AZAD QARADƏRƏLİ ŞEKSPİR MƏNİM TALEYİMDƏ avtobioqeafik esse

 


             AZAD QARADƏRƏLİ

               ŞEKSPİR MƏNİM TALEYİMDƏ

 

            (“Məndən sonra” memuar romandan parça)

 

       “Sekspir dövlət qulluqçüsu olub?” adlı bu yazı “Burda kişi var?” (Bakı, Zero, 2013) hekayələr kitabıma ön söz şəklində yazılmışdı. Sonralar üç cildlik “Renessans həsrəti”nin birinci cildində də çap olundu. Yerinə rahat oturduğu üçün bəzi əlavələrimlə bu kitaba da salası oldum.

                                                                                                                                (Müəllif)

 

                            


                            (Avtobioqrafik esse)

 

     

      Qələmim təzə-təzə bərkiyirdi. Yəni hekayələrim və məqalələrim respublika mətbuatında artıq rahat çap olunurdu.

      Amma məni yandıran o idi ki, rayonumuzda çıxan qəzet mənim yazılarımı çap etməkdən imtina edirdi. Bu da məni əməlli-başlı püsdən-təvərədən çıxardırdı.

Belə bir vaxtda dostum Eldar Baxış şair Əhəd Muxtarla bizə gəldilər.

      Belə qonaqlar mənim üçün əsl bayram idi. Bu ucqar rayonun ucqar kəndində dərdləşməyə, yazını oxuyub fikir mübadiləsi etməyə bir kimsə yox idi. Bu iki şair dostla yaxşıca yeyib-içdik, həm də zəhlələrini tökdüm. Gah hekayə oxudum, gah nə bilim suallar verdim və həkaza. Səhəri isə rayon mərkəzinə getdik – tədbir varmış.

        Tədbirdə mən də oldum, nəydi, indi unutmuşam. Unutmadığım isə rayondakı yerli qəzetin redaktor müavini  Şükür müəllimlə görüşməyimiz oldu. Eldar özünəməxsus  sərt bir tərzdə  “Ay Şükür müəllim, bizim dostumuz bu rayonun yeganə yazıçısıdır, nə təhər olur, Bakı onu qəbul edir,  amma sizin bu qəzet görməməzliyə vurur?” deyib cavab gözlədi. Şükür müəllim zəndlə mənə baxır  və nəsə fikirləşirdi. (Hə, bu adam  rayon icraiyyə komitəsinin  sədrinin – ispalkom Hürü xanımın əri idi və rayon qəzetində hamını, hətta  arvadının başçılıq etdiyi sahələri belə tənqid etməkdən çəkinmirdi. Onu da deyirdilər ki, ixtisasca fransız dili müəllimi olsa da, rus, ingilis dillərini də bilirmiş. Hələ onu da bir az sonra öyrənəcəm ki, atası Müsavat hökümətinə rəğbət bəslədiyinə görə repressiya olunub və sair.) Kişi saatına baxıb “Vaxtdır, gedək Mehdiqulunun kababxanasına,  görək başımıza nə iş gəlir” deyib ayağa qalxdı.

         Kababxanada  mən o  kişini əməllicə kəşf elədim – bu rayonda mənim  adamsızlıqdan  boğulmağımın  qarşısını alsa-alsa bu Şükür müəllim alacaqdı. Yemək əsnasında o mənə təkcə bunu dedi: “ Cavan oğlan, sən yazılarını mənim yanıma gətirəcəksən, yaxud poçtla göndərəcəksən. Hansı mövzuda olur-olsun.”

         Rayon qəzetinin  qarşımdakı beton hasarları o gündən uçub-dağıldı və yazılarım dalbadal çap olunmağa başladı.

                                                 

                                                             ***

       Bir qış gesəsinin səhəri anam tövlədəki heyvanlara ot atıb içəri girdi və əllərini sobada qızdıra-qızdıra dedi:

       .- Qonşumuz   Z... kişinin kərə qoçu bu gecə murdar olub... arvad yazığı başdan çıxartdı, yaşının o vaxtında murdar olan heyvanı soydu, ata yükləyib  bu qar-boranda getdi Mincivan bazarına.

      O gün  mən “Qoyun əti” adlı hekayəmi yazdım və poçtla Şükür müəllimə göndərdim. Hekayə çıxan günün axşamı  SSRİ-nin məşhur  “kekebe”  şefi Andropov  hakimiyyətə gəldi və gələn kimi də sərt  qərarlar çıxartmağa başladı. Yadımdadır, “SSRİ-nin 70 ili” adlı çıxışında o milli, dini ayrı-seçkiliyin təbliğini kəskin  tənqid  edir, işə beş-on dəqiqə yubananları işdən qovmağa çağırır və  bir növ uçub-dağılmaqda olan SSRİ-nin  təmir-bərpa işlərini görməyə çalışırdı. Və elə həmin qarlı-boranlı günlərdə  işlədiyim məktəbin direktoru  qorxa-qorxa dedi ki, səni raykoma çağırıblar.

      Mən hara, raykom hara? Axı heç partiyanın da üzvü deyiləm? Nəysə, kolxozun yük maşınında getdim rayona. Raykomda dedilər ki, 3-cü katibin qəbuluna gedəcəksən. Təbliğat-təşviqat şöbəsinin tez-tez danışan və nə dediyini heç vaxt başa düşmədiyim müdiri  məni 3-cü katibin qəbuluna apardı. Katıb  yerli qəzetin son nömrəsini  stolun üstünə sərmişdi və gözucu gördüm ki, onun qırmızı qələmlə   sətirlərinin altından xətt çəkdiyi mənim “Qoyun əti”  hekayəmdir. (Sonralar həmin hekayəni kitablarıma “Qoç əti” adıyla salmışam)

     Katib  üzünü mənə tutub Andropov yoldaşın  daxili siyasətimizdəki boşluqlar haqda kəlamlarından misallar gətirir, səsi özünə xoş gəlirmiş kimi əsir-coşurdu. O elə bil iki nəfərçün deyil, yüz nəfərlik zal üçün danışırdı. Və birdən stolunun üstünə sərdiyi qəzetə sarı əyildi, qırmızıladığı  hekayəni göstərib dedi:

     - 37-ci il olsaydı, səni birbaş Sibirə göndərərdilər. İndi Sibir yoxdur, amma yoldaş Andropov...

      Dalısı yadımda deyil. Bir o yadımdadır ki, katibin qara şəvə kimi saçları hərdən onun burnunun üstünə tökülürdü və o saçlarını əllərilə geri verməzdən qabaq  “fu” eləyib burnunun üstünə tökülən tellərini  qovmağa  çalışırdı. Və məni gülmək tuturdu yavaş-yavaş.  Katib isə deyirdi: “...yoldaş Andropovun çıxışında milli-dini ayrı-seçkiliyə qarşı........ sənin bu hekayəndə isə gör nə yazılıb?!”

    O yenə burnunun üstünə düşən saçına  bir “fu” deyib altından xətt çəkdiyi cümləni oxumağa başladı” “Ruslar, ermənilər heyvanı qibləyə kəsmirlər ki...  baltaynan vururlar,  ya da  bıçağı soxurlar  qoltuğuna.” Sənin deməyindən belə çıxır ki, ruslar, ermənilər murdardılar?.. Sən nəyə gülürsən?! Bax, de görüm nəyə gülürsən?! Səni bilirsən neyləyərəm? Sənin məsələni büroya çıxardaram, səni partiyadan xaric edərəm... Dayan, sən axı nəyə gülürsən?!”

    Mən doğrudan da özümü saxlaya bilməyib gülə gülə  dedim:

   -Mən partiyanın üzvü deyiləm axı...

   -Nə olsun üzvü deyilsən... Mən zato səni partiyadan xaric etdirərəəəə!..

   Mən pillələri düşəndə dalımca tez-tez danışan şöbə müdiri nəsə dedi, amma bu dəfə aydın dedi:

     -Ə, sən düz yazmısan, qozuna da alma...

     Şükür müəllimi axtarmağa gedəndə yolda “Əmiş” çağırdığımız Əmrah müəllimi gördüm. İstədim salam verəm, yazıq  əyilə-əyilə özünü daldaya verib hara isə yox oldu. Yadıma Andropovun “praqula görə işdən qovmaq lazımdır”  sözü düşdü    “Əmiş”in dalınca baxıb yenə gülməyə başladım.

                                          

                                                    ***

       -Səni vəzifəyə-zada qoysalar, qorxma get. Bilirsən, yazıçı gərək hər yerdən, hər şeydən xəbərdar olsun. İndi sən o 3-cü katibin yanında olmasaydın, bunları hardan biləcəkdin? Onun o “püff” eləməyini isə yaman tutmusan...  Əslində o saçlarına hirslənirmiş ki, niyə sözünə baxmır...

     Bunları Sabir Əhmədov gülümsəyərək deyir və yeni hekayəmi  (“Aprel havası” adlanırdı və  kəndli  ər-arvadın məhəbbətindən bəhs edirdi) oxuyub bəyənir, növbəti nömrədə çap olunacağını söyləyir.  Uça-uça Nəşriyyatdakı pillələri düşürəm, lift-zad ağlıma da gəlmir. Hələ Eldar Baxışı, İsa İsmayılzadəni,  Camal Yusifzadəni də görməliyəm, onlarla bir yüz-yüz vuracağıq da. Ən axırda Tofiq Qəhrəmanovgilə getməliyəm. Bu gözəl yazıçının gözləri tutulub axı.  Gözü görməsə də çoxlarından işıqlı adam idi Tofiq.

                                         

                                                 ***

      Məni məktəb direktoru qoyublar. Hələ   üstəlik partiyaya da keçiriblər. Elə bu arada xəbər gəldi ki, ilk hekayələr kitabım “Dumduru su” artıq çap olunub və satışdadır. (İndi fantastik görünə bilən tirajla çıxmışdı: altı min!)

      1988-ci ildir. Rayona təzə birinci katib gəlib. Kitabımı mağazada görüb və məni raykoma işə çağırdı. “Gedim, getməyim” edirdim ki, iki kəlmə söz yadıma düşdü. Biri əlbəttə ki, ustadım Sabir Əhmədovun sözü idi, yuxarıda yazmışam. O birini isə mənə institutda dərs demiş İsmayıl Şıxlıdan eşitmişdim: “Şekspir saray həyatını gözəl bilib. Kralların, kraliçaların obrazını ustalıqla yaradıb. Əgər o deyildiyi kimi aktyor, yaxud teatrda atsaxlayan olsaydı, bunları hardan bilərdi? Bir versiya da var ki, ya Şekspir sarayda hansısa vəzifədə işləyib, ya da o əyan-əşrəfin nümayəndəsi olub.” Bu fikri sonralar özüm də oxudum və ingilislər hələ də bu fikirdədirlər ki, Şekspirin qəbrində hansısa sirli kitab var və haçansa o qəbir açılacaq və bilinəcək ki, Şekspir əslində bizim tanıdığımız Şekspir deyilmiş... O hansısa saray məmurunun oğluymuş, sadəcə adını gizlətmək üçün Şekspir imzasından istifadə edib. Bəli, o vaxt yazıçıya həqarətlə baxırdılar, hər  axşam onun yazdığı tamaşalara baxıb əl çalmağa, ağlamağa, hırıldamağa görə teatra qaçsalar belə...

     -Şekspir, indiki dillə desək, dövlət qulluqçusu olub... Bunun o yanı, bu yanı yoxdur... Canım, ola bilməz e, günü sarayda keçməyən adam “Hamlet”i, “Kral Lir”i yaza bilməz?!

      Bunları  Şükür müəllim deyir və zəndlə üzümə baxır…

 

      Mən bir li raykomda işlədim, sonra buranın adamı olmadığımı başa düşüb keçirdilər  rayon qəzetinə redaktor müavini. (Həəəə, Şükür müəllim rəhmətə gedib. Mən indi onun yerində işləyirəm.)

       Və respublikadakı təlatümlər. Xalq hərəkatı. Təbii ki, mən heç nəyə baxmadan  xalqın tərəfindəyəm. Yazılarımda da bunlar açıq-aydın hiss olunur. Bu ağır günlərdə  20 Yanvar baş verir və mən partiyadan çıxıram. İşdə mənim vəzifəmi aşağı salıblar. Əslində bu, mədəni surətdə “get” deməkdir və bir az sonra mən gedirəm: məktəbə, müəllimliyimə...

                                          

                                                       ***

       Biz müharibəni uduzuruq. Qaçqınlıq, məcburi köçkün həyatı. Bakıdayıq artıq. Ailəni dolandırmaq üçün hər işin qulpundan yapışıram. Dostlar sağ olsun. Düz dörd yerdə işləyirəm. Bir neçə il sonra borc-xərcə bir otaqlı  həyət evi alıram və yanından birini də tikirəm. Bu arada  yorğunluğumu gecələr hekayə yazmaqla çıxardıram. Hekayələrim ilhamla yazılmır, o qədər də uğurlu deyil. Təkcə ağrı bəs eləmir axı... Amma yazıram. Bu dövrün yazısını mən yazmalıyam. Öz yazımı tapana qədər.

                                          

                                                      ***

        O biri işləri atmışam daha. Təkcə Eldarın yanında, radioda qalmışam. Uşaq verilişi hazırlayıram. Elə bil mənə qarğayıblar – Eldar da vəfat edir. Dalınca da İsa İsmayılzadə...

      Mən isə yazıram. Yeni hekayələrimdən razıyam nisbətən. Deyəsən, istədiyim alınıb. Rafiq Tağıyla tanış olmuşuq. Bir müddət sonra aramıza girən olur və küsüşürük. Təxminən beş il sonra barışacağıq. Gənclərə məni oxumağı məsləhət biləcək Rafiq. Azadlıq Radiosunun hekayə  müsabiqəsində  hekayəmi 2-ci edəcək və biz digər dostlarımızla birgə “Yazı” dərgisini buraxmağı planlaşdıracağıq.

     Rafiqi  qətlə yetiriblər. Dərgi çıxıb, amma Rafiqsiz.

     Ədəbiyyatımızda canlanma var. Mənim ilk romanımın da daxil olduğu “Burda yer fırlanmırdı”  kitabım çap olunub. Geniş, təntənəli  təqdimat olur və sair...

     Bu arada məni  dövlət qulluğuna dəvət edirlər. “Gedim, getməyim”dəykən yadıma Şekspir düşür, Sabir Əhmədov düşür, İsmayıl Şıxlı düşür və Şükür müəllim düşür...

     Komitə Hökümət evindədi və bu binanın içində gəzişmək, oradakı sirlərdən agah olmaq nəyə desən dəyər. Daha bir cəlbedici məsələ:  5 il sonra mənim təqaüd yaşım olacaq və allah qoymasa, yarıda bilsəm, mən dövlət qulluqçusu kimi pensiyaya çıxsam, 300-400 arası təqaüd ala biəcəyəm!

     Razılaşıram və 14 illik radio işimə son qoyub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə  baş məsləhətçi gedirəm. Getməmişdən şərtimi kəsirəm: bax, mən yazıçıyam, sabah hekayələrim, məqalələrim, kitablarım çıxacaq, məndən müsahibə alacaqlar... Razılaşırlar.

     Təxminən 4-5 ay sonra sifarişlər gəlir ki, yazmağı dayandır, yaxud yaz, amma çapa vermə. Bir həftə dözürəm. Amma indicə başıma bir mövzu girib, gic edib məni, siqareti də tərgitmişəm, yazmasam, ürəyim partlayar axı. Otaqda  ara qızışıb, məssəb itib. Nə barədə isə müzakirə edirlər iş yoldaşlarım. Mən isə bu hay-həşirdə  əyləşib hekayə yazıram.  Axşam üstü hekayə hazır olur...

       Hansısa saytdan zəng edib AYB-nin qurultayı barədə soruşurlar və az qala söyüşlə cavab verirəm: mən ömrü boyu üzvü olmadığım bu təşkilat haqqında axı nə deyim? Səhər eşidirəm ki, sözümü bəzəyib qəşəng bir anti-AYB müsahibə ediblər. Narazılıq gəlir. Sonra müsabiqələr olur və mən hər ikisində (AYB və MKM-də) onluğa düşürəm... Sonra AYB-ın müsabiqəsindən çıxıram və qəzetlər, saytlar, televiziyalar məndən yazır... Narazılıq gəlir... Sonra nələr, nələr və iki hekayə: “Fəlsəfə asfaltın üstünə yıxılmışdı”, “Eteri”...

    Daha narazılıq-zad gəlmir. Sadəcə çağırıb deyirlər ki, ərizəni yaz və get...

    Bir az müqavimət göstərsəm də, əhəmiyyətsiz iş bilib, yazıram ərizəni və gedirəm...

     Həmişə bu divarlar arasında üşüyürdüm. Düzdür, məndə revmatizm var, amma bu üşümək o üşüməkdən deyildi.

     Bayıra çıxan kimi ilıq payız günəşi canımı qızdırır. Və düşünürəm: bu bir il iki ayda mən burdan nə götürdüm? Neçə-neçə hekayə yazmışam burda, bir romanı bitirmişəm, birinin də mövzusu başımdadır. Bitirdiyim romana ad tapa bilmirdim. Bu yaxınlarda Mirmehdi deyilən gənc bir yazarın məqaləsindən tapdım romanın adını. Elə  belə də qoydum adını: “Cülyettanın sağ döşünə toxunmaq”

    Gedəndə Hökümət evinin möhtəşəm divarlarına baxıb  düşünürəm: “Görəsən Şekspir  doğrudanmı dövlət qulluqçusu olmuşdu?”                                                                                                                                                

 

                                               ***

 

            Yuxarıda Şükür müəllim haqqında söz açdım...

            Bu adam mənim Zəngilanda gördüyüm ən elitar adam idi. Xüsusi geyim tərzi, xüsusi duruşu, yerişi və danışığı olan bu kişi bir gimnaziya timsalı idi. Yanında otur, eşitdiklərin, gördüklərin bəsin olsun ki, gələcəyini qura biləsən...

            “Kənd həyatı” rayon qəzetində çıxan yazılarım haqqında tək bir söz demişdi:”Fərqli üslubun var. Əsas odu ki, gözə kül üfürmürsən. Bağırmırsan. Sakitcə sözünü deyirsən. Özü də düz sözü...”

            O özü də düz sözün bazı idi.

            Rəhmətə getməyini Ağdamda eşitdim. Axşam məktəbi direktorlarının (mən işlədiyim məktəbdə həm də axşam məktəbinin qeyri-rəsmi direktoru sayılırdım) Ağdamdakı respublika müşavirəsində o məşum xəbəri Zəngilan axşam məktəblərinin rəhbəri Heydərqulu Kərimov verdi bizə. Müşavirədə çıxışımı necə başa vurduğumu bilmədim. Rayona qayıdanda yol yoldaşlarım deyib-güləndə mənim könlümdən qara qanlar axırdı. Belə gözəl bir dost itirmişdim!..

            Elə həmin günlərdə Şükür müəllimin xatirəsinə bir şeir həsr etdim. Təəssüf ki, o şeirdən yalnız bircə bənd qalıb hafizəmdə:

            ...Ürəyimin qanın udub yemişəm,

            Yaxşı adam, sənə allah demişəm,

            Palıd, vələs, ya da elə yemişən,

            Min il keçə quruyacaq, canım hey!!!

           

                                   ***

 

               ŞEKSPİR VƏ LƏYAQƏT

 

            Yazıçılıq elə peşədir ki, bəzən ətrafında nələrin baş verdiyini unudur, yazdığın əsərin zamanına daxil olur, ətraf aləmlə əlaqəni itirirsən. Mən, xüsusilə, romanlarımın üzərində işləyərkən bu hallara düşmüşəm dəfələrlə...

            Zira nəyi itirirsən itir, tək bir şeyi daim özündə hifz etməlisən – LƏYAQƏTİ!

            Sevdiyim şair və daramaturq olan Şekspir də ləyaqətə qarşı laqeyd olmayıb. O boyda  əsərlərin altına çiyin verən kişi ləyaqətsiz çətin ki, bunların öhtəsindən gələ biləydi...

            Şekspir təkcə daramaturq kimi deyil, bir şair kimi də sonetləri ilə qəlbimə yol tapıb. Bir soneti var ki, ta tələbəlik illərindən mənimlə gəzib bu dünyanı. Hara getmişəsə, dilimin ucunda olub, lap Füzuli qəzəlləri kimi!..

            Sözügedən sonetin ilk bəndi elə gözəlim ləyaqət haqqındadır:

 

            Mən ölüm istəyirəm. Yoxdur görməyə taqət,

            Dilənçilik eyləyir qapılarda ləyaqət,

            Sadəliyə gülərək rişxənd eyləyir yalan,

            Puçluq paltar geyinir min bəzəkdən, cəlaldan.

 

            Sonetin digər misralarına endikcə sanki Şekspir müasirimizə çevrilir. Onun ağzından od tökülən şair obrazı indi meydan sulayan saxtalığa, qüdrətsizliyə, axmaqlığa qarşı üsyan edir, bədii sözün gücü ilə düzlüyü, mərdliyi, doğruluğu qorumağa çalışır:

 

            Saxtalıq hökm verir qəlbə, ağla, kamala,

            Bəkarər təhqir olub, düşür dərdə, zavala,

            Qüdrət qüdrətsisliyə əsirdir, səcdə qılır,

            Düzlük, mərdlik, doğruluq bir axmaqlıq sayılır...

 

            Rəzalət içində olanlar şərəf-şana nail olub (adamın yadına şərəf yoxsullarına verilən şərəf ordeni düşür), pak adamlar qüsurlu, nöqsanlıların qapısında xidmətçidir, kütlük 500 il qabaq da özünü peyqəmbər sanırmış – lap indikilər kimi... ilhamın ağzı isə...

            Vallah sizi bilmirəm, bu şeiri hər dəfə oxuyanda mənim Şekspirə rəğbətim daha da artıb. Adam adam kimi adammış, şair kimi şair, daramaturq kimi dramaturq... və ləyaqətli insan...

            Hə növbəti bənd:

 

            Rəzalətlər yetişir, şərəf, şöhrət və şana,

            Paklıq xidmət eyləyir hər qüsura, nöqsana.

            Kütlük çəkib özünü müdrik peyqəmbər sanır,

            Əfsus, ilhamın ağzı yumruqlarla tıxanır...

 

            Bəli, bütün bunların birbaşa yazıçıya dəxli var! Çünki bu rəzalərlər bir yumruğa dönüb ilhamının ağzını tıxayır...

            Ədəbiyyatın, sözün böyüklüyü və ölməzliyi məhz bundadır. Nəyi sındırsalar da, onun müqaviməti ilə gec-tez üzləşəcəklər. Nəyin imtahanından qurtarsalar da, ədəbiyyatın amansız imtahanı onları saxta peyqəmbərlik taxtından endirəcək...

            Məlumdur ki, sonetlərin sonluğu iki misradan ibarət olur. Burda da son iki misra şairin həsbi-halı ilə bitir:

           

            Hər tərəfdə rəzalət baş qaldırır, yüksəlir,

            Lakin səni atmağa, əziz dost, heyfim gəlir...

 

            ...Hə, qayıdaq yazının əvvəlinə. “Şekspir dövlət qulluqşusu olumbu?” sualına...

            Bəli, olub. Ya da elə saray əyanlarından birinin oğlu olub. Sarayı bilib, görüb, yazıb...

            O, sarayı təkcə yazmayıb. Şumlayıb. Kralından kraliçasınacan, hesoqunacan, saray əyanlarınacan, hamısının payını verib. Təkcə elə bu sonetdə onun döymədiyi qapı qalmayıb...

            Bəli, yazıçı bütün bağlı qapıları döyməlidir. Aça bilməsə də, döyməli, haray salmalıdır. Çünki bütün cinayətlər o bağlı qapılar arxasında baş verir...

 

            “İnsanlar dünyaya yaxşı bir şey vermədikləri üçün unudulmaqdan,

            Və yaşamağı bilmədikləri üçün ölməkdən qorxurlar...” – Şekspirin sözləridir...

            Ölməkdən qorxmayın. Sizi yaxşı mənada xatırladacaq bir kiçicik iziniz varsa, qorxmayın...

 

            S.A. (Söz Ardı)

            Bu soyuq fevral günlərində aktyor dostum Kərəm Hadızadə məni Gənc tamaşaçılar teatrına “Romeo və Cülyetta”nın yeni quruluşda tamaşasına dəvət etmişdi. Tamaşaçılar, əsasən, gənclər və yeniyetmələr idi. Amma səhnəyə o qədər diqqət kəsilmişdilər ki!.. Elə bil ağıllı telefon, yaxud kompüter arxasından qalxıb gələn gənclər deyildilər... Şekspir onları uzaq Veronadakı talesiz gənclərin həyatına elə bənd etmişdi ki...

            ...Tamaşanı izləyə-izləyə öz qəhrəmanlarımla da təmasda idim. Hə, bilənlər bilir. Axı mənim “Cülyettanın sağ döşünə toxunmaq” adlı romanım var. İllər əvvəl “Yazı”da hissə-hissə çıxsa da, hələ kitablaşmayıb...

            Hə... Mənim Şekspirli taleyim belə olub...

            Ruhun şad olsun, ustad!

 

                                                                                                                                 2013-2023

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə