AZAD QARADƏRƏLİ

                     ONUN SƏLİS QƏLƏMİ

            (Ustad ədəbiyyatşünas Vaqif Yusiflinin 75 yaşına)

 



            Vaqif Yusifli tanıdığım o adamlardandır ki, nə vaxt, harada, hansı şəraitdə tanış olduğum qəti yadıma gəlmir. Elə bil ki, bütün zamanlara bu adam mövcud olub, qələmini döşünə sancıb, ədəbiyyatımızın yorulmaz cəfakeşi kimi uçuq-söküyümüzü yamayıb, çatışmayanı tənqid etmək əvəzinə, bir az da suvaqdan, maladan vurub, hələ yorulmayıb, rəng də çəkib. Klassiklərdən də yazıb, müasirlərdən də, yubliyardan da, gənclərdən də. Tanınmayanları tanıdıb, üzü kəsməyib, üzə salıb, üz qızardıb palazını xalı yerinə işə verənlərin də sözünü deyib bəzən. Bu yerdə haqlı tənqid də olunub, min sözündən birini bilməyənlər guya yıxıb sürüyüblər onu... Elə mən özüm də ürəyimdə, bəzən aşkarda qınamışam Vaqifi...

            Vaqif isə usanmayıb, yorulmayıb, bezməyib yaxşlıq etməyindən. Tənqidçi sözü onun boyuna biçilməsə də (mən bu sözü heç vaxt qəbul etməmişəm – tənqidçi deyəndə Cavidi, Cavadı, Müşfiqi gedər-gəlməzə göndərənlər gəlib ağlıma həmişə), ədəbiyyatşünas, təhlilçi kəlmələri əsil Vaqif üçün yaranıb. Adam sözün hər mənasında ədəbiyyat adamıdır. Güclü hafizəsi var. Saatlarla sevdiyi şairin şeirlərini deməkdən yorulmaz.

            “Azərbaycan” dərgisinin İsa İsmayılzadə dönəmləri idi. Vaqif də həmişə yanında olardı. Bir dəfə İsa müəllimlə vədələşsək də, gəlib yerində tapa bilmədim. Gözləməyə isə vaxt yox idi. Hekayələri (gərək ki, dörd hekayə idi) Vaqifə verb getdim. Hekayələrə özümün yazdığım “Boy-buxunundan yekə iş tutan adamın qeydləri” adlı ön söz də daxil, necə vermişdimsə, elə də çapa vermişdi. İsa müəllim dedi ki, Vaqif hekayələrini, illah da ön sözünü çox bəyənib...

            Zəng vurub təşəkkür edəndə bir xeyli hekayələrin məziyyətindən danışdı, sonra əlavə etdi ki, o ön söz kimi yazdıqlarını davam etdir, bunlar bizim ədəbiyyatımızda yazıçıların yaralı yeridir...

            Vaqifin, digər dostların da təklifi mənim sonralar çap olunan kitablarıma ön söz, son söz kimi yazdığım ədəbi qeydlərimin, nəhayətdə, üç cildlik “Renessans həsrəti” kitablarımın çapına səbəb oldu.

Məşhur deyimdəki kimi balıq istəyənə balıq vermək işin əsası deyil, balıqçılığın sirrlərini öyrətmək əsasdır...

            Vaqiflə Zəngilanda da görüşmüşük. Eldar Baxışla gəlmişdi. Eldar da ki, hər adamla yol yoldaşı olan deyildi – Vaqiflə gəlibsə, demək dəyər verməyindəndir.

            Mincivanda çayxanada çay içməyimiz, bir-iki saatın içərisində ədəbiyyatı söküb təzədən yığmağımız, Vaqifin ədəbi söhbətləri, Eldarın duzlu-məzəli lətifələri...

            “Azərbaycan” dərgisi romanımın çapından imtina etdikdən sonra (artıq İsa müəllim vəfat etmiş, burada İsa İsmayılzadə  dönəmi bitmişdi – bilənlər bilir ki, toplunun baş redaktoru Yusif Səmədoğlu olsa da, əslində bütün işi İsa görürdü) ora bir daha ayaq basmadım və nə yazıq ki, Vaqif müəllimlə də əlaqələrim kəsildi. Ta ki, “Burda yer fırlanmırdı” kitabımın nəşrinəcən. Bu kitab o kitab idi ki, içərisində son illərdə qələmə aldığım hekayələr, Eldar Baxış və Səməd Behrənginin xatirəsinə həsr etdiyim “Yuxarıda kim var?” uzun hekayəm və bir az əvvəl bəhs etdiyim “Günəş tutulan yerdə” romanım... (Oxucu Aqil Abbasın sayəsində “Ədalət” qəzetində on beş nömrədə fəsil-fəsil çap olunan  romanın birinci hissəsi ilə tanış olmuşdu).

            “Burda yer fırlanmırdı” kitabımı bir çox dostlar təqdimatda, satış nöqtələrində alıb oxumuşdularsa da, bəzi qələm adamlarına kitabı özüm göndərdim. Onlardan biri də Vaqif Yusifli idi. Kitabın Vaqifə çatmağı ilə, səhv etmirəmsə “Kaspi” qəzetində iri həcmli bir məqalənin nəşrinin arası bir şey çəkmədi. Düzdür, o kitab haqqında çox yazılıb. Məsələn Rəhim Əliyevin çox sanballı bir məqaləsi bir çox mətbuat orqanlarında çıxmışdı. Eləcə də  dostum Tehran Əlişanoğlunun bir neçə məqaləsini xüsusi vurğulamaq gərək.  Amma Vaqifin “Sərt həqiqətlər...” yazısının yeri başqa idi. Vaqif sanki çoxdan tanıdığı, lakin fürsəti olmadığından və tanıdığı müəllifin də etinatsızlığından gecikdirdiyi yazıya ürəyini qoymuş və əsas adamlardan biri olduğu dərginin imtina etdiyi romanı zövqlə incələmiş, əsərin içini-çölünü oxucuya təqdim etmiş, hətta ilk roman kimi müəllifin təcrübəsizliyini yüngülvari tənqid etmişdi... O, adətən, mənim yazılarımda yüklü olan sərt həqiqətləri başa çıxartmaqdan şəkinməmişdi... Səlis qələmi ilə düzü düz yazmışdı... Əyrilərlə işi olmayan səlis adam...

            Bu yaxınlarda aktyor evindı Vaqiflə bir tamaşaya baxdıq. Təsadüfən yanaşı oturmuşduq. Bir az həsbi-hal etdik. Tamaşa başlanana qədər üç-dörd kəlmə ötənlərdən də danışdıq. Həminki Vaqifdir. Sadə, gülərüz və mütəvazi adam... Bizim orta məktəb müəllimləri qədər də iddası olmayan professor... Professor demişkən, adam var ki, nə yazdığı, nədən yazdığı bəlli deyil, amma hər yazının altından utanmasa dörd dəfə filologiya elmləri namizədi yazıar (hələ fəlsəfə doktoru!)... Vaqifsə halalca doktor, professor adını yazılarının altından qeyd etməyi həmişə unudur.

            Yanakı da olsa, Vaqifi diqqətlə seyr edə bildim. Həmişə gənc, qara saçlı, eyni yaşda-başda gördüyüm Vaqivə zaman təsir etmişdi. Qocalıq izlərini qoymaqdaydır. Qocalıq heç deməzdim. Müdriklik, ahıllıq və Azərbaycan oxucusuna yol gözstərən ustalıq...

            Bu günlərdə bilmişəm ki, Vaqifin 75 yaşı olur.  Haçansa memuarımın bir səhifəsi üçün qaraladığım bu yazını axtarıb tapdım. 75 yaşlı dostuma arzularımı əlavə etdim sadəcə.

            Məndən düz altı yaş böyük dostumun yaşını qutlayıram. Hələ bizə çox lazım olacaq bu əziz insana bir də can sağlığı arzulayıram. Haçansa əməliyyat olunduğunu eşidəndə həyəcanlandırmışdı dostları. Qoy yeni kitabları, yeni esseləri ilə həyəcanlandırsın bizi. Səlis qələmlə... yazdıqları ilə...

                                                                                       (Məndən sonra” memuar romanından)

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə