AZAD QARADƏRƏLİ YOXDAN VAR VƏ VARDAN YOX OLMAĞIN POETİK İZLƏRİ
AZAD QARADƏRƏLİ
YOXDAN VAR VƏ VARDAN YOX OLMAĞIN POETİK İZLƏRİ
Çoxdandı inzivaya çəkilmişdim. Heç nə
oxumurdum...
…Və bu gün bir şeir oxudum, geri qaytardı məni…
(Müəllifin
internet statuslarından)
Əziz dostum Eldar Baxışın 75 illiyinə
həsr olunmuş tədbiri acılar içində təxirə saldıq. Bir yandan igidlərimizin şəhid
edilməsi, anaların göz yaşları, torpağımızın qan ağlaması, bir yandan da
aylardır hazırlaşdığın tədbirin təxirə salınmaq məcburiyyəti… (Nə gizlədim,
özümə yaraşdırmasam da, ürəyimdən bədgüman şeylər də keçdi: ağlımız və bəxtimiz
olsaydı, biz də başqaları kimi vəzifələrdə olardıq, deputat-filan olardıq…
Yanımızda sürüynən müxbir-filan dolanardı, yüksək səviyyədə ad günləri,
yubileylər, pullar havada oynaşardı… Amma… Amma qardaşım, biz özümüz bunlardan
könüllü imtina etmədikmi?! Biz özümüz bu ağrılı-acılı yolu seçmədikmi?! Eldar
da, mən də istəsəydik… Fəqət, biz istəmədik! Biz istəyə bilməzdik!.. Kim harda
olur-olsun, biz burdayıq! Bəs siz hardasınız?!)
…Və bu kimi günlərdə ölkədə kitab sərgiləri, hay-küylü tədbirlər belə diqqətimi
çəkmir.
…Və belə gündə heç nə yazmadığım,
heç nə oxumadığım çağlarda bir şeir hardansa, elə bil quş dimdiyində gəlib
qondu ağıllı telefonumun ekranına və dedi: oxu məni!
Bir-iki cəhddən sonar şeiri oxuya bildim. O qədər ilgimi çəkdi ki, bir
neçə dəfə oxudum. Elə ilk misralardan anladım ki, qayıdıram. Paralel dünyadakı
zamanım başa çatır. Nədən bildim, ondan ki, artıq təkcə şeir haqqında deyil,
şair haqqında da düşünməyə başlamışdım…
Əvvəl
şeir haqqında.
Ənənəvi
formada və elə ənənəvi üslubda yazılsa da, şeirdə bir ritm və axsaqlıq
duyurdum. Əcaba, ritnm hara, axsaqlıq hara?!
Ritmə
baxın:
Ölməyə nə var ki, gözünü yum, get…
Burax dünyanı da, qayğıları da.
Gələrlər, gedərlər, yolu ot basar,
bir gün tərgidərlər darıxmağı da…
Ölüm.
Gözün yumulması. Dünyaya əlvida demək. Qayğıların yox olması. Qəbrin üstünə gəlib-gedənlərin
sırası seyrələr. Yolu ot basar. Sənin üçün darıxan yoxdur daha…
Hamısı
təbiidir. Ən dəhşətlisi sonuncudur: sənin üçün darıxan yoxdur! Səni
xatırlamırlar. Sən axı onlara nə vermisən ki?! İztirab, ağrı…
(Axsaqlığa
qalanda… Bu da bir cür ritmdir, yaxud ritmsizlikdir. Axsaq yeriş o bəd gedişatı
gecikdirmək, ölümdən yan keçməyə cəhddir. Cavid əfəndi necə deyirdi: “Rəqsi təlim
ediyor axsaqlar…”)
Hə,
indi aydın oldu bu şeirin mənə bu qədər doğma olması. Bizlər, o vəzifələrə, o
kürsülərə meyl etməyənlər övladlarımıza quruca addan və ağrı-acıdan başqa bir
şey qoyub getmirik axı… Onlar isə… Onlar isə… Villalar, maşın kolleksiyaları, adalar,
milyonlar… Və yanlarındakı müxbir sürüsü, gənc ədiblər dəstəsi…
Hələ
ikinci bənd?!
Sonrasın düşünmə, geyimlərini,
verərlər yoxsulun biri geyinsin.
Ya suya atarlar, ya basdırarlar,
insan qoxusuna torpaq sevinsin!
Bizdən
sonra, sən deyən, elə çox geyim də qalmaz ki! “Soyxa” adlı hekayəm var. Qəhrəmanım
ölüb, el adətincən, araya açıb ağlamağa bir abır paltarı yox. Gedib kənd
mağazasından üstü etiketli kostyum və ayaqqabını prokata götürürlər, gətirib mərhumun
paltarı kimi araya açıb ağlayır qadınlar… Qızı da qışqıra-qışqıra deyir, ay
allah bu paltarlardan dədəmin iyi gəlir…
Bənddəki
son iki misranın azı beş min il yaşı var:”Ya suya atarlar, ya basdırarlar/İnsan
qoxusuna torpaq sevinsin…”
Məni
bu an tamam ayrı bir səs çağırır. O paltarın sahibi, daha doğrusu, saxta sahibi
əlini hülqumuna aparıb, sanki “Bu çarığın olsun, məni biabır eləmə” deyir,
sonra palratı suya atılan, yaxud yerə basdırılan adam xəfifcə başını aşağı
salıb büzüşür, lap uzaqlardan, zülmət qaranlıqlar içərisindən, Cəhənnəmdən bir
səs də eşidilir:
Mən
özüm də bu sayaq – canda qorxu və həyəcan,
Bu
ölümə aparan yolları görüm deyə,
Çevrilib
ehtiyatla geri baxdım bircə an…
(Qəribə
də olsa, bu Dantenin səsidir. Bir essemdə adını çəkdiyim axşam yuxuma gəlmişdi,
əl verib dostlaşmışıq. İndi xəbərim olmadan “İlahi komediya”sının misraları bu
esseyə də daxil oldu…)
“Cevrilib
ehtiyatla geri baxdım bircə an…” Yox, bu mövzumuz olan şeirdən deyil… Bu Dantedəndir…
Eeeee… Qarışdı ki, aləm… Nə bilim, bundan sonrasını özünüz yerbəyer edərsiniz…
Bir gün dəyişərlər yataq yerini,
yığarlar paketə qalan nə varsa.
Atarlar çardağın tozlu küncünə,
ya da daş qəlblisi vurub yandırsa…
Hə…
Ən müdhiş səhnə burasıdır. Demişdim axı. Bu şeirdə bir gözəgörünməz ritm var.
Şüur axını elə sürətlə baş verir ki, nəyin nə olduğunu araşdırıncan iş işdən
keçir. Əvvəl sənin o isti yatağını yığışdırarlar (sən orda ömrünün ən mənalı
çağlarını keçirmişdin: uzanıb fikrə dalmışdın, sevgilinlə sevişmişdin, yeni
doğulan körpənizi oxşamışdın, uzun-uzun rəngli-rəngsiz yuxular görmüşdün…),
elə belə yığışdırmazlar, necəgəldi büküb, bir paketə, torbaya yığar (aman
allah, o yatağın istisi hələ çəkilməyib, sevgilimlə sevişəndə çıxardığımız
intim səslər hələ o yatağın yaddaşındaıdır axı!), tozlu bir çardağın kümcünə
atarlar (toz basmış xatirələr bu cür olurmuş, ilahi?!), ya da… ya da… ən
dəhşətlisi budur: yandırarlar o yatağı – bu daha sondur, sevginin də, sevişmələrin
də, intim hıçqırıqların da sonu… Dünyanın sonu… “Çevrilib ehtiyatla geri baxdım
bircə an…” O dahi buna görə gəlibmiş essemizə - çatışmayanları yerbəyer eləməyə…
Bir göz qırpımında yaşandı, bitdi,
seyr etdin illərə sığışmağını…
İndi anladınmı doğulanların
dünyaya gələndə ağlamağını?!
Bu bənddəki
sonuncu misralar başqa bir dahiyə götürəcək bizi. Dante bizi 700 il əvvələ
aparmışdısa, aşağıdakı misralar düz 500 il əvvəlin məhkum Şərqinə aparacaq. Ki,
orada insan doğulan gündən ölənəcən zülm və istibdad içərisindədir. Bunu görübən
zar-zar ağlayır yeni doğulan:
Ol dəm ki, bu xakdanə düşdü,
Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad,
Yə'ni ki: "Vücud dami-qəmdir;
Azadələrin yeri ədəmdir…”
Bəs
niyə ağlayır? Çünki bilir ki, “azadələrin yeri ədəmdir…” – azadlıq aşiqlərinin
yeri yoxluqdur, cəhənnəmdir… Yenə yoxluq… Yenə cəhənnəm… Bu şeir əhlini cəhənnəmə
dartan nədir, əcaba?! “Yoxdan var olanlar”ın yeri sonda yenə yoxluqmu olur?
Torpağın üstündə daşdan baş daşı,
torpağın altında bir qucaq sümük!
Bir neçə xatirə…yadlara düşsə,
bir də arxivlərə atılmış kimlik…
Bu da
son. Bir qara baş daşı, bir qucaq sümük, yada düşsə, bir xatirə… bir də ələ gəlsə,
arxivlərdə qalası kimliyin…
Buna
görəmi bir-birinizi qırırsınız?
Buna
görəmi xalqın var-dövlətini talayıb xarici banklara daşıyırsınız?
Buna
görəmi Azərbaycan torpaqlarına hücum çəkirsiniz?
Buna
görəmi Ukraynanı parçlamağa çalışırsınız?
Buna
görəmi dünyaya diş qıcardıb, atom bombası ilə hədələyirsiniz?
Eheyyyy!
Bir qucaq sümüklər?!
Gerisini
şair xanım Aida Adıgözəldən soruşun.
Zatən
bu boyda hay-həşiri onun misraları çıxartmışdı.
Əcaba,
bu şair xanımın o biri şeirləri də bu gücdəmi?
Yaşayarıq,
oxuyarıq, görərik…
Qarşıdan
isə azman şairimiz Eldar Baxışın 75 illik yubileyi gəlir…
Az
qaldı…
08.10.2022
Yorumlar
Yorum Gönder