AZAD QARADƏRƏLİ MEYİT NAMAZI HEKAYƏ

 

                                      AZAD  QARADƏRƏLİ

                                           MEYİT  NAMAZI

                                        

                                             hekayə

 




         “Yadındamı, Ramiz, dedim ki, biz bu dünyaya müvəqqəti gəlmişik... Yalvardım, düşdüm ayağına, dedim, amanın bir günüdü, gəl,  daşı tök ətəyinnən, belə namərdlik eləmə... Bəs sən nə dedin?.. Dayan,  salavat çevirirlər, qoy mən də salavat çevirim. Sonra...”

            Hamı kimi o da sağ əlini üzünə aparıb “Allahın, məsəlli əla Məhəmməd və ali Məhəmmədin gül camalına salavat” dedi və yenə qayıtdı öz aləmunə.

            “Hə, Ramiz, sən  ayağında par-par parıldayan  təptəzə  ayaqqabına heyfin gəlmədən  təpiklə ağzımın üstündən vurdun, dişlərim doldu qarnıma, qan bürüdü ağzımı... Dedim cəhənnəmə ki! Yenə süründüm sənin ayaqlarına tərəf. Dedim bir də vurasan, iki də vurasan, bəlkə hirsin soyuya, bizim ailədən əl çəkəsən...

            Ay Ramiz, axı mənim günahımmıydı ki,  arvadım gözəldi? Axı namusu atıblar itə, it də yeməyib? Amma sən yedin... Ramiz...

            Bacım sənin xaraba idarəndə  süpürgəçi işləyirdi. Hər axşam məhkəmə işçiləri içi sən qarışıq evə gedəndə bacım məhkəmənin otaqlarını silib-süpürər, sonra da açarı özüylə bizə - yaşadığı qardaşı evinə gətirərdi. Səhərlər də sizin işçilərdən kimsə gəlib açarı bizdən alıb aparardı... Dayan, yenə salavat çevirirlər...”

            Bu dəfə gecikdi, salavatı başdan verə bilmədi, sadəcə axırına qoşula bildi: “...salavat!”

            “...Hə, mən də xırda alverlə başımı girələyir, bir parça çörəyimi qazanırdım. Ordubaddan meyvə qurusu alıb aparıb İmişlidə satırdım, ordan da yun alıb gətirib burda – yeddi para kənddə  xırıd eliyib gəlirdim xarabama. Xaraba ona görə deyirəm ki, biləsən: sənin sayəndə mənim  ordakı evim xaraba qaldı... allah böyükdü, Ramiz... Qəhər boğur, yanımda namaza duran da gözün zilləyib üzümə zalım oğlu...

            ...Nəysə, qəhərimi uddum içəri,  bu, zəhər kimi acı olur, indi də boğazımı göynədir. (Sən belə şeyləri hardan biləsən?) Mən axı danışmıram ki. Eləcə bu fikirləri namaza dura-dura ürəyimdən keçirirəm. Bəs bu yanımdakı niyə təəccüblə mənə baxır? Bəlkə ürəyimi oxuyub bu it oğlu?!. Cəhənnəmə ki! İslanmışın sudan nə  pəhrizi...

            Ramiz, niyə o cür hərəkət elədin? Biz görmüşük ki, birinin bir qadından  xoşu gələndə  ərindən gizlincə nəsə eləyər, məsələn, məktub göndərər, zəng eləyər... amma sən razılaş ki, kopayoğluluq elədin... Hə, bir gün sən təsadüfən özün maşınınla bizə gəlirsən açarı almağa və tərslikdən bizim arvad açarı gətirib sənə verir – bacım özü açarı gələnlərə çatdırardı eygili günlərdə...  Heç qoymadın bir gün keçə. Səhəri məni çağırtdırdın məhkəməyə. Ki bəs, ay Saleh, istəyirəm səninlə ailəvi dost olam. Mən də dedim, ay sudya, mən bir kasıb adam, sən rayonnan bir hörmətə, ad-sana malik  şəxs... Biz nətəhr dost ola billik? Sən qızıl-qırmızı qayıtdın üzümə ki, əyə, dünən səhər sənin arvadını görmüşəm, olmuşam dəli-divanə. Çox demirəm, arvadını həftədə bir dəfə verəcəksən mənə... Mən də səni eləyəcəyəm var-dövlət sahibi: pulun pul, hörmətin hörmət, maşının, qarajın, evin, eşiyin... Məhkəmədə də sənə yaxşı bir iş verdirəcəyəm...

            Boğazıma yığılan tay qəhər-zad  deyildi, nəydisə ondan qan qoxusu gəlirdi. Dik qalxdım, sənin sifətinə lompaynan qanlı tüpürcək tüpürdüm və  bağırdım:

            -Bəs namus?!

            ...Ağzıma, dalıma, böyrəyimin üstünə neçə təpik vurdun, bilmirəm. Sonra iki idmançı görkəmli adam gəldi. Onlar məni gah təpiklədilər, gah boğdular, gah da xayalarımı əlləri ilə sıxıb axtalanan  cöngə  kimi böyürtdülər...

            Həmin gün mən həbs olundum. Guya üç il qabaq  kəndimizin  aşağı başında öldürülən Hüsü adlı gəncin qardaşı şikayət edib ki, qardaşını mən öldürmüşəm...

            Ramiz, sən üç ay məni içəridə saxlatdırdın, o üç ayda mənə elə zülmlər elədin ki, allah da onu götürməzdi, amma götürdü. Sən axırda mənim qaynımı, baldızımı, hətta öz dayım oğlunu qorxudaraq üzümə dirədin ki, mən  İmişlidən yun gətirəndə  cavanlara narkotik də satırmışam. Bunu bilirsən kimə dedirtdiniz? Doğmaca dayım oğluna! O yazıq üzümə saxta ifadə söyləyən axşam xəcalətindən başını soxmağa yer axtarır və əlacsız qalıb özünü asır... Sən ilk qanı belə tökdün, Ramiz...

            Sonra arvadımı da şərləyib tutdurdun. Guya dayıoğlumu  məhkəmədən sonra söyüb-təhqir edib, layan-latayır deyib. O da dözməyib,  özünü asıb. Sən onu ölümə təhrik etmə maddəsi ilə həbs etdirdin(!)... Dayan görüm, yenə salavat çevirirlər...

            -Allahın, məsəlli, əla Məhəmməd və ali Məhəmməd...

             Mən heç bu salavatı da düz-əməlli bilmirəm ki... Elə uşaqlıqdan necə eşitmişəm, yadımda da heylə qalıb... Türmədə də hərə bir cür salavat çevirirdi.

            Mənə on dörd il iş verdirdin! Məhkəmədə həyat yoldaşımın tükürpədici naləsi hələ də qulaqlarımdadır:

         -Ay camaat, bilin və agah olun, Ramiz sudyanın badına gedir mənim ərim! Bu alçaq mənə namussuz təklif etmişdi, ərim də bu şərəfsizin üzünə lombasıyla tüpürmüşdü! Ona görə bizim ailəmizi dağıdır bu alçaq!

            Arvadımı sürüyə-sürüyə zaldan çıxartdılar.... Dayan görüm molla nə deyir? Ötürərəm birdən?”

            Molla  iki əlini də üzünə tərəf aparıb uca səslə deyir:

            -Əssəlat, əssəlat, əssəlat! Həyyü əla xeyrül əməl. Meyit namazı qılırıq, vacib qürbətən illəllah!..

            “Hələ oracan var... Eşitdin, Ramiz? “Həyyü əla, xerül əməl.” Yəni xeyir əmələ qol qoy deyir allahın kitabı. Mən onu türmədə  oxudum, Quranı deyirəm. Sən isə kabinetində başının üstündə ən hündür yerə  qoymuşdun.  Məni təpikləyəndə əlimi başının üstündəki  Qurana uzatdım,  səni o kitaba and verdim... Sən  onu ora yaraşıq üçün qoyubmuşsan, çünki ona inansaydın, məni şərə salmaqdan çəkinərdin. Gör Quranın “Əli-İmran” surəsində nə deyir: ”Hər kəsin  qabağına çıxar elədiyi pislik – pis əməldən nə qədər uzaq düşmək istəsə də...” Hə, Ramiz, bax, mənə üç ay işgəncə verdirdin. On barmağımın onunun da dırnaqlarını çıxartdılar. Dişlərimi vurub tökdülər... Böyrəyimin üstünə o qədər vurdular ki, indi böyrək xəstəsi olmuşam... Hər həftə dializə otururam. Qabırğamın ikisi sınıb... Bunlar cəhənnəmə! Ramiz, sən mənim həyatımdan on il oğrladın! Mən on il türmədə yatdım.  Həyat yoldaşım da iki il yatandan sonr aministiyaya düşdü. Övladlarım təhsil ala bilmədilər... Qonum-qonşumuz bizi görəndə  qaçıb gizlənirlər: sən onları da bizlə düşmən eləmisən, Ramiz... Yadındadı, sən məni ilk dəfə kabinetinə çağıranda dedim ki, Ramiz müəllim, biz bu dünyaya müvəqqəti gəlmişik, bir gün yıxılb öləcəyik, gəlin mənim ailəmə pislik eləməyin... Sən onda mənə  yadına düşür  nə dedin?  Ağzımın üstündən ikinci təpiyi vurub bağırdın:

            -Ay bədbəxt,  bizlər heç vaxt ölməyəcəyik! Biz bu dünyada əbədiyik! Səni soxduracam qoduqluğa, on beş il  verdirəcəm, türmədə vərəmləyəcəksən... O gözəllər gözəli, nəydi adı? Hə, Humay xanımın da əlacı kəsiləcək, özü  gələcək ayağıma... Gəlib girəcək qoynuma... Hələ bir sən o qapını aç. Bir ora bax!

            Məni zorla itələyib kabinetindən  harasa  açılan qapıya tərəf apardın,  təpiyinlə qapını açdın və bağırdın ki, bax ora... Baxdım. Burda bahalı divan, kreslo, bədənnüma güzgülü şifoner, içi növbənöv içkilərlə dolu bar... vardı. Qurulu bir ev kimiydi bura.  Hələ  bir az aralıda  qapısı açıq  hamam görünürdü... Başa düşdüm ki, bura  kef otağıdır. Mənə buranı elə-belə göstərmirdin ki...

            ...Mənə 14 il verdirdin. Düz on il yatdım. Dördünü də aministiyaya saldılar. Həyat yoldaşım sənin əlindən uşaqlarımı da götürüb Bakıya qaçmışdı. Ayda bir dəfə gəlib məni görürdülər Kürdəxanıda...*

            ...Çıxandan sonra bir işlənmiş maşın alıb taksiçilik  eləyirdim. Bir gün səni şəhərdə ayaqla gəzən gördüm. Bir istədim maşını sürüb üstündən keçim. Amma mən daha ora qayıtmaqdan qorxurdum.  Orda on ildə  çəkdiyimi çəkmişdim.

         

 

 

 

 

 

----------------------------------------------------------------------------------------------------------------------------------------

*Kürdəxanı – Bakı ətrafında qəsəbə, burada həbsxana yerləşir.

 

          Öyrəndim ki, işdən çıxarılmısan. Amma nə olsun?  Şəhərin ən yaraşıqlı yerində - Badamdarda  gör necə gözəl villa tikdirmisən?  Neçə maşının, bağın, torpaq sahələrin var, eşitdiyimə görə.  Gözlərimlə gördüm: Bakının küçələrində rahatca gəzirsən!  Ağappaq köynək, narıncı  qalstuk,  qəhvəyi kostyum   sənə necə də yaraşırdı!   Qıraqdan baxanlar səni – ağ sifətli, hündür boylu, gen çiyinli, geniş alınlı  bu adamı dünyanın, bəlkə də  ən  saf, təmiz adamı hesab edirlər.  Heç kim bilməsə də,  sən və mən bilirik ki, bu belə deyil! Sən dünyanın ən şərəfsiz, ən namussuz, ən biqiryət adamısan!..

        Yoxxxx! Mənim qisasım alınmalıdır! Ona görə yuxarı təşkilatların hamısına  ərizəylə müraciət etdim ki, işə yenidən baxsınlar, mənim həyatımı məhv etmiş cinayətkarı – səni həbs etsinlər. Çifayidə! Heç ərizələrimə baxan da olmadı!.. Özümü ələ ala bilmədim. Gedib Koroğlu metrosundakı körpünün üstündə  gecələr  gendən işıqları görünən ən hündür yerə çıxdım.  Oradan bağıra-bağıra dedim ki, özümü  atacam! Şərt də qoydum: məni bir deputat qəbul eləsin, şikayətim var... Gündə səsi bir yerdən gələn o qadın deputatı göndərmişdilər. Səsgücləndirici ilə dedi ki, and olsun allaha, hara istəsən səni aparacam, şikayətini təmin etdirəcəm... Doğrudan da, məni sonacan dinləyib ərizəmi aldı və dedi ki, iki günəcən sənə cavab veriləcək.

              Hə, Ramiz, bu səhər yuxudan duranda kiçik oğlum internetə baxıb dedi ki, ata,  səni həbs etdirən kişi səhərə yaxın  ölüb. Sonra ünvanı da oxudu. Yəni buranı, Badamdardakı villanı nişan verdi... İndi gəldim, Ramiz, sənə deyəm ki...”

            Molla üzünü meyit namazına duranlara tutub dedi:

            -Əziz qohumlar, dostlar, qonşular! Ölüm haqdır. Hamımız  bu yolu keçəcəyik. Ola bilər ki, bu mərhumun sizlərə borcu olsun, yetirib verə bilməsin. Ola bilər ki, hansınızasa söz vermişdi, yerinə yetirə bilməmişdi... Ola bilər ki...

            Molla çox şey saydı və axırda dedi:

            -Ona görə də  bu mərhuma öz haqqınızı həlal edin!

            Hamı bir ağzdan dedi:

            -Halal xoşu olsun!

            “Hə, Ramiz! Dəmi gəlib, mən bunu dövlət qarşısında edə bilmədim, allah və insanlar qarşısında etməliyəm. Ona görə də üzümü mollaya tutub bağırıram:

            -Molla, mən bu adama haqqımı halal eləmirəm!..

            Araya bir ölü sükutu çökdü, sonra  qarışıqlıq düşdü,  Ramiz, bir mağlətə qopdu, hələ beləsi heç zaman olmamışdı. Adamlar bir-birinin qulağına nəsə deyir, pıçıldaşırdılar. Molla da ayaq üstə quruyub qalmışdı. Mən adamların qəribə baxışları altda hüzür yerini – meyit namazı  mərasimini tərk etdim. Və bu sözü də ürəyimdə sənə deməliyəm: bu işıqlı dünyada yediyin, geydiyin heç halal xoşun olmasın, ay Ramiz!”

 

                                                                  11.08.2014

 

                               

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə