AZAD QARADƏRƏLİ XALQ ŞAİRİNİN ÖLÜMÜ hekayə
AZAD QARADƏRƏLİ
Qulağı
batsa da, sərf eləyən söz olanda eşidirdi. Dili topuq çalırdı, amma kürsüyə
çıxdımı, saxlamaq olmurdu. Gözü pis görürdü, di gəl ki, yetmişində əməliyyat
olandan sonra gözlüyü atmışdı. Azı üç ayda bir dəfə həkim nəzarətindən
keçirdi... Arvadı zarafatla deyirdi ki, oğlumuz maşınını təzədən yığdıran kimi
kişi özünü iynədən sapacan təzələdib.
İri
qulaqları, yalnız ayağının altını görən fındıq boyda gözləri, həmişə önə əyilməyə
hazır yastı başı, bu yastı başın tükü tökülmüş yerlərinə və sifətinə səpələnmiş
qəribə xalları... qarnına qoyduğu qısa dili adamı həmişə bütün qovğalardan sağ
çıxartmış, uzunömürlü etmiş, əvvəlində doğulduğu əsrin sonlarınacan gətirib
çıxartmışdı – düz 88 yaşı vardı. Yaşı yadına düşəndə gülümsünərdi: ”Uşaqlarla
bağda loto oynayanda 88-ə qoşa barama deyərdik. İndi mən də qoşa barama
yaşamışam...” Sonra da öz dediyi sözdən qorxubmuş kimi iri qulağını dartıb it
muşqururmuş kimi dodaqaltı muşqurar, əlini stola döyəcləyib arvadlar kimi “iraq
olsun” deyərdi. “Bu nə barama-qurd söhbətidir mən edirəm? Mən, inşallah bütün
qovğalardan sağ çıxmışam. İndinin özündə belə ən yüksək vəzifələrdə, deputat
kürsüsündəyəm... Barama ha... Qurd ha... Mənim baramayla, qurdla nə işim var?!
Maşallah, hər işim qaydasında, pulum-param, xidməti və şəxsi maşınım, neçə yerdə
evim-eşiyim... İndi Vətən də Vətəndir də... Nə edə billəm bundan artıq? Nə qədər
kitablar yazdım, öydüm xalqımı... Amma mən kommunistəm axı. Mən Lenin yoluna əbədi
sadiqəm, mən kommunizmin iyini, qoxusunu duymuş adamam! Zasluqalarım var axı!
Geroy Sostrud, Ali Sovetin deputatı, Mərkəzi Komitənin Plenumunun üzvü, Yazıçılar
İttifaqının katibi...Vətən, O tay, Bu tay... Bunlar elə mənəmi qalıb? Oxəntənə
şeir yazdım Təbrizə, roman həsr elədim... İndi mən o 44-45-də orada, Təbrizdə
baş verənləri olduğu kimi yaza bilməzdim axı... Məni yaşatmazdılar, canım!.. Hələ
övladlarımı?! İraq olsun... Mən həm şair kimi, həm nasir kimi, həm dramaturq
kimi xalqıma qulluq etdim, o cür əsərlər yazdım... İndi bir burnu fırtılıqlı gəlib
deyir ki, biz müstəqil olmaq istəyirik... Ədə, bəs mənim o boyda cildlərim nə
olsun?! Düz iyirmi beş cilddir e! Hamısı da Sovet İttifaqını, Kommunist
partiyasını, kommunizmi vəsf edən əsərlər... Yoxsa diri-diri məni gömmək istəyirsiniz?!
Lazım gəlsə, əlimə silah alıb, bu yaşımda sizinlə vuruşaram! Olmaz, e olmaz!
Biz kiçik ölkəyik, bizi yaşatmazlar... Xəlqimizi qırğına verməyin... Nə?! O
tay? Ədə, O tayı İran buraxmaz e, buraxmaz! Onların dili də dəyişib, imanı,
etiqadı da. Siz onlara bel bağlamayın... Hindi şeir-şüyür yazdıq, Təbrizi-zadı
vəsf elədik, o qədər... Daha ordan o
yanası yoxdur... Bu Maskvanın da lap axırı itib, özüm ölüm! Ədə, götür qoşunuvu,
İgirmi yanvardakı kimin sox Bakıya, dağıt bu xəlq cəbhəsini!.. Qır hamısını!..
Köpək uşağı... Müstəqil olublar mənimçün...”
Qəzəbli
halda balkondan aşağı baxır, uşaqların bağırtısını eşidirdi:
-Azadlıq!
Azadlıq! Şəhidlər ölməz, Vətən bölünməz!..
Öz
uşaqlığı yadına düşdü.
Amma
o uşaqlığını heç xatırlamaq istəmirdi. “Uşaqlıq deməzdim... Tam bir əzab
maşını... Əsrin sonunda o taydan – Təbrizdən bura – Bakıya gələn atam
muzdurluqdan tutmuş hamballığacan hər işə əl qoyur ki, acınnan ölməsin. Sonra
neft buruğunda işə düzəlir, burdan bir kasıb kişinin qızı ilə evlənir və yeni
bir kasıb ailənin təməli qoyulur... 1903-mcü ilin bir payız axşamı mən
doğuluram...”
Ev
telefonu zəng çaldı. Güclə qalxıb dəstəyi götürdü və dərz döyən vəlin
xırçıltısına bənzər səs çıxdı ağzından:
-Allo...
Eşidirəm... Kim? Əmim oğlu? Mənim əmi oğlum yoxdur axı? İrannan? Təbrizdən gəlmisən?!
Hə... Dayan... Sən sabah bizə təzədən zəng vur, mən də onacan yoldaşlarla
danışım, görüm necə baxırlar sənin gəlməyivə?! Nə!? Sovet höküməti yıxılıb?! Ay
kişi, əyibdir, KKB səni tutar bilirsən negnəyər... Yaxşı, yaxşı, mən adboy
verirəm, sən sabah bir də zəng vurarsan...
Arvadı
əlində qəzet girdi içəri. Qəzeti atdı stola, əli ilə başını tutdu.
-Nə
olub, nöşün elənçiksən? Başun ağrayır?
-Eeeeee...
Xoş halıva, xəbərin yox xəbərdən! Bakı qeyneyir e, qeyneyir! Küçələrdə adamlar
sel kimün axışırlar Domsovetə... Diyillər kin, Sovet höküməti yıxılıb... Vay, bəs
görən nə olacaey? Bizi qıraceylər... Başuma xeyir... Gör nə günnərə qaldux?..
-Ağzuva
gələni danışma, ay arvad! Sover hökumətinə heç Allahın da gücü çatmaz!..
-Əh,
sənin dünyadan xəbərin yox ki, ay aqibetixeyir! Dünya dağılır e, dağılır!..
İstədi
götürüb ...zadəyə zəng edə, məsələni o yaxşı bilərdi, amma vaz keçdi. “O əclafın
yekəsüdür. Üzdə mənnən xoş danışsa da, daldada ipimi kəsər! Vətən, ana dili deyə-deyə
qalmışdı... Hindi ona zəng vurmaq oğrunun yadına daş salmağ olar... Lazım
dögül...”
“...yev
də ni myasa, ni rıbadır. İngilis bayrağı fason...”
-Xəbərin
var, üçrəngli bayraq qaldırıblar şəhərdə?! Sovetin bayrağını endiriblər...” –
Arvadı həyəcanla mətbəxdə telefonla kiminləsə danışır... – Ağəz, Məmmədəmin Rəsulzadənin
portretlərini vurublar e Domsovetin yuxarı başına! Həri!..
“Mənim
dərimə saman təpərlər ki, bunlar. Üçrəngli bayrağa, Məmmədəminə nəxantana şeir
yazdım, biyabır elədüm... Hindi bunnar...”
Girəcəkdəki
divardan asılmış iri çərçivəli bahalı daş saat düz üç dəfə vurdu, yəni saat üç
tamamdır. Bu vaxtlar onun, adətən, gündüz yuxusu olardı, amma indi yuxusu
qaçmışdı.
***
Əmisi
oğlu ilə, daha doğrusu, əmisi nəvəsi ilə kəsə danışdı. Dedi ki, indi Bakıda vəziyyət
qarışıqdır. Kimin nəyi kimin harasındadır, bilinmir. Onu da əlavə etdi ki, qoy
bu hadisələr durulsun, danışarıq, görüşərik...
Əminəvəsi,
hərçənd narazı qalmışdı – səsindən duyulurdu, amma onun başqa çarəsi yoxdu.
Axşama
yaxın oğlu gəldi. Qanı bərk qara idi. İşlədiyi nazirliyin bütün otaqlarından
Leninin şəkillərini çıxardıb küçəyə atıbmışlar. Yerinə Məmməd Əmin Rəsulzadənin
şəklini vurublar. Hələ o üçrəngili bayraq!..
Oğlu
atasına baxa-baxa qışqırdı:
-Mənə
açıqca deyirlər ki, sən Vətən xaininin oğlusan, bizi müstəmləkəçiliyə çəkən
xalq şairinin oğıusan!.. Bilmirəm, başıma haranın daşını salım!?. Yəqin ki, işdən
qovacaqlar bir azdan... İndi hamı onların tərəfindədir...
-Sən
də keç onların tərəfinə! Aydını görmürsən? Nöşün dayanmısan?! – Anası idi.
Oğlunun həyəcanına dözməyib belə reaksiya verdi.
-Qəbul
etməzlər... Onlar artıq məni çıxdaş ediblər... Atamın vaxtiykən yazdığı
antimilli şeirləri...
-Nə
antimilli, alə?! Onlar antisovet adamlara qarşı yazılıb! Mən... Mən...
-Sən,
Sən! – Oğlu ilk dəfə idi ki, atası ilə söz güləşdirirdi.
Az
sonra oğlu qapını çırparaq çıxıb getdi.
Elə
o gedən kimi “Bakı” axşam qəzetinin hələ mətbəə qoxusu getməyən nömrəsini gətirdilər.
Qəzetdə yenidənqurma, Xalq cəbhəsi, Azərbaycanın müstəqilliyi ilə bağlı yazılar
vardı. Dördüncü səhifədə isə onunla həmişə mübahisə edən bacısı nəvəsi cəbhəçi Aydının “Azadlığın təntənəsi” adlı yazısı verilmişdi.
Yazının tez gözdən keçirdi və mat qaldı. Adını çəkməsə də, dayısını və onun həmfikri
olan kommunistləri yıxıb-sürümüş, son günlərini yaşayan Sovet hökümətinin müstəmləkəçilik
siyasətini aşağılamışdı. Məqalə bu sözlərlə bitirdi:
“...Onlar
öz doğma babalarını danaraq Leninə baba deyir, millətimizi ayqalar altına
atırdılar:
Günəş
şimaldan doğmaz deyir təbiət elmi,
Lenin
şimaldan doğdu, Lenin günəş deyilmi?!
Bizim
günəşimiz öz Şərqimizdən doğacaq. O günəş doğmuş belə.”
Kişi
son cümlələri oxuyanda artıq gözləri hərfləri görmürdü...
***
Gecənin
bir aləmi yuxunun şirin vaxtı qəribə yuxu görürdü. Gördü ki, Fəxri Xiyabanda
bir qrup adam buldozerlərlə, ekskovatorlarla bəzi qəbirləri sökürlər.
“Bunu
təcili çıxardın burdan! Gör üstündə nə yazılıb: Müsavat cəlladları tərəfindən
güllələnmişdir! Cəllad da, satqın da bunun özüdür! Qazın, yığın samalsvata!”
Sonra
başqa bir qəbirə yanaşdılar: “Bunu da qazın! Gorbagor həmişə bizi Rusiyanın
ayağına verib!” Söz ağzından çıxan kimi ekskovatorun iri ələ oxşayan amansız
qovuşu qəbiri “hop” eləyib yerdən
çıxardı, iri maşına tökdü. “Bu oğraş isə 37-ci ilin qanlı vaxtlarında Müşfiqin,
Cavidin ölümünə bais olub. Çıxardın bunu da!” Onun qəbirini də qazdılar.
Aşağı tərəfdə isə miskin görünüşlü fağır
bir qəbir vardı. Onu göstərdi:”Bunun isə üstünü təzədən götürün. Bu xalqımızın
O taydakı inqilabının rəhbəri olub. Burada yatan bəzi alçaqların əli ilə şərlənib,
qəzaya salınaraq öldürülüb!”
“Bu
xalq şairi də şərəfsizin biri olub! Sökün bunun da məzarını!” Dostu olan şairin
qəbirini ekskovator dağıdanda sümüyü sızıldadı. Yalnız indi bildi ki, o özü də
ölübmüş və elə burada, Fəxri Xiyabanda dəgn edilibmiş. İstədi qışıra ki, mən axı
hələ ölməmişəm, diriyəm, baxın, bu yuxunu mən görürəm! Amma bayaqdan əmr verən
gənc gəlib onun qəbirinin başında durdu və çığırdı:”Bu alçaq mənim dayım
sayılır, daha doğrusu, anamın dayısı! Amma şərəfsizlikdə tayı olmayıb! Satqının,
alçağın təki idi! Şeirləri, hekayələri, romanları Rusiya, Moskva, Qızıl meydan,
kommunizm kimi çürük mətləblərlə doludur. Bunu da rədd edin burdan!”
Yalnız
indi gördü ki, bu əmr verən bacısı nəvəsi Aydındır. İstədi qışıqra, səsi
çıxmadı... Ekskovatorun qovuşu onun düz sinəsinə çökmüşdü...
Nə
qədər çalışsa da, oyana bilmədi. Deyəsən, sinəsinə dəyən zərbəni həqiqi bilərək,
doğrudan ölmüşdü...
***
Şairin
ölümü şəhərdə elə də səs-küy yaratmadı. Köhnə adamların sözü olmasın, sanki
köçdən bir toxmaq düşmüşdü. Xalqın qəzəbindən qorxan rəhbərlik şairin nəşini Fəxri
xiyabanda axşamdan qazılmış qəbirdə səssiz-küysüz dəfn etdi. Arvadı isə
yana-yana ağı deyir, ağlayırmış kişisini:
“Nöş
buxəntənə yaşadın, ay kişi?..
Nöş
ikicə il qabax ölmədün, nöş?!
Vaşşş!
Öyüm yıxıldı, vaşşşş?!”
***
Şairin
Təbrizdən gələn əminəvəsi məsələni biləndən sonra deyibmiş: “Yox, baba, mən səhv
salmışam. Bizim nəsildən olan adam o cür ola bilməz. İnsafən, özü də belə
düşünürdü...”
***
Yalan-doğru,
danışırdılar ki, xalq şairinin nəvəsi babasının Sosialist Əməyi Qəhrəmanı döş
nişanını məşhur bakılı zərgərə antikvar kimi satmaq istəsə də, o bunu “lom”
kimi almışdı.
23.10.2022
Yorumlar
Yorum Gönder