AZAD QARADƏRƏLİ ZƏNGİLANLI MƏHƏMMƏD ARAN VƏ İLYAS ƏFƏNDİYEV
AZAD
QARADƏRƏLİ
Mənim
həyat yolumu bilənlər xəbərdardılar ki, məcburi köçkün kimi 1993-cü ilin noyabr
ayından Bakıya gələndən sonra bir çox yerlərdə çalışmış, ailəmi dolandırmaq
üçün hətta günəmuzd fəhləlik də etmişəm. Çalışdığım yerlərdən biri də “Müsavat”
dərgisi idi. Nəsiman Yaqublunun dəvəti ilə bu dərgidə məsul redaktor kimi
çalışırdım. Dərgidə bəzən 4-5 məqalə, yaxud müsahibəm gedirdi. Buna görə birinə
Azad Qaradərəli, birinə A.Qaradərəli yazsam da, bəzisi imzasız çıxırdı.
Dərgidə
ən çox zövq alaraq yazdığım məqalələr “Müsavatçı yazıçılar” rubrikasından qələmə
aldıqlarım idi. Bu rubrikada ilk yazım olan “Tanıdığımız və tanımadığımız Cəfər
Cabbarlı” adlı məqaləm böyük rezonans doğuraraq oxucuların marağına səbəb oldu.
Hətta iki alim doktorluq işində məqalədən yararlanmışdı. Bu barədə sonralar
kulis.az-da yayımlanan yazıda bəhs etmişəm.
İkinci
yazım isə zəngilanlı müəllim və şair Xosrov Cavanşirov haqqında idi. Xosrov bəy
məşhur şairlər Məhəmməd bəy Aşiq Zəngilaninin nəvəsi, onun oğlu Əbdüssəməd bəy
Aşiq Zəngilaninin oğlu idi. O da ata-babaları kimi şeir yazmış, həm də gizli
müsavata rəğbət bəsləmiş, hətta onun üzvü olmuşdu. Buna görə Xosrov Cavanşirovu
həbs edərək Rustaviyə sürgünə göndərmişdilər və o həmin şəhərin həbsaxanasında
1944-cü ildə vəfat etmişdi.
Bu
günlərdə Sovet yazıçıları və İlyas Əfəndiyev barədə bir status yazmışdım. Həmin
status budur: “Sovet dövrünün yazıçıları yalandan basıb-bağlayanda adamın ürəyi
bulanır. Məgər biz bilmirik ki, siz bir barmağın işarəsi ilə yazmısınız? Niyə
axı gopa basırsınız? Olmazmı fikrinizi adam balası kimi ifadə edəsiniz ki,
balam o zaman başqa cür yazmağa qoymurdular-filan... Məsələn, elə rəhmətlik İlyas Əfəndiyev kimi. Kişi Vaqif Bayatlıya “Xəzər”
dərgisində verdiyi müsahibədə görün nə deyir:
“...çox
təəssüflənirəm, onda gərək mən də Məhəmmədlə (Məhəmməd Aranın Türkiyəyə
qaçmasını nəzərdə tutur) çıxıb gedəydim. Onunla getmiş olsaydım, orda azadlıqda
yazardım, istədiyimi də yaza bilərdim. Amma burda ürəyimizdə olan əsl mətləbi, əsl
dərdləri yaza bilmədik, yazdıqsa da yarımçıq qaldı. Hisslərimiz elə bil içəridə
qaldı, tamamilə ortaya çıxa bilmədi. Yalançı romanlar, yalançı şeirlər içərisindən
baş qaldırıb əsl həqiqəti demək çətin idi...”
Bu
yazı internetdə yayımlanan kimi gənc dostumuz, Müsavat və Cümhuriyyət dövrünün
araşdırıcısı Dilqəm Əhməd bir yazısı ilə cavab verdi. “Rəsulzadənin arxivini
ona əmanət etdilər – İlyas Əfəndiyevin dostu” adlı həmin yazıda göstərilirdi
ki, İlyas Əfəndiyevin də haqqında bəhs etdiyi Məhəmməd Azər Aran 1911-ci ildə Zəngilanda
doğulub. Amma nəyə əsasən yazırdı, bu yox idi. Mən bir az araşdırdıqdan sonra o
mənbəni – nekroloqu tapdım. Daha sonra Dilqəm bəy də 1993-cü ildə Ankarada nəşr
olunan “Azərbaycan” dırgisinin mart-aprel aylarına aid PDF-ni mənə göndərdi. Mənbədə
göstərilirdi ki, 1911-ci ildə Qarabağın Zəngilan şəhərində doğulan Müsavat
partiyasının başqanı Məhəmməd Azər Aran 1993-cü ilin aprel ayının 8-də Ankarada
vəfat etmiş, Karşıyaka məzarlğında dəfn edilmişdir. (Buradakı “Zəngilan şəhəri”
ifadəsinə şübhəm var. Əvvala, 1911-ci ildə Zəngilan şəhəri yox, Zəngilan kəndi
vardı. İndiki Zəngilan şəhəri isə Pirçivan adlanırdı və olsa-olsa qəsəbə idi.
Ona görə də, düşünürəm ki, Məhəmməd Aran çox güman Zəngilan kəndində doğulub.)
Dilqəm
Əhməd yazısında Məhəmməd Aranın dostu Əhməd Qaracanın sözlərini misal gətirir:
“Dr.
Məhəmməd Azər Aran dostu İlyas Əfəndiyevi orada qoymuşdu, amma özü kimi Türkiyəyə
getmək üçün Güney Azərbaycana keçən bir gənci tapmaqda gecikmədi. Bu gənc mərhum
riyaziyyat müəllimi Əli Aran bəydi. Əli Aranla çox yaxşı dost oldular, birlikdə
Türkiyəyə gəldilər, eyni soyadını aldılar, bunu bilməyənlər onları qardaş zənn
etdilər. Türkiyəyə keçdikdən sonra Ankaraya gəldilər. Təhsillərini tamamlamaq
istəyirdilər. Ekvivalentlik imtahanı vermələri gərəkdi. Bolşeviklər onlara türk
tarixi yerinə rus tarixi oxutmuşdular. Sıx çalışmadan sonra digər azərbaycanlı
dostları ilə birlikdə imtahanı qazandılar... Azər Aran bəy vətəni Azərbaycanda
ehtiyac olar deyə əsgəri tibb təhsili almaq istəyirdi. Marşal Fevzi Çakmak paşa
ilə Səhiyyə nazirini ziyarət imkanını Türk Ocağı təmin etdi. Beləcə Azər Aran
İstanbulda əsgəri tibb, Əli Aran da İstanbul Texniki Universitetinin tələbəsi
oldular... İstanbulda ilk işləri Məhəmmədəmin Rəsulzadəni görmək və əllərini
öpmək oldu. Rəsulzadə və silahdaşlarının yanında yer aldılar”.
Daha
sonra Əhməd Qaraca göstərir ki, 1930-cu ildə Rəsulzadə Sovet hökümətinin tələbi
ilə Türkiyədən çıxarıldıqda Azərbaycan Kültür Dərnəyinin və partiyanın bütün sənədlərini
Məhəmməd Arana həvalə edib. O, gənc olsa da, böyük öndərin etimadını doğruldub,
onun bütün tapşırıqlarını həyata keçirib.
Bir
hərbi həkim kimi fəaliyyət göstərən M.Aran albay tütbəsində istefaya çıxdıqdan
sonra Ankaraya gəlmiş, dərnəyin və Müsavat irsinin yaşaması üçün bütün gücünü sərf
etmişdir.
Nigar
xanım adlı bir hüquqşünas qadınla ailə quran Məhəmməd Aranın üç övladı
olmuşdur: böyük oğlu Bozqurt Aran diplomat, ikinci oğlu dr. Oğuz Aran, üçüncü
isə geoloq-mühəndis İlhan Aran olub.
Təəssüf
ki, bu böyük şəxsiyyət haqqında bilgimiz bundan artıq deyildir. Yəni, o, Zəngilanda
kimin oğlu olmuş, hansı nəsildəndir və bu gün onun nəslindən kimlər var, qardaşı
uşaqları, bacısı uşaqları və s. vardırmı? Bu suallar hələ ki, açıq qalır. Sadəcə,
o məlumdur ki, Məhəmməd Aranın Suca adlı qohumunu həbs edirlər və bundan
qorxuya düşən ailə onu Türkiyəyə göndərməyə qərar verir. (Əgər bu barədə zəngilanlı
həmyerlilərimdən kiminsə xəbəri varsa, məlumat vermələrini xahiş edirəm.)
Sağlıq
olsun, Türkiyəyə növbəti səfərim bas tutsa, ilk olaraq Ankaraya gedib,
Karşıyaka məzarlığında onun qəbirini ziyarət edəcəyəm, sağ qalan övladları,
yaxud nəvələri ilə görüşəcəyəm.
Ruhu şad olsun.
S.A.(Söz
Ardı.)
Məhəmməd
Aranla bağlı internetdə yazdığım statusa cavab verərək bu yazının ərsəyə gəlməsinə
vəsilə olan gənc araşdırıcı Dilqəm Əhmədə təşəkkür edir, Müsavat irsini, azərbaycançılığı,
Məhəmməd Aran adını həmişə uca tutan Əhməd Qaracaya isə ruhun şad olsun deyirəm!
19.03.2023
Yorumlar
Yorum Gönder