AZAD QARADƏRƏLİ POLAD KİMİ HEKAYƏ


AZAD QARADƏRƏLİ

 

POLAD  KİMİ...

 

 hekayə

 

                                                            Milli Qəhrəman general Polad Həşimovun xatirəsinə




                    

            PROLOQ

 

        Dəmir insan işi deyil. Heç şeytanın da xəbəri yoxdur. O burda doğulmadı. Göy mənşəlidir. Ona görə dəmirlə insanın bağı o qədər də etibarlı deyil...

            Hər zaman dəmir kəsib insanı. Qanını töküb. Bədənini qurda-quşa yem edib... Dəmirdən qorxub insan. “Cin dəmirdən qorxan kimi...” Hətta cin də qorxub dəmirdən...

            Amma insan dəmirdən heç ayrılmadı ki. Paslanmasın deyə onu cilalayıb polad elədi. Hə, bax, insan poladdan sonra dəmirə təzədən qayıtdı. Vuruldu ona. Hətta oğluna Polad adı da qoydu.

            Çox Poladlar gəldi keçdi, amma bizim qəhrəmanımız Poladdan heç olmadı. O bir ordu, o bir qoşun, o bir sərkərdə, paşa idi... General Polad...

            Gözüm oxucu! Sənə gözüm dedim, ondan ki, gözümün qarasını aparan, mənə gah acılar yaşadan, gah nəşələndirən, bəxtiyar edən bu sətirləri yazanda hərdən sən gözümün önündən keçmisən. Sənə güvənib yazmışam. Sənə dayanıb yazmışam. Polad adamdan yazanın polad da səbri olmalı. Bunu sənnən almışam. Sən hər zaman mənim arxam, dayağım, tənqidçim, qardaşım, bacım oldun. Sən dövlətimsən, sən torpağımsan, sən Vətənimsən... Elə sən də polad kimisən. Poladı sən doğdun, oxucum – xalqım! Bu kitabı sənə həsr etdim...

 

         1.

           DOĞULUŞ

 

            Hərbçilərin doğuluşu anadan olduqları gün deyil ki. Hərbçi doğulanda minlərdən, milyonlardan biri kimi gələr dünyaya. O o zaman doğulacaq ki, ilk addımını əsgər çəkməsi ilə atacaq...

            Polad da ilk dəfə orduya gedəndə sehrlənmişdi sanki. Elə bil onu ayrı bir aləmə atmışdılar. Gözünü yumub-açanda anladı ki, bu onun yenidən doğuluşudur. Heç darıxmadı, heç çəkinmədi, heç qorxmadı burda. Yüngülcə evlərinin, ana mehrinin, dost-tanışın xiffətini elədi, vəssalam. Bu da tezliklə ötüb keçdi. Əsgər kazarmasında keçirdiyi ilk gecə də onu sehrlədi. Başa düşdü ki, uzun illərdir özünü axtaran bu gəncin yeri elə buraymış.

 

 

            2.

 

            ANA

 

 

            Mən general anasıyam. Mətbəx generalı deyil, döyüş generalı. Mənim oğlum orduya itməkdə olan  inamı və zabit şərəfi adını  qaytardı. O, polad kimi qırıldı, əyilmədi. O vurulmağı ilə düşmənə qalib gəldi.

            Bilmirəm hansısa böyük adam deyib ki, türklər ya hicrət edər, ya ölərlər, əsla qul olmazlar.

            Bizim xalq da qaçqın düşməmişdi, hicrət etmişdi. İnşallah ordumuzun sayəsində indi öz torpağına qayıdacaq. Polad da ölmədi, şəhid oldu. Elə bu da hicrətdi – bu dünyadan o dünyaya hicrət.

            Mənim balam o dünyanı da şərəfləndirdi. Aydınlatdı oranı da. Ardınca neçə-neçə mərd balamız onun yolunu getdi. Tam üç min şəhidimiz var. Onlar Poladın qardaş-bacıları, mənim də övladlarımdır. Mənum qədər çoxuşaqlı ana dünyada tapa bilməzsən. Mən çox xoşbəxt anayam. Poladın, Poladların anasıyam axı!..

 

 

            3.

 

            ÖVLAD

 

 

            Atam bizə bir miras buraxdı: Polad ad. O adın bəlkə mənası adi dəmirin cilalannması kimi gələr bəzilərinə. Yox. O kişi adıdır. Bir nəslin – təkcə bir ailənin yox, bir xalqın adınnan danışa bilmək səlahiyyəti olan kişi. General Polad Həşimov.

            O bizə mal, pul, sərvət qoymayıb... Yox, sərvət qoyub əslində. Bu günə deyil, gələcəyə hesablanan sərvət. Şax dayanmaq, ardınca bir ordunu apara bilmək, özünnən sonra böyük ehtiram qazanmaq, kitablara düşmək, söhbətlərə mövzu olmaq. O təkcə bizim atamız deyilmiş, neçə-neçə əsgərin, gənc zabitin atasıymış.

            Atamız general idi. Amma həm də Atatürkə verilən “paşam” sözünü də bizə doğma etdi. Əsgərləri necə ürəklə paşam deyir!

            Mən də o paşanın əsgəri olmağı arzulardım. Nə olsun oğluyam – bu fiziki, bioloji haldır. Paşanın əsgəri olmaq, yolçusu olmaq bir başaq aləmdir.

            Paşam! İcazə verərmisən izinnən gəlim?!

            Açdığın izin mübarəkdir, paşam!

 

 

            4.

 

            QADINI

 

 

            Mənə danışmaq növbəsi çatmadı ki. Yox, yox, o, mühafizəkar deyildi. Sadəcə, öndə anamız varkən, mənim danışmağım düz olmaz. Amma iki kəlmə sözüm var: belə bir generalın qadını olmaqdan şərəfli ad tanımıram. Fərqi yoxur, o bu dünyadadır, ya o biri dünyada. Harda olsa, oranı nura qərq edəcək gücə sahibdir . Mən də ora tələsərdim, amma hələ bu dünyada onun balalarının gələcəyinə fanar olmam lazım... Gözlə, sevgilim! Onsuz da, orada böyük bir ordun olduğunu bilirəm. Orda da komandansan. Sənə layiq sözlər deyə bilmədiyimçün bağışla məni. İlkim də, sonum da sənsən. Yarannan öpürəm.

 

           

           5.

   

          ƏSGƏRİ

 

            Mən onun əsgəri olmadım ki. Onu heç görmədim. Amma heç gözüm önünnən də getmədi. Mən onun yoluna mail oldum. Onun vurulmasına heyran oldum. Vurulasan, şəhid olasan, amma düşməni ölümünlə məğlub edəsən. Şəxsən mən onun ölümünnən sonra and içmişdim. O andı heç yerə yazmadım, ürəyimə, qanla nəqş etdim:”Mən Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Azərbaycan ordusunun xüsusi təyinatlı çavuşu, xalqım, Vətənim, rəhbərim və əqidəsinə vurulduğum general Polad Həşimovun məzarı önündə təntənəli surətdə

                                         AND İÇİRƏM!

 

            Düşmənə ən sarsıdıcı zərbə vurmayanacan, düşmənin ən azı on əsgər və zabitini məhv etməyənəcən, general Polad Həşimovun qisasını almayanacan geri addım atmayacam! Əgər andıma dönük çüxsam, qoy dostlarımla içdiyim sədaqət andı, Vətən qarşısında içdiyim əsgər andı, bir də anamın südü mənə haram olsun!

            Düşmənə ölüm! Yaşasın müzəffər Azərbaycan əsgəri! Yaşasın Ali baş Komandan!

            Qana qan! Ölümə ölüm!”

                                                                                                         

           

            EPİLOQ

 

            MƏZARDAN QALXAN  NİDA

 

     (General Polad Həşimiovun məzarda monoloqu)

 

          Günəş bizsiz doğursa, qəm etməyin, şəhid qardaşlarım. Bu o demək deyil ki, günəş bizi görmədi – gördü, sadəcə həmişəki kimi gülümsəyə bilmədi. Onun sarı-sarı kədəri qanlı alnımızdan öpdü, yaralı sinəmizi sığalladı, açıq gözlərimizi sığadı. Hamısı yaxşı idi, fəqət gözümüzü sığamasını istəmirdim – baxmaq istəyirdim Vətənimə. Görüm mənnən sonra ordumuz qisasımızı aldımı? Günəşsə, şüa barmaqları ilə gözümüzü el adətincə sığadı...

            Biz el adətincə ölmədik ki, el adətincə dəfn edəsiniz. Gözüaçıq dəfn edin bizi. Gözümüz arxada qalıb axı! Qarabağımız düşməndə, Tovuzumuz güllə altında... Nə el adəti... Ohhhh... Yaralarım sızladı... Yox, güllə yarası ağrıtmaz məni, ağrı işimin yarımçıq qalmasınnandır. Mən Qarabağda vurmağı, sonra vurulmağı arzu etmişdim axı... Qismət olmadı... Gözüm görmür daha, ay Günəş, mən sənə nə deyim? Vaxtsız ölənin gözünü vaxtsız sığayarlarmı?!.

            Gözümüz görməsə də, qulağımız eşidir – mən bizim topların səsini ayırd edə bilirəm axı. “Bum!” – bax bu düşmən topudur. Tovuzda Əziz kişinin evinə düşdü, qanına qəltan etdi onu. Hə, hə, nə durmusunuz?! Nə əmr?! Vurun! Mən sizə əmr edirəm!!! Vurun düşməni!!!

            “Bom!” “Bom!” “Bom!”

            Afərin uşaqlar! Dəqiq atırsınız. Amma sizdən bir xahişim var: mülkü əhali olan yerə atmayın... Hə, bu, həm də əmrdir! Düşmən postuna, atəş! Atəş! Atəş!

            Yaxşı, qışqırdım, yaram qan verdi.

            Mən getməliyəm... Babalarımız demiş: gedən cismimdir. Ruhumu və bu yaralı ürəyimi sizə vermişəm...

            Ayıq-sayıq olun!..

            Eşidirsiniz səsini, ən gənc şəhidimizin yarasınnan qan açıldı, məni çağırır. O zarıyan isə 6 aylıq körpəsinin səsi qulaqlarında qalan, şad ola bilməyən  Elşaddır. Hər körpə səsi eşidəndə bağırır, bədənindəki qəlpələr təzədən partlayır, qan aparır onu... Burda da işim çoxdur. Getməliyəm...

            Yenə deyirəm: ayıq-sayıq olun!

            Gözünüzü dörd açın...

            Bu gün bütün Azərbaycan torpağı səngər olmalı!

            Hamı səngərə!

 

                                                                                                            

 

           

            ƏN SONDA

 

            Bu yazı saytlarda dərc olunannan bir neçə ay sonra  ölkədə Vətən müharibəsi başladı. 44 gün çəkən bu haqq savaşında  igid oğullarımız düşməni məğlub edib, torpaqlarımızı  azad etdilər. Ölkə prezidentinin sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verildi. Polad paşanın başladığı bu dava Azərbaycanın qələbəsi ilə başa çatdı.

 

                                                                                             2021

 

 

 

 

 

 

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə