AZAD QARADƏRƏLİ QUDSAL GÖRƏV

 

 

                AZAD QARADƏRƏLİ

                     QUDSAL GÖRƏV

            (Alı Rəhimoğlunun “Azərbaycan dilinin Zəngilan şivələri” kitabı haqqında bir neçə söz)

 

 


            Dostum, mərhum jurnalist Məhəmməd Baharlının 75 illik yubileyi qeyd olunun gün tədbir zamanı zəngilanlı məktəb direktoru Alı Rəhimov mənə bir kitab verdi. Orada imkan olmadığından kitabla tanış ola bilmədim. Yalnız bu günlərdə həmin kitaba nəzər salası oldum: Alı Rəhimoğlu (Əliyev) “Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü”, Elm və təhsil nəşriyyatı, 2019.

            Deyim ki, kitabı ötəri gözdən keçirdikdən sonra anladım ki, ciddi işdir və belə ciddi işlərə ötəri tanışlıq günah olar. Nəhayət, lap bu günlərdə 190 səhifəlik kitabla məşqul olmağa vaxt ayırdım. Dilçilik institutunun beş əməkdaşının, xüsusilə professor Kamil Bəşirovun redaktoru və rəyçiləri olduğu bu qiymətli toplu Zəngilan şivələrini tam da olmasa (bu tam ifadəsi heç zaman doğru deyil, ona görə ki, belə bir iş qeyri-mümkündür), əsasən əhatə edə bilib. Bilənlər bilir ki, mən dilçi olmasam da, dildə işləklikdən qalmış sözlər barədə bir sıra yazılar yazmışam ki, bunar üç cildlik “Renessans həsrəti” (esselər-müsahibələr) kitablarımın səhifələrində səpələnmiş halda vardır. Yəni, bu qutsal görəvin, dialekt və şivə sözlərimizlə məşqul olmağın çox vacib iş olduğunu bilirəm. Roman və hekayələrimi oxuyan oxucular, xüsusilə dilçi alimlər bu kimi sözlərlə mətnlərimdə mütəmadi qarşılaşa bilərlər.

            Bu işin həm də bir arxeoloji tədqiqat qədər aiymətli olduğunu, xüsusi ilə qeyd etmək lazımdır.

            Kitabda əbəçi (nanaça), kıtıl (tut ağacının kəsilən hissəsi; əslində bu söz daha geniş anlamda da işlənir: kıtılım kəsildi kimi),  cılxa (paltarsız), nünü (əslində hünü olmalıdır, ağcaqanad mənasında, daha doğrusu bu həşarat ağcaqanaddan da kiçik olour), xəşə (kisə), potu (uzunboğaz rezin çəkmə), oğursax (balası ölsə də, sağılan heyvan) kimi şivə sözləri olduqca qiymətlidir. Bəzi sözlərin mənasında yanlışlığa yol verilsə də, əslində, bunları da vcib sayıram. Məsələn kərə və kürə sözlərinin anlamı eyni cür izah olunub. Yaxud kəllayı sözünün izahı düzgün verilməyib. Kəllayı zal evin kəllə tərəfindən uzunasına tikilən ev anlamındadır. Şərhdə isə kəllayı zal-kəllayının birlikdə mənasını ehtiva edir.

            O da məlumdur ki, Zəngilan şivələrini ilk dəfə 1966-cı illərdə S.Behbudov toplamış, bu barədə elmi iş yazaraq alimlik adı almaq üçün müdafiə də etmişdir. Alı müəllim bunu bilərək həmin dissertasiya ilə tanış olmuş, özünün sözlüyü ilə müqayisəli iş aparmışdır. Qeyd etdiyimiz kiçik yanlışlıqları bir kənara qoyub, Alı müəllimə çox sağ olun deyir və alim və mütəxəssislərin, söz sərraflarının bu kitabla tanış olmasını tövsiyə edərdim.

            Bu kiçik yazı kitab haqqında bir tanıtım yazısıdır. Lakin toplu haqqında ən yaxşı sözü respublikamızın dilçi-alimləri, gələcəyin dilçi-uzmanları söyləyəcəklər.

                                                                                                          22.03.2023

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə