AZAD QARADƏRƏLİ VİDA MƏKTUBU hekayə

 

                                   AZAD QARADƏRƏLİ

 

                                         VİDA MƏKTUBU

 

                                                 Hekayə

 

 

 

                                                                       Tələbələrimə - sayqı və sevgilərlə

 

 

 


            “Salam, ustad.

            Bilirəm ki, “ustad” sözündən xoşunuz gəlmir, amma Sizə başqa adla müraciət edə bilmirəm. Axı Siz biz gənclərin həqiqi ustadı, kumiri olmusunuz.

            Yox, bunlar hər gün, hər yerdə rast gəldiyimiz gəlişigözəl yaltaqlıq, yalaqlıq üçün deyilmiş sözlər deyil. Axı Sizə yarınmaq üçün bir səbəb də yoxdur – vəzifəniz yox, deputat deyilsiniz... O ki qaldı haqqımızda yazdığınız o gəzəl esselərə, Siz bunları onsuz da edirsiniz – kimsədən “sağ ol” gözləmədən; hətta tanımadığınız, üzünü belə görmədiyiniz gənclərin yazıları haqqında könlünüzdən keçənləri yazıya çevirməyə ərinmirsiniz. Hətta və yenə hətta gənclər tanıyıram ki, Siz onların haqqında yazanda nəinki zəng edib təşəkkür etməyiblər, hətta və yenə hətta rəncidə olublar: “Bu adama oralarda münasibət birmənalı deyil. Heç istəməzdim o mənim haqqımda xoş sözlər yazsın, bundansa kaş tənqid edəydi...”

             Onları qınamayın. Sizə görə pullu saytlarda, qəzetlərdə, nə bilim axı, babat maaş, qonarar verən başqa layihələrdə onlara iş vermirlər. Hətta qulağımın şahidiyəm: M. adlı dostumuza magistraturanı bitirəndən sonra universitetdə saathesabı dərs demək üçün açıqca demişdilər: o adamla əlaqəni kəs, onunla şəkil-filan paylaşma, yazıları haqqında məqalə-zad yazma... gəl, dərsini de. Bizə əlavə problem lazım deyil...

            İnciməyin, Siz allah, bir qədər abartılı desəm də, oralarda arzuolunmaz adamsınız. Bunu üzünüzə vurmasalar da, nə yazıq ki, belədir...

            Ustad!

            Buracan yazdıqlarım uzun bir giriş oldu. Sizi narahat etməyimin əsil səbəbi ayrıydı...

            Yadınızdadır, bizə dərs deyəndə Axmatovanın məşhur misralarını nümunə gətirirdiniz:

 

            "Cənnətin qapısında

              Geri dönüb, hayladı:

              -Gözləyirəm, bax, gəl ha!

              Quru yerdə qoyub məni

              Vəsiyyət də elədi:

               -Ac qal, batma günaha!"

 

            Ay ustad, vallah türklər demiş, dənədim, ac qalmaq olmur.

            Yadınızdadır, hər kitab təqdimatında başınıza yığışar, yeyib-içərdik? Allah rizasına, çox vaxt hesabın xeyli hissəsini də Siz ödəyərdiniz. Bax, o cibinidə olan puldan biz də istəyirik! İstəyirik ki, bizim də çoxlu pulumuz olsun.

            Bir yaralı yerimiz də var. Siz bizə vətənpərvər olmağı öyrətdiniz. Vətən və vətənpərvərlik heç qarın doyuzdurmur, ay ustad! Qrantı Vətəni söyənlərə, Mübarizə, Polada şər atanlara, özü qaçqın ola-ola qaçqınlardan alçaldıcı roman yazanlara, “kafama sıkar gidərim” oxuyub, aşkarda, ya gizlində PKK-nı müdafiə edənlərə, bir də LGBTİ - lezbiyan, gey, biseksual, transgender və interseks onları müdafiə edənlərə verirlər.

            Üzr istəyirəm, indi vətən dolayan yoxdu, e yoxdu...

            Bəs Sizin bədbəxt etdiyiniz biz vətənpərvərlər başımıza haranın daşını salaq?

            Yadınızdadır, bir yazıçı vardı, türk düşmanı olan o xəbisi deyirəm, Siz onun özü və yazıları haqqında tənqidi fikirlərinizi söyləyən günün səhərisi aləmə car çəkdi ki, bu adam şərçidir, adamsatandır, hətta kekebeşnikdir... Əsərlərində kekebeşnikləri ifşa edən, yediyi çörəyi ayaqlayan, dostlarını baqaja qoyanları ifşa edən Sizin kimi bir sənətkar haqqında belə şər-şəbədə uyduruldu və ədəbi camiyəmiz, içi elə biz tələbələriniz qarışıq, buna inandıq.

            (Mötərizədə də olsa, qeyd edim ki, əlbəttə, biz bu feyk xəbərə inanmadıq. Amma inanmaya-inanmaya Sizdən uzaqlaşdıq. Bəli, bəli, u-zaq-laş-dıq! Bilə-bilə, o türk düşmanının əlinə oynadıq. Ay ustad, amma Sizdə də az yoxdu vallah! Əşşi, nə yapışmısınız e bu türkçülükdən?! Ay qardaş, sən canın, öyrətmək kimi çıxmasın, indi türkçülük məsələsinin heç zamanı deyil e. Neynirsən axı bu andıra qalmış türkçülüyü? “Azərbaycançılıq” hamısından yaxşıdır. Xatasız, qıcıqsız... Yoxsa türkçülük kimi xatalı bir şeyin quyruğundan yapışmısınız... Nə bilim axı... Ölkədə nə qədər mənim kimi etnik var... Talışı var, tatı var, ləzgisi var, hələ kürdü?!. Niyə onları özünüzə düşmən edirsiniz?.. Hələ o türk düşmanı olan yazıçı?! Əşşi, onun sözü yuxarılarda da tez eşidilir e!.. Biz açıqca qorxuruq ondan... )

            Ustad!

            Siz Allah, bizi bağışlayın. Biz Sizə layiq ola bilmədik. Əslində, biz bir-birimizə layiq ola bilmədik demək daha doğru olardı. Baxın, daha bir nümunə: Sizin gənc şair xanımın şeirləri haqqında esseniz saytda yayımlanandan sonra qız deyirmiş ki, Allah bunun evini yıxsın! Adım ev siyahısından silinib, prezident təqaüdü siyahısından çıxarılıb...

            Ədəbiyyat portalınız vardı e məşhur, onu biz gənclərə bağışlayandan sonra ədəbi aləmdə xeyli məşhurlaşsaq da, başımıza dəyməyən daş qalmadı. Oranın saytları, qəzet-jurnalları qapılarını üzümüzə bağladılar. Baş redaktor təyin etdiyiniz bığ yeri təzəcə tərləyən gənc yazar vardı e, Emin Enişli, indi yazıq dərd-sər içindədir. Neçə vaxtdır Sizin kimi bir məşhur yazıçının portalını buraxmaq kimi vəzifəni boynuna götürsə də, yazığı əməlli-başlı gözümçıxdıya salıblar. Ora üzvülük məsələsinin üstündən birdəfəlik xətt çəkilib, hər hansı bir vəzifəyə-filana yolu birdəfəlik bağlanıb. Deyir, heç belə enişə düşməmişdim...

            Amma öz aramızdır, kişi adamsınız! Bizə o portalı verəndə elə böyük ürək nümayiş etdirdiniz ki... Amma ürək... Ürək də daha yaramır e, müəllim. O dostunuz, hər zaman müdafiə etdiyiniz yazıçı bizə kələk gəlib: ürək yaman şey-zad deyilmiş, ürək elə ürəkmiş, adi ət parçası... heç qaraciyər kimi şişə taxmalısı da yoxdur...

            ...

            Gördünüz? Bəzən kimin haqlı, kimin haqsız olduğunu...

            Eeeee... Yaman uzandı e bu məktub. Mən Sizə üç-dörd kəlmə fikrimi yazıb, rədd olub gedəcəkdim... Amma qurtara bilmirəm... İlişmişəm...

            A kişi, belə istəyirik biləsiniz: Sizin metodunuz yaramadı e, yaramadı!

            Mən indi o neçəyüzüncü qəzetdə yazmasam, Oranın orqanlarında çıxış etməsəm, Oranın üzvü olmasam, kimdi məni it yerinə qoyan?!

            Bir də ay müəllim, Siz Allah bağışlayən e, yeri gəlib, yazıram, daha bir metodunuz vardı e, ucdantutma hamını tənqid etmək – Elçibəyi də, İsa Qəmbəri də, Heydər Əliyevi də, bax o metod da yaramadı! Deyirlər ki, hər bir yazıçının gərək bir tapındığı lider olsun, onun bayrağının altına girsin, hətta o lider buna layiq olmasa belə, onu tərifləsin, üfləyib şişirtsin, camaatı onun böyüklüyünə inandırsın... Siz isə, üz istəyirəm, heç yerə girmisrsiniz... Bizdən əl çəkin, icazə verin, biz bir yer tapıb gir... (Zəhrimara qalsın bu sözü... Bu urvatsız zəmanə bir çox sözlərimizi urvatdan saldı.)

            ...

            Bir belə hoqqa-həşirdən sonra sözümün məmmədqulusun deyirəm: mən yazmağın daşın atdım, müəllim. Day əlimə qələm... yox e, telefon alsam, kopoluyam! (Telefon alacam e, yazı yazmaq üçün yox, instaqrama, feysbuka-zada gir... Yenə bu söz... Tfu!)

            Yazmaq daha sərf eləmir. Oxuyub-eləyən də yoxdur. Qonarar yox, kitab sponsoru yox. Əşşi, belə getsə, daha dilimiz də olmayacaq e!.. Ode ha, o naşir nə dedi? “Gəlin urrey deyib, osmanlıca yazaq”... Kəsəsi... Mən qayıdıram köhnə peşəmə - svarşikliyimə. (Bilirəm, indi bu sözə çəp-çəp baxıb, “qaynaqçı” deyirsiniz. Özümüzü yalandan niyə aldadaq? Bu ölkədə beş-altı yüz adamdan başqa hamı “svarşik” deyir...) Zatən heç ondan ayrılmamışdım ki. Svarşiklik məni indiyəcən ac qoymayıb. Hətta bir xeyli pul da yığmışdım və axmaq kimi istəyirdim o pula bir hekayələr kitabı buraxam... Amma tez ayıldım...

            ...

            Di salamat qalın. Siz sağ, mən salamat.

            (Özümdə cürət tapıb, bu yazını yazdıran səbəbi də mötərizədə də olsa, Sizə deməliyəm: Sizi o türk düşmanı yazıçıya mən satmışdım...)

            İmza: keçmiş tələbəniz Mırt Mustafa.”

 

                                                                                                          13.01.2023.

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə