AZAD QARADƏRƏLİ ŞƏHİDLİK MƏRTƏBƏSİ (Tələbə yoldaşımız Sabir Əhmədovun xatirəsinə)

 

 

 

                      AZAD QARADƏRƏLİ

 

                     ŞƏHİDLİK MƏRTƏBƏSİ

 

            (Tələbə yoldaşımız, şəhid qardaşımız Sabir Əhmədovun xatirəsinə)

           

 


            1972-76-cı illərdə keçmiş V.İ.Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsinin 82-ci qrup tələbəsi olan bizlər qarşıda necə bir təlatümlü dövrün olacağını heç ağlımıza da gətirməzdik. Sov.İKP tarixindən, elmi kommunizmdən, siyasi iqtisaddan dərs deyən müəllimlərimizin at oynatdığı zamanlardan 20-25 il ötməmiş SSRİ dağıldı və o qəddar müəllimlərin tarixi də, kommunizmi də künfəkün oldu. Bizlər isə hərəmiz bir rayonda, yaxud Bakının hansısa məktəblərində müəllim işləyir, balalarımıza dilimizi, ədəbiyyatımızı öyrədirdik.

             Qrup yoldaşlarımızdan biri şamaxılı  Sabir haqqında ayrıca danışmalıyam. Əhmədov  Sabir Ağaqardaş oğlu 1954-cü ildə Şamaxının Əngəxaran kəndində doğulmuşdu. Bir il yataqxanada bir otaqda qalmışdıq. Yaxşı qarmon çalmağı vardı. Elə bu qarmon çalmağına görə aramızda bəzən inciklik olardı. Mən dərslərimi oxuyanda Sabir qarmon çalardı. Mən bəzən gecələr dərs oxuyanda, yaxud oturub hekayə yazanda işıqları yandırdığıma görə buna da o etiraz edərdi. Bir-iki dəfə aramızda dadsız olay olsa da, sonradan barışmış, hətta qucaqlaşıb ayrılmışdıq.

             Sabir vətənpərvər, ürəkli oğlan idi. Pambığa gedəndə bir dəfə üstümüzə hücum çəkən yerli uşaqlarla vuruşmaqdan çəkinməmiş, onların qaçmasına səbəb olmuşdu. Daha çox tələbə yoldaşlarımızdan Gəncəvi və Nəbi ilə oturub-durar, uca səslə danışar, gülüşünün sədası uzaqdan eşidilərdi.

            Sabirlə yataqxanada qalanda gizlicə nə isə yazdığını görərdim. Artıq mənim hekayələrim çap olunmağa başlamışdı və bunu o da bilirdi. Bir dəfə dedim ki, bilirəm, nəsə yazırsan, amma tez də gizlədirsən. Niyə? Biz ədəbiyyat fakültəsində oxuyanların hamısının bu və ya digər dərəcədə istedadı olur, yazdıqlarını mənə göstərə bilərsən. İstəsən, səni tanıdığım redaksiyalara apara bilərəm. Çiynnini çəkib, “ala, yox ala, eyibdi, mən yazmıram... sadəcə... qeydlərim var...” dedi. Amma hiss edirdim ki, yazır, üzə çıxartmağa ürək eləmir.

            Sabir həm də sözü şax deyən uşaq idi. Heç kimdən çəkinməz, hətta müəllimlərlə də sözü çəpləşərdi.

             90-cı illərin qanlı-qadalı hadisələri Sabirdən yan ötmədi. Nəbi danışır ki, xalq hərəkatı başlayan kimi onun aktiv iştirakçılarından oldu. Müstəqilliyimiz bərpa ediləndən az sonra milli qüvvələrin hakimiyyətə gəlişi hamı kimi Sabiri də sevindirdi. Hətta ona Binəqədi rayonunda maarif şöbəsinin müdiri vəzifəsi təklif olunanda “Qarabağda erməni daşnaklarının kökü kəsilməyincə mən heç bir vəzifə tutmaq istəmirəm” cavabını vermişdi.

             Könüllü cəbhəyə gedən bu gənc müəllim, az keçmədi ki, Fizuli rayonunun Qacar kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak oldu. Nəbi deyir ki, bir axşam televizora baxanda gördüm ki, Sabiri Şəhidlər Xiyabanında dəfn edirlər. Necə qışqırdımsa, səsim batdı, neçə saat dilim tutuldu.

              Məzarı Şəhidlər Xiyabanındadır. Ruhu şad, yeri qu tükü olsun!

             Gəncəvi danışırdı ki, Sabir şəhid olandan sonra Əngəxarana getdim. Ailəsində oldum, oxuduğu məktəbə baş çəkdim. Şəhid Sabir Əhmədov adına Əngəxaran kənd məktəbinin həyətində daşa dönmüş Sabir – dostumun büstü qarşıladı məni. Qəlbim fərəhlənsə də, onun yoxluğu qəlbimi ağrıtdı.

            Bəli, 82-ci qrup Vətən uğrunda döyüşlərdə öz şəhidini verdi.

            Mən isə doğma rayonum Zəngilandan, kəndim Qaradərədən qaçqın düşüb Bakıda məskunlaşanda tələbə yoldaşlarımla Sabirin Şəhidlər Xiyabanındakı məzarını ziyarət etdim.

            Nə yazıq ki, mənim bir çox əlyazmalarım kimi şəkil albomlarım da işğal zonasında qalmışdı. Ona görə Sabirin şəkilini bu yazı üçün tələbə yoldaşlarım Nəbi, Gəncəvi və Qətibə Cahandarovadan istədim. Sağ olsunlar, bir çox şəkillərimizi göndərdilər, baxıb duyğulandım. Sabirin buradakı şəkilini də onların göndərdiklərindən seçmişəm. Yaraşıqlı, boy-buxunlu Sabir qardaşımız şəkilə döndü. Ailə qurmadığı üçün övlad yadigarı da yoxdur... Bir təsəllimiz var: şəhid qardaşımızın döyüşdüyü, qanını axıtdığı Qarabağ torpağı qəhrəman ordumuzun sayəsində düşmən əsarətindən azad edilib.

            Deyirlər, şəhid ruhları qanlarını tökdükləri yerlərə daha çox üz tuturlar. Yəqin ki, Sabirin də ruhu orada – azad Qarabağdadır. Yeni ünvanın – şəhidlik mərtəbən qutlu olsun, qardaşım!

 

                                                                                                          22.04.2023.

 

                                                           (“Məndən sonra” memuar romandan)

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə