AZAD QARADƏRƏLİ YARIMÇIQ ÖMRÜN BÜTÖVLƏŞMƏSİ...

                     AZAD QARADƏRƏLİ

 

            YARIMÇIQ ÖMRÜN BÜTÖVLƏŞMƏSİ...

 

            (Qəhraman Maraşda zəlzələ zamanı faciəli surətdə həlak olan

                     gənc tərcüməşi Əbdülqadir Özkanın xatirəsinə)

 


            Dostum Əlabbas deyəndə ki, Qəhrəman Maraşda zəlzələ zamanı həlak olan Azərbaycan sevdalısı Əbdülqadir Özkan haqqında xatirələr kitabı hazırlanır, sənin də bir sözün varsa, yaz, göndər Aslana, düzü, bir xeyli fikrə getdim. Əcaba, mən o gənc səsin sahibini necə tanımışam? Yadımda çılğın səsi ilə qalan o gənclə ilk tanışlığımız necə olub?

             Mən heç Əbdülqadiri görmədim ki?!.

 

            Təxminən üç il əvvlin söhbətidir. Yəni, pandemiya hələ kök atıb bitməmişdi. (Cücərməsin heç!) Bir gün feysbukda messencerdən mənə yazdı:”Müəllim, burda bir jurnal hazırlanır, Azərbaycan ədəbiyyatına aid, sizin də bir məqalənizi orda görmək istəyirik...”

            Sonra nələrsə yazışdıq və mən hansısa məqaləmi elə həmin səhifədən göndərdim...

            Heç sonralar bilmədim o jurnal (diqqətimi bir şey çəkdi ki, bu gənc mənimlə həm yazışanda, həm də telefonla danışanda mümkün qədər bizim danışıq dilimizdən istifadə etməyə çalışırdı – demə, bizim dildən artıq tərcümələrə başlamış bu oğlan dilimizi bu istiqamətdə də öyrənirmiş; məsələn, dərgi əvəzinə jurnal sözünü işlədirdi və s.) çap olundumu, mənim məqaləm orada yayımlandımı? (Əbdülqadir “yayımlandı” deməzdi, “çap olundu” deyərdi.) Və uzun zaman ondan səs-soraq duymadım. Ta ki, mənim 44 günlük müharibəmizin qəhrəmanlarından olan Cəbrayıl Dövlətzadəyə həsr olunmuş “Cəbrayıl əfsanəsi” romanım kulis.az-da hissə-hissə yayımlananana qədər...

            Üçüncümü, ya dördüncümü hissə dərc olunandan sonra çoxlu yazılar və rəylər gəldi ünvanıma. Xüsusilə Almaniyadan Orhan Arasın yazısı maraqlı idi. Və bir gün köhnə tanış Əbdülqadir Özkan feysbukdan yazdı ki, romanı oxuyur və həttta bəzi hissələri çevirmək üzrədir...

            Təxminən bir ay sonra əsərin elektron yayımı bitdi və mən romanın kitab variantını düşünməyə başladım. Bir xeyirxah dostun köməyi ilə roman kitab kimi çap olundu və kitabın təqdimatı günündə oxuculara pulsuz olaraq paylanıldı. Elə o günlərdə Əbdülqadir yadıma düşdü. Daha doğrusu, kitabın təqdimatını feysbukda görüb təbrik yazmaqla özünü yada saldı. Və mən ona xatırlatdım ki, əsəri çevirmək fikri qətidirmi? Dedi, bəzi hissələri çevirmiş belə...

            Mən romanın vörd variantını ona göndərdim və əsərin üzərində təxminən altı aylıq gərgin iş başladı. Bir neçə dəfə telefonda dalaşdıq hətta. Amma hər dəfə yenidən qızğın iş başlanır, söz-sov unudulurdu...

            ...Romanı oxuyanlar bilir ki, əsərdə əsasən iki süjet var: bir - 100 il əvvəl Nuru paşanın ordusu ilə Azərbaycana gəlib, yerli dağınıq silahlı dəstələrin köməyindən də istifadə etməklə ölkəmizi yadellilərdən təmizləməsi, iki – 44 günlük müharibəmizin qəhrəmanlıq salnaməsini yazanlardan Cəbrayıl Dövlətzadənin döyüş yolu...

            Birincü cüjetin qəhrəmanı Zəngilanın və bizim Qaradərənin məşhur qaçağı Qaçaq Fərzalı, ikincinin qəhrəmanı isə ana tərəfdən zəngilanlı olan Cəbrayıl Dövlətzadə...

            Tərcüməçi ilə əsas mübahisəmiz birinci süjetlə, onun qəhrəmanı Qaçaq Fərzalı və onun zamanı ilə bağlı yerlərin tərcüməsində ortaya çıxırdı. Məsələn, Əbdülqadir Qaçaq Fərzalını Eşkiya Fərzalı kimi tərcümə etmişdi. Arqumenti də bu idi ki, “qaçaq”, yaxud “kaçak” sözü Anadolu türkcəsində mənfi anlamdadır. Haqlı idi. Amma mən də haqlı idim. Eşkiya da Anadolu türkcəsində yaxşı məna vermirdi. Bax, mübahisələrimiz bu yöndə idi...

            ...Bir axşam Əbüdlqadir zəng vurub kövrək səslə dedi ki, abi, sən nə amansız adammışsan?! Bizi ailəlikcə ağlatdın... Romanda Cəbrayılın Nuru paşanın xəncəri ilə düşmənin başını kəsməsi səhnəsi və özünün şəhid olması yeri var ha, bax o hissəni çevirərkən həm özüm ağladım, həm də atam-anam da ağladılar... Çünki tərcümə etdiyim yerləri onlara da oxuyurdum...

            Bir gün yazdı ki, İstanbulda çıxmış “Süt gölü” hekayələr kitabımı alıb, oxuyub, hekayələri çox sevib, amma tərcüməni bəyənməyib. Sonra yazdı ki, bəlkə bir hekayələr kitabı da verim çevirsin?

            Dedim, mənim artıq bir kitablıq tərcümə olunmuş hekayələrim var, onu göndədrərəm, kitab kimi buraxdırarsan...

            Az sonra “Sessiz nehrin kıyısında” (İstanbul, Asmaaltı yayın evi, 2022) hekayələr kitabım Əbdülqadirin redaktorluğu ilə çap olundu...

            ...”Cəbrayıl əfsanəsi” bizi dəfələrlə dalaşdırsa da, axırda tərcüməni bitirə bildik. O, əsərin tez çap olunmasını istəyir, sanki tələsirdi. Mən isə romanın tərcüməsini İstanbuldakı, yaxud Ankaradakı qələm dostlarımdan birinə oxudub, son rəyi aldıqdan sonra çapa vermək fikrində idim...

            Kaş ki... Kaş ki... Əbdülqadirin tələskənliyi mənə də sirayət edərdi, əsərin kitab kimi çap olunmasını o görəydi...

            Fəqət... Amansız təbii fəlakət on minlərlə qan qardaşımızı məhv etdiyi kimi ürəyi Azərbaycan və Azərbaycan türkcəsi üçün alışıb yanan gənc qələm Əbdülqadir Özkanı da apardı...

            Ruhu şad olsun...

            Onun da zəhmətinin bəhrəsi olan “Cebrail esanesi” romanının tərcümə variantını İstanbuldakı dostlara göndərməyi düşünürəm. Xahiş edəcəm ki, kitabın titul vərəqi ilə yanaşı, üstündə də yazsınlar: çevirən Əbdülqadir Özkan...

            ...Onun ömrü yarımçıq qaldı...

            Amma neçə-neçə kitabda, tərcümədə, bir də otuz mindən atrıq qan qardaşımızın dastana dönmüş ömründə bütövləşdi...

 

            S.A.(Söz Ardı)

            Əbdülqadirin bir arzusu vardı: Bakıya gəlmək, Cəbrayılın anası ilə görüşmək və o cür qəhrəman oğul böyüdən ananın əllərindən öpmək...

            Heyf, bu arzusu da ürəyində qaldı.

            Əgər o dünya varsa, Cəbrayılla Əbdülqadir hökmən görüşüblər. Bilsəydim gedəsidir, mənim də Cəbrayıla ismarıcım vardı...

            Eybi yox, onsuz da haçansa görüşəcəyik...

            Əlvida, gənc dostlar!

 

                                                                                                          Fevral – 2023.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə