oğlan məcburi əməyk cəzasını Bakının
daş karxanalarında çalışmaqla çəkmiş, sonra da qalıb elə orada işləməyə
başlamışdı. Qız da kəndlərindəki məktəbdə dərs deyirdi.)
***
Müharibə
bitmiş, bütün kənd qəhrəman oğlunu qarşılamağa çıxmışdı. Hətta içib toyunda
dava salan sinif yoldaşları da. Təkcə Zeynəb yox idi. Qızdan soruşmuşdular ki,
bəs sən niyə qəhrəmanı qarşılamağa çıxmırsan? O da gülümsünüb demişdi:”Özü
bilir.”
Bu nə “özü bilir” idi, gənclər
bununla hansı mesajı verirdilər, biz bunu bilmirik. Bildiyimiz bir odur ki,
Zeynəbin atası da qəhrəmanın görüşünə getmiş, onu bağrına basaraq üzündən
öpmüş, evlərinə qonaq çağırmış, ayağının altında qurban kəsmişdi.
***
Mən
o qonaqlıqda iştirak etmişəm, amma Asimana söz verdiyimə görə, orada olub-bitənləri
burada yazmayacağam. (Onu deyim ki, bizim adi qonaqlıq zənn etdiyimiz bu
yığıncaq, kimlərinsə təşəbüsüynən bircə
anda nişana çevrildi.)Bir də bunu deyə bilərəm: qızla oğlana təzədən üzük
taxılanda Zeynəb qımışıb Asimanın qulağına nəsə dedi və ikisi də gülümsündülər.
Sonra da Asiman kiçik dir qutunu qıza uzadıb yavaş səslə “Toyumuzdan sonra
açarsan” dedi.
Qonaqlıq
bitəndə mən bu barədə Asimandan soruşanda o qıqırmızı qızarmış, əllərini ciblərinə
dürtərək kəkələmişdi:
-Valla...
Mən qo-qospitalda üzü sarıqlı te-televizorda danışanda təkcə o məni
tttanıyıbmış... Qulağıma onu deyirdi... Bu hədiyyə isə... Zeynəb qutunun içinə
baxmasa da... Özü bilir...
...Onların
toyundan altı ay sonra Asimanın ayağındakı yara təzədən qövr elədi. Sümüyü
qaralmağa başlayanda həkimlər məcbur olub, həmin ayağı dizdən kəsdilər. Üç
aylıq müalicədən sonra ayağına yeni növ protez taxdılar.
Oğlan işlədiyi tikinti idarəsindən
iki aylıq son əmək haqqı ala bildi. Qazi kimi kəsdikləri təqaüd isə 300 manat
idi. Dolanmaq üçün heç olmasa, bir idarədə qarovuçu da olsa, işləmək istəyirdi.
Bir gün dostunun maşını ilə birbaşa
icra hakimiyyətinə getdi və düz günün axırınacan gözləsə də, başçının qəbuluna
düşə bilmədi. Güclə qəbula düşməyə cəhd edəndə polislərlə əlbəyaxa oldu. Polislər onu itələyəndə tək ayağı yerdən
üzüldü, Asiman təzəcə qoyulmuş protezin üstünə ağırlığını salanda dizindən
sancı kimi ağrı qopdu və oğlan üzü üstə yerə yıxıldı....
Qəsdilinə söykənib bir təhər ayağa
qalxdı və kəkələyə-kəkələyə dedi:
-Əəyə,
mən bir dəfə söz vermişəm e... Mən qoluma güvənib... Məni heş kimin üstünə göndərə
billllməzsıııız!.. Eeeeermənidən başqa!.. Dövlətimin üstünə heş getmərəm!.. Əəəəəyə!..
Əsəbləri pozulmuş halda bayıra
çıxdı. Onu bir qədər gözləyəndən sonra çayxanaya getmiş dostunun köhnə
Jiqulisinə yaxınlaşdı, benzin açdı, boş su qabını doldurub, başına tökdü,
maşından aralanıb, kibriti çəkdi...
Bircə
anda sanki yerin altından çıxan internet televiziyası əməkdaşı bir göz
qırpımında alova bürünən qazinin özünü yandırmasını canlı olaraq yayımlayır və
bağıra-bağıra şərh edirdi:
-Cüllüt
Asiman deyilən xüsusi təyinatlı qazimiz bir ayağını itirənnən sonra yüngül bir
iş istəmək üçün icra hakimiyyətinə yollansa da, qəbula düşə bilməmiş, polislərlə
əlbəyaxa olduqdan sonra bayıra çıxaraq özünə od vurmuş, alovu ərşə dayanmışdır.
İndi mən elə yana-yana onnan müsahibə almağa çalışacam:
-Asiman
bəy, siz nə üçün özünüzü yandırdınız? Axı canına qəsd etmək müsəlmançün
günahdır?!
Artıq
tamam alovlar içində olan qazinin bədənindən kamança səsinə oxşar bir səs
çıxdı.
***
Xəstəxanada
ondan ifadə alan müstəntiqin “Səni özünü yandırmağa nə vadar etdi?” sualına
zarıya-zarıya “özü bilir” deyib, gözlərini yumdu.
***
Səhər
bütün saytlar belə bir xəbər yayımladı: “44 günlük müharibəmizin qəhrəman qazilərindən
Cüllüt Asiman özünü icra hakimiyyətinin qarşısında yandırıb. Bu, sayca özünə qəsd
edən 63-cü qazimizdir.”
***
Asimanın
cənazəsini çiynində aparan Zeynəb ərini torpağa tapşıranda məzara nişanda
Asimanın ona verdiyi qutunu da atdı. Kibrit qutusu boyda o qutuda nə vardı?
Bunu bircə cənazəni məzara endirən molla bilmişdi. Soruşanlara “qəlpə idi,
birinci dəfə xəstəxanada yatanda bədəninnən çıxarılan qəlpə” demiş, ağlamışdı
molla.
***
İcra
başçısı təziyədə şəxsən iştirak etmiş, ehsan, başdaşı xərclərini öz hesabına ödəmişdi.
Zeynəb onu qapıdan qovmaq istəsə də, atası yalvarıb-yaxarmış, qızını sakitləşdirə
bilmişdi.
Ölümündən sonra adının çəkilməsini
istəməyən bir iş adamı şəhid Asimanın (neçə vaxtdır çalışsalar da hələ də qazi
kimi ölən Asimana şəhidlik statusu verilməmişdi) qəbiri üstündə öz hesabına
abidə ucaltmış, Türkiyədə çalışan bir azərbaycanlı iş adamı isə Asimanın adını
gəmiyə vermişdi.
Rayonlarında
yaşayan bir yazıçı Asiman haqqında “Qartal Asiman” adlı kitab yazmışdı. Yenə
Zeynəb etiraz etmiş, “mənim Cüllütümə niyə Qartal adı qoymusunuz, ay alçaqlar”
deyərək dad edib ağlamış, özünü yerə sürtmüşdü. Yenə ata-ana, qaynana işə
qarışmış, icra başçısının məsləhətiynən bu addəyişmənin doğru olduğunu
bildirmiş, Zeynəbi yenə susdurmuşdular. “Ayıbdı, bala, başçı düz deyir dənə,
Cüllüt nəmədi?! O boyda qəhrəmana Cüllütmü deyərlər?! Səhər uşaxları məytəbə
gedəndə nə deyəjəhlər, deyəjəhlər Cüllütünmü uşaxlarıyıx?!” – Asimanın anası gəlininə
öyüd-nəsihət edə-edə özü də ağlamış, “Cüllütüm, laylay, Cüllütüm laylay” deyib
hamını ağlatmışdı...
Həmin
kitabın əlyazmasını şəhidlər haqqında iki kitab yazmış guya təcrübəli birisi
kimi mənə göndərmiş, həm ön söz yazmamı, həm də redaktor olmağımı xahiş
etmişdilər. Mən kitabın əlyazmasını oxuyandan sonra iki məsələyə etirazımı
bildirmişdim: qəhrəmanın “Cüllüt” ləqəbi özünə qaytarılmalı, “...cı ildə aldığı
güllə yaralarının təzədən baş verməsi nəticəsində əvvəlcə bir ayağını, sonra isə
həyatını itirərək vəfat etmişdir” cümləsi əvəzinə “...cı ildə özünü yandıraraq
faciəli surətdə həlak olmuşdur” cümləsini yazmağı təkid etmişdim. Lakin onlar
kitabı özləri bildikləri kimi nəşr etmiş, məşhur zavod direktoru yazıçının
aparıcılığı ilə icra hakimiyyətində geniş tədbir keçirmiş, ölkə televiziyaları
bu tədbiri geniş işıqlandırmışdı.
Mən
də ürəyimi soyutmaq üçün bu yazını yazsaı oldum.
2022
“Yazı” dərgisi, 28-ci say
Yorumlar
Yorum Gönder