AZAD QARADƏRƏLİ GÖY ÜZÜNÜN ŞAİRİ (Böyük şairimiz Vaqif Bayatlı Odərin 75 yaşına)

 

                  AZAD QARADƏRƏLİ 

 

                     GÖY ÜZÜNÜN ŞAİRİ

 

            (Böyük şairimiz Vaqif Bayatlı Odərin 75 yaşına)

 


            Əgər bizim dövrün ədəbiyyat adamlarının onluq siyahısını tərtib edəsi olsam, yəqin ki, ilk üçlüyü belə göstərəcəkdim: 1.Sabir Əhmədli 2.Eldar Baxış 3.Vaqif Bayatlı Odər...

            Birinci yerin müəllifi müəllimim və ustadım olduğu üçün deyil, sənətinə və insanlığına yüksək dəyər verdiyim üçün oradadır. İkincisi isə ailə dostum və baş redaktorum olduğundan deyil, zəmanəsinin qüdrətli şairi və millətinin oyanması üçün aşırı çaba sərf etdiyi üçün oraya layiqdir.

            Çox heyf ki, xalqımız hələ də ağır günündə yanında olan ədibinin deyil, yaltaq, qorxaq, kreslo düşkünü olan xalq-malq yazıçılarının yanındadır. M.F.Axundovu beş-üç adam gizlicə dəfn etmişdi, Zərdabi çərlədilmişdi, Sabir vərəmldiləmişdi, Mirzə Cəlil daim yanında tapança gəzdirməyə məcbur edilmişdi, Cavidlə Yusif Vəziri isə mutantlaşmış xalqın gözü önündə ölüm düşərgəsinə sürmüşdülər...

(İstər-istəməz yeni bir onluğun siyahısı da burada yarandı.)

             Nə yazıqlar ki, gərdişin çarxı yenə əksinə dönmədə: Sabir müəllimi övladı qədər sevdiyi qəzetdən çıxardıb işsiz qoydular. (Yerigəlmişkən, ustad oğlunu da bu Vətənə şəhid vermişdi.) Eldarı isə zəhərləyib öldürdülər...

            Mənim və mənim kimi bir çox arxasız-köməksiz gəncin qolundan tutub ədəbiyyata gətirən Sabir müəllim haqqında, qaçqın-köçkün kimi Bakıya gələndə mənə qucaq açan, işlə təmin edən Eldar Baxışın yaradıcılığı barədə məqalələr yazdım, sonda hər iki müəllifə həsr olunmuş kitab* buraxdım, roman və hekayələrimdə ədəbi obrazlarını yaratdım. (“Əstal” hekayəm Sabir müəllimdən və A.Voznesenskidən epiqraflarla başlayır və həm də hekayədə Sabir Əhmədlinin obrazı var, üstəgəl “Kuma-Manıç çökəkliyi” romanımda da ustadın obrazı boy vermədə. “Yuxarıda kim var?” adlı uzun hekayəm Səməd Behrəngi və Eldar Baxışın xatirələrinə həsr olunub, eyni zamanda burada Eldarın obrazı yer alıb.)

            Nəhayət, bu yazının qəhrəmanı, üçüncü mərtəbənin sahibi Vaqiş Bayatlı Odərin yeri barədə. O qədər yaxın olmasaq da, Vaqifi özümə məsləkdaş, qan qardaşı və can sirdaşı bilmişəm.

            Əvvəlcə, bunu deməliyəm ki, o, Vaqif Bayatlı Odərəcən uzun bir yol keçib. Vaqif Cəbrayılzadədən başlayan bu yol Bayatlıya, oradan Önərə, oradan da Odərə varıb.

            Şairlə ilk görüşümüz1977-ci ilin payızında baş tutub. (İl dəqiq olmaya bilər.) Onda rayonda müəllim işləyirdim və bir gün məni gənc yazıçıların respublika seminar-müşavirəsinə dəvət etdilər. Mədəniyyət Nazirliyi, Respublika komsomolu və Yazıçılar İttifaqının (o vaxt belə adlanırdı) birgə keçirdiyi bu tədbir Şüvəlanda yazıçılar evində təşkil olunmuşdu. O vaxt mən “Ədəbiyyat və incəsənət”də (indiki “Ədəbiyyat qəzeti”), Vaqif isə “Ulduz”da ilk yazılarımızı çap etdirmişdik. Mən Azad Vəliyev, yaxud V.Azad, o isə Vaqif Cəbrayılzadə imzasıyla...

            Sonra “Ulduz”da hekayəm çıxanda onu bu dərginin redaksiyasında gördüm. Hekayəmin çapına yardım etmiş Mövlud Süleymanlı məni iş yoldaşı Vaqifə göstərib, Zəngilanlıdı dedi. Bir xeyli Zəngilandan, Cəbrayıldan söhbət etdik.

            Zəngilanda yaşayanda o zaman adına bloknot dediyimiz qalın bir dəftərçə tutmuşdum, əskilərin təbirincə desəm,  cünkfason bir şey idi. Füzulidən, Vaqifdən, Sabirdən, Almas İldırımdan üzübəri, Şekspirəcən, Nazim Hikmətəcən, Cavidəcən, Məmməd Araza, Əli Kəriməcən... İsa İsmayılzadə, Məmməd İsmayıl... və Vaqif Cəbrayılzadədən dörd misra:

 

            Min dərdin bir bacısı

            Ağ birçəyə qara gül taxanıdı,

            Göz yaşının ən acısı

            İçəriyə axanıdı...

 

            Və bu misralar:

 

            Dərd gəldi, qəlbini bağlamaz kişi,

            Yaş gəldi gözündə saxlamaz kişi,

            Çox nahaq deyiblər ağlamaz kişi,

            Kişi də insandır, qəlbi, gözü var...

 

            Qoy bu da olsun Vaqiflə qeyri-rəsmi üçüncü görüş...

 

            Dördüncü görüşümüz ayrı aləm idi!..

            Yenə Bakıya gəlmişəm. “Ədəbiyyat və incəsənət”ə məqalə və hekayəmi verdim, Sabir müəllimlə sağollaşıb, köhnə dostum Camal Yusifzadənin otağına yönəldim. Çay içməyə gedəndə Camal dedi ki, bu axşam Aktyor evində Vaqif Mustafazadə ilə görüş var. Bəlkə qalasan?

            Amma mən qatara bilet almışdım və bu axşam getməliydim. Di gəl ki, Vaqif Mustafazadənin adını eşidəndən sonra bir az düşünüb, qalmağa qərar verdim. Vağzala gedib, bileti sabaha dəyişdim.

            Axşam Camalın köməyi ilə mən də o görüşdə iştirak etdim. Vaqif Mustafazadənin vertuoz ifası salonu sehirləmişdi. Və gözlənilmədən səhnəyə başqa bir Vaqif çıxdı – o zaman yeni-yeni parlayan gənc şair Vaqif Cəbrayılzadə “Güllələyin şairləri” şeirini gurultulu alqışlarla oxudu...

 

...Şairlər ölürlər yaz yağışından,

Arvad qarğışından, qız baxışından.

Dünyanın tələsik yır-yığışından

Günahlı, günahsız şairlər köçür.

 

Onsuz da öləcəklər, geci-tezi var,

Güllələyin şairləri, cənab

 

Martınovlar!

Qəbiristanlıqlar ölüyə həsrət!

Dəlixanalar dəliyə həsrət!..

 

            Vaqifin şeir oxuması da bir ayrı aləm idi. Qəhərli, hüzünlü, bir az da hökmlü səsdi bu. Səni dalamaz, səni oxşayar, ovudar. Amma yatmağa qoymaz... Bir az böyük Mehdi Məmmədovun o əzəmətli səsinə çalardı... Amma o deyildi... Vaqif şeir oxuyanda... O özü şeir olurdu... Biz də şeir olurduq... Hətta Vaqifin təsiri ilə 60 yaşında adam Vaqifsayağı şeirlər yazmışdı. Pis də yazmamışdı. Vaqif özü müdavim ola-ola məktəb yaradırdı... Vaqif Cəbrayılzadə məktəbi...

            ...Vaqiflə ən ciddi görüşümüz mən məcburi köçkün kimi Bakıya gəlib, dostum Eldar Baxışın dəvəti ilə radioya işə girdiyim zaman baş tutacaqdı ki...

            Mən işə başlayanda artıq Vaqif buradakı baş redaktor vəzifəsindən istefa vermişdi. İndi bəlkə çoxlarının yaddaşından silinib, amma mən o hadisəni ağrı ilə xatırlayıram: ana dilimizin adının türk dilimi, yoxsa Azərbaycan dilimi olması məsələsində “Yaşıl köynəkli oğlan” ləqəbi qazanan Vaqif ərizə yazıb işdən getmişdi; səbəbi sadə, amma sadə göründüyü qədər də mürəkkəb idi. “Mən mikrafon qovluğunun üzərində türk dili yerinə Azərbaycan dili yazıb altından imzamı qoya bilmərəm.” (Mikrafon qovluğu bir radio terminidir, radioda işləyənlər bilər.)

            Hə... Vaqifi də belə...

            ...Eldar Baxışın 75 illik yubileyini uzun çək-çevirdən sonra S.Vurğunun ev muzeyində qeyd edirik. Aparıcı kimi çıxışa yazılan növbəti adama söz vermək üçün çıxışçıya ayaq verir, Eldarın Səməd Behrəngiyə həsr etdiyi poemadan misal gətirir və Arazda boğulan Səməd Behrəngi ilə zəhərlənən Eldar Baxış taleyi arasında analogiya aparmaq istəyəndə çox məşhur bir şair replika verir:”Yooox, elə deyil... Eldarı kim zəhərləyəcəkdi ki?! Eldar araqdan zəhərlənmişdi... O araqdan içənlərin hamısı ölmüşdü...”

Əlim üzümdə qaldı. Söz tapa bilmədim. Adamın ölümünü də qısqanarmışlar...

            ...Gənc şair dostumuz Fərid Hüseyn xəbər yazanda ki, Vaqif Bayatlının saytı yaradılır, çox sevinmişdim. Sonra açarı ondan alıb, saytla tanış olmuş, qürurlanmışdım. Hər dəfə Vaqifin xəstə olduğunu eşidəndə onunla zəngləşməyə ürək etməmiş, yaxşılaşmasını gözləmişdim. Nəhayət, saytla tanış olanda sonra dözmədim, zəng edib hal-əhval tutdum. Şükür! Çox gümrah gəlirdi səsi. Hətta zarafatlaşdıq da. Mənim yaradıcılığımla da maraqlandı. Qərara gəldik ki, görüşək...

            Və mənim bu yazını yazmaq fürsətim axır ki yarandı...

            Əcaba, Vaqifin 3-cülüyə namizəd olmasının səbəbini harda axtarmalı? Artıq bilindi ki, məsləkdaşlıq, qan qardaşılığı, can sirdaşlığı səbəblərin önünə keçmir. Bütün zamanlarda Azərbaycan poeziyasında hakim olan pafos Vaqifin şeirlərində də vardı, zira Vaqif o pafosu da ədəbi axtarışa, ədəbi tapıntıya, novator poeziyasına işləməyə məhkum etmişdi.

            Vaqifin şeiri şeir içində şeir, ideya içində ideya, fikir içində fikirlə ləbaləb idi. Vaqifin şeiri qatlarla zəngindi. Bu şeirin qabığı içindəki mələyi qoruyan saray kimi möhtəşəmdi...

 

Donurdu Hadinin əlləri

Çıxartdı ürəyinin yanından

Sata bilmədiyi şeirləri,

od vurdu şeirlərə

saldı əlini odun içinə,

orda əli ürəyinə dəydi,

orda ürəyi əlinin içində,

əli ürəyinin içindəydi.

Şeirin odu axıb, axıb isitdi

çölləri, dağları, məzarları da,

isitdi ölümsüz məzarların

ölümsüz etdiyi bu ulu yurdu.

...O anda, yurdun bir qırağında

qalxıb ulu məzarından Mirzə Ələkbər

Ciyərinin qanını yuyurdu.

 

            Şeirdən gətirdiyim bu parça yüz illik Azərbaycan ədəbiyyatının ələmini, üstəlik xalqın dərdini elə ustalıqla açır ki... Hadidən 50 il sonra, bizdən əlli il qabaq Cavid də soyuqdan donmamaq üçün barakda “Əllidən bir kəm”i* yandırmışdı... Bitməyən dərdimizin kədərimizin notları gizlənib “Donurdu Hadinin əlləri”ndə...

            “Morq çiçəkləri” romanım çap olunandan sonra çox ilgi çəkdi. Xüsusilə, gənclər romanı xoş qarşıladı. Neçə-neçə yazı yazıldı. Gənc ədəbiyyatşünas Maral Yaqubova  ilin romanı haqda video-söhbətində mətni yeni romançılıq üslubunda yazılmış əsər kimi xarakterizə etdi.

            Kitabın tirajı məhdud olduğu üçün gənc dostların xahişi ilə əsəri edebiyyat.az saytında hissə-hissə yayımladıq. Roman haqqında  çoxlu mesajlar gəldi. Hətta Türkmənistandan belə yazmışdılar.

            Pandemiyanın vüsət aldığı vaxtlar idi və məndə əsərin ikinci kitabını - “Morqda karantin” romanını yazmaq istəyi baş qaldırdı.

           Hər iki əsərdə hadisələr qaçqın və məcburi köçkünlərin məskunlaşdığı 6 saylı uşaq xəstəxanasının Morq şöbəsində baş verir. Gecələr isə Morq meydanında mistik hadisələr baş verir: bura ölülər gəlir və qışqıra-qışqıra deyirlər ki, bizim adamlarımızı neynəmisiniz?! Hara yox olublar?!....

          Məlum karantinə görə adamlar evlərinə qapanmışdılar axı!... Və qəflətən bura həm ölü, həm diri məşhurlar da gəlir. Həmin ölmüş məşhurlardan Qara Qarayevlə Bəhlul Əfəndi,  dirilərdən isə Vaqif Bayatlı Odər... Yaxşısı budur, həmin romandan parçaya nəzər salaq:

            “...Qoca ona çəpəki baxıb gülümsünür:

            -Sən yenə gəldin?! Qalstuğun heç mübarək olmasın... İndi nə istəyirsən?

            -Deyirəm ki, əfəndim, mən son zamanlar dəlləklik öyrənmişəm, beş manat ver, sənin üzünə, başına bir əl gəzdirim, qulluq eləyim başına.... He-he...

            Qoca əlini başına uzadıb qeyzlə qışqırır:

            -Ağa dəllək, bilirəm niyə gəlmisən!? Get ağalarına de ki, Bəhlul Əfəndi dedi ki, düşmənə qulluq edən başa mən qulluq etmənəm!..

            Meydandan “afərin, eşq olsun” sədaları eşidilir. Qara eynəkli adam iftixarla qocaya baxıb gur səslə deyir:

            -Bu kəlmeye bir simfoniya yazmayan kişi dögül!.. Orkestr, hazır vəziyyət al!..

            Bu vaxt küçük-dəllək qaçıb karetaya minir. Gəncliyi ilə qocalığı bilinməyən birisi musiqiçiyə yanaşır, qəhərli səslə şeir söyləmək istəyir:

            -“Dəlləklər gəzirlər karetalarda...”

            Adı çəkilməsə də hazırlıqlı oxucu söhbətin kimdən getdiyini anlayır...

            ...Vaqifin bir şeiri var. Kənd uşağı toya çağrılmadığı üçün çəpərin dibində uzaqdan çalınan musiqiyə oynayır.

 

Qonşu toyuna

on hasar o yana

oynayan uşaq,

bir gül yarpağı altında,

gül yarpağı şəkilində

yazılır alın yazın.

 

Qonşu toyuna

on hasar o yana oynayan uşaq,

çıx yarpaq altından

ay sənə baxır.

 

Təzəcə yağışdan çıxmış göyüzü,

Göyüzündən heç kəs keçməyib hələ,

Günahkarlar göyə üz tutub

and içməyib hələ,

ay sənə baxır,

çıx yarpaq altından...

 

            Bax, o uşaq bizik – Vaqifdi, mənəm, sənsən, odur, onlardır... Xalqımızın varından, sərvətindən, qara bəxtimiz kimi qara neftindən yoxsullar, binəsiblər...

            Amma sözünün çəkisi varının, dövlətinin çəkisindən ağır gələn sakral sözlülərimiz varkən bizə yoxsulmu demək olar?! Minə az qalmış, mizan-tərəzi Nizami sözüylə ölçülürkən necə binəsib olluq!? Sözümüzün siqləti millətimizin – türk oğlunun yaratdığı bütün dəyərlərlə qoşa olub hər zaman. Bir halda ki, “ulduzların hamısı göz yaşıdı”sa, qalanı təfərrütdır...

            Bu il  duru sözümüzün, uru sözümüzün yiyələrindən olan Vaqif Bayatlı Odərin 75 yaşı tamam olacaq. Sözün bitsin, göyərsin, böyüsün, şair! Min illərin sözünə yeni söz qovşağı gəlir – Vaqif Bayatlı Odər sözü! Ər sözü:

 

Hər qaranlıqda bir işıq,

Hər ümidsizlikdə bir ümid

            Bizi arayırmış...

 

                                                                                                                      08.04.2023.

 

-------------------------------------------------------------------

*Azad Qaradərəli “Yasaq ədəbiyyatın yaradıcısı”, Bakı, Alatoran, 2020, 70 s.

*Azad Qaradərəli “Vətən şairi”, Bakı, Mücrü, 2022, 84 s.

*Deyilənlərə görə, H.Cavidin “Əllidən bir kəm” adda əsəri olub və o, sərt bir qış gecəsi barak yoldaşlarını soyuqdan qorumaq üçün əsərin əlyazmasını sobada yandırıb. Bu barədə bax: Azad Qaradərəli “Əllidən bir kəm”, roman, Bakı, Alatoran, 2017, 266 s.)

  

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə