AZAD QARADƏRƏLİ BAHARLI ADINI İMZASINDA YAŞADAN

 

                                    AZAD QARADƏRƏLİ

                         BAHARLI ADINI İMZASINDA YAŞADAN

 

                        (“Məndən sonra” memuar romanından parça)

 




            Baharlının  ən layiqli adamlarından biri görkəmli jurnalis Məhəmməd Baharlı idi. Məhəmməd müəllim, şübhəsiz ki, bir sıra keyfiyyətləri ilə tanınırdı. Onun maraqı, özünəxas şeirləri, hekayələri, elmi araşdırmaları vardı. Lakin onun əsas peşəsi, sevdiyi işi jurnalistika idi. Bu zəhmətkeş jurnalist universitetin jurnalistika fakültəsini bitirdikdən sonra Zəngilanda çıxan “Kənd həyatı” qəzetində müxbir kimi çalışdıqdan sonra bir sıra mətbu orqanlarda işləmiş, sonralarsa “Azərbaycan müəllimi” kimi nüfuzlu bir qəzetdə baş redaktor olmuşdu. Ömrünün son çağlarında isə əvvəllər məsul katib olduğu “Azərbaycan məktəbi” dərgisinin Azərbaycan dili və ədəbiyyat əlavəsində baş redaktor kimi çalışırdı.

            Məhəmməd müəllimlə qohum olsaq da, o mənə təkcə qohum kimi deyil, bir təcrübəli qəzetçi kimi yardımçı olur, qaçqınlıq zamanında kömək əlini uzadır, yazılarımı tez-tez çap edirdi ki, qonarar yaza bilsin. Tələbəlik illərində Məhəmməd müəllimin mənə etdiyi yaxşılığı ömrüm boyu unutmaram. Bu barədə bir sıra yazılarımda yazdığım üçün bir az qısa yazıram. Demək, ikinci, yaxud, üçüncü kursda oxuyuram. Artıq fakültədə əlaçı kimi tanınıram. İmtahan zamanı heç vaxt öz növbəmi gözləmir, əlimi qaldırıb, bilet çəkir, hazırlaşmadan danışır, “5”-imi alıb çıxıram. Tək “Partiya tarixi” fənnindən “4” almışam, qalan bütün qiymətlərim “5”-dir. (Bu “Partiya tarixi” mənim yaralı yerimdir. O fənni bizə tədris edən Əbdülhüseyn Mənsimovla aramızda balaca bir insident olduğundan o imtahanda çox dirəşə bilmədim, ona görə “4”-lə razılaşası oldum.)

            ...M.Ə.Sabirdən xüsusi kurs keçirik. Müəllimimiz də Xeyrulla Məmmədovdur. Bu sinədəftər adamın bir qolu yoxdur deyə, bir az əsəbidir. Mühazirəni elə sürətlə danışır ki, yetirib yaza bilmirik. Amma yazmağa da hacət yox. Bütün fakültə bilir ki, Sabirə münasibətdə professor Məmməd Məmmədovla Xeyrulla müəllimin arasında bir çox ziddiyyətlər var. Və biz bu ziddiyyətləri həm də onların kitablarından oxumuşuq. Mühazirələrini isə dinləmək kifayətdir ki, məsələn, “Nə işim var?!” şeiri haqqında kimin nə dediyini ayırd edə biləsən.

            (Mən elə o zaman da, indi də Məmməd müəllimin fikri ilə razıydım: “Nə işim var?!” M.Ə.Sabirin möhtəşəm şeirlərindən biridir və bu şeir Sabirin “Molla Nəsrəddin”lə ilk tanışlığı kimi də maraq doğurur. Elə o vaxtdan bir qədər fərqli idim. Xeyrulla müəllimlə mühazirə zamanı söz də güləşdirmiş, “Nə işim var?!”ı, əslində, həm də Məmməd müəllimi müdafiə etmişdim... Üstündən xeyli zaman keçib, mən faktları qarışdıra bilərəm. Bu şeirin kimin olduğunu hansı necə göstərirdi, bəlkə səhv edirəm. Amma belə bir fakt var idi – bunu nəinki fakültə, az qala bütün institut bilirdi. Səhv etmirəmsə, bu fikir ayrılığı, əslində BDU-nun məşhur professoru Abbas Zamanovla  Məmməd Məmmədovun arasında başlamış və buralaracan gəlib çıxmışdı. )

            İmtahan başladı və mən, adətim üzrə, növbəmi gözləmədən bilet çəkmək istədim. Xeyrulla müəllimsə əsəbi şəkildə üstümə qışqırdı ki, otur yerində, vaxtın çatanda gəlib biletini çəkərsən. danışarsan...

            Vaxtım çatanda biletimi çəkdim, əyləşmədən dedim ki, mən hazıram, icazə verin, danışım.

            Rəhmətlik bu dəfə daha bərkdən üstümə qışqırdı və dedi, otur, hazırlaş!

            Nə isə. Biletimi danışıb, bitirən kimi dedi, gedə bilərsən, “4” alırsan. Etiraz etdim ki, müəllim, mən əlaçıyam, xahiş edirəm, qiymətimi kəsməyin. Dedi, yox e, qiymətin “4”-dür. Və qiymət vərəqinə yazmaq istəyəndə əlimi qoydum vərəqin üstünə, yalvardım ki, mənim qiymətimi kəsməyin. Kişi tək əli ilə vərəqi özünə tərəf dartanda əlində cırıldı və elə cırıq vərəqə adımın qabağına “2” yazıb, məni çölə qovdu...

            Getdim dekan Afat Qurbanovun yanına, məsələni danışdım. Dedi, ay bala, o əsəbi adamdır, hamımız onu yola veririk, niyə axı əsəbləşdirirdin? Mən sənə bir şərtlə kömək edərəm ki, sabaha göndəriş verərəm, təkrar imtahan olar. İndi bacarmağın sənə qalıb. Dedim, professor, siz göndəriş yazın, mən bütün biletləri əzbər bilirəm, amma xahiş edirəm, dekanatlıqdan kimsə imtahanda iştirak etsin...

            Və iki qəpiklik tapdım, fakültəmizin  Ketsoxeveli küçəsindəki  (Təzə bazarın – Kubinkanın yaxınlığında) binasından çıxıb, getdim o vaxtlar şəhərin hər künc-bucağında olan telefon köşkünə. Qəpiyi salıb, Məhəmməd Baharlının nömrəsini yığdım. Sizə danışdıqlarımı ona da danışdım və xahiş etdim ki, sabah saat 9-da imkanı varsa, gəlib, mənim təkrar imtahanımda iştirak etsin. Soruşdu ki, Azad, bax, gəlməyinə gələrəm, bilirsən ki, sənin hekayələrini çox sevirəm, gələcəyinə inanıram, amma imtahana tam hazırsanmı, məni pərt etməyəcəksən ki?

            Dedim, Mamed müəllim (biz yaxınları ona belə müraciət edərdik), mən 32 biletin hamısını əzbər bilirəm. Siz gəlin, sadəcə iştirak edin, qalanı ilə işiniz olmasın...

            (Bunu da deməkdə fayda var ki, Məhəmməd müəllim o vaxt “Azərbaycan məktəbi” jurnalının məsul katibi idi və ali məktəb müəllimləri onu yaxşı tanıyırdılar. Bunu bildiyim üçün onu imtahana dəvət etmişdim.)

            Nə isə, dekanlıqdan dekan müavini Mürsəl Həkimov və mənim dəvət etdiyim Məhəmməd Baharlının iştirakı ilə imtahan başladı. Hiss etdim ki, Xeyrulla müəllim pat vəziyyətindədir. O, təbii ki, belə şey gözləmirdi. Üstəlik, mənim hazırlıq səviyyəmə də bələddir. Bilet çəkib, danışmağa başladım. Sonra həmin bileti yerə qoyub, ikincini götürdüm, onu da danışdım. Sonra üçüncünü, dördüncünü... Mürsəl Həkimov hirslə dedi ki, ay Xeyrulla, bu yazıq uşaq bütün bileti əzbər bilir, niyə incidirsən?

            Xeyrulla müəllim dedi, “4” alırsan. Mən isə artıq beşinci bileti danışırdım. Altıncını götürəndə Məhəmməd Baharlı dedi:

            -Xeyrulla müəllim, Azadın bizə qohumluğu çatır, bunu heç deməyəcəkdim, amma daha deməyə məcburam. Onunla şərt kəsmişdim ki, əgər cavab verə bilməsən, müəllimdən özüm xahiş edəcəm ki, sənə müsbət qiymət yazmasın. Amma görürəm ki, onun bu fəndən bilmədiyi yoxdur. Daha hər şey sizin vicdanınıza qalıb...

            Xeyrulla müəllim əlacsız halda dedi:

            -APİ-nin tarixində nadir hadisədir ki, dünən “qeyri-kafi” alana bir gün sonra göndəriş verilir. Yəqin bu da nadir hadisə olacaq ki, dünən imtahandan kəsilənə bir gün sonra “əla” qiymət yazılır...

            Və əli əsə-əsə “əla” yazdı...

            Həmin semestr mən təqaüd ala bilmədim, amma zaçot kitabçama ikinci “4” düşməsinə imkan vermədim. Bu həm də Məhəmməd Baharlının sayəsində mükün oldu...

 

                                               ***

 

            1995-ci ildir, səhv etmirəmsə. Məcburi köçkün kimi Bakıda məskunlaşmışıq. 4-5 yerdə işləyirəm. Bir iş yerim də “Müsavat” dərgisidir. Baş redaktoru Nəsiman Yaqublu olsa da, dərginin bütün materiallarını, demək olar ki, mən hazırlayıram. Məsul redaktor kimi nəşriyyata da mən gedirəm, o vaxt hələ fəaliyyətdə olan senzuraya da mən materialları aparıram və sair.

            Neçənci nömrənisə baş redaktorun tapşırığı ilə hazırlamaq üzrə idim ki, yuxarıda haqqında danışdığım Xeyrulla müəllim içəri girdi. Xoş-beşdən sonra, soruşdu ki, mən sizi hardan tanıyıram? Dedim, müəllimim olmusunuz və yuxarıdakı əhvalatı danışdım. Güldü. Sonra dedi ki, nöqtəsinəcən, vergülünəcən xatırlayıram. Hətta az qala Məhəmmədlə aramız dəyəcəkdi. Mürsəllə də dekanatlıqda söyüşmüşdük. Və güldü. Sonra dedi ki, elə hey fikirləşirdim ki, bu oğlan necə oldu, hara getdi? Səni dissertant görmək istəyərdim. İndi aydın oldu...

            Mən o vaxt yeganə olan “Dumduru su” hekayələr kitabımı müəllimimə hədiyyə etdim. O kitabı görəndə çox sevindi. Söz verdi ki, mütləq oxuyacaq. Və gətirdiyi hansısa məqaləsini mənə verib getdi. Mənim isə dərgidə son iş günlərim idi. Dostum və artıq həm də radiodakı iş yerimdə baş redaktorum  Eldar Baxışın təkidi ilə “Müsavat”dakı işimdən ayrılırırdım...

            Xeyrulla müəllimin indi adını xatırlamadığım yazısını Nəsiman bəyə təhvil verib, getdim...

            Sonra müəllimimlə bir də radioda qarşılaşdıq. Aparıb Eldar Baxışla tanış etdim. Bir görəydiniz, Eldara mənim təkrar imtahanım haqda necə bəlağətlə danışırdı... Hər ikisinin yeri behişt olsun...

            Və bir gün radiodakı iş yerimə Məhəmməd müəllim zəng vurdu. Yeni iş yerimi təbrik etdi və dedi ki, sənə təşəkkür etmək istəyirəm. Sən ki, aranızdakı o zamankı insidenti unudaraq Xeyrulla müəllimi o cür qarşılamısan, hörmətlə yola salmısan! Kaş görəydin, sənin haqqında necə ürəklə danışırdı. Bir də dedi ki, sənin “Müsavat” jurnalındakı məqalələrini oxuyub, çox sevinib. Konkret təklifi var. İstəyir ki, sən onun işlədiyi kafedrada dissertant olasan...

            Mən Məhəmməd müəllimə də, onun vasitəsi ilə Xeyrulla müəllimə də minnətdarlığımı bildirdim və dedim ki, mənim, sadəcə olaraq, elmi işlə məşqul olmağa vaxtım yoxdur. O yazdıqlarım isə elmi məqalədən çox, mənim fikir və mülahizələrimdir. Həm də belə çətin dövrdə ailəmi dolandırmaq üçün alacağım qonarara görə yazılmış yazılardır...

            Onu da bildirdim ki, mən bədii yaradıcılığımı davam etdirməyi düşünürəm və qorxuram ki, elmi işlə məşqul olmağım, buna mane olar. Məhəmməd müəllim telefonda gülərək dedi ki, mən belə də bilirdim. Sənə uğurlar!

           

 

                                               ***

            Sonralar Məhəmməd müəllimlə dostlaşdıq. İkimizin də ilk kitabımız eyni vaxtda çap olundu – “Gənc yazıçının ilk kitabı seriyasından. Mənim hekayələrim, onun yumoreskaları. Baş redaktoru olduğu qəzetdə vaxtaşırı yazılarımı çap etdi. Kitablarımın təqdimatında yaxından iştirak etdi, çıxışlarında əsərlərim haqqında fikrini bildirdi. Mənim uğurlarıma onun qədər sevinən ikinci dost görmədim. 60 illik yubileyim olanda həcmcə kiçik olsa da, gözəl bir nitq söylədi. Sonralar “Yazı” dərgisinin xüsusi buraxılışında o çıxışı çap etdik.

 

                                                           ***

 

            Məhəmməd müəllim mənə bir də Baharlı olduğumu öyrətdi. Əslində, bunu bilirdim, zira ana tərəfimin Baharlı olduğu şəklində. Lakin o mənə - gənc bir tələbəyə başa saldı ki, bizim yaşadığımız regionun böyük bir hissəsi, təxminən 10-15 kənd böyük Baharlı oymağının törəmələridir.

            Məhəmməd müəllim həm də Baharlı adını öz imzasında yaşadırdı – Məhəmməd Baharlı imzası ilə!

                                                                                                          15.11.2022

 

            S.A. (Söz Ardı.)

           

            Bəsid çayı, yaxud Baharlı çayı boyunca yerləşən kəndlərin hamısının ikinci adı Baharlıdır. 1.Muğadəm Baharlısı 2.Taydolaq Baharlı (Qaradərə, Qaragöz və Ördəkli)3.Keçəllər Baharlısı (Şəfibəyli, Rəzdərə, Məşədiismayıllı).

            Muğadəm Baharlısı mənim nənəmin və həm də onun əri, babam Məmmədqulunun kəndidir. İzafə nənəmin atası Baharlıdan, anası Qaradərədən imiş. Bu barədə artıq yazmışam – o, Qaçaq Fərzalının bacısı qızı idi. Babam Məmmədqulunun atası Mehdiqulu da Baharılıdandır. Qaçaq Fərzalının bacısı Gülnisə ilə evlənəndən sonra köçüb Qaradərədə yurd salıb.

            Muğadəm Baharlısı bizim kəndlərdən fərqli olaraq, bir növ, mədəniyyət mərkəzi imiş. İlk mədrəsə, məcsid, mağaza, rus-tatar məktəbi burada açılmışdı. Mənim romanlarımın bir çox qəhrəmanları Yapon Səməd, Xosrov Cavanşirov,  Hafiz müəllim... burdan boy atıblar.

            Bu kənd həm də quruluş etibarı ilə bizim kəndlərdən seçilərdi. Kəndin az qala bütün evləri daş hasarın içərisində idi. Daş hasar vardısa, demək, küçələr də vardı. Küçələr bir növ Bakıdakı İçərişəhərin küçələrinin kobud formasında idi. Mən Şuşada olmamışam, zira bu gələnək Şuşadan gəlmiş olmalı. Baharlı əhli burada özləri üçün kiçik bir Şuşa yaratmışdılar.

            Hə, digər yazılarımda yazmışam axı: Baharlı əhli 18-ci əsrin sonlarında Şuşadan köçürülüblər. Bunların bir çoxu İbrahim xanın ən yaxın adamı, saray müşaviri, həm də tanınmış rəmmal Mirzə Vəli Baharlının  törəmələri və yaxın qohumlarıdır. Bu barədə mənim “Aşiqlər” elmi publissistik kitabımda və “Kuma-Manıç çökəkliyi” romanımda ətraflı bəhs olunub. (Təsadüfi deyil ki, Baharlı kəndində ən böyük nəsillərdən birinin soyadı elə Vəliyev idi. Bu Vəliyevlər də savadlı, oxumuş adamlar idilər. Mənim adaşım , daha doğrusu, nənəmin adını mənə qoyduğu  Azad Vəliyev kəndin adlı-sanlı müəllimlərindən olmuşdur. Son vaxtlaracan – yeni məktəb binası tikilənə qədər köhnə binadakı ibtidai məktəbin müdiri Aslan Vəliyev də o nəslin sayılıb-seçilən adamlarından idi. Coğrafiya elmləri doktoru, professor Xosrov (əsl adı Xostan olsa da, yaxınları, dostları Xosrov deyərdi) Vəliyev, coğrafiya elmləri doktoru Zahid Məmmədov, istedadlı jurnalist Məhəmməd Baharlı da o nəslə mənsub idi. Məhəmməd müəllimin ana tərəfdən Vəliyevlərə mənsubluğu vardı.)

            Baharlı məsçidinin axundu Kərbalayı Molla Ağa, onun qardaşı Mirzə Əsədulla ürfan təhsilli, elmli adamlar imişlər. Bu nəslin son nümayəndələrindən Yusif Fərəcov tanınmış polis işçisi idi.

            Baharlıda böyümüş, sonralar Mərkəzi Komitənin şöbə müdiri vəzifəsinəcən yüksəlmiş Ataş Rəsulov (Ataş müəllimin əsli Ordubadın Əylis kəndindən idi), onun atabir qardaşı hüquq alimi Məmmədxan Rəsulov Baharlı ruhunu  yaşadanlardan idilər.

            Baharlı soyundan olan general Məhəmməd Əsədovun ermənilərə qarşı yaratdığı daxili qoşun qüvvələri (OMON kimi ad çıxartmışdılar) işğalçılara qarşı amansızlıala vuruşurdu. Onlar sanki döyüşkən Baharlı ellərinin ruhunu yaşadırdılar.

            Nənəm İzafə ilə hər dəfə bu kəndə gedəndə bir yeniliklə qarşılaşırdım. Bir dəfə yenə Baharlıda idik və nənəm dedi ki, sən İzzət dayıngildə otur, mən pirə dəyib gəlirəm. Özümü yerə sürtüb, ağladım ki, mən də səninlə gedəcəm!

            Əlacsız qalan arvad məni də özü ilə apardı. Mən elə bildim ki, bütün pirlər bizim Qaradərədəki kimi çinar ağacının koğuşunda olur. (Bizim kənddə Keçəməli – Keşməli kimi tələffüz olunurdu adı – piri böyük bir çinar ağacının koğuşunda idi. Sanki kimlərsə bu çinar ağacını yandırmış, böyük koğuş əmələ gəlmiş və oranı pir etmişdilər. Nənəm məni də hərdən özü ilə ora aparar, çinarın koğşunda piltə yandırar, salavat çevirər, dilinin altında dua oxuyurdu. Nənəmin əmisi axund Molla Ağanın Baharlı məsçidinin axundu olduğunu artıq yazmışam.)

            Dayımgilin (İzzət dayı nənəmin əmisi oğlu olsa da, o qədər istəkli idilər ki, mən son zamanlaracan onları qardaş-bacı bilirdim) evləri ilə üzbəüzdə, dərənin yuxarı başındakı kiçik təpədə iki böyük bitili daş vardı. Bilmirəm, bu daşları burada kimlərsə bitirmişdi, yoxsa özü bitmişdi. Daşlardan biri hündür, o biri ondan bir az qısa idi. Nənəm dedi ki, bura pirdir. Sonra bu daşların üstündə piltə yandırdı, dua oxudu.

            Mənim “Cülyettanın sağ döşünə toğunmaq” romanımı oxuyanlar (əfsus ki, bu roman illər əvvəl “Yazı”nın dörd sayında hissə-hissə çıxsa da, hələ də kitablaşmayıb) bu qəbirlərin təsviri ilə orada qarşılaşıblar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə