AZAD QARADƏRƏLİ KÖNÜL DƏFTƏRİ (“Məndən sonra” memuar romandan)

 

                                                AZAD QARADƏRƏLİ                                                                  

                                                  KÖNÜL DƏFTƏRİ

 

                                   (“Məndən sonra” memuar romandan)

 



       Radioda işləyəndə Bakının və respublikanın rayonlarındakı məktəblərdə olur, uşaq verilişləri hazırlayardım. Belə məktəblərdən biri də paytaxtın Pirşağa qəsəbəsinə yaxın ərazində yerləşən, sakinləri əsasən Qərbi Azərbaycan camaatı olan adsız bir kəndin məktəbi idi. 188 saylı bu məktəb həm də axarlı-baxarlı bir yerdə, yaşıllıqlar içərisində yerləşirdi. Məktəbdə rastlaşdığım bir hal sonralar aşağıdakı yazının yazılmasına (əslində sözügedən kitaba ön söz kimi qələmə alınmışdı) və bir şeirlər kitabının mənim redaktorluğumla çapına səbəb oldu. Onda anladım ki, həyatda olmayan adamın kitabını hazırlamaq kimi ağır bir yükün altına çiyin vermək qədər çətin iş yoxmuş...

                                                                                                                                                 

                                               ***

 

     Yolum 188 saylı məktəbə düşmüşdü. Direktor Sabir müəllimlə dərsdən, təhsildən söhbət edirdik ki, birdən o, stolunun üstündəki bir dəst yazılı vərəqləri mənə göstərib dedi:

      -Bunlar bizim məktəbin ən gözəl müəllimlərindən olan Lətif  Əliyevin şeirləridir. Çox istərdim, baxasınız, bəlkə çap etmək mümkün oldu? Həyatı faciəylə dolu olan bu insan məktəbimizin sevimlisi idi. Şeirləri də məncə layiqli olmalıdır – mən riyaziyyatçıyam, amma fəhmlə başa düşürəm ki, onlarda nəsə var.

       Vərəqləri alıb ortadan bir şeiri oxudum. İlk bənd beləydi:

 

                       Dəli könül, nə yatmısan, oyan, dur,

                       Deməsinlər bir çıraq da sönür, hey.

                       Mürgüləyən duyğuları oyandır,

                       Gedən bir də nə vaxt geri dönür, hey?

 

      Daha o biriləri oxumağa ehtiyac yox idi. Bu mərhumun yazılarında dərin bir kədər vardı. Direktor da “həyatı faciəylə dolu olan bu insan” demişdi. Dostum Sabir müəllim onunçün ağır olsa da, məni bu mətləblərdən agah elədi.

      “Məktəbimizin dil-ədəbiyyat müəllimi Lətif Əliyevin ailəsinə ağır bir fəlakət üz verdi. Onların 13 yaşlı oğulları dünyadan vaxtsız köçdü və bu, həm Lətif  müəllimə, həm də onun həyat yoldaşına ağır zərbə oldu. Bu səbəbdən onun yazdığı şeirlərin əksəriyyətində bir hüzn, kədər var.” Sabir müəllimin bu sözləri məni sarsıtdı. Ömrü yarıda qırılmış bu ziyalının şeirlərini vərəqləyə-vərəqləyə onun  könül dünyasına daxil oldum. Əvvəlcə, onun qısa tərcümeyi-halı ilə qısa tanış olaq.

        Əliyev Lətif Qənbər oğlu 1936-cı ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta (Razdan) rayonunun Təkəlik  kəndində doğulub. Orta məktəbi doğma rayonlarında bitirdikdən sonra  Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat və tarix fakültəsinə daxil olub. Buranı əla qiymətlərlə başa vurub və Saatlıdakı Əlisoltanlı kəndində müəllim işləyib. (Bir çox Qərbi Azərbaycanlılar kimi onların da ailəsi 1948-ci ildə doğma od-ocaqlarından deportasiya olunduqdan sonra Saatlıda məskunlaşmışdılar. )1968-ci ildə ailə həyatı qurub. Bir il sonra ilk oğul övladı – hansı ki, vaxtsız ölümüylə onun gələcək həyatını qaraldacaqdı – dünyaya göz açıb…”

       Lətif müəllim sevimli oğlunun ölümündən sonra ağır günlər keçirir. 1988-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edir. Üç övladı və sevgili xanımı başsız qalır. Bir az sonra həyat yoldaşı da dünyadan köçür…

       Bu yarımçıq ömrün poeziya çilənmiş səhifələri var ki, siz mənim çapa hazırladığım bu kitabda bunlarla tanış ola biləcəksiniz.

       Lakin hamısı bu deyil. Lətif müəllimin işıqlı siması hələ də bu məktəbin müəllimlərinin və onun şagirdlərinin könlündə yaşayır. Mənim xahişimlə Sabir müəllim məktəbin qocaman müəllimlərindən bir neçəsini dəvət etdi. Kimi qoltuğunda dəftər gətirmişdi, kimi onunla çəkdirdikləri şəkillərlə gəlmişdi…

        Əli Məmmədov:

        -Lətif müəllim mənim həm müəllimim olub, həm də onunla sonralar bir yerdə işləmişik. Çox səmimi, çox təmiz bir insan idi. O, bizimlə söhbət eləyəndə adam yüngülləşirdi. O kişi həm müəllim kimi, həm direktor kimi qənimət adam idi.

         Rza Quliyev:

         -Mən indi təqaüddəyəm. Amma bu məktəbdən özümü heç cür ayrı tuta bilmirəm. Axı bu dəhlizlərdə Lətif müəllim kimi şəxsiyyətlərin ruhu dolaşır. Mən məktəbdə kimya gecəsi təşkil eləmişdim. O, bütün gecənin ssenarisini nəzmlə yazmışdı. Allah ona böyük istedad vermişdi. Həm də o son dərəcə zarafatcıl bir adam idi. Onun zarafatlarının qabağında duruş gətirmək mümkün deyildi. Bir dəfə məni dilə tutdu ki, gərək məktəbin partiya təşkilat katibi sən olasan. (katib o özü idi) Vaxt gəldi, partiya iclası başladı. Raykomdan gələnlər də başda əyləşmişdilər. Lətif müəllim əlindəki bir dəst vərəqə baxa-baxa hesabat  verdi. O elə geniş təhlil apardı ki, qonaqlar da heyran qaldı. İclasda məni zor-xoş partkom seçdilər. Hamı getdi, ikimiz qaldıq. O, sənədləri mənə təhvil verəndə təkidlə məruzəni də istədim. Mənə beş ağ vərəq verdi… O, bütün iclas boyu bu ağ vərəqlərə baxıb danışırmış… Gülməkdən özümü saxlaya bilmədim.

         Mübariz Bayramov:

         -Biz onunla əmioğlu idik. Məndən yaşca böyük olsa da, aramızda pərdə olsa da, o böyüklüyünü hiss etdirməzdi. Tofiq Bayram, Məmməd Aslan, Rəfiq Zəka həmişə məktəbimizə gəlib onun qonağı olardılar. Məktəbimizdə görkəmli şairlərlə görüşlər keçirərdi, bizi də öz başına yığardı… Onun kökü, nəsli böyük soydan gəlir. Babası kəndin koyxası olub, atası  bənna idi. Həyat yoldaşı Almaz müəllimə də ədəbiyyat müəlliməsi idi.

       188 saylı məktəb Yanardağdan bir qədər aşağıda, adına Sovxoz dedikləri bir ərazidə yerləşir. Əksəriyyəti Qərbi Azərbaycandan olan bu kənd sakinlərinin bir arzusu var: kəndlərinə ya yeni ad qoyulsun, ya da elə Qərbi Azərbaycandakı qədim Təkəlik kəndinin adı bura verilsin. Elə bilirəm ki, bu, Lətif müəllimin də ruhunu şad edər.

       İndi isə sizi onun könül dünyasına səyahətə dəvət edirəm.

                                                                                                          2012-ci il.

                                                           ***

            Əziz oxucu, Lətif müəllimin bir şeirini də bu xatirə yarpağına əlavə etdim ki, həm onun söz dünyası ilə tanış olun, həm də həyatdan nakam getmiş bir müəllim-şairin ruhu şad olsun.

                                                                                                                                                           

                                               ƏZİZİM

 

                                    Neçə gündür qulaqlarım səsdədi,

                                    Dedim, bəlkə qayıdarsan, gələrsən.

                                    Könül səni gör nə yaman istədi…

                                    İşıq olub qəlb evimə çilənsən,

                                    Ölərəmmi, əzizim?

 

                                     Qürbət nədir? Yalqız qalan bir ürək!

                                     Gəl bu yolla etmə məni imtahan.

                                     Bəxtim yatsa, iki yerə bölünsək,

                                     Söylə, sənsiz bircə saat, bircə an

                                     Gülərəmmi, əzizim?

                                                        

                                    Şərik olduq sevincə biz, qəmə biz,

                                    Əllərimdən qoparmadın əlini.

                                    Yüz istəklə birgə vurdu qəlbimiz,

                                    Mən səninlə bu dünyada ölümü

                                    Bölərəmmi, əzizim?

 

                                               ***

            S.A.(Söz Ardı.)

            Neçə vaxtdır yolum o yanlara düşmür. Görəsən, o adsız kəndə ad qoydularmı? Bir yolum düşsəydi, Lətif müəllimin məzarını ziyarət edər, deyərdim ki, indi dünyada yeni gəlişmələr var. Bəlkə, bir gün Axtaya, Təkəliyə yol aldıq...

 

           

 

        

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə