AZAD QARADƏRƏLİ SEHRLİ ADAMIN SİRRİ, SİRPİCİ... (Gənc dostum Azər Xanların özü və sözü üzərinə deyilənlər)

 

         

 

                            AZAD QARADƏRƏLİ

 

                          SEHRLİ ADAMIN SİRRİ, SİRPİCİ...

                     (Gənc dostum Azər Xanların özü və sözü üzərinə deyilənlər)

 

 


            Bütün insanlıq bir sirr-xudadı. Neçə milyarddırsa, o qədər milyard da insan baxışı, insan duruşu, insan görünüşü və insan görünməzliyi var. Əvvəl saydıqlarımın hamısı üzdə olanıdı insanın, görünməyən tərəfilə sirrdi insan, sehrdi, bulmacadı...

            İnsan oğlunun ən böyük sirri onun ömrünə balta çalan nəsnələri sevməsi, dərdini oxşaması, boyunu sevməsidir. Hələ bu misralara baxın:

 

                        Nə edim, odu dərdim,

                        Od oldum, odu dərdim.

                        Elə yağdı ömrümə,

                        Sevinci yudu dərdim...

 

            Sevgili dostum, şair qardaşım Azərin misralarıdır. Azər Xanlar, Azər Rəşidoğlu, Laçınlı Azər, sirli, sehrli Azər, sadəcə Azər...

            “Renessans həsrəti” kitabımın 3-cü cildində yazdıqlarımdan:

            “Sehr odur ki, onun izahı yoxdur. Sehr odur ki, onun tilsiminə düşürsən və çıxmağa çalışmırsan da. Sehr odur ki, orda rahatsan və başına nə gələcək, heç vecinə də deyil. Sehr odur ki... Sehr həm də elə şeirin özüdü. Toruna saldısa səni, çətin əlindən qurtarasan. Qurtarmaq nədi canım? Barama qurdu özü hörmürmü o sehrli yuvasını?..

             Dostum, keçmiş tələbəm və izzət-nəfsinə, ədəbi-mədəni dünyasına, insanı davarınışına heyran olduğum Azər Xanların  şeirlərində bir sehr, bir tilsim var. Hay salıb özünü nişan verməsə də, yalnız o elmdən xəbərdarlar uyar o sehrə, tilsimə:

 

Cansız bir bədənəm indi,

 Aldığım nəfəsə baxma.

 Uydurduğum arzulara,

 Düşdüyüm həvəsə baxma.

 Canı həsrət sıxıb gedib.

İldırımlar çaxıb gedib.

Ürək çoxdan çıxıb gedib,

 Boş qalmış qəfəsə baxma.”

 

            Azər mənimçün şairdən çox, ədəbiyyat adamından çox, obraz kimi maraqlıdır. Bilirəm ki, Azər kimi adama evini, ailəni, ölkəni etibar edə bilərsən. Belə adamların varlığı dinclikdir, əmin-amanlıqdır, firavanlıqdır. Belə adamlara görə yerdə qalan hədərə-hüdərələr də çörək yeyir, su içir, hava udur... Hava demişkən, hava həm də eşqdi, sevgidi, şeirdi. Azərin də havası var, havalıdı Azər; eğqnən, şeirnən dolu, ləbələb:

 

            Adım sözümdən keçəndə,

            Düşümüsən dilim üstünə.

            Qurban olum, gülümsə.

            Gözümü silim üstünə...

 

            Pəh! Sözə max”Gözümü silim üstünə”! Gözümü silim üstünə ki, dərdi, kədəri yusun aparsın...

            Azərin elə misraları var ki, bir şeirdən, mənəm-mənəm şairin bir kitabından ağır gələr:

 

            “Yollar ayağını sıxdı, dar oldu...”

 

            Yaxud beləsi:

 

            “Geyin ürəyimi, qurbanın olum...”

 

            Yaxud beləsi:

 

            “Ürəyimə qol çəkib, öz imzanı atmısan...”

 

            Dedim axı, Azər ədəbiyyat adamından çox, mənə insan kimi, obraz kimi maraqlıdır. Belə adamın elə özü şeir kimidir. Min ilin insanının, qədimdən-qədim bir türk kişisinin abır, həyası var Azərin simasında. Azərin baxışlarından insan üçün indi qəhətə çəkilmiş bir utancaqlıq, məsumluq yağır. Bəlkə də, elə buna görə, özünü gözə soxa bilmir, mən də varam deyib sinə yırtmır. Amma Azər ədalətsizliyə, qəddarlığa, saxtakarlığa, insanın insanı incitməsinə qarşıdır:

 

            İlahi, bu nə dünyadı,

            Sevinc də, qəm də ağladır.

            Gəlmişəm şikayətinə,

            Bəndəni bəndə ağladır...

 

            Azər bir də Laçındır. Pırpız saçıynan, sərt və gümrah baxışıynan, dik alnıynan... Ən zəif şeirlərini Laçına yazıb. Hamımız beləyik. Obraz, subyekt güclü olanda yaza bilmirsən. Laçın boyda güc, dağ, el varkən dustaqlıqda və sən azadlıqdasansa, ən azı xəcalətdən yaza bilmərsən...

            İndi Laçın azaddı... Bilmirəm, Azər getdimi Laçına, toxtadımı, öpdümü daşından, qayasından? Ya mənim kimi giley-güzardadır?

            Buna cavabım yox. Tək bildiyim o ki: Azərin içindəki Laçın bəlkə də mövcud Laçından daha böyük, daha əzəmətlidir. Ona görə onun özünü də belə sirli-soraqlı edib..

            Dağlar kimi başı yığnaqlı olan dostumma Laçınlı günlər diləyirəm. İçindəki Laçını görmüşəm, dışındakını da ona görə gedib görərəm...

 

                                                                                                          01.04.2023

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)