AZAD QARADƏRƏLİ YOL VƏ YOLSUZLUQ

 

           

 

                          AZAD QARADƏRƏLİ

 

                          YOL VƏ YOLSUZLUQ

 

            (Bir vaxtlar Azərbaycanda istedadlı şair kimi tanınan, sonradan PKK üzvü olduğu iddia

            edilən Həjar Şamiloğlu haqqında bilinən və bilinməyənlər üzərinə yazılanlar.)

 

 


            Həyatımın bütün dövrlərində sözün düzünü demək  və yazmaq kimi bir əndişəm olub: düz danışdığıma görə və danışdığımı yazdığıma görə adamlar məndən qaçıblar. Yəni yaltaqların, yalançıların vəzifə pillələri ilə irəlilədiyini bilə-bilə haqqın yanında olmuşam ki, bu da əksər hallarda qarşımda baryer yaradıb. Zira o baryerləri yaradanlar özləri bilmədən inkişafıma kömək ediblər. Gərək ki, Napaleonun sözüdür: tale qarşıma əngəllər çıxardır – görünür məndən böyük adam düzəltmək istəyir...

            İstər 70-ci illərdə Bakıda işlədiyim və oxuduğum zamanlarda, istərsə də rayonda işləyə-işləyə Bakıya gəlib-getdiyim zamanlarda, lap elə məcburi köçkünlük  dövründə Bakıda yaşadığım çağlarda dərnəklərdə, ədəbi tədbirlərdə və onların bədii hissəsi olan yeyib-içmək məclislərində çox az iştirak etmişəm; səbəb isə o idi ki, bunların heç birinin yazıçı, şair yetişdirmədiyini bilirdim. Əksinə, o yığnaqların ədəbiyyat adamının, xüsusən də nasirin, illah da romançının əl-qolunu  bağladığını, yaradıcılığına mane olduğu qənaətindəyəm. Fakt: illərdir ortalıqda fıştırıq çalan, internet fenomeni kimi ad çıxardan telli oğlanların  əlinin altında beş-üç hekayə-mekayədən ötə bir şey yoxdur. Niyə? Çünki  adamlar həftənin yeddi gününü dəm, səkkizincini isə ayılmaq üçün paxmel olurlar...

            O yığnaqlarda olmamağımdandır ki, o kluarlarda olan-bitən söz-söhbətlərdən az hali oluram. Olanda da üçüncü şəxsin ağzından eşidirəm. Zira belə olsa da, “Əllidən bir kəm” kimi romanda o dediyim yerlərin üfunət saçan ədəbi  hallüstinasiyalarını yazmışam...

            Bu yaxınlarda bir gənc dost məndən soruşdu: siz 90-ların parlayan ədəbi obrazı Həjarı tanıyırdınızmı?

            “Yox, dedim. Özü haqqında eşitmişdim. Amma rəhmətlik atası Şamil Əsgərovu (Dəlidağı) tanıyırdım. Təbli şair, zəhmətkeş müəllim və ziyalı olan bu adam mənə bəlli olmayan səbəblərə görə bir müddət həbs olunmuşdu. Arada bir radioya gələrdi, görüşərdik, şeirlərini ya Qaçay Köçərli, ya da Kifayət Umudqızı radioda verərdi... Həjar haqqında isə bizim radionun kürd redaksiyasında çalışan gözəl jurnalist, Ronahi kürd mərkəzinin rəhbəri Əhməd Həpo narazı ifadələr işlədərək danışmışdı.

            Həjar haqqında onun yaşıdlarından olan Faliq Balabəyli və başqalarının müsahibə və çıxışlarında oxumuşdum. Haqqında istedadlı bir şair kimi danışırdılar. Faiq Balabəyli ondan götürdüyü müsahibədə Həjarın PKK-ya qoşulmasına işarələr vursa da, dəqiq cavab ala bilmir. (https://axar.az/news/toplum/1437.html)

            Müsahibədən: “Haqqında dostları bir şair kimi xoş sözlər danışsa da, siyasi baxışlarına görə onu qınayanlar da az olmadı. Ona türkün düşməni, PKK-nın MDB üzrə təmsilçisi, "vətəni xaini" də dedilər. O isə: "İdeyalarımın, arzularımın ardıyca getmişəm. Mən Azərbaycanı sevdiyim qədər başqa bir ölkəni sevə bilmərəm. Mən Azəri türklərinə bağlı olduğum kimi heç kəsə bağlı ola bilmərəm",- deyir. O, kürdəm deyir, bu mənim millətimdir və millətimi sevməyi də özümə yasaq edə bilmərəm deyir…”

            Sözügedən müsahibədə iddia edir ki, onun hansısa romanı (adını çəkmir) İstanbulda 50 min tirajla çap olunub. Mən İstanbuldakı dostlardan xahiş etdim ki, bu faktı araşdırsınlar. Fakt təsdiqini tapmadı. Nədən ki, İstanbul da daxil, indi 50 min tirajla çıxan kitabın sorağı bütün dünyaya yayılır, təbi ucuz küçə ədəbiyyatı və PKK-nın təlimi ilə yazılmış hansısa kitabçalar xaric...

            (Bilirik ki, bu gün Türkiyəni sarsıtmaq, onun düzənini pozmaq üçün PKK və digər terror təşkilatlarından maşa kimi istifadə olunur. Bu təşkilatlar isə para gücünə istedadlı adamların qələmindən yaralanmağa çalışırlar. Bir sıra tanınmış türk əsilli yazıçıların belə bu yolla düz yolldan sapdırıldığının şahidi olmuşuq. Təəssüf ki, Həjar Şamiloğlunun da bu cür aldadıldığını, düz yolundan sapdırıldığını demək olar. Bununla həm də gələcəyin görkəmli bir şairinin məhvinə səbəb olmuşlar.)

            İndi Bişkekdə yaşayan Həjarın yuxarıda bəhs etdiyim müsahibədəki hisslərindən çox peşman olduğu duyulur. İstafadə edilib atılan bir ziyalı və şairi indi bütün kürd təşkilatları tanımaq belə istəmir. Onun bir-birindən gözəl şeir kitabları əvəzinə buraxdırdığı kitabların siyahısına baxın:

 

Şerê eqilan (İraq, 2000).

Di pêşiya de sê xal (İraq, 2001).

Rêya ewlekariyê (İraq, 2000, bi hevbeşî hatiye nivisandin).

Diaspora Kurda (İstanbul, Pêrî, 2005).

Gulnar û Ocalan (İstanbul, Pêrî, 2005).

Knyazê Îbrahim (İstanbul, Pêrî, 2007).

Jiyan di rêya welatparêziyê de (Qırğızıstan, 2007).

Diaspora Kurdên YKS (Qırğızıstan, 2007).

Tenê me (Qırğızıstan, 2007). Mənbə: https://az.wikipedia.org/wiki/H%C9%99jar_%C5%9Eamilo%C4%9Flu

 

            Sonda. Həjar Şamiloğlu öz xalqının – kürdlərin azadlığı və dövlətçiliyi uğrunda mübarizəyə qoşularaq öz qələmi ilə, hətta lazım gəlsə canı və qanı bahasına haqq savaşı aparsaydı, onu heç kim qınamazdı. Necə ki, 90-cı illərdə bizim bir çoxumuz Azəbaycan türklərinin azadlığı və müstəqilliyi üçün mübarizədə iştirak etdik... Lakin... Lakin bu mübarizədə bir terror təşkilatına dəstək vermək, Öcalan kimi bir bəbək qatilinin yanında olmaq insanı və nə yazıqlar ki ədəbiyyat adamını haqsız çıxardır. Onda onun yazdığı şeirin belə qiyməti bir qəpiyə dəyməz...

            Zatən şeir ülviyyəti, təmizliyi, bəkarəti və haqqı tərənnüm edib həmişə. Haqlı ola-ola özünü haqsız çıxartmaq buna deyirlər...

            “Müəllim, Həjarın şeirlərini bəyənirsinizmi?” – belə bir sual da vermişdilər mənə. “Əlbəttə, onun bulaşdığı o cəhənnəmdən ayırıb, ayrıca bir şeir kimi baxsaq, bəyənirəm. Fəqət onun özü bunun belə olmasını istəməmişdir. Bu gün belə adamların yazı-pozusunun da, nə yazıq ki, bir mənası qalmamışdır. Onlar özləri öz həyat və fəaliyyətləri üzərindən xətt çəkmişlər”...

            Yol, bizdən əvvəl də olub, sonra da olacaq. Yolsuzluq isə hər dəm təsadüf olunan şey deyil...

 

                                                                                              04.04.2023.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə