AZAD QARADƏRƏLİ SONUNCU QƏHRƏMAN HEKAYƏ TOFİQ YAQUBLUYA

 

                          AZAD QARADƏRƏLİ

 

                                   SONUNCU QƏHRƏMAN

 

 

                                                                                                   Tofiq Yaqubluya

 

 


 

            Ay çıxanda Onun gözləri Ay kimi nur saçır, özü də bilmədən ətrafındakıları da aylandırırdı. Hamı Ay kimi işıqlanır, bir-birini göydəki ulduzlar sayaq parlaq edirdi. Yerdəki adamlar göydəki ulduzlara dönüb bir-birinə rəng qatır, bir-birini tuturdular.

            Ona bəzən Ayadam deyirdilər. Hətta biri and içirdi ki, Onun uzun bir nərdivanla Aydan düşüb gəldiyini gözləri ilə görüb. Və adamın  Aydan düşüb gəldiyinə hamı inanmışdı. O qədər demişdilər ki, O özü də şübhələnirdi ki, bəlkə elə  doğrudan da, Aydan gəlib haçansa.

            Amma bir pis iş vardı ki, Ayın aydınlığında adamların ulduz olub parıldaması, gecənin süd kimi ağ olması məmləkətdə kimlərisə narahat eləməyə başlamışdı. Axı necə ola bilərdi ki, gecələr evlərində mışıl-mışıl yatan adamlar indi Ayın işığında küçəbəküçə gəzir, Ayın , hələ üstəlik  Ayadamın işığından aldıqları nuru paylaşır, qaranlıq dünyanı süd kimi ağardır, özləri də işıq olub hər yeri nurlandırırdılar.

            Belə yerdə deyiblər ki, zil qaranlıqda qara tükü, süd kimi gecənin aydınlığında ağ tükü seçən qaraqılçıq qurd təki bir-birinə höyür olan insanlar, o qədər xoşbəxt idilər ki, bu gecənin qaranlığında işığın bolluğundan meyxoş olmuş, xoşbəxtcəsinə bir-birinə ulduzlar sayaq göz vurur, gülümsəyirdilər...

            Narahat olan adamlar öz gecə kimi işlərini gecələr görürdülər və indi bu aylı-ulduzlu gecələrdə nə edəcəklərini bilmir, gah Ayı, gah da Ayadamını qınayır, bir-birini qapır, kaftar kimi burunları ilə ora-buranı eşir, vurub-dağıdırdılar.

            Bir gecə adamlar baxıb gördülər ki, Ay çıxsa da, onun üzündə qalın bir pərdə göründü. Ay nə qədər çalışsa da, üzündəki o qara pərdəni ata bilmədi. Bədrinin yan-yörəsindən süzülən işıq nə qədər eləsə də qaranlığı aydınlada bilmədi. Ora-bura boylansalar da, Ayadamı görə bilmədilər. Çağırdılar, bağırdılar, adam tapılmadı ki, tapılmadı. Beləcə, bu qaranlıq gecə başa çatdı və səhərin gün işığında yuxusuz adamlar key-key bir-birinə baxdılar ki,  bəlkə bu günün işığında bir-birilərinə işıq saça bildilər. Bu heyni xəbər gəldi ki, bəs Ayadamı məmləkətin padşahı zindana atdırıb. Nə var, nə var, O Yer adamı deyilmiş, ayrı məmləkətin – Ayın vətəndaşı imiş.

             Aydan ağır sözlər gəldi məmləkət başçısına və o da dözməyib Ayadamı azad etdi.

            Yenə o gecəki kimi gecələr adamlar  ulduz oldular, Ay işığından hər yan nurlandı, insanlar xoşbəxt-xoşbəxt gülümsədilər...

            Ayadam insanların ümid yeri oldu. Onun varlığında bir kəs bir kəsin malına göz dikmədi, oğruluq, əyrilik yoxa çıxdı. Təkcə gecə kimi işlər görən gecəquşu adamlar valı dəyişdilər. Qabaqlar gecələr gecə kimi işlər görənlər indi gündüzlər, hamının gözü önündə oğurlamağa başladılar. Əyrilik, oğruluq o qədər şüdd elədi ki, daha buna təəccüb edən olmadı. Hətta gecələr ulduz olan adamlar da kiçik-kiçik oğurluqlar etməyə başladılar. Bazarda tərəzidəki kilonun içini oyub yüngülləşdirdilər, məsçidlərdə Quranı  soldan sağa oxudular, məktəblərdə valideynlər müəllimə uşaqlarından rüşvət göndərdilər. (Halbuki əvvəllər bunu özləri gizlində verərdilər.) İşə qəbul, məktəbə qəbul məzənnəyə oturduldu. Gecələr ulduz olanlar gündüzlər səs oğrusu kimi oğruya-əyriyə səs verdilər.

            Məmləkətin bir gavur qonşusu vardı. Özündə olan fırıldaqçıları bura təlimçi kimi göndərir, yalaq, yaltaq,oğru, quldur yetişdirmək işində yardımını əsirgəmirdi. Başqa bir gavur qonşu isə daha böyük gavura arxalanıb ordu çəkir, məmləkətin torpaqlarını işğal edir, əsgərini qırır, qız-gəlinini əsir alırdı.

            Belə bir vaxtda Ayadam yada düşdü. Kimsə dedi ki, gəlin onu azad edək. Yenə adamları ulduza çevirsin, yenə adamlar gülümsəsin. Qoşun çəkək gavur qonşunu yerində oturdaq...

            ...Ayadam zindanda zəifləsə də, hələ gücü vardı. Zindandan çıxan kimi ilk işi öz sehrli nərdivanı ilə Aya çıxıb onun üzündəki pərdəni atmaq oldu. Gecə Ay doğan kimi Ayadam ondan güc aldı, işığını adamlara ötürdü. Yenə hər yan nura boyandı. Adamlar ulduza döndülər. Oğrular-əyrilər gecə kimi işlərini görə bilməyib gizləndilər. Ayadam silah çəkdi, ulduz adamları da ətrafına yığıb gavur düşməni sınırlardan qovdu, əsir torpaqları azad etdi. Elə əsir-qız gəlini də düşməndən geri aldı...

            ...Bir gün xəbər çıxdı ki, Ayadamı yenidən həbs ediblər. ..

            ...Bir gün gördülər ki, yenə Ayın üzünə pərdə çəkiblər...

            ...Bir gün xəbər çıxdı ki, Ayadam zindanda işıq aclığına başlayıb...

            ...Adamlar daha ulduz ola bilmirdilər. Çünki Ayın üzünə yenə pərdə çəkmişdilər. Çoxları nərdivana ayaq basıb Aya çıxmaq, pərdəni atmaq istədi, olmadı. Nərdivanı yarıdan kəsmişdilər...

            ...Ayadam isə hələ də zindanda işıq aclığı çəkirdi...

            Ay isə pərdə altında olsa da, yerdəki ulduzcuqları başına yığıb kədərli bir nağıl danışırdı.

            ...Biri vardı, biri yoxdu. Dünyanın sonu gəlmişdi. Ayın üzünə pərdə tutmuşdular. Sonuncu qəhrəman isə zindanda qolubağlı oturub təkidlə işıq aclığı çəkirdi. Dünyanın sonunda gözlər Sonuncu qəhrəmana dikilmişdi...

            Hər kəs onun gəlişinə, nərdivana ayaq basacağına müntəzir idi...

 

                                                                                                          10.09.2020

 

             

 

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə