AZAD QARADƏRƏLİ “BULAQ”DAN GƏLƏN MƏLUQƏ XANIM

 

                             AZAD QARADƏRƏLİ

                        “BULAQ”DAN GƏLƏN MƏLUQƏ XANIM

                (Görkəmli aktrisa Məhluqə Sadıqovanın portret cizgiləri)

 



            Arı beçə verir və ana arı qutudan çıxıb qonur uca bir ağacın hündür budağına, bütün arılar daraşır o ana arının ətrafına, vız-vız vızıldayaraq aləmi başlarına götürürlər. Hesab edin ki, o ana arı radiodur və biz yazı-pozu adamları onun ətrafına yığışaraq vız-vız vızıldayır,  bütün ölkəni bizi dinləməyə məcbur edirik...

            Eldar Baxışın dəvəti ilə radioda işləməyim həyatımın ən yaddaqalan anlarından oldu. Ömürümün 15 ilini verdiyim bu söz və səs məbədində çalışmaq mənə bir çox sənət adamları ilə görüşmək imkanı verdi. Xüsusilə, işçisi olduğum uşaq verilişləri redaksiyasında “Bəbə” radio teatrının radio tamaşalarını hazırlayarkən bir çox aktyorlarla tanış oldum. Bunlardan biri də görkəmli aktrisa  Məhluqə Sadıqova idi.

            Eldar Baxışın güneyli yazıçı, şah cəlladlarının əli ilə Arazın sularına qərq edilmiş Səməd Behrənginin həyatından bəhs edən “Balıq ölümü” poeması əsasında qələmə aldığı  radiopyesini tamaşaya hazırlamlıydıq. Yaşlı bir aktrisa lazım oldu. Rejissor Sədrəddin İsrafilov dedi ki, öyrənmişəm, bu gün “Bulaq” verilişi* yazılacaq. Bəlkə, mənimlə gedəsən studiyaya, Məhluqə xanımdan xahiş edək, bizim tamaşada həmin rolu ifa etsin. Onu da əlavə etdi ki, bir az nasazdır, “Bulaq”dan başqa heç bir verilişə gəlmir. Sən burda yeni adamsan, birlikdə xahiş etsək, bəlkə razılaşar. Baxma e, Məhluqə xanım o rolu götürsə, tamaşanın da çəkisinə təsir edər...

           Razılaşıb  lazım olan vaxtda studiyaya yollandıq. Aktyor dostum İlham Əsgərovla mərum Əhməd Oğuz dəhlizdə söhbət edirdilər. Mən onlarla görüşüb, fikrimizi İlhama dedim və xahiş etdim ki, Məhluqə xanımı yola gətirməkdə bizə yardımçı olsun.

            İlham gülə-gülə dedi ki, mənə də bir rol yazın, Məhluqə xanımı razı salım.  İlhamın zarafatına  gülüşdük və Sədrəddin qayıtdı ki, ay İlham, zarafat öz yerində, onsuz da bunu deyəcəkdik, səninçün də yaşlı kişi obraz var, elə onu da sən səsləndirərsən.

             Və az sonra Məhluqə xanım gəlib çıxdı. Hamı ilə salamlaşıb studuyaya keçmək istəyəndə İlham onu saxladı:

            -Məhluqə xanım, Sədrəddini tanıyırsan, Azad da yazıçıdır, radioda təzədir deyə, bəlkə tanımazsan... Uşaq verilişlərində radio tamaşa hazırlayırlar... Bir yaşlı qadın rolu var, sizdən xahiş etməyə gəliblər... Özü də Eldar Baxışın arzusudur ki, o rolu siz oynayasınız...

            Məhluqə xanım bir Sədrəddinə, bir mənə baxdı və özünəməxsus şirin tərzdə gülüb, day gəlmisiz də, söylədi, sonra İlhamı göstərib, “yəqin İlham da var orda, ona vaxtını deyin, birgə gələrik” dedi və  studuyaya girdi. Biz rahat nəfəs aldıq...

            ...Yazılış prosesinin bir az çətin olacağını düşünürdük. Əsər şeirlə olduğundan və hazırlaşmağa vaxt qalmadığından narahat idik. Amma Məhluqə xanım cəmi iyirmi dəqiqəyə makina vərəqlərini gözdən keçirib, “getdik” dedi və inanın ki, çox rahat şəkildə işi başa vurduq.

            Məhluqə xanım rolunu ifa etdikcə düşünürdüm ki, bu təcrübəli xanım sözlə necə səliqəli davranırdı. Hətta Eldar Baxış poeziyasının qatlarından gələn bəzi sözlərin deyilişini elə rahatlıqla səsləndirirdi ki, təəccüblənməyə bilmirdin. Xüsusilə Səmədlə Ölüm arasındakı dialoqda Ölümün sözlərini elə canlandırırdı ki, adamın əti ürpəşirdi:

 

            De ki, qabaqda Ölüm var,

            Dur, durduğun yerdə, Səməd.

            Ömür bir dəfə verilir,

            Verilmir ki, bir də Səməd.

 

            Düşüb fikir, söz düyünə,

            Yüz ilgəyə, yüz düyünə,

            Bilirəm, sən dözdüyünə,

            Dözməz şir də, nər də, Səməd...

 

         Yazılışdan sonra bizim redaksiyadakı otağa gəlib, bir fincan çay içdik, söhbət etdik. Mən indi unutduğum söz və ifadələri onun necə rahatlıqla səsləndirdiyinə heyrət etdiyimi bildirəndə "Mən də qarabağlıyam” dedi və gözləri yol çəkdi. “Mənim şəhərlər şəhəri Şuşam, Eldarın Qubadlısı, sizin Zəngilanınız indi iğaldadır. Amma sözlərimiz ki, işğal olunmayıb. Eldar sağ olsun ki, belə tamaşalar yazır, radionun fondunu zənginləşdirir...”

            Sonra nəsə fikirləşib, gülümsündü: “Dayan e, biz zəngilanlılarla qohumuq axı!.. Hə, sizin kəndin adı Qaradərəmi oldu? İşə bax, onlar da Qaradərədəndirlər...”

            Bu vaxt Eldar Baxış da gəlib çıxdı və Məhluqə xanımla, İlhamla səmimi görüşdü. Heyf ki, bu xanım-xatın aktrisanın başladığı söhbət yarımçıq qaldı. Eldar ona təşəkkür etdi ki, xəstə olsanız da, tamaşanı ifa etmisiniz. Onda Məhluqə xanımın şux bir tərzdə “canım, gərək biz sizə təşəkkür edək ki, belə əsər yazmısınız, hələ üstəlik, oynamağa dəvət etmisiniz, hələ buna görə pul da yazacaqsınız” deyib güldü və hamımız gülüşdük...

            ...O gündən sonra hər dəfə radionun dəhlizlərində Məhluqə xanımı görəndə ayaq saxlayıb salamlaşar, hal-əhval tutardım. O da öz növbəsində mənə təskinlik verərdi:

            “Görürəm, çox kədərlisən. Üstəlik, yazıçısan... Heç narahat olma, inşallah bir gün gələr, o torpaqlar işğaldan azad olar... Mən o günü görməyə bilərəm, amma siz hökmən görəcəksiniz...”

            Hər dəfə ayaqüstü görüşəndə istəyirdim soruşam ki, ay Məhluqə xanım, deyirdiniz ki, zəngilanlılarla qohumsunuz, kim idi o qohumlarınız, bəlkə mənə bir ipucu verəsiniz?

         Amma mən ağzımı doldurub o sualı vermək istəyəndə hansısa rejissor, yaxud aktyor bir böyürdən çıxıb, onu ərklə söhbətə tuturdu və mənim kimi utancaq bir kənd adamının sözü ağzında qalırdı. Belə-belə, bir gün eşitdim ki, çox bərk xəstədir və nə yazıqlar ki, o böyük insan bir daha ayağa qalxmadı. “Bulaq” verilişi də, bizim radionun dəhlizləri də, onun radio teatrında, digər teatrlarda oynadığı rollar da, mənim ona verəcəyim sual da yetim qaldı...

            Qarabağ, o cümlədən Şuşa, Zəngilan, Qubadlı işğaldan azad olunanda Məhluqə xanımı xatırladım... Bir də Behbud bəyi xatırladım...

            Yəqin bu adı eşidib təəccübləndiniz, eləmi?

Elə mən də eşidəndə təəccüblənmişdim...

            ...İllər sonra biləcəm o sualın cavabını. Demə, Məhluqə xanımın  zəngilanlı qohumu onun bacısı qızı Gülnara xanımın həyat yoldaşı  - haqqında “Yerin altını da, üstünü də bilən adam” adlı portret yazısı yazdığım keçmiş metro mühəndisi, kitabsevər insan, dostum Behbud bəy imiş. O Behbud bəy ki, Məhluqə xanımın yubileyinin özünə yaraşan şəkildə qeyd edilməsində yardımçı olmuşdu – bax Qarabağın işğaldan azad edildiyi o gözəl günlərdə Behbud bəyi də xatırladım... Və təbii ki, onun sevgili xanımı - Məhluqə Sadıqovanın əzizi Gülnarə xanımı xatırladım... Xala-bala hər ikisinin ruhu şad olsun...

            (Burada bir məsələni ayrıca qeyd etməliyəm. Behbud bəyin yubileyində yaxından tanış olduğum xalq artisti Hacı İsmayılov onun haqqında danışarkən demişdi: “Məhluqə xanımın yubileyinin qeyd edilməsində Behbudun xidməti əvəzsizdir. Bir oğul kimi sinəsini qabağa verib, nə gərəkirsə, etmişdi.”)

            Sonralar artıq dostlaşdığımız Behbud bəydən bu barədə soruşanda “o gözəl sənətçi  xanım özü buna layiq idi, biz də layiq olanı etdik” demişdi.

            Layiq olanı etmək...

             Budur insan oğlunu min illərdir bu dünyaya bağlayan, həyatını mənalı edən, gözəl dünyamızı yaşamalı edən...

              S.A. (Söz Ardı.)

            Mən mistikaya inanan biri deyiləm desəm, yalan olar. Bəlkə elə buna görə də başıma həmişə mistik hadisələr gəlir. Və bu hadisələr hekayə və romanlarımdan da yan keçmir.

            Biz Sədrəddinlə o verilişi hazırlayıb efirə verə bilmədik. İkinci lentin tam ortasından təxminən on beş dəqiqə yararsız idi. Həmin hissəni təkrar yazdırmaq imkanımız olmadı, çünki Məhluqə xanım xəstə olduğu üçün radioya gələ bilmirdi. Məcbur olub, başqa aktyorların ifasında yenidən yazdırdıq tamaşanı. Tamaşa efirə gedəndən az sonra Eldarı zəhərlədilər. Neçə ay xəstəliklə mübarizə aparsa da, şair vəfat etdi...

            Bir neçə il sonra Məhluqə xanım, ardınca da İlham vəfat etdilər...

            Sonra dünyamızın başının üstünü alan daha qorxunc ölüm təhlükəsi – korona virus kabusu...

            Məhluqə xanımın “zəngilanlı qohumu” Behbud bəyin sevgili həyat yoldaşı Gülnarə xanımın ölümü – ömrü boyu barışılmayacaq hadisə baş verdi...

            Səmədi, Eldar Baxışı öldürən Ölüm sanki bizi qarabaqara izləyirdi...

            ...Sonra daha böyük ölümlər oldu - Qarabağ uğrunda üç mindən artıq şəhid verdik...

            Hər ölümün sonunda həyat var.

             Qarabağımız, Şuşamız, Qubadlımız, Zəngilanımız işğaldan azad olundu...

            Könül istər ki, Məhluqə xanımın məzarı başına gedib ucadan qışqırasan:

            “Şuşa, sən azadsan!”

             

-------------------------------------------------

*Azərbaycan raiosunun ən uzunömürlü və ən çox dinlənilən verilişlərindən biri.

 

                                                                                       (“Siftə” əsərindən)

           

                                                                                                          17.05.2023

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə